Böyük tənqidçi - "Ciddiyyəti ilə seçilən Kanadadakı Azərbaycan qızı" - Pərvanə Məmmədli yazır

 

Səkinə Birincian Amerikada Azərbaycan ədəbiyyatını təbliğ edən və bu sahədə həmin ölkədə elmi işini müdafiə etmiş ilk azərbaycanlı alimdir. Onun adına ilk dəfə Tehranda Cavad Heyətin nəşr etdirdiyi "Varlıq" dərgisində rast gəlmişdim. Yazılardan birində Abasəli Cavadi adlı müəllif Səkinə Birincianın Berlində ingilis dilində çap olunmuş "XX əsr İran Azərbaycanı şair və yazıçılarının azəri və fars dillərində ədəbi əsərləri" kitabı haqqında qısaca bilgi verirdi. Güney Azərbaycanda "Kim kimdir?" sorğu toplusunun bənzər ekvivalenti olan Salamullah Cavidin çox yayğın "Dostlar görüşü" kitabında Səkinə xanım haqda yazılanları olduğu kimi təqdim edirəm: "Görüşlərin birində dr.Katibi vasitəsilə məlum oldu ki, Kanadadan Səkinə Birincian adlı bir Azərbaycan qızı gəlmiş, elmi tezisi üçün ingiliscə Azərbaycan ədəbiyyatından yazmaq istəyir. Fikri də planlaşdırdığı kitab üçün material toplamaqdır. Sonralar xanım Birincian ilə təkrar görüşüb istədiyi məlumatı verdik. Ciddiyyəti ilə seçilən o Azərbaycan qızı Kanadada kitabın çapına müvəffəq oldu. Amma təəssüf ki, vaxtsız əcəl onun həyatına son qoydu".

Salamullah Cavidin təbirilə desək, "ciddiyyəti ilə seçilən Kanadadakı o Azərbaycan qızı" məndə böyük qürur və maraq oyatdı. Onunla bağlı materiallar aramağa başladım.

Bir qədər axtardıqdan sonra Almaniyanın Martin Lüter Universitetinin internet (onlayn) kitabxanasında onun yazdığı kitabın izinə düşdüm. Səkinə xanım Birincianın 1988-ci ildə Berlində çap olunmuş "Azeri and Persian Literary works in the Twentieth Century Iranian Azerbaijan" ("XX əsr İran Azərbaycanı şair və yazıçılarının azəri və fars dillərində ədəbi əsərləri") kitabının üz qabığı və kitabın müəyyən səhifələri ilə tanışlıq imkanım oldu.

Ömrünün çox hissəsini vətəndən uzaqlarda yaşayıb-yaratmış Səkinə Birincianın tərcümeyi-halına yalnız Nyu-Yorkda çap olunmuş ensiklopediyada rast gəldim.

Səkinə Birincian 1919-cu il aprelin 28-də Təbrizdə anadan olub. Tehran Universitetini bitirdikdən sonra təhsilini Amerikanın Berkli Universitetində davam etdirir. 37 yaşında dissertasiya müdafiə edir. 1966-cı ildən Kanadanın Toronto Universiteti İslam araşdırmaları fakültəsində professor köməkçisi kimi çalışır. 1971-ci il iyul ayının 10-da tutulduğu ağır xəstəlikdən qurtula bilmir, 52 yaşında dünyasını dəyişir.

Səkinə Birincianın Berlində çap olunmuş "XX əsr İran Azərbaycanı şair və yazıçılarının azəri və fars dillərində ədəbi əsərləri" kitabı 238 səhifəni çevrələyir. Kitab giriş və altı fəsildən ibarətdir. Kitab ingiliscə yazılsa da, Azərbaycanca, qismən də farsca örnəklərə də yer verilir. Adından da göründüyü kimi, əsər XX əsrin ədəbi prosesi ilə bağlıdır. Lakin müəllif əsərdə tək XX yüzilliklə kifayətlənmir. Kitabda klassik dövrdən üzü bu yana ədəbiyyatımız tarixi mərhələlərlə izlənilib, təhlil olunur.

Bu da diqqətçəkicidir ki, Səkinə Birincian dissertasiyasını Teodor Ruzvelt, Barak Obama, Mixail Saakaşvili və bu kimi dünyaca tanınmış şəxslərin təhsil aldığı Kolumbiya Universitetində müdafiə edib.

Səkinə Birincianın 1965-ci ildə Kolumbiya Universitetində fəlsəfə üzrə doktorluq dissertasiyası "Poets and Writers from Iranian Azerbaijan in the Twentieth Century" (XX əsr İran Azərbaycanı şair və yazıçıları") adlanırdı. Onun dissertasiyasının adı isə kitabdakından bir az fərqlidir. Yəni dissertasiyada İranda yazıb-yaradan Azərbaycan şairlərinin adı və yaradıcılığı vurğulanır. "XX əsr İran Azərbaycanı şair və yazıçılarının azəri və fars dillərində ədəbi əsərləri" adlandırılmış kitabını ölümündən 6 il sonra dostları çap etdirmişdi. Əsərdə ən maraqlı cəhət odur ki, Arazın hər iki sahilində yaranmış ədəbiyyat bütöv götürülür.

Lakin müəllif bu sistemli yanaşmanı 1920-ci ilə qədər davam etdirir. O, 1920-ci illərdən sonrakı Sovet Azərbaycanı ədəbiyyatının hakim ideologiyanın təsiri altına düşməsini yaxşı qarşılamır və bu illərdən sonra yaranan ədəbiyyat arxa plana keçirilir. Bəzən də bu ədəbiyyata istehza ilə yanaşır.

Müəllif Güney Azərbaycanı müstəqil məkan kimi götürmüş, orada yaranan ədəbiyyatın həm Azərbaycan, həm də farsca örnəklərini araşdırmaya cəlb etmişdir.

Xanım Birincianın Güney Azərbaycan yazarlarının ədəbiyyatda tutduğu mövqe ilə bağlı fikri də çox düşündürücüdür. O yazır: "Məlum olduğu kimi, fars şeirinin görkəmli siması sayılan Pərvin Etisami Təbrizdə anadan olub, Tehranda yaşayıb, azərbaycanlı olsa da şeirlərini farsca yazıb. Eləcə də fars şeirində yenilik yaradan Mirzə Tağı Rüfət Təbrizi bu sıradadı. Şəhriyar həm fars, həm də türkcə, M.Ə.Möcüz isə yalnız Azərbaycan türkcəsində yazıb-yaradıb". Sonra müəllif ortalığa belə bir sual atır: Onlara hansı mövqedən yanaşmalı? Şimali Azərbaycanda çap olunan əsərlərin çoxunda müəlliflər Güney Azərbaycan yazıçılarının və şairlərinin İran ədəbiyyatı ilə təbii və sıx əlaqələrini süni surətdə danır, onlara sırf Azərbaycan ab-havası verir. İranda nəşr olunan fars dilli əsərlərdə isə əksinə, bu yazıçı və şairlərdəki Azərbaycan-türk möhürünü inkar etməyə, görməməyə çalışırlar. Tədqiqatçının fikrincə, bu siyasi və əksərən nəticəsi olmayan bir bəhsdir. Doğrusu budur ki, Güney Azərbaycan ədəbiyyatını necə varsa, eləcə elmi şəkildə işıqlandırmaq, onun müxtəlif mərhələlərini, xüsusiyyətlərini, təmayüllərini, şəkil və mövzularını və ən görkəmli nümayəndələrini göstərmək, müvafiq əsərlərin hansı dildə yaradıldığını və hansı dil və ədəbiyyatdan nə qədər bəhrələndiyini müzakirə etmək bəhs mövzusu ola bilər.

Tənqidçinin fikrinə görə, ədəbiyyat ictimai-siyasi hadisələrdən təcrid oluna bilmədiyi kimi, Güney Azərbaycanda ədəbi-tənqidi mülahizələr də daim ictimai-siyasi, tarixi mülahizələrlə qovuşuq şəkildə təzahür etmişdir.

S.Birincian çağdaş dövrdə ənənəvi qəzəl və onun romantikaya meyilli yeni psevdo-müasir formalarını yaradan şairlərin üstünlük təşkil etdiyini, Sabirsayağı üslubda satira yazanların ikinci və nəhayət, Pişəvəri dövründə kölgədə qalmış dini mövzuların sonralar isə rəvac tapdığı ədəbiyyatın üçüncü sırada olduğunu qeyd edir.

Səkinə xanım Türkiyədə ali təhsil alan və İranda Azərbaycan türkcəsinin formalaşıb çiçəklənməsinə əsərləri ilə xidmət göstərən Həbib Sahiri geniş araşdırmaya cəlb edir. Yazır ki, Sahir XX əsrin yeganə şairidir ki, Sərraf və Hidəci kimi şairlərin yararlandığı ənənəvi ifadə tərzlərindən fərqli yeni poetik sistemi yaradı bilmişdir. Əsasən heca vəznində yazan, xalq dilinin gözəlliyini, müdrikliyini şeirlərinə gətirən Sahirin özünün də qeyd etdiyi kimi, Səməd Vurğunun yaradıcılığından bəhrələndiyi şübhəsizdir.

Kitab bu gün də aktuallığını saxlayır, onun dəyəri problemə yeni yanaşma və zəngin faktlarla bol olmasındadır. O, bu gün də ingilisdilli araşdırıcıların ən çox müraciət və istinad etdiyi kitablardan sayılır.

"Hoover Kitabxanasında İranda işlənən dillərin transliterasiya sistemi ilə bağlı qeydlər" məqaləsində Səkinə Birincian Kaliforniyadakı Stanford Universitetinin Hoover kitabxanasında saxlanılan əlyazmalarla bağlı bir məsələyə aydınlıq gətirir. Belə ki, İranla bağlı kitabları nəzərdən keçirən Səkinə Birincian orada yanlışlığa yol verildiyini nəzərə çatdırır. Ərəbcə və farsca kitabların təsnifatına nəzarət edən misirli dr. Məhəmməd Kalafiyə ərəb əlifbası ilə yazılan, lakin dili türkcə olan kitabların təsnifinin də gərəkliyini bildirir. Bu səbəbdən bir rəsmi yazılı papor (rəy) hazırlamalı olub mətbuatda yayır.

Məqalədə eləcə də İrandakı farsların və türklərin yazıda ərəb əlifbasından yararlanmasını, türk, eləcə də fars dilindəki bəzi hərflərin ərəb dilində olmadığını və bunu xüsusi işarələrlə vermək lazım gəldiyini vurğulayır. Bununla bağlı örnəklər də gətirir. Bu məqalə isə tədqiqatçının yüksək vətəndaşlıq mövqeyindən xəbər verir.

Səkinə Birincianın Amerika və Kanadada ilk azərbaycanlı tədqiqatçı kimi yaşayıb yaratması, məqalə və kitablar nəşr etməsi qürurvericidir. Xarici kitabxanalarda saxlanan və ingilisdilli araşdırıcıların Azərbaycan ədəbiyyatı ilə bağlı stolüstü kitabına çevrilən, həyatdan erkən getmiş Azərbaycan tədqiqatçısının irsinin öyrənilməsinə diqqət və əsərlərinin əldə olunub dilimizə çevirilməsi ədəbiyyatımız üçün çox faydalı olardı.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!