Yağışlı bir gündə... - Xuraman Hüseynzadə

Xalq ozanı aşıq Veysəlin türk mədəniyyəti tarixində önəmli yeri var. Gözləri görməyən və həyatının ən böyük dönəmini kor olaraq keçirmiş aşıq Veysəl 25 oktyabr 1894-cü ildə Sivasın Sivrialan kəndində dünyaya göz açır. Onun yeddi yaşı olanda Sivasda çiçək xəstəliyi yayılır. Aşıq Veysəl də çiçək xəstəliyinə yaxalanır və sol gözü tutulur. Bundan bir az sonra sağ  gözü də görməz olur. Dövrün bəlalarından olan çiçək xəstəliyinə yaxalanan Veysəlin iki bacısı da bu xəstəlikdən vəfat edir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən hadisəni bu cür xatırlayır: "Çiçək xəstəliyinə tutulmamışdan əvvəl anam mənim üçün gözəl köynək toxumuşdu. Həmin köynəyi geyinib məni çox istəyən bir nəfərin yanına getmişdim. Geyimim xoşuna gəlmişdi. Həmin gün yağışlı bir gündü, evə qayıdarkən yıxıldım və bir daha ayağa dura bilmədim. Çiçək xəstəliyinə yoluxmuşdum...  Xəstəliyi ağır keçirdirdim. İlk əvvəl sol gözüm tutuldu, daha sonra sağ... Həmin gündən dünya mənim üçün zindana döndü ..."

Digər gözünü də qəza nəticəsində itirən aşıq Veysəl əsla ruhdan düşmür. Dünyası zülmət olsa da, həyatına rəng qatmağı bacarır. Atası hər gün əzbərlədiyi xalq ozanlarının şeirlərini oxuyur ona. Atasını böyük bir istəklə dinləyən Veysəlin həyatında eşitdiyi şeirlər günəş kimi doğur. Bu istəyi görən atası bir gün əlində sazla gəlir. Veysəl saza görə çox sevinir. Ona saz çalmağı Çamşıxlı Əli Ağa öyrədir. Günlər keçdikcə saza daha çox bağlanan Veysəl sazının yanından ayrılmır. Saz çalmağı öyrənir. Yunus İmrə, Pir Sultan Abdal, Karacaoğlan, Dadaloğlu kimi xalq ozanlarından təsirlənərək türkü və saz ifaçılığında ustalaşır.

"Vətənə xidmətdən
məhrum qəlbim"

Veysəl 18 yaşında olan zaman yenə bir üzüntüylə qarşılaşır. Onu səhhəti ilə əlaqədar olaraq hərbi xidmətə aparmırlar. Vətənə xidmət edə bilmədiyi üçün çox təsirlənir Aşıq Veysəl:"Gözlərim görmədiyi üçün məni əsgəri borcumu yerinə yetirməyə qoymadılar.  Kənddə yaşlı kişilərlə, qadınlarla baş-başa qaldım. Çox üzüldüm. Onlar məmləkətə xidmət etməyə getdilər, mən kənddə miskin və hər şeydən məhrum qaldım. "Vətənə xidmətdən məhrum qəlbim" deyərək çox acı çəkdim. İstiaqlal savaşı olan illərdə mən yenə kənddəydim."

25 yaşı olanda Aşıq Veysəl Əsma adlı bir qızla evlənir. Çox keçmir ki,o, ana və atasını itirir. İkinci uşağı dünyaya gəlir və doğulandan 10 gün sonra ölür. Dərd gələndə batmanla gəlir axı... Sonra arvadı Əsma başqa bir kişiyə aşiq olur və bir yaşlı qızını ərinin yanında qoyub qaçmağa qərar verir. Gecə yatmaq üçün yataqlarına girdikdən sonra yoldaşı qalxır, boğçasını götürüb ayaqqabılarını geyinir və arxasına baxmadan qaçmağa başlayır. Bir az getdikdən sonra ayağını bir şeyin incitdiyini hiss edir. Ayaqqabısını çıxararkən gördüyünə mat qalır: Aşıq Veysəlin bütün pulu ordadır, qaçacağını anladığı üçün sahib olduğu hər şeyi yoldaşına buraxır. Pulun yanında bir məktub da vardı. Məktubda bu sözləri yazmışdı Aşıq Veysəl: "Al bu pulu, ananın ağ südü kimi halalın olsun, getdiyin yerdə özünü əzdirmə. Bir də, gözəlliyin beş qəpiyə dəyməz, məndəki bu eşq olmasa..."

O, saz, söz adamı idi. Bilirdi ki, insan taleyi ilə barışmalıdı, həyat davam eləyir. Odur ki, baş verən dərdlərin ağırlığına baxmayaraq ikinci dəfə evlənir. Gülzar adlı bir xanımla ailə quran Aşıq Veysəlin ikinci evliliyindən yeddi uşağı olur.

Torpaq, sevgi və təbiət

Onun istedadını ilk görənlərdən biri Sivasın maarif müdiri Əhməd Qutsi Tecer olur. Tecerlə bir  şeir gecəsində tanış olan Aşıq Veysəl bu tanışlıqdan sonra öz türkülərini bəstələyib ifa etməyə başlayır. Veysəlin şeirlərinin tanınmasında Əhməd Qutsi böyük rol oynayır. 1965-ci ildə TBMM tərəfindən ana dili və milli birliyə xidmətlərlə bağlı qanun qüvvəyə minir və aşıq Veysələ maaş kəsilir. Bir müddət kənd institutlarında müəllimlik edən Aşıq Veysəli Türk Aşıq məktəbinin son ustadı kimi qəbul edirlər. 1970-ci illərdə məşhur sənət adamlarının aşıq tərəfindən yazılan mahnıları səsləndirməsi onun şöhrətini ölkə hüdudularına  da yayır.  Öz səsi ilə ifa etdiyi mahnıları dövlət radiolarında səsləndirilir.

Saz, söz adamlarının onun yaradıcılığına verdiyi həqiqi qiymət belədir: "Şeirlərində türkcəsi sadə və başadüşüləndir. Ana dilindən ustalıqla istifadə edir. Yaşama sevinciylə hüzn, optimizmlə ümidsizlik şeirlərində iç-içədir. Təbiət, cəmiyyətdəki çatışmazlıqlar, din və siyasət onun yaradıcılığında öz əksini tapan mövzulardır. Şeirləri qaranlıq dunyasında üç mövzunu birləşdirir: torpaq, sevgi və təbiət...

7 yaşından "Uzun, icə bir yolda" olan sonuncu mogikan həmin məşhur şeirində də bütün şeirlərində olduğu kimi öz taleyini yazırdı:

Mat qalar Veysəl bu halə,
Gah ağlaya, gahi gülə.
Yetişmək üçün mənzilə,
Gedirəm mən gündüz, gecə.

Anadolunun son ozan ənənəsinin təmsilçilərindən olan Aşıq Veysəlin keşməkeşli həyatına 1973-cü ildə ağciyər xərçəngi son qoyur... 

Qaranlıq dünyanın işıqlı adamı

Gəlməz yola gedirəm mən

Salam, sayğı hamınıza,
Gəlməz yola gedirəm mən.
Nə şəhərə, nə də kəndə,
Gəlməz yola gedirəm mən.

Gəmi gözləyir limanda,
Gedəcəyəm bir ümmanda.
Gözüm qalmadı cahanda,
Gəlməz yola gedirəm mən.

Yarım, dostum, yavrularım-
Budur mənim son baharım.
Veysəl, qaranlıq yollarım,
Gəlməz yola gedirəm mən.

Mən gedərəm, sazım, sən qal dünyada

Mən gedərəm, sazım, sən qal dünyada,
Gizli sirlərimi aşikar etmə.
Lal olsun dillərin, söyləmə yada,
Qərib bülbül kimi ahu-zar etmə.

Gizli dərdlərimi sənə anlatdım,
Çalışdım, səsimi səsinə qatdım.
Körpə kimi qollarımda yatırtdım,
Xəyalən xatırla, məni unutma.

Bağçada tut ikən bilməzdin sazı,
Bülbül heç edərmi budağa nazı?
Hansı quşdan aldın sən bu avazı?
Söylə doğrusunu, gəl inkar etmə.

Mənim hər dərdimə ortaq sən oldun,
Ağlasam ağladın, gülsəm də güldün.
Sazım, bu səsləri durnadan aldın?
Yara vurub sarı teli sızlatma.

Ay keçər, il keçər, vaxt keçsə, ara,
Geyin qara libas, söykən divara.
Qəlbindən, sinəndən açılar yara,
Yar gəlməsə yaraların tərpətmə.

Sən pətək misalı, Veysəl də arı,
Birgə zəhmət çəkib yetirdik balı.
Mən bir insan oğlu, sən tut budağı,
Mən atamı… Sən ustanı unutma.

Gözəlliyin qəpik etməz

Gözəlliyin qəpik etməz,
Bu məndəki eşq olmasa.
Əylənəcək yerin olmaz,
Könlümdəki köşk olmasa.

Təbirin sığmaz qələmə,
Dərdin dərmandır yarama.
Adın yayılmaz aləmə,
Aşiqlərdə məşq olmasa.

Kim oxuyar, kim yazardı?
Bu düyünü kim açardı?
Qoyun qurd ilə gəzərdi,
Fikri bir başqa olmasa.

Gözəl üzün görülməzdi,
Bu eşq məndə dirilməzdi.
Gülə qiymət verilməzdi,
Aşiq və məşuq olmasa.

Səndən aldım bu fəryadı,
Bu imiş dünyanın dadı.
Anılmazdı Veysəl adı
O sənə aşiq olmasa.

Mənim sadiq yarım qara torpaqdı

 

Dost, dost,- deyə neçəsinə sarıldım,
Mənim sadiq yarım qara torpaqdı.
Bihudə dolandım, boşa yoruldum,
Mənim sadiq yarım qara torpaqdı.

Neçə gözəllərə bağlandım, qaldım,
Nə bir vəfa gördüm, nə faydalandım.
Hər dürlü istəyi torpaqdan aldım,
Mənim sadiq yarım qara torpaqdı.

Qoyun verdi, quzu verdi, süd verdi,
Yemək verdi, çörək verdi, ət verdi.
Qazma ilə döyməyincə qıt verdi,
Mənim sadiq yarım qara torpaqdı.

Adəmdən bu yana nəslim gətirdi,
Mənə dürlü-dürlü meyvə yetirdi.
Hər gün məni başı üstə götürdü,
Mənim sadiq yarım qara torpaqdı.

Qarnın yardım qazmayınan, belinən,
Üzün yırtdım dırnağınan, əlinən.
Yenə məni qarşıladı gülünən,
Mənim sadiq yarım qara torpaqdı.

İşgəncə verdikcə mənə gülərdi,
Bunda yalan yoxdu, hər kəs də gördü.
Bir çəyirdək əkdim, dörd bostan verdi,
Mənim sadiq yarım qara torpaqdı.

Havaya baxarsam, hava alaram,
Torpağa baxarsam, dua alaram.
Torpaqdan ayrılsam, harda qalaram?
Mənim sadiq yarım qara torpaqdı.

Diləyin var isə istə Allahdan,
Almaq üçün uzaq getmə torpaqdan.
Comərdlik torpağa verilmiş haqdan,
Mənim sadiq yarım qara torpaqdı.


Həqiqət ararsan, açıq bir nöqtə:
Allah qulda yaşar, qul da Allahda.
Haqqın gizli xəzinəsi torpaqda,
Mənim sadiq yarım qara torpaqdı.

Bütün qüsurumu torpaq gizləyir,
Məlhəm edib yaramı da duzlayır.
Qolun açıb yollarımı gözləyir,
Mənim sadiq yarım qara torpaqdı.

Hər kim ki, olursa bu sirrə məzhər,
Dünyada iz qoyar ölməz bir əsər!
Gün gələr,Veysəli bağrına basar,
Mənim sadiq yarım qara torpaqdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!