2018-ci ilin oktyabr ayında Türkiyənin Akçaabat şəhərində "Uluslararası dündən bugünə Akçaabat" adlı möhtəşəm bir elmi simpozium keçirilirdi. Mən də bir məqalə ilə çıxış etmək üçün konfransın iştirakçısı idim. Şəhərə ekskursiya zamanı bir xanım mənə şeir kitabını verdi, "Bir göz yaşı borcun var". Gülsüm Gülməz imzası ilə yazılmış maraqlı ifadə ilə adlandırılan şeirlər diqqətimi çəkdi və şeirləri təkrar-təkrar oxumağa başladım. Bunlar sevgi çələngindən hörülmüş poeziya inciləri idi. Sevginin bütün çalarları bu çələngin yarpağında, gülündə, çiçəyində idi. Ağlıma gələn ilk söz bir mahnıda olan "Fərmanı yox, dərmanı yox, çarəsi yox eşqin" kəlmələri oldu. Sonradan öyrəndim ki, şairə xanımın şeirləri bir çox bəstəkarın diqqətini cəlb etmiş, onun sözlərinə mahnılar yazılmışdı. Elə bu yaxınlarda Gülsüm xanımın "Dəniz könlüm qədər ucsuz və əngin" şeirini bəstəkar Şahin Çancal Mahur makamında bəstələmiş və TRT repertuarında Suat Yıldırımın ifasında səslənmişdir.
2010-cu ildə İzmirdə nəşr olunan "Bir göz yaşı borcun var" adlı şeir kitabına "Ön söz"ü elə Gülsüm Gülməzin özü yazmışdı. O, özünü şeirə vurğun şeir yolçusu adlandıraraq şeiri belə poetikləşdirir:
Şeir...
Bir sevda
Bəzən sığınılacaq bir liman...
Yuxusuz gecələrdə
Ulduzlarla dost olub
Bir işıq yakmaqdır qaranlığa
Çox zaman...
Xəyalların hərflərlə divarını hörmək
Divarların hərflərlə rəsmini yapmaqdır
Bəzən də...
Bəzən də, bir çiçəyi dilləndirməkdir
Heca-heca, sətir-sətir
Və...
Kağızlarla qələmin rəqsidir
Şeir...
Gülsüm Gülməz şeirlərinin mövzuları da anlamlıdır. Onun "Kirpiyimdə sən varsan", "Sevdim", "Bir son baharda", "Gözlərim gözlərinə dəydi bir kərə", "Şarkımızda özlədim səni", "İlk və son aşkımsan", "Gəlinliyim nə rəngdi" kimi şeirlərində məhəbbətin insan könlündə qopardığı həyəcan və fırtına öz çalarları ilə ifadə edilir:
Silmə göz yaşımı, səssiz-səssiz axışında,
Damla-damla kirpiyimdə sən varsan...
- deyir Gülsüm xanım.
Şairə görə bütün baharlar, yazlar sevgilisi yanında olmadan gəlsə də, onun gözlərindən yox olan bütün yuxularında, gizli-gizli ağladığı gecələrdə, bitməyən ümidində, heca-heca qələmində, sətirlərində, silmək istədiyi, silə bilmədiyi həsrət yuxularında yenə sən varsan, sən varsan...
Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə deyir ki:
Sevgiyə həd qoymaq düzü, günahdı,
Cahilin hər işi, sözü günahdı.
Eşqi günah saymaq özü günahdı
Kim deyir eşqimdə günahkaram mən?
Gülsüm Gülməzin şeirlərində də sevginin həddi yoxdur. Sevgi bütün çalarları ilə gözəldir, yaşamağın özüdür, günahsız müqəssirdir.
Sevmək...
Hiss etmək, yaşamaq
Ürəyini paylaşmaq,
Konuşmadan anlaşılabilmək.
Sevmək...
Bəzən bir çocuq saflığında,
Mutlu olmaq
Bəzən də
Ürəyinin gözlərindən
Damla, damla axması demək.
Sevmək...
Özləmək
Vaz keçə bilməmək
Və sevmək
Səbir deməkdir.
Göründüyü kimi, Gülsüm Gülməzin şeirlərində məhəbbət yaşanılan sevgini romantik ülviyyətinə qovuşduran poetik qanaddır. Bu məhəbbət insanın daxili aləmindəki paklıqdan, kamillikdən, müqəddəs sevgi duyğularından yarandığı üçün Gülsüm xanım onu özünəxas bir ifadə tərzi ilə poetikləşdirir. İttiham da, inciklik də, şikayət də, hicranın əzablı yolları da oxucunu qaneedəcək bir dillə ifadə edilir.
Gülsüm Gülməzin dərin və anlamlı misralarının yükü düşündürücü və sanballıdır. Burada bir ürək və o ürəyin çarpan və həssas döyüntüsü vardır. Bu döyüntü insan oğluna nə qədər təlatüm, əzab-əziyyət versə də, Gülsüm xanım minnət qoymadan haqqını halal edir, ancaq bunun üçün səbəbkarın bircə göz yaşı borcu olduğunu da xatırladaraq göz yaşını poetikləşdirir.
Yorğun, üzgün bəklərkən
bu anı, bu günləri,
Bıkmadan, usanmadan
həm bahara, həm yaza,
Həp adını sordum, yar,
Sevgi dolu ürəyimdə sitəmim qədərədir,
Bütün haqqım halaldır da,
Bir göz yaşı borcun var.
Vəfa, sədaqət sevənlərin alnına yazılmış bir möhürdür. Bu yazı sevənlərin unudulmayan, pozulmayan andıdır. Vəfasıza vəfasızlıq etməyi hər aşiq bacarmır. Bu düşüncə də Gülsümün misralarında poetikləşir:
Unut deyirlər, unut, buraxıb da gedəni,
Unut belə üzüb də, səni Leyla edəni.
Elə yanmış ki, canım,
haradan bilsin aləm,
Mən belə bilməyirəm, məndə dağıtdığını,
Yazmayım deyirəm də,
dinləməyir ki, qələm.
Dostluq, təbiəti, insanları sevmək, gözəlliyə, gülə, çiçəyə vurğunluq Gülsüm Gülməz şeirlərində ayrıcalıq təşkil edir. Gülsüm xanıma görə, dost və dostluq insana Allah tərəfindən verilən ən böyük sevgidir. Onun qiyməti var olmağındadır.
Könül bağında gəzinib, qarşılıqsız sevəcək,
Zor günündə qucaq açıb,
ulduz kimi parlayacaq,
Yar olacaq, sirr olacaq,
birlik yoldan dönməyəcək,
Yoxluğunda sızlayacaq
yaralar dost dediyin.
Gülsüm Gülməzin "Qırmızı qərənfil" şeirində qərənfil bir çox yönlərdən şərh edilir. Qərənfil kiminə görə ticarət üçündür, satılır, satana qazanc gətirir. Kiminə görə bir kərə qoxlanıb atılan çiçəkdir, amma kiminə görə də sevgi dolu bir ürəyin coşqu ilə uzatdığı xariqə bir çiçəkdir qərənfil:
...Amma mənim üçün
Buram-buram.
Sevgi qoxan,
Bir qırmızı
Qərənfildi
Coşqu ilə uzadılan...
Gülsüm Gülməzin hər bir şeiri incələndikcə geniş və sanballı mövzu verir. İnsanlığa sevgi dolu bir poeziya bəxş edən, bu duyğunu yaşayaraq qələmə alan həssas, dərin və nəcib düşüncəli şairə xanıma qələminə, ürəyinə, düşüncələrinə sağlıq deyirik, yaradıcılıq uğurları təmənna edirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!