"Könlüm dağınıqdır, xatirim övraq" - Qasım bəy Zakir
Şerimizi hərdən "nizam ilə gedən qoşa durnalar"a bənzətsək, necə olar?! Bu durna qatarı kimi, sözün də səfinin, nizamının "göyə" nəqş olunması şəksizdir. Ümumi poetik müraciətin obyekti olan hər hansı bir əşya ortaq ədəbi obrazın bəslənib araya-ərsəyə gəlməsində xüsusi yer tutur. Bu üzdən, durna obrazı müəyyən mənada şairi və şeri dəqiq ifadə edə bilir. Bir xalq mahnısında olduğu kimi, yaralı yerlərimiz də var. Kimin səhvi, günahı ucbatından edilməsindən asılı olmayaraq, o yaraya hərdən toxunmaq, əl vurmaq da şeir yazmaq kimidir. İllah ki, göy üzündəki o durna səfi kimdənsə, nədənsə pozula. Çox olur ki, Allahın quşu da yaralanıb qatarından, nizamından aralı düşür. Həmin xalq deyimində olduğu kimi, hər haralıdır, qoy olsun - yaralı durnadan da yazmaq lazımdır.
***
Poeziyada bəzən lirik qəhrəman obrazı cəmiyyət tərəfindən "atılmış" insanlardan ibarət olubdur. Toplumun gözündə intellektinə və fərdi qabiliyyətinə şübhə və etimadsızlıqla yanaşılan belə insan tipləri ədəbiyyatın da diqqətini cəlb edir, çox maraqlı bədii obrazlara çevrilirlər. Məsələn, məşhur obrazlardan Ramiz Rövşənin Bağban Həsəni, Yetim Qulusu, Nüsrət Kəsəmənlinin bostançı Piri kişisi, Matros Həsəni, çoxuşaqlı Aşır kişisi, Dəli Zəhrası və b. buna misal ola bilər. Bu cür şeirlərdə insan surətlərinin xarakterindəki "ağlıq", saflıq, onların dünyaya təmənnasız bağlılığı və bir qədər də duyğusal-həssas davranışları oxucunu riqqətə gətirir, həyəcanlandırır. Bir az küskün ovqatı ilə az və ya çox dərəcədə toplumdan təcrid vəziyyətinə düşən bu adamlar həyatın qalmaqallı hadisələrində tam əriyib tükənmirlər. Ona görə ki, həm də onlar insanı özünün təbii halına, içində olduğu mühitə və onun iqliminə, havasına qatan, qarışdıran vasitə rolunu oynayırlar. Ədəbiyyatın qarşısında qoyulan ilkin yazı şərtlərindən biri hər cisimin "safını" axtarıb tapmaq və onu incəliklərinə qədər təsvir və tərənnüm etməkdir. Məsələn, Bağban Həsəni və bostançı Piri kişini kütlənin psixologiyasından və həyat tərzindən ayıran bir əlamət onların qatıldığı həyata, məşğul olduqları işə, sənətə, peşəyə həddindən çox aludəçiliyi, sidq-ürəklə bağlılığıdır. Bu ifrat hədd onların şəxsi tale və qismətini də uğraşdıqları həyatın özəllikləri ilə uzlaşdırır və orada yerini müəyyən edir. Yetim Qulunun ("Hamı oğul böyütmüşdü") tühaf həyatı və qəribəlikləri yetimliyindən çox, evlənməyib, övlad sahibi olmamağının sıxıntılarından və eyni zamanda, xoşbəxtliyindən meydana gəlir. Çünki Yetim Qulunun "oğlu" hadisəsi toplumun gözündə o qədər məşhurlaşır ki, davada olan oğlunu gözləyənlər arasında ən çox "bəxti gətirən" Yetim Qulu olur. Ona görə bəxti gətirir ki, Yetim Qulunun oğlunun davadan qayıdacağına hamı inanır. Matros Həsənin yadda qalmağı birdən özünün çolaq olduğunu unudub, başqasının həyatını xilas etmək üçün suya atılması ilə bağlıdir. Məkr və hiylədən, biclikdən uzaq belə insanların toplumun nəzərində müəyyən "defisit"lərinin olması onları sosial normativdən kənarda qoyur. Ancaq bu adamların taleyində başqa bir ciddi faktın yer almasını unutmaq olmaz. Cəmiyyətin "ağıllı" kəsimi tərəfindən unudulmağa layiq görülən, bəzən ağıllı sayılmayan bu insanlar cəmiyyətin ağlı hələ yaxşı kəsməyən hissəsinin "qayğısı" ilə əhatə olunurlar. Necə deyərlər, böyüklərin saya salmadığı adamlar uşaqların marağını çəkərək şad-xürrəm yaşaya bilirlər. Xəyalı, zehni ilə yaşayış və dolanacaq qayğılarına giriftar olan böyüklərin, elə olur ki, heç uşağa da vaxt və məhəbbət sərf etməyə səbri çatmır. Həm həyatda, həm ədəbiyyatda əyyami-qədimdən xalq öz "dəlisi" ilə ilgilənməyi uşaqlara həvalə edibdir. Uşaq aləmi üçün də belə bir fürsət həmişə göydəndüşmə olur...
"Hava"
Ümumən götürsək, həm klassik, həm çağdaş poeziyamızda bu mövzuda yazan şairlərimiz azdır. Bu "azlıq", əslində, şairlərin özlərinin də həmin aləmin sakinlərinə yaxınlığı, necə deyərlər, "seçilmişlər" zümrəsinə daxil olması və əsərlərində bu və ya digər formada bu ovqatı və əhvalı ifadə etməsi ilə izah oluna bilər. Axı şeir yazmaq da mühafizəkar düşüncədə, qəlibləşmiş təsəvvürdə, adətən, qeyri-adi fəaliyyət sahəsi kimi dəyərləndirilir. Şairlərin bir çox hallarda ağlı yerində olmayan fərdlər kimi "duyulub izah olunduğunu" hər kəs bilir. Şairin "vergili", "havalı" adlandırılması məlum bir məsələdir. Rafiq Tağı Salam Sarvan barədə: "Açığı, müqəddəslərdən çox, mənim etiqadım bu cür "havalı" insanlaradır. Məncə, bəşəriyyət də məhz onlara borcludur", - deyir. Akif Səmədin "Seçilmiş əsərləri" adlı kitabına ön sözündə Məmməd İsmayıl yazır: "Akif Səmədi elə bir hava yaxalamışdı ki, bu havanı oxumaqla, görüb-götürməklə öyrənmək olmazdı. Bu, vergili bir havadır". Məsələn, şeirdəki bu qeyri-adi "hava" ilə yaşayan "havalı" şairlərimizdən biri Səməd Qaraçöpdür. Səməd bəyin "Hava" adlı şerində belə bir yer var: "Elə gecə-gündüz göydə uçuram, Başımın havası qaldırır məni". Səməd Qaraçöpün yazıları şair obrazının bəzi özəlliklərini göstərmək baxımından da seçilir. Ondakı lirik mənin fikrincə, yerdəki rahatsızlıq, burda özünə gün ağlaya bilməmək adamı göyə çəkir, başı havalı olduğu üçün havaya qarışmaq daha ağlabatan və sərfəli görünür.
Beləcə, havadı gecəm-gündüzüm,
Vaxtı hava kimi uduram daha...
Başım havalıdı, uçub gedirəm,
Başımı götürüb gedirəm daha.
Yaşadığın yerin "havasını" hiss etmək üçün gərək özün havalı olasan. Şairlərin çoxluq deyilən anlayışa aid olmayan, kütlənin həyatına uyğun görünməyən, ümumi ictimai "əxlaq" kodeksindən kənara çıxan fəaliyyəti də, necə deyərlər, bir ədəbiyyat mövzusudur. Görünür, elə ona görə də hər bir şeir qəhrəmanının - şair obrazının həyatda gördüyümüz həmin "seçilmişlərə" bir qədər bənzəyişi vardır. S. Qaraçöpün başqa bir şerində yelli, havalı gəzməyin səbəbi göstərilir. "Bala, bir az yellən, bir az havalan. Bu yerin havası bir az ağırdı". Ona görə də şairin qənaəti belədir: "Yellən, bu dünyaya əlini yellə". Bir sözlə, şair və yazıçıların havalı gəzib, havalı ömür sürməsi təzə söhbət deyildir. "Yerdən ümidini üzüb havada gəzən" söz-sənət adamlarından nəsrdə İsa Muğannanın, Mövlud Süleymanlının, Seyran Səxavətin..., şeirdə Ramiz Rövşənin, Eldar Baxışın, Vaqif Nəsibin, Vaqif Bayatlının, Əjdər Olun və b. yaradıcılığında söz açdığımız həmin ictimai-poetik mənzərənin bir qədər sistem halında olduğunu deyə bilərik.
Sol əl və ya Əjdər Olun "Solaxay" şeri
Belə götürsək, Əjdər Olun fantast yazıçı Namiq Abdullayevdən, şair Əlisəmid Kürdən, Ənvər Börüsoydan və Rafiq Tağıdan bəhs etdiyi portret hekayələri fikrimizin təsdiqi üçün yaxşı nümunə ola bilər. Onun Namiq Abdullayevə həsr etdiyi maraqlı bir şeri də var. "Sağlıq dostum" adlanan həmin şerin qəhrəmanı həyatı qəribəliklərlə dolu bir insandır. Yaxşı araq içməsinə görə Namiq Abdullayevin sosial həyatdakı "kəm-kəsirindən", yaxşı yazıçı olduğuna görə isə könül, ruh "xəstəliyindən" söz açmaq olar. Görünür, elə buna görə Namiq Abdullayevin ölümünə yazılmış şerin bədii müqəddiməsində məlumat verilir ki, "Yasına gələnlərin hamısı sağlığında səndən qaçırdı". Yəni Namiq Abdullayevdən qaçırdı. Amma onun sağlıq dostu ("sağlığında onunla birgə olan" və "bir-birinə tost deyən" mənalarında anlaşıla bilər) belə deyil. Yəni sağlığında bir yerdə olsalar da, vəfat etdiyini bilmədiyinə görə yasında iştirak etmir. Hətta ölümündən xəbəri olsaydı da, yasına bircə şərtlə gələrdi:
Bilsəydim oturmusan
məclisinin başında.
Bir kimsəyə baxmadan
ehsanından yeyirsən.
Arabir də lələşinə göz vurub,
xəlvət-xəlvət yüz vurub,
özün özünə rəhmət deyirsən.
Bu şerin qəhrəmanının hər insanda tapıla bilməyən əlamət və xüsusiyyətləri əsl şeir materialıdır. Bu keyfiyyətinə görə əsərin qəhrəmanı təkdir, heç kəsi təkrar etmir. Obrazın xasiyyətindəki tipik cəhətləri qabartmaq üçün şair onun hətta ölümündən sonrakı baş verə biləcək davranışlarına işarə edir. Ümumi halda, belə insanları Əjdər Olun bir şerinin ideyası və qəhrəmanının adı ilə "sol əl" və ya "Solaxay" da adlandırmaq olar. Sosial anlamda "sol əl" simvolik bir ifadə kimi geniş yer tutur. Məsələn, sol əlin hüquqları sağ əlinkindən azdır. Şagirdə sol əllə yazmaq qadağan edilir. Dini hədislərdə sol ələ çox işlərin yerinə yetirilməsinə icazə verilmir. Amma solaxaylığın "tarixdəki" müvəffəqiyyətlərindən də çox danışmaq olar. Məsələn, təkcə keçmiş "Neftçi"nin futbolçusu Ələkbər Məmmədovun sol ayağı ilə bağlı indi rəvayətə dönmüş olaylardan bir kitab bağlamaq olar... Bir sözlə, dünyanın işlərinə sol gözlə baxmağın acılı-şirinli əhvalatları çoxdur. Əjdər bəyin "Solaxay" şerinin həm mövzusu, həm mövzunun poetik şərhinin müəyyən detalları ilk baxışda oxucuya tanış gəlsə də, ağır problemin bədii həlli, yayımlanan bilgi yeni və orijinaldır. "Sağ qolumu itirdim Qarabağ savaşında, qolum qırıldı qaldı yurdumun o başında" ifadəsi torpaqların işğalı faktını çox tutarlı deyimlərlə meydana qoyur. Bu ağır itkidən (sağ qolun və vətənin ərazilərinin itkisi) sonra "gecikmiş solaxaylığa" vərdiş eləmək çətindir. Şair bir qolunu itirmiş qəhrəmanın cismani əzablarına istinad edərək əsas məsələyə - könül məsələsinə gəlib çıxır. Müharibə əlilinə edilən imtiyazlarla, yəni könlünü almaqla da yaraya çarə edilmir. Çünki "... nə itkintək itmişəm, nə də vətən yolunda bütöv qurban getmişəm". Sanki ölkənin ərazi bütövlüyünün "bütöv qurban getməklə" birbaşa əlaqəsi varmış... Sağ əllə görüşməyin ləzzəti başqadır. Tək qol tək qanaddır və uçmağa yetməz. Göründüyü kimi, Əjdər Olun şeri mövzunu ictimailəşdirir və təyin edilmiş ideoloji oriyentir solaxay adamın qüssə-kədərini böyüdərək daha geniş planda əks etdirir. Onu insanların düçar olduğu bir ictimai bəla səbəbindən düşdüyü halına uyğunlaşdırır və dünyanın bu cür "naqolay" işlərini vətən, torpaq və millət səviyyəsində ümumiləşdirir. Hər halda poeziyanın bu ağrılı mövzusuna baş qoşmaq üçün ədəbiyyatda yazılanları bir qədər əhatəli, ətraflı şəkildə nəzərdən keçirmək lazımdır.
Onu da qeyd edək ki, dünya ilə alver edə bilməyən bu cür başı dərdli insanların bir qismi, məşhur ifadə ilə desək, "ağıldan bəla" səbəbindən dillər əzbəri olubdur. Şifahi xalq ədəbiyyatında, yazılı klassik irsimizdə də belə nümunələr çoxdur. Molla Nəsrəddini, Bəhlul Danəndəni, "Dədə Qorqud kitabı"nda Dəli Domrulu, Mirzə Fətəli Axundzadənin Hacı Nurusunu, Mirzə Cəlilin Kefli İsgəndərini, Məhəmməd Füzulinin Məcnun və Leylisini və b. misal göstərə bilərik. Daha bir neçə nümunə əsasında mövzunu bir qədər təfərrüatlı şəkildə davam etdirməyə çalışaq.
Esmira Məhiqızı
Yuxarıda qeyd etdiyimiz kimi, insanlar bəzən düçar olduqları bəlaya, uğradıqları fiziki və əqli travmalara görə müəyyən hallarda cəmiyyətin nəzərində yadlaşır, qayğı və ünsiyyətdən məhrum olurlar. Bu sarıdan çağdaş şerimizin istedadlı nümayəndəsi olan Esmira Məhiqızının müşahidələri yüksək poetik səviyyəsi ilə seçilir. Həm də Esmira xanımın bu səpkidə yazıları çoxdur. Onun "Bu da bir xatirə..." adlı şerində söz açdığı adam çolaq Əsədulladır.
Kələsərliyə - üzüm oğurluğuna gedəndə,
hər dəfə çolaq Əsədulla
arxamızca dəhrə atardı,
bir söz deyərdi: - Sizin...
və sözünün dalını gətirməzdi.
Ayaqları dizdən aşağı olmayan Əsədulla dayının "sizin" kəlməsinin dalınca nə deyəcəyi diqqətə alınmaqla təbiətcə insanın kimliyi, xisləti, düşüncəsi sınağa çəkilir. Əli-ayağı sağ-salamat olmaqla əli-ayağı şikəst yaşamağın müqayisəsi fiziksəl anlamda deyil, həyata və onun dərslərinə mənəvi-əxlaqi cəhətdən yanaşılanda yadda qalır.
Biz də bu "sizin-i" hərəmiz
bir cürə yozardıq.
o sözün ardına qoşmamış
nəsil-nəcabət qoymazdıq.
Amma çolaq Əsədullanın "sizin"dən sonra nə deyəcəyi məlum olanda bu, doğrudan, çoxluğun (kütlənin) ağlındakına rəğmən gözlənilməz olur və obrazın səciyyəsi də burada tamamlanır.
Neçə illər sonra kəndə getmişdim,
yolda Əsədulla dayıyla görüşdüm.
Hamımızın çox, çox marağında olduğu
o sözü soruşdum ki, ...
o zaman Əsədulla dayı ağladı,
dedi ki, həmişə yüyürmək istəmişəm,
ayaqlarım olmadığından yüyürə bilməmişəm.
Ona görə də uşaqları yüyürən görəndə
çığırırdım ki, sizin....
belə sizin yerinizə olaydım.
Məlum olur ki, şairin məqsədi heç də Çolaq Əsədullanın sonra fikrində tutduğu sözün üstünü açmaq deyilmiş. Çolaq Əsədulladan qorxmaq, nə deyəcəyi barədə ayrı fikrə düşmək də düz deyil. Əsas məsələ Çolaq Əsədulla kimilərə uşaq aləmində yer tapılması, ona bu şəkildə diqqət və maraq ayırmaqla cəmiyyətin halının - ağlının, şüurunun təsviri, obrazın daxili aləminin prioritet olması, əşya və hadisənin mahiyyətinin qabardılmasıdır.
Esmira xanımın başqa bir qəhrəmanı Zəminədir. Zəminənin gözləri işıqdan məhrumdur və Zəminə haqqındakı hekayət olduqca təsirlidir. Əslində, bu şerin qəhrəmanı Zəminə də deyil, onunla bağlı xatirələrə vəfa borcunu yerinə yetirən şairin özüdür. Hər adamın həyatında onu ömrü boyu izləyən əbədi bir məyusluq vardır. Bizimlə bir toplumda yaşayıb ömür sürən, lal-karlığı, çolaq, topal, kor və divanəliyi, ya digər Allahdangələn natamam xüsusiyyətləri ilə seçilən insanların dərdlərinə şərik olmaq ədəbiyyatın da vəzifəsi olur. Bu üzdən, Esmira Məhiqızının Zəminə şeri üçün başlıca cəhət həyatdan doyunca kam ala bilməyən oxucunun yaralı yerinə toxunmaq, yəni həyatın keyf və nəşədən ibarət olmadığını nəzərə çatdırmaqdır.
Yenə də silirəm pəncərələri,
yenə də gecədir, qaralır şüşə,
gündüzlər genişlik gördüyüm yöndən,
axşamlar sıxılır, daralır şüşə.
Şerin müqəddiməsindəcə məcaz bolluğu adamı heyrətləndirir. Antonimlər, sinonimlər silsiləsi şeir boyunca davam edir. Pəncərə və onun şüşəsi içəridən bayırı və bayırdan içərini görməyə və ya göstərməyə lazım olan detaldır. "Pəncərəni silmək" kədəri silə bilməməyi ifadə etmək qədər yerində işlənmiş və gözləntidəki xatirənin aktuallığını göstərən aforizmdir.
Yenə saçlarımı açıb tökmüşəm,
itib bəyazları, dənləri yoxdu,
bir qadın əlinin qaraltısında
bir qızın ağaran əlləri yoxdu.
Saçlarım tökülür pəncərələrdən,
necə pəncərəyə tellər yaraşır,
necə də bu yorğun, şair qadına
o qızda gördüyü əllər yaraşır.
Bu iki bənddəki söz və misra axınının metaforik ahəngi də möcüzə sayıla bilər. Saçlar və gecə təşbehi təkcə gözdəki zülməti ifadə etmir. Onsuz da qüvvvətli təzadla saçın əzəli qara rəngi ilə başın ağarmasını bildirən "dən"in yanaşı səslənməsi və "qaraltı" ilə "ağaran əl" frazeminin doğurduğu hiss şerə əlavə poetizm gətirir...
Elə qaranlıqdı, bu qaranlığın
səssizlik adında ahəngi olur.
Gündüzün o qədər çalarları var,
gecənin qaradan bir rəngi olur,
...yenə də silirəm pəncərələri,
oğlum bəsdi, deyir, gecədi axı.
oğlum hardan bilsin, Zəminə kordu,
gecələr şüşədən Zəminə baxır".
Mənəvi korluqdan bəhs edən Esmira xanım, yəqin demək istəyir ki, onun da gözünün işığı Zəminə ilə birlikdə şüşənin, gecənin o tayında, bucağında qaldığı kimi, bax biz özümüz də, bizim vətənimizin düşmən tərəfindən zəbt olunmuş torpaqları da Zəminəni xatırladır. Göründüyü kimi, vətənin, yurdun yaralı yeri ilə ayrı-ayrı insanların kədəri poeziyada gözəgörünməz tellərlə bir-birinə nəql edilir və "şikəstlik", "əlillik" kimi assosiativdə birləşdirilir, ictimailəşdirilir.
Nurafiz
Şah İsmayıl Xətai "Dəhnamə"ni yazmağının bir səbəbini "qəmli könülləri şad eləmək" kimi ifadə eləmişdi. Şairlərin həyata lirik yanaşması təkcə başqalarını deyil, özlərini də ovutması, xəyal qırıqlığını aradan qaldırması üçündür. Bəzən təsəllidən, öyüd-nəsihətdən uzaq bir lirik təəssürat insanın ruhunu təzələməyə, özü ilə baş-başa qoymağa bəs edir. Belə deyək, "havası" varsa, davası da ədəbiyyatın öz əlindədir.
Kəndimizdə
Bir lal Rəsul yaşardı...
Əlləri danışardı yer belləyəndə,
Gözləri danışardı "gəl" eyləyəndə.
Məhəl qoymazdı
otuz il bizdən çox olan yaşına,
biz lal kimi "danışanda"
uğunub gedərdi dünyanın o başına.
Həyatı şair kimi yaşayanların gözündən yayına bilməyən bu kövrək duyğunu qələmə almağın dəyərini də şairlərin özləri daha yaxşı bilirlər. Müəllifi Nurafiz olan bu şerin qəhrəmanının qeyri-adi cəhəti, əlbəttə, onun lallığı deyildir. Lal Rəsula onun bu durumuna görə bəslənən hər cür münasibətin əvəzində lal adamın sərgilədiyi təmiz, saf, məqsədsiz davranışıdır. O cür təmizliklə lallıq şeirdə bir-birinin davamı kimi improvizə edilir. Lal Rəsulun sadə, saf qəlbi "uşaq" şüurunda daşlaşıb qalan bir ruhani anlam ilə assosiasiya olunur. Məsələ bundadır ki, o uşaqlıq yaşla bağlı deyil, ürəklə bağlıdır. Elə bir ürək ki, onunla uğunub "dünyanın o başınacan" yadda qalmaq mümkündür. Ona görə Nurafiz bəy həmin o uzaqlıqdan öz uşaqlığını daha aydın xatırlaya bilir və bu məqamda təkcə bu xatırlamanı yazmağı layiq bilir. Deməli, keçmişi yadda saxlamaq üçün kövrək və təmiz ömür sürmək lazımdır. Dünyanı təmiz və kövrək saxlamaq üçün dünyada Lal Rəsulun olmağı lazımdır.
...Bir gün Lal Rəsul
uşaq kimi əl elədi
əl çatmayan günlərimin
uzaqlığından.
Xatirə diliylə dil açıb
mənə nağıl danışdı
uşaqlığından.
Lal Rəsulla söhbət həm keçmişdə, həm də indi çox yaxşı alınır. Uşağı sayıb ona vaxt ayırmağa Lal Rəsulun səviyyəsi və dünyagörüşü imkan verir. Çünki, bəlkə də, lal olduğu üçün onun özündən otuz yaş kiçiklərlə söhbəti tutur. Ağzında dili olanların uşaqla anlaşmağı müşkül məsələdir. Nurafizin öz uşaqlığını bu cür xatırlaması bizə onun şair olduğunu da söyləyir.
Emin Piri
Emin Pirinin "Babamın əlləri" şeri də babalarla uşaqların ülfətindən, böyüklərdəki uşaq sadəliyindən və uşaqların babalara olan ərkindən söz açır.
Müharibə əliliydi babam,
aldığı təqaüdün qəpiklərini
gizlədərdi əlində.
"Tapın görüm, hansı əlimdədi?
Pul, tapanındı"
oynardı bizimlə.
Ancaq heç vaxt tapmadıq
qəpikləri hansı əlində gizlətdiyini.
Görəsən, bilirdimi
biz bilirik
bir əlini müharibədə itirdiyini...
Nəyi bilib, nəyi bilməməyin lazım olduğu, onun insanın həyatına necə təsir edəcəyi bu mətnin sehri ilə şüura sızdırılır. Bu "oyunu" ancaq uşaqlara etibar etmək olar. Uşaqların da böyüklərə, yəni babalara həssas və korrektəli münasibətdə bulunması üçün qabaqca müharibədə gərək əlini itirəsən. Uşaqlarla uşaqlara sığınmış, inanmış böyüklərin bərabər tutulmasında uyğun vasitələr, ortaq cəhətlər axtarılıb tapılmalıdır. Şeirdə belə detalların, təsvirlərin düzgün seçilməsi yazılanları inandırıcı və oxunaqlı hala gətirir. Babanın müharibə əlili olması, təqaüd və qəpiklərlə uşaqların yanında qürrələnməsi hər kəsin uşaqlıq çağlarından ona bəlli, tanış bir mənzərənin xatiratı ola bilər. Bu növ yazılardan adamın ovqatına bir kədər havası çöksə də, insanlıq çabasında, humanist düşüncələrin hər zaman üzdə qalmasında həmin yazıların və obrazların əhəmiyyəti olduğunu qeyd etməliyik. Ən əsası, sitat gətirdiyimiz bir neçə nümunədən də göründüyü kimi, bu cür "solaxay" mövzuda işləmək daha mükəmməl ümumiləşdirmələr aparmağa fürsət yaradır.
Beləliklə, nədən yazır-yazsın, ədəbiyyatın ən birinci işi sarı simə toxunmaqdır. Dünyanın gəliş-gedişatına həssas olmaq insanlıq nişanəsidirsə, onu təbliğ etmək ədəbiyyatın görəvi olmalıdır. Bu məqalədə bəhs etdiyimiz mövzunun ideyası bu məsələ ilə bağlıdır. Deməli, N. Kəsəmənlinin "Dəli Zəhra" şerində olduğu kimi yüksək səviyyədə sədaqət göstərmək üçün gərək dəli olasan. "Ağıllı" adamdan o boyda həssaslıq, adamlara bağlı olmağı gözləmək boş şeydir. Əbəs yerə "dəlicəsinə vurulmaq" demirlər ki! "İgid" mənasında işlənmiş qədim "dəli" (məsələn, Koroğlunun dəlisi) kəlməsi də, əslində, bu vurğunluğu ifadə edir. Böyük sədaqətlə öz başçısı, sərkərdəsi yanında olub, döyüşmək, ona can nisar etmək, necə deyərlər, dəlilik əlamətidir. Bütün bu səbəblərə görə, Bağban Həsəni "qızın dul anası" ilə evləndirib, dəyişmək, öz təbii halından çıxarmaq onun ahəngdar həyatını pozur. Hətta gerçəkdən züryəti olmayan Yetim Qulunun "öz övladına" bağlılığı vurğunluq dərəcəsindədir. Yaxud başqaları Namiq Abdullayev kimi öz yasında yuxarı başda əyləşib, "yüz-yüz vurmaq istəməz" və ya bunu bacarmaz. Öz xatirələrini Çolaq Əsədulla ilə, Lal Rəsulla, bostançı Piri kişilərlə əlaqələndirmək hər adamın əlindən gəlməz və bunları ədəbiyyata mövzu etməyə də hər yazar həvəs göstərməz.
Son
Ədəbiyyat bir könül işi olsa da, yarandığı gündən bəri, əsasən, könülcə olmayan nəsnələrdən bəhs etmək onun əsas məşğuliyyəti olubdur. İnsan qəlbini saran cürbəcür hadisələr içərisində könül dağınıqlığına səbəb olan, xatiri narahat edən bir ədəbiyyat mövzusu var ki, biz də onu yada salmaq istədik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!