Ümumən dil haqqındakı elmin - ümumi dilçiliyin tarixində Vilhelm fon Humboldt istisna olunmaqla, ikinci elə bir dahi təsəvvür etmək mümkün deyil ki, Ferdinand de Sössürlə müqayisəyə gələ bilsin. Ancaq onu da nəzərə alsaq ki, alman mütəfəkkiri (V. fon Humboldt) öz dilçilik təlimində "klassik alman fəlsəfəsi"ndən tamamilə ayrılıb bilavasitə dilçi statusuna hələ tam yiyələnməmişdi, onda F. de Sössürə bir az da üstünlük vermək lazım gəlir. Çünki o, təpədən-dırnağa dilçi idi. Və heç şübhəsiz, dil haqqındakı elm müasir səviyyəsinə görə ilk növbədə onun dühasına minnətdar olmalıdır.
F. de Sössür yalnız öz kəşflərinin miqyası ilə müqayisəedilməz deyil, həm də bu kəşflərin metodoloji əsasında məhz müqayisələr dayanır ki, həmin müqayisələr "Ümumi dilçilik kursu"nu, demək olar, əvvəldən axıra qədər müşayiət etməklə onun daxili strukturunu müəyyənləşdirərək mühüm üslubi vasitəyə çevrilir.
"Kurs"un girişində deyilir:
"Gənc elmin səhvləri həmişə müəyyən dərəcədə elmi axtarışlara yeni başlayan insanın səhvlərini xatırladır".
F. de Sössür bu fikirdə idi ki, XIX əsrin əvvəllərində müqayisəli-tarixi dilçiliyi yaradanlar yeni metoda həddindən artıq aludə olduqlarından elə bir eyforiyaya qapılmışdılar ki, məşğul olduqları hadisənin (dilin!) mahiyyəti (və nəticə etibarilə, dil haqqındakı elmin predmeti!) tədqiqatdan kənarda qalmışdı.
Müqayisəli-tarixi dilçiliyin həmin "gənclik səhvi"ni XIX əsrin 70-ci illərindən etibarən məhz "gənc qrammatiklər" düzəltməyə başlasalar da, növbəti səhvlərə yol verməkdən yaxa qurtara bilmədilər.
"Elə metaforalar var ki, onlardan qaçmaq olmaz. Yalnız dilin real hadisələrinə cavab verən terminlərdən istifadə edilməsini tələb etmək belə bir iddiada olmaq deməkdir ki, guya həmin hadisələrdə artıq bizim üçün məlum olmayan heç nə yoxdur. Buna isə hələ çox var. Ona görə də biz gənc qrammatiklərin rədd etdikləri bu cür ifadələrə hər hansı halda müraciət etməkdən çəkinməyəcəyik".
F. de Sössür əmindir ki, dili izah etməkdə ehtirassız terminlər, mühakimələr heç də həmişə kəsərli olmur. Nə dediyini anlatmaq üçün öz mülahizələrinin fövqünə qalxmaq nəinki lazımdır, hətta bu fövqəlsəviyyəni fəth etməyə elə bir ehtiyac duyulur ki, fikrini qarşısındakına bütün miqyası ilə çatdıra biləsən. Və burada ən münasib (və etibarlı) vasitə, yəqin ki, yerinə düşən müqayisədir...
"...Heç də sübut edilməmişdir ki, nitq fəaliyyəti təzahür etdiyi formada, dediyimiz kimi, nə isə tamamilə təbiidir - başqa sözlə, bizim ayaqlarımızın vəzifəsi yerimək olduğu kimi, nitq orqanlarının vəzifəsi də danışmaqdır".
F. de Sössür öz dahiyanə kəşfini bu cür çox sadə (və silsilə) müqayisələrlə şərh etməkdə, doğrudan da, yalnız dilçi-alim ustalığı nümayiş etdirməklə qalmır, həm də çox kamil bir müəllim-pedaqoq məharəti göstərir. Və yada salsaq ki, onun fundamental kəşflərinin demək olar ki, hamısı məhz tələbələrinin qeydləri əsasında ölümündən sonra 1916-cı ildə nəşr etdirilmiş kitabı ilə elm aləminə məlum olmuşdur, onda təsəvvür etmək çətin deyil ki, cəmisi iki-üç il ərzində oxuduğu mühazirələr tələbələrinin təfəkküründə nə qədər dərin (və sistemli) izlər qoya bilmiş və həmin mənbə ("Kurs") vasitəsilə dil haqqındakı elmi məhz öz həqiqi obyekti üzərində bərqərar etməyə nail olmuşdu... Tələbələri isə yazırdılar ki, "de Sössür çatdığı səviyyə ilə kifayətlənməyən insanlardan idi. Onun düşüncələri öz-özlüyündə ziddiyyət yaratmadan müxtəlif istiqamətlərdə sərbəst şəkildə inkişaf edirdi"...
"Morze əlifbasının simvollarını ötürməyə xidmət edən elektrik aparatlarının həmin əlifbaya münasibəti nə qədər yaddırsa, bütün nitq orqanlarının dilə münasibəti də o qədər yaddır. Fonasiya, yəni akustik obrazların reallaşması heç cür onların sisteminə toxunmur. Bu baxımdan dili reallığı ifa üsulundan asılı olmayan simfoniya ilə müqayisə etmək olar: onu ifa edən musiqiçilərin edə biləcəyi səhvlər həmin reallığa heç cür xələl gətirmir".
Və dilin sistem olması barədəki olduqca mürəkkəb məsələni bütün dərinliyi (və təfsilatı) ilə anlatmaq üçün nitq fəaliyyəti kimi mücərrəd hadisədən daha asan anlaşıla biləcək şahmat oyununu misal gətirir. Qeyd etmək lazımdır ki, bu müqayisə müasir dilçiliyə dilin mahiyyətini anladan ən klassik müddəalardan biri kimi daxil olmuşdur:
"Dil yalnız özünəməxsus qaydalara tabe olan sistemdir. Nəyin xarici, nəyin isə daxili olduğunu izah etmək üçün kifayət qədər asan anlaşılan şahmat oyunu ilə müqayisə aparmaq olar. Həmin oyunun Avropaya İrandan (əslində, Hindistandan- N.C.) keçməsi dilxarici faktdır, əksinə, oyunun sisteminə və qaydalarına dəxli olan nə varsa, daxilidir. Əgər mən ağacdan olan fiqurları fil sümüyündən olan fiqurlarla dəyişsəm, həmin dəyişiklik oyunun sisteminə heç bir təsir göstərməyəcəkdir. Lakin əgər fiqurların sayını azaltsam, bu cür dəyişiklik oyunun "qrammatika"sını dərindən sarsıdacaqdır".
F. de Sössür müqayisələrinin texnoloji zənginliyinin göstəricisidir ki, "Kurs" müəllifi a) nitq fəaliyyəti, b) dil və c) nitq arasındakı münasibətləri, məsələn, öz dahi sələfi V. fon Humboldtdan daha dəqiq izah etmək üçün bir yox, bir neçə müqayisə təqdim edir...
"Nitq üzvlərinin hər bir akustik təəssüratın istehsalı üçün vacib olan bütün hərəkətlərini izah edərkən biz bununla qətiyyən dil problemlərini aydınlaşdırmırıq. Rəngbərəng ilmələrin görüntü vasitəsilə qarşılaşdırılması yolu ilə yaradılmış bədii xalça sənət əsəri olduğu kimi, dil də akustik təəssüratların psixi qarşılaşdırılmasına əsaslanan sistemdir. Və bu cür bədii əsərin analizi üçün hər bir rəngin alınması üsulları deyil, həmin qarşılaşdırmaların oyunları əhəmiyyətlidir".
Və bu cür müqayisə rəngarəngliyi, bir tərəfdən, F. de Sössürün hər cəhətdən geniş dünyagörüşünün, həyat hadisələrinə hərtərəfli əqli-zehni nüfuzunun nəticəsidirsə, digər tərəfdən, fitri semioloji-struktural idrakının, məntiqi ümumiləşdirmə qabiliyyətini səciyyələndirən mükəmməlliyin, sistemliliyin və hər cür əlaqələri duymaqda, aşkarlamaqda təzahür edən müşahidə çevikliyinin məhsuludur.
"Kurs"un elə hissləri var ki, bütövlükdə müqayisə üzərində qurulmuşdur; məsələn, "Sinxroniya və diaxroniyanın müqayisələrdə göstərilən fərqləri" buna nümunə ola bilər.
F. de Sössür burada deyir:
"Düşünülüb tapılması mümkün olan bütün müqayisələrdən daha səciyyəvi olanı dilin funksiyası ilə şahmat oyunu arasında aparılan müqayisələrdir. Burada da, orada da dəyərlər sistemi və onların müşahidə olunan dəyişmələri göz qabağındadır. Şahmat partiyası, sanki dildə təbii formada olanın süni gerçəkləşməsidir".
Və müqayisənin təfərrüatına varır:
"Hər şeydən əvvəl, əksər halda şahmat oyununda mövqe anlayışı dildə vəziyyət anlayışına uyğun gəlir. Fiqurların uyğun dəyəri onların hər bir müəyyən məqamda taxta üzərindəki vəziyyətindən asılıdır. Eynilə dildə də hər bir elementin dəyəri onun yalnız bütün başqa elementlərlə qarşılaşmasından asılı olur.
Sonra... Sistem həmişə anidir: mövqedən mövqeyə şəklini dəyişir. Doğrudur, fiqurların dəyəri eyni zamanda, hətta başlıca olaraq dəyişməz razılaşmadan - hələ partiya başlayana qədər mövcud olub hər gedişdən sonra da öz gücünü saxlayan oyun qaydalarından da asılıdır. Lakin həmişəlik qəbul edilmiş bu cür qaydalar dil sahəsində də mövcuddur: bu, semiologiyanın dəyişməz prinsipləridir.
Nəhayət, bir tarazlıq vəziyyətindən başqasına, bizim qəbul etdiyimiz terminologiya ilə bir sinxronluqdan başqasına keçmək üçün bircə fiqurla gediş etmək kifayətdir. Bütün fiqurların eyni zamanda yerindən tərpədilməsinə ehtiyac yoxdur".
F. de Sössürün şahmat müqayisələri, etiraf etmək lazımdır ki, onun istər dil-nitq, istərsə də sinxroniya-diaxroniya dixotomiyalarını (və nəticə etibarilə, vaxtilə sinkretik və ya qeyri-diferensial şəkildə "dil" adlandırılmış hadisənin mahiyyətini) başa düşmək üçün o dərəcədə mühüm vasitədir ki, bunlarsız F. de Sössür təlimi hər halda çox darıxdırıcı olar, eyni zamanda dil digər semioloji sistemlər arasında (əslində, bizi əhatə edən müxtəlif sistemli hadisələrdən ibarət dünyada!) tək qalardı...
"Yeri gəlmişkən... bütün partiyanı əvvəldən izləyən adam partiyanın kritik anında ona nəzər yetirən adamdan heç bir cəhətdən üstünlüyə malik deyil. Konkret şahmat partiyasını qiymətləndirmək üçün taxta üzərində on dəqiqə əvvəl nə baş verdiyini bilməyə heç bir ehtiyac yoxdur. Bütün bu mülahizələr dilə də tətbiq edilə bilər və diaxroniya ilə sinxroniya arasında bizim apardığımız əsaslı fərqləndirməni bir daha təsdiq edər".
F. de Sössürün müqayisələri öz mənbəyini kütləvi idrak üçün mümkün qədər aydın, populyar hadisələrdən alsa da, öz məzmun-mündərəcəsi etibarilə qətiyyən təsadüfi və ya yayğın olmayıb son dərəcədə dəqiq, mükəmməl məntiqə əsaslanır:
"Təsəvvür edək ki, royalda bir dil səhv çalır. Hər dəfə melodiyanı ifa edərkən ona toxunulsa, saxta not səslənəcək. Yaxşı, bu falş özünü harada göstərir? Melodiyadamı? Əlbəttə, yox. Məsələnin melodiyaya dəxli yoxdur, royalın özü xarab olmuşdur. Fonetikada da tamamilə eyni şey baş verir. Bizim fonemlər sistemi dilin sözlərini ifadə etməklə çaldığımız aləti xatırladır: sistemin elementlərindən biri şəklini dəyişərsə, müxtəlif hadisələr baş verə bilər, lakin dəyişmələr faktının özü bizim repertuarımızın, necə deyərlər, yalnız melodiyası olan sözə toxunmur".
Dahi dilçi bir sıra hallarda müqayisəni o məqsədlə aparır ki, hansısa çox mühüm anlayış-termini öz təliminin (eləcə də ümumən dilçiliyin) metodoloji mənafeyi naminə yerində işlətməyə nail olsun. Və onun təfəkkürü üçün olduqca səciyyəvidir ki, həmin bu "termini yerində işlətmək təşəbbüsü", adətən çoxsaylı müqayisələrdən keçir...
"Tarixçilərin hamısı Antonilər dövrü, xaç yürüşləri dövrü barədə danışmış və müvafiq zaman ərzində qorunmuş əlamətlər məcmusunu nəzərdə tutmuşlar. Demək olar ki, statik dilçilik də dövrlə məşğul olur, lakin hər halda "vəziyyət" termininə daha çox üstünlük verir. İstənilən dövrün əvvəli ilə sonu, adətən, hadisələrin müəyyənləşmiş qaydalarının dəyişməsinə istiqamətlənmiş çox və ya az dərəcədə kəskin hansısa çevrilişlərlə qeyd olunur. "Vəziyyət" terminini işlətməklə biz belə bir təsəvvürü kənara qoyuruq ki, guya dildə də nə isə buna bənzər şeylər baş verir. Bunun fövqündə, "dövr" termini məhz tarix elmindən alındığına görə dilin özü barədə düşünməkdən daha çox onu əhatə edən, şərtləndirən vəziyyətlər barədə düşünməyə təhrik etmiş olur".
F. de Sössürün müqayisələri bir çox hallarda məntiqi silsilə təşkil etməklə, izah olunan dil hadisəsinin, yaxud qanunauyğunluğunun elə bir əyani (və miqyaslı) panoramını təqdim edir ki, bunun akademik- elmi təhkiyə ilə bu dərəcədə aydın verilə biləcəyi təsəvvürə belə gəlmir.
Məsələn, belə bir müqayisə gətirilir:
"Dilin bütün mexanizmi istisnasız olaraq eyniliyə və fərqliliyə əsaslanır. Və yeri gəlmişkən, bu sonuncular birincilərin yalnız əks tərəfidir... Məsələn, biz axşam saat 8:45-də biri digərindən 24 saat fasilə ilə yola düşən iki Cenevrə-Paris sürət qatarının eyniliyindən danışırıq. Bizə elə gəlir ki, bunlar eyni sürət qatarıdır, bununla belə həm parovoz, həm vaqonlar, həm qatar briqadası - onda nə varsa, hamısı, görünür, fərqlidir".
Ardınca ikinci müqayisəyə keçilir:
"Küçəni dağıtdılar, oradakı bütün evləri götürdülər, sonra onu yenidən qurdular... Biz deyirik ki, bu, bütövlüklə həmin küçədir. Halbuki köhnə materiallardan, ola bilər ki, heç nə qalmamışdır. Nəyə görə küçəni son daşına qədər yenidən qururuq, sonra isə hesab edirik ki, o, eyni olmaqdan çıxmamışdır? Çünki onu qurub-yaradan nə varsa, o, tam maddi deyil, onun mahiyyəti bir sıra elə şərtlərlə müəyyən olunur ki, onlar təsadüfi materiala laqeyddir. Məsələn, onun başqa küçələrlə münasibətdə vəziyyəti həmin şərtlərdəndir".
Və bu iki müqayisə tamamilə başqa bir müqayisə ilə qarşılaşdırılır:
"Mən oğurlanmış kostyumumu təsadüfi əlamətlərə görə alverçidə tapıram. Burada söhbət parça materialı, astar, yarlıq və s. kimi istisnasız olaraq inert substansiyada birləşən mahiyyətin maddi səciyyəsindən gedir. Alverçidə gördüyüm, yəni özümün hesab etdiyim kostyumdan başqa kostyum artıq mənim olmayacaq, yəni onu özümünkü hesab etməyəcəyəm".
Nəhayət, müqayisələr özləri də müqayisə olunaraq belə bir yekun nəticə çıxarılır ki, "dildəki eynilik kostyumun deyil, sürət qatarının və küçənin eyniliyi ilə oxşardır".
F. de Sössür yenidən sevimli şahmat oyununa qayıdır:
"Atı götürək... O, öz-özlüyündə oyunun elementidirmi? Əlbəttə, yox. Ona görə ki, taxta üzərində tutduğu yerdən qıraqda öz materialı, eləcə də oyunun digər şərtləri baxımından oyunçuya heç nə vermir. Oyunda yalnız o halda gerçək və konkret elementə çevrilir ki, dəyərlilik alır və onunla qırılmaz surətdə bağlanır. Təsəvvür edək ki, oyun zamanı həmin fiqur sınır, yaxud itir. Onu eyni əhəmiyyətli başqası ilə əvəz etmək olarmı? Əlbəttə, olar. Atı təsvir edən başqa fiqur yox, onunla heç bir oxşarlığı olmayan istənilən predmet, əgər ona həmin dəyərlilik verilərsə, at fiquru ilə eyniləşdirilə bilər. Beləliklə, biz görürük ki, semioloji sistemlərdə, eləcə də dildə müəyyən qaydalara uyğun tarazlıq yaradan bütün elementlər bir- biri ilə əlaqədardır: eynilik anlayışı dəyərlilik anlayışı ilə qovuşur və əksinə".
Dil işarəsinin dəyərliliyi anlayışından bəhs edərkən həmin anlayışın ən çox əsaslana biləcəyi hadisəni (pulu!) müqayisəyə cəlb etməklə "dəyərlilik" barədə ən aydın (və universal) təsəvvürü yaratmış olur:
"Maddi element olan səs öz-özlüyündə dilə mənsub ola bilməz. Dil üçün o, nəsə ikinci dərəcəlidir, yalnız dilin istifadə etdiyi xammaldır... Deyək ki, dəmir pulun qiymətliliyini heç də metal müəyyən etmir: nominal qiyməti beş frank olan gümüş ekü yalnız həmin qiymətin yarısı dəyərində gümüşə malikdir. Üzərində həkk edilmiş təsvirdən, tədavüldə olduğu siyasi hüdudlardan asılı olaraq o, bir qədər çox, yaxud az dəyərə də malik ola bilər. Eyni şeyi daha böyük israrla dildəki öz mahiyyəti etibarilə heç də nəsə səsli olmayan işarələyən barəsində demək mümkündür: işarələyən dildə qeyri-cismanidir, onu yaradan maddi substansiya deyil, istisnasız olaraq, onun akustik obrazını başqa akustik obrazlardan ayıran fərqlərdir".
F. de Sössür sintaqmatik münasibətlərlə assosiativ (paradiqmatik) münasibətləri fərqləndirərkən belə bir müqayisə aparır:
"Bir tərəfdən, sütun onun saxladığı arxitravla müəyyən münasibətdədir: məkanda eyni cür iştirak edən iki vahidlik - bu qarşılıqlı yerləşmə sintaqmatik münasibəti xatırladır; başqa tərəfdən, əgər bu sütun Dori orderindəndirsə, təfəkkürdə başqa orderlərlə (ionik, Korinf və s.), yəni hazırkı məkanda mövcud olmayan elementlərlə müqayisə yaradır ki, bu assosiativ münasibətdir".
"Ümumi dilçilik kursu"nun müəllifinin müqayisələri bəzən metaforik məzmun kəsb edir:
"Dil öz materialından kəsilib hazırlanmış yamaqla örtülü bir paltarı xatırladır. Əgər fransızca nitqin substansiyasına nəzər salsaq, deyə bilərik ki, onun beşdədördü hind-Avropa kökündən gəlir, lakin ulu dildən saf şəkildə, analogiya ilə dəyişmədən müasir fransız dilinə gəlib çıxmış bütün sözlər bircə səhifəyə yerləşdirilə bilər".
Bu cür metaforiklik, əslində, elmi üslub üçün "yad" hesab edilsə də, "Kurs"un müəllifinin özünəməxsus üslubu elədir ki, bu və ya digər dərəcədə bədii (metaforik) münasibətdə son dərəcədə dəqiq elmi məntiq aşkarlamaqla həmin "yad"lığı çox rahatlıqla aradan qaldırmış olur.
"Dil faktlarının yayılması hər hansı vərdişin, məsələn, dəbin yayılması ilə eyni qanunlara tabedir" qənaətinə gələn F. de Sössür göstərir ki, "hər bir insan kollektivində iki qüvvə iki müxtəlif istiqamətdə arası kəsilmədən və eyni zamanda hərəkət edir: bir tərəfdən, lokal məhdudluq ruhu, necə deyərlər, "doğma zənglərin ruhu", başqa tərəfdən, insanlar arasında əlaqə yaradan qarşılıqlı ünsiyyət qüvvəsi".
Və izah verir:
"Əgər "doğma zənglərin ruhu" insanları evdə oturdursa, qarşılıqlı ünsiyyət qüvvəsi onları məcbur edir ki, öz aralarında müxtəlif münasibətlərə girsinlər: qarşılıqlı ünsiyyət qıraq kəndlərə başqa yerlərdən insanlar gətirir, əhalinin bir hissəsini bayramlar və ya yarmarkalarla əlaqədar bir yerdən başqa yerə atır, müxtəlif əyalətlərdən insanları ordu sıralarında birləşdirir və s... Qarşılıqlı ünsiyyət qüvvələri fəaliyyətinin bu ikinci növü dialekt hadisələrinin coğrafi hüdudlarına tətbiqdə dalğa terminini işlətməyə haqq qazandırır: izoqlossem xətti özünü elə bir kənar xətt kimi təqdim edir ki, sanki su son həddinə çatıb hər an daşa bilər".
Bir sözlə, F. de Sössürün müqayisələri həm elmi-məntiqi interpretasiya gücünə, həm də bədii-estetik siqlətinə görə həmin müqayisələrin müəllifinin yaradıcı təfəkkürünün dil haqqındakı elə təzahürləridir ki, dil haqqındakı elm "özünün əsl və yeganə obyektinin nə olduğunu dərk etmək"də, həmçinin bu nüfuzedici təzahürlərə minnətdardır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!