Keçmiş zamanların yeniyetməsi... - Fransua Moriak - Romandan parça

 

O, tövbə hücrəsi yaxınlığında dua kitabı oxuyurdu. Xeyli müddət oxumaqda davam etdi, sonra məndən hazır olub-olmadığımı soruşdu, darısqal hücrəsinə girib, mıxçadan yepitraxilini (yepitraxil - kilsə xadimlərinin ibadət zamanı boyunlarına asdıqları və hər iki ucu sinələrində birləşən lent) götürdü.  Sonra pəncərənin necə açıldığını eşitdim və onun böyük qulaqlarını gördüm.  Avqustun 15-dən bəri tövbə etmədiyimi bildirməklə tezbazar Confiteor (Confiteor - tövbə öncəsi dua) oxudum, ardınca da ilk tövbəmdən bəri dəyişməyən öz adi rekto-tono  (rekto-tono - qısa, yığcam) dəstimi açıb-tökdüm: "Qarınqululuqda, yalan danışmaqda, itaətsizlikdə, tənbəllikdə, layiqincə dua etməməkdə, messaya pis qulaq asmaqda, lovğalıqda, qeybətdə günahkaram…"

Elə bu? Onun çox məyus görkəmi vardı. Hə, düşünürəm ki, olub-qalanım budu, başqa heç nə.

- Səni başqa heç bir şeyin narahat etmədiyinə əminsənmi? Bəlkə, hansısa fikirlər...

Soruşdum:

- Nə fikir?

O, təkid etmədi: çünki mənə - mənim kimi balaca bir qorxunc varlığa çox da etibar eləmirdi, amma olsun ki, mən məsumluq tərəfində də dayanan qorxunc varlıq ola bilərdim.

- Sən tövbəyə həmişə səmimiyyətləmi gəlmisən?

Bax bu yerdə iblis məni cənginə aldı və bunları deməyə təhrik etdi:

- Yox, mənim atam.

- Necə? Ümid edirəm ki, vacib olan heç nəyi gizlətməmisən.

- Bilmirəm. Bəlkə də söhbət elə ən vacib olanından gedir.

- Mənim miskin balam! Sənin anan, müəllimlərin, mən özüm... biz hamımız səni müqəddəs yaxşılıqlardan sapmamaq üçün qoruyurduq...

O mənim əxlaqıma beləcə tərif verirdi. Mən bu bənddə özümü ciddi qınaya bilmirdim. Eyni zamanda, bu, sırf həqiqət idi. Üç il əvvəl mən necə də məsum bir uşaq idim...

- Amma sən dedin ki, söhbət ən vacib olandan gedir... Bu, nə demək istəyirdin?

- Bu, vacibdi, ya yox, siz mühakimə edin. Belə ki, mən - bütpərəstəm.

- Bütpərəst? Sən nə çərənləyirsən?!

- Mən deyə bilmərəm ki, tam bütlərə sitayiş edirəm. Mən gizli bir kulta tapınmışam. Parkdakı böyük palıd ağacını görmüsüzmü?

- O elə də böyük deyil axı - Küre qeyd elədi. Görünür, o məni bu dünyaya, hər şeyin ölçü-biçisi olan yer aləminə qaytarmaq istəyirdi.

- Mənim üçün o - Tanrıdı. Hə, ağlım kəsəndən onu Tanrı saymışam və ona sitayiş etmişəm.

- Deməli belə! Məlum məsələdi, sən şairsənsənmiş (o, "şair" sözünü bir qədər başqa cür - "şayir" kimi işlətdi ). Burda pis bir şey yoxdu. 

- Mən belə də bilirdim ki, siz mənə inanmayacaqsız, atam mənim. Bu günə qədər məhz bu hiss mənə öz günahlarımı yumağa, tövbə etməyə mane olurdu: qorxurdum ki, heç kim, hətta siz də mənə inanmayacaqsız. Amma başa düşün, mən böyük palıd ağacına ibadət etməyi düşünüb tapmışam, ona qurbanlar gətirirəm...

- Tamam, tamam! Bu, şeyirdə yolverilən bir şeydi, səfeh. Bununla nəyə nail olursan? Bəlkə mənə lağ etməyi fikirləşirsən? O zaman, bu, böyük günah olardı: Tanrıya lağ eləmirlər.

- Mən sizə gülmürəm, sadəcə başa düşürəm ki, siz mənə inanmaq iqtidarında deyilsiz.

- Bütün şayirlər, içi xristianlar qarışıq, təbiətə səcdə edirlər - bu hal yolveriləndi.

- Mənim əməllərimin Lamartin və Hüqonun izhar etdikləriylə heç bir ümumi bağlılığı yoxdur. Sizi əmin edirəm, bütün ağaclar mənim üçün canlıdı, onlar hamısı ilahi varlıqdı, xüsusilə də parkdakı  şam ağacları.   Onları insanlardan üstün sayıram, - deyə əlavə etdim, ləzzətlə qabaqcadan götür-qoy etdiklərimə və eyni zamanda ilhamımın səmimiyyətinə qapıldım.

Hə, hələ o vaxt da insanlar mənə qorxu təlqin edirdilər. Hətta gələcəkdə kollecdə əlaqələrim olacaq insanlar da həmçinin.  Doğrudu, dini müəllimlərimizdən, hətta ən pislərindən belə mən qorxmurdum, çünki onları möminliyin və sərt dini qaydaların noxtasında saxlayırdılar.  Mənim şagird yoldaşlarım isə! Onlar hər şeyə qadir idilər!  Xatırlayıram ki, tənəffüs vaxtımı ancaq ayaqyolunda otururdum, düşüncəmdə yalnız bir şey vardı: uçub üzümə çırpılacaq topun qorxusundan ölürdüm...

- Yetər, Alen, qayıdaq ciddi şeylərə.

- Niyə, - mən təbii olaraq yaranan, həm də  düşünülmüş halda qapıldığım və hətta özünəvurğunluqdan xali olmayan bir kədərlə dilləndim - məni bağışlamaqdan niyə imtina edirsiz? Etiraflarımı niyə ciddi qəbul etmirsiz?

Küre adəti üzrə sanki gildən düzəldilmiş üzünü ovuşdurdu. Gözlənilmədən məndən soruşdu:

- Sən bütün ağaclara, yoxsa ancaq böyük palıda sitayiş edirsən?

- Yox, təbii ki, onlar hamısı canlı varlıqlardır, ancaq böyük palıd Tanrıdır.

- Nədi, yoxsa sən bunu kəşf etmisən?

Onun yekə başını necə yellədiyini gördüm. Amma barmağıyla alnına döyəcləmək fikrinə düşmədi. 

- Yox, mən heç nə kəşf etməmişəm. Özümü dərk edib tanıyandan mən torpağa, ağaclara sitayiş etmişəm...

- Amma heyvanlara yox, eləmi? Bu, yenə nəyəsə oxşaya bilər...    

- Yox, heyvanlara yox... Əslində elə deyil! Unutmuşdum lap, indi hər şey qəfil yadıma düşdü. Atam mənim,  siz tərk edilmiş fermanı tanıyırsızmı?

- Siledəkinimi? Hə.

- Yadımdan çıxıb neçəydi - yeddi, ya səkkiz yaşım olardı, ağlıma hardan gəldi, beynimə kimlər yeritdi, bilmirəm, guya həmin atılmış fermada bizim dişi eşşəyimiz Qrizeta yaşayır, hansı ki, qocalaraq çoxdan ölüb getmişdi. Məndən böyük olmağına baxmayaraq, dediklərimə Loranı da möhkəm əmin edib inandırmışdım. Biz atılmış fermaya getdik, qıfıl vurulmuş qapıların önündə, hansısa səfeh mədhlər oxumağa başladıq: "Mehriban Qrizeta, hamınızı sevir və  şən bayram münasibətilə təbrik edirik, biz sənə yulaf və şəkərə qoyulmuş ərik gətirəcəyik..."

- Şəkərə qoyulmuş ərik? Eşşəyə?

Küre riyakarcasına hırıldadı, o hər şeyi yerbəyer etməyə çalışırdı.

- Bu, ondan irəli gəlir ki, yeddi yaşım olanda məndən ötrü şəkərə qoyulmuş ərikdən yaxşı heç nə yox idi, amma Qrizetaya əməlli-başlı sitayiş edirdim. Qəfil anladım ki, atam mənim, həqiqətən günah işləyirəm. Elə bir günah ki, vaxtilə bütpərəstlər ilk xristianlara bunu irad tutmuşdular, onları eşşək başına sitayiş etməkdə ittiham etmişdilər.

Sözün həqiqi mənasında bu gözlənilməz uydurmamdan sarsılıb susdum. Küre də dinmirdi, ola bilsin, onlara lağ elədiyimə görə məni bu tövbə hücrəsindən qovub-qovmamaqdan ötrü içində vurnuxurdu.   Amma kim bilir? Mən onlara lağ etmişdimmi? Mənim vicdanlı bir uşaq olduğumu, anamla eyni xəstəliyin daşıyıcısı olduğumu o, əla bilirdi. Qəfil o, məndən ucadan və təntənəylə soruşdu:

- Alen, sən Tanrıya inanırsan?

- İnanıram, mənim atam, hə!

- İnanırsanmı ki, Tanrının canlı oğlu İsa elə Məsihdi, ömrünü səndən ötrü verib və ölümdən dirilib?

Mən buna bütün qəlbim, bütün ürəyimlə inanırdım.

- Sən müqəddəs Məryəmi sevirsənmi?

- Hə, sevirəm...

- Onda dediyin o səfeh şeylər haqda bir də düşünmə. Günah işləmisənsə, sənin günahlarını bağışlayıram, daha doğrusu, cənab Rəbbimiz özü keçir günahından. 

O, iti addımlarla cübbələrin saxlandığı yerə yollandı, sanki qaçıb canını qurtarırdı. Mən tövbə duasını güclə oxuyub başa vurdum, özümü yenə küçədə, sentyabr gününün hər yanı bürümüş dincliyi içində tapdım. Şairlər demişkən, ilıq külək nəfəs kimi əsirdi, amma həmin gün bu bənzətmə həqiqət idi: əsinti canlı varlığın nəfəsiydi... Baş keşişə lağ eləməyi, amma bu gözlənilməz zarafatın mənə nəinki yüngüllük  gətirməsini,  həm də həmişə sığınacağım olan sevgini xatırlatmasını düşünürdüm. Heç vaxt özgə sevgilərə, özgə sitayişlərə - xristian tanrısına bel bağlamayan, eyni zamanda torpaqla, günəşlə və yağışla yaranmış çörəyə və şəraba sitayiş etməyənlər barədə fikirləşirdim. Bu, ikiqat sığınacaqdır, amma heç də artıqlıq eləmir. Heç vaxt heç bir sığınacaq insanlardan müdafiə olunmaq üçün artıqlıq etməz. İndi, üstündən üç il keçəndən sonra, bütün dəhşətlərin fövqündə duran bir dəhşətə yaxınlaşdığım üçün dərdim gündən günə artır: məni kazarma həyatı, əsgər arteli gözləyir. Mən bunu heç kimə, hətta Donzaka da etibar edib danışmıram. Öz kədərimdən utanmıram, bilirəm ki, bunda heç bir şərəfsizlik yoxdu,  amma onu dilə gətirmək, sözlə ifadə edib maddiləşdirmək lazım deyil, yoxsa qorxaqlığa çevrilər: hərdən mənə elə gəlir, orduya çağırılanacan ölmək mənim sonuncu şansımdır. 

Geri qayıdarkən bütün bu şeylər haqda götür-qoy edəndə, eyni zamanda qurulmuş tələdən qabaq baş keşişin özünü necə aparmasını xatırlayırdım. Bizim Donzakla hazırladığımız ağıllı katoliklərin siyahısıyla paralel qanmaz-katoliklərin siyahısında, o, ilk yerlərdən birini tuturdu, mən indi onun vəziyyətdən gündəlik həyatına məxsus olmayan bir lütfkarlıqla, ustalıqla çıxmasına heyrət edirdim.  Məsələ məhz beləydi, indi heç buna şübhə də etmirəm. Qəlbimin dərinliyində öz məsumluğuma əmin deyildim, amma etiraf edərək, bütpərəstliyin günahına batdığıma tədricən inanmağa başlamışdım. Belə olmasaydı vicdanımın rahatlıq tapmasını hiss etməzdim, sevincim Loreni də cəlb etdiyim park uzunu dəlicəsinə yürüşdə üzümdə əks olunmazdı. Yürüşdə, dörd yaş kiçik olmağıma baxmayaraq, demək olar ki, həmişə qalib gəlirəm, çünki o, təngnəfəs olur .

Səhərisi gün priçastiye ayinini necə yerinə yetirdiyim yadıma gəlmir. Bu ayin yaddaşda gördüyün yuxudan artıq qalmır. Bununla belə, üstündən üç il keçməsinə baxmayaraq,  səkkiz sentyabr günü yaddaşıma həkk olub. Mən Loranla Juano sahələrində torağay ovuna getməkdən imtina etdim. Məni inanılmaz dərəcədə möhkəm çulğamış hissi dəqiq xatırlayıram, çünki indi də onu daim yaşayıram: tənha qalmaq, meşədə, çöldə yalqız gəzib-dolaşmaq, öz öküzlərinin qabağıyca asta-asta gedən, əlini beretinə toxundurub mənə "Aduchats!" (yerli ləhcədə salam deməkdir) deyən fermerdən və ya sürüsünü otaran çobandan başqa  frastına kiminsə çıxacağı ağlına gəlməyən qumlu yollarda tam yorulana qədər yerimək... Bu simasız landalarda heç kimi maraqlandırmıram. Bununla belə öz məqsədim vardı. Bu gəzintilər zamanı adətən  tərəddüd içində dörd istiqamətdən birini seçirdim: Yur çayı, Böyük şam ağacı (butun dairələrdən maraqlananları cəlb edən nəhəng ağac), Juanodakı xanımlar evi və Lassyudan olan qoca; bəlkə də yaşı səksəni ötdüyünə görə və ömrü boyu kənara  çıxmadığı Lassyunu tezliklə həmişəlik tərk edəcəyi üçün, bu dəfə mən qocanı seçdim; Təkcə oktyabrda çıxdığı alabaxta ovunu saymasaq,  o, artıq uzun illərdi ov eləmirdi. Gününü necə keçirirdi bəs?

Bir dəfə məndən öyrənəndə ki, dünyada kitaba pul verən başdanxarablar var, tamamilə karıxmış bir görkəm aldı. O, öz yanına həkimdən başqa heç kimi buraxmırdı. Deyirdi ki, Küre üzümü öləndə görər, diriykən - heç vaxt. Varislərə gəlincə isə (o, bütün varlı mülkədarlarla, həmçinin bizimlə, uzaq da olsa qohumluq əlaqəsindəydi) cürət edib evinə yaxınlaşanların hər birinin üstünə itini buraxırdı.  Bilsələr də ki, hamısından eyni dərəcədə zəhləsi gedir, onlar buna əyləncə kimi baxır, ələ salırdılar. Yeganə ümidləri onun ölümqabağı dəhşət anınaydı, belə ki, əgər notariusa inanmış olsalar, o, Lassiyudan olan qocaya vəsiyyətnamə tərtib etməyə icazə vermirdi. Amma onunla qırx il yatandan  sonra qayğısını çəkən Seqonda çalışırdı ki, hər şey edilsin. Yəqin səkkiz yüz hektarın varisi o olacaq, ya da, daha dəqiqi, oğlu Kazimir: axı bu qadın təkcə Lassiyulu qoca üçün oktyabrda torağay ovlamaqdan başqa heç vaxt heç bir iş görmək həvəsi olmayan həmin  heyvanın tam tabeliyində idi. Qalan vaxtlarda bəzən nəsə hazırlayırdı, sərxoş olmayanda quyudan su daşıyır, odun mişarlayırdı. Onu görüb-görməməyim mənim üçün fərq etmirdi.  O, böyük şam ağacı kimi, Lassiyudan olan qocanın özü kimi cansız aləmə daha yaxın idi nəinki canlı varlıqlara. Sözün qorxunc mənasında desək, onların içində insana aid heç nə yoxdu. Onlar məni qorxutmayan heyvan növünə aid idilər və əl çəkməyə dözümüm çatmırdı.

Getdikcə gedirdim. O yay, hələ payız solğunluğu görməmiş ayıdöşəyinin, demək olar, boyu boyumcan idi. Mən yalnız növbəti ildə güclü boy atdım. Ayıdöşəyi düşmənim idi, uşaqlıqdan mənə inandırmışdılar ki, tərkibində sionid turşusu var. Onların dik başlarını ağacla qırırdım, yoxsa sıx kolluqlara  girir, sanki tökdüyüm qanın qoxusu kimi zəhərli şirə dadan ətir yayırdılar.

Haçansa Qrizetoya sitayiş etdiyim Silendəki tərk edilmiş fermanın yanından keçəndə,  at ayaqlarının səsini eşitdim, güclə imkan tapıb kənara sıçradım, bu zaman atın belində Janna d"Ark kimi oturmuş madmazel Martino ya məni görmədi, ya da layiq bilməyib özünü görməməzliyə vuraraq yanımdan çapıb keçdi; onun qızılı rəngli qıvrım saçlarını külək yelləyirdi, telləri sanki canlıydı, bəli, canlı ilanlar kimiydi, boyun-boğazında qıvrılırdılar. Bəlkə o, salamlaşmayacağımdan ehtiyat edirdi. Əslində biz doğma idik, Martino isə "landada ən yaxşıların hamısıyla" qohumluq əlaqəsindəydi, anam demişkən, biz onların diqqətini cəlb etmirdik, onlar da bizim.  Babalarımız  belə bir-biriylə danışmırlarmış. Amma madmazel Martino xüsusi sürgünə məruz qalmışdı - o zamanlar (indi bundan daha yaxşı xəbərdaram) bu nəticəyə gəlmişdim ki, o, ədəb qaydalarının əksinə olaraq kişilərə aid yəhərdə at sürür; bununla belə o işləyirdi, mühazirəçiydi, Bazasda baronessa de Qotun ortağıydı, o isə bizim çevrənin adamı deyildi, anamın dediyinə görə, başqa təbəqəyə aid idi, onunla heç bir ünsiyyət ağlasığmazdı, əhatəsində olduğumuz insanlardan fərqli şəxsi həyatı heç nəyə düçar olmamışdı, anamın qəti fikri beləydi: axı biz qarışqaların, yaxud yenotların və ya porsuqların xasiyyətlərini müzakirə etmirik. "Həmin baronessa de Qot... - deyə anam başlayardı. - Deyirlər, guya... eh, yox, sən başa düşməzsən!"

Tərcümə etdi: Zahid Sarıtorpaq

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!