Knut Hamsunun "Aclıq" və Cek Londonun "Martin İden" romanı - NARGİS

Müqayisəli ədəbiyyat məsələləri daha çox müasir dövrdə elm adamlarının diqqətini özünə cəlb edə bilib. Bir çox Qərb tədqiqatçısının elmi əsərlərində və məqalələrində əhəmiyyətli yer tutan müqayisəli ədəbiyyat məsələlərinə Şərq ölkələri təəssüf ki, yeni-yeni diqqət yetirməkdədirlər. Doğrudur, bu mövzuda bir çox elmi məqalələr yazılmışdır. Hətta ədəbiyyatımızda yer alan bir çox istiqamətlər Şərq və Qərb kontekstində tədqiq olunmuşdur. Ancaq bu mövzu haqqında tam və əhatəli tədqiqatlar çox azdır. Müqayisəli ədəbiyyat  hər hansı bir mühitdə yazıb-yaradanların əsərlərində yer alan müxtəlif meyilləri tədqiq edir. Sənətkarların yaratdıqları əsərlər o zaman qiymətli olur ki, onlar bir çox əsərləri oxuyub təsirlənmələrinə baxmayaraq, orijinal nümunələr ortaya qoymuş olsunlar. Müqayisəli ədəbiyyatın vəzifəsi, funksiyası, eyni yaxud fərqli dillərdə yazılmış iki əsəri mövzu, düşüncə ya da forma baxımından araşdırmaq, ortaq, bənzər və fərqli xüsusiyyətləri aşkara çıxarmaq, bu təsirlənmə, yaxud fərqlər barədə elmi nəticələrə gəlməkdir.

"Müqayisəli ədəbiyyat elmi araşdırmalarının əsasında ədəbiyyatın bir "bütün" olduğu fikri var. Müqayisəli ədəbiyyat elminin təməlində Hötenin "Veltliteratur" dediyi dünya ədəbiyyatı düşüncəsi yatır ki, bu da hər şeydən əvvəl müxtəlif millətlərin birinci keyfiyyət, yəni klassik əsərlərinin, insanlığın ortaq ədəbiyyat xəzinəsini təşkil etdiyi fikridir".

Knut Hamsunun "Aclıq" və Cek Londonun "Martin İden" romanı oxuyanda bu iki romandakı bənzərliklər diqqətimi çəkdi. Hər iki əsər insanda dərin və yüksək psixioloji sarsıntı yaradır. Xüsusilə "Martin İden" əsərini oxuyan bir çox insanın intihar etmək istəməsi kimi faktlar bizlərə qələmin və sözün insan həyatına necə dərindən nüfüz edə biləcəyi gerçəyini bir daha sübut edir.

"Aclıq" əsəri isə norveçli yazar, Knut Hamsunun ən əhəmiyyətli romanıdır. Romanın əsas qəhrəmanı, Kristianada yaşayan, zəif, xəstə görünüşlü, eynəkli, ümumiyyətlə, pərişan halda paltarlarla gəzən, saçları gənc yaşında tökülmüş bir adamdır. Onun ən böyük idealı yaxşı bir yazar olmaqdır. Romanda qəhrəmanın adı çəkilmir. Özünün uydurduğu adla Andreas Tangen olaraq xatırlanır. Andreas, yazar olmaq üçün yaşayır. O, davamlı kasıblıq çəkən və çox vaxt aç olan, qürurlu bir gəncdir. Pulsuzluq səbəbiylə yaşadığı evdən qovulur. Parklarda, qəbiristanlıqlarda səhərləyən qəhrəmanımız, bəzən yazdığı yazılardan bir az pul qazanır, amma bu pul ona çox qısa bir müddət üçün dolanmağa kömək edir. Andreas, bütün bu mənfiliklərə qarşı yazmaqdan imtina etmir. Pulsuzluq səbəbiylə, oturduğu viranə evdən də atılır və bir müddət küçələrdə skamyalarda yatır. Bəzən aclığı elə səviyyələrə çatır ki, yol kənarlarında tapdığı daş və ağacları gəmirir, bəzən də qəssaba yalan deyərək olmayan iti üçün aldığı bir parça sümüyü gəmirir ...  Bəzənsə elə uzun müddət ac qalır ki, yemək tapdığı zaman onu belə yeyə bilməz. Çünki mədəsi artıq yeməkləri qəbul etmir, yediyi şeyləri qusur. Roman qəhrəmanı o qədər çətin vəziyyətlərə düşür ki, ən sonunda qürurunu bir kənara buraxıb kiçik bir saxtakarlıq edir amma bunu özünə bağışlamır. Vicdan əzabı çəkir.

Görkəmli Amerika yazıçısı Cek Londonun məşhur əsərlərindən "Martin İden" kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O, bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əzişdirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailəsinin üzvüdü. Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir.

Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara onların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gəlir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın.

Qeyd edək ki, Andreas Tangen və Martin İden hər ikisi təkcə ədəbi qəhrəman yox, həm də həyat qəhrəmanıdırlar. Qeyd etdiyimiz kimi, Martin İden moryakdır, dənizçidir. O, fiziki cəhətdən güclü bir gəncdir. Andreas Tangen isə əsərin sonunda son ümid yeri olaraq dənizi seçir. O, Martin İdenin əksinə cılız, fiziki cəhətdən zəif adamdır. Əsərdə son dərəcə acınacaqlı vəziyyətlərdən mənəvi cəhətdən üzü ağ çıxmağı bacaran bu iki qəhrəman bəzi məqamlarda uşaq kimi aciz təsvir edilir.

Məsələn, hər iki obraz bəzi zamanlar öz-özündən diksinir: "Martin İden təhlükəni böyüdürdü. Quyruqlu bir pianino, üzərində kitablar yığılı bir masanın arasındakı boşluqdan yarım düjün insan rahatlıqla gedə bilərdi, amma o hər şeyə baxmayaraq bu aradan keçməyə çalışarkən qorxudan ürpərdi. Ağır qolları rahat bir şəkildə sallanırdı. Qollarını, əllərini hara qoyacağını bilməyirdi. Beynini əhatə edən xülyalar səbəbindən  qollarından birinin, masanın üstündəki kitablara sürtünəcəyinin narahatlığına qapılınca, ürkmüş bir at kimi silkələnib kənara qaçdı. Qaçdı qaçmasına ancaq az qala pianonun oturacağına dəyəcəkdi. Qarşısındakı adamın rahat yerişinə baxdı və ilk dəfə, öz gedişini digər kişilərin yerişindən başqa olduğunu fərq etdi. Bu qədər yöndəmsiz yerişə görə içində utandığından doğan anlıq bir əzab duydu. Alnından muncuq-muncuq tər axdı; dayandı və yazıq üzündəki tərləri dəsmalı ilə sildi".

Knut Hamsunun "Aclıq" əsərində də belə oxşar məqamlara rast gəlirik: "Skamyada oturub bütün bunları götür-qoy edir, kədərlənirəm. Öz-özümdən  iyrənirəm; hətta əllərim də mənə iyrənc görünür. Bu arıq, heç nəyə yaramayan zəif əllər qanımı tamamilə qaraldırdı; mən çöp kimi arıq barmaqlarıma baxaraq əsəbiləşir, sısqa bədənimə nifrət edirdim".

Hər iki romanda təzadlı məqamlarda oxşarlıqlar sezilir. Əzablar, hisslər, duyğular oxşardır. Qəhrəmanların biri iriliyindən, digəri sısqalığından utanır, ürkür, narahatlıq keçirir. Ancaq bütün bunlara baxmayaraq, hər iki müəllifin də qəhrəmanı güclüdür. Onar həyatın bütün ağlasığmazlıqlarını yaşayır və bu ağlasığmazlıqlar qarşısında ağıllarını qorumağa çalışırlar. Hər iki əsərdə fiziksəl güclə, duyğusal güc təzadlı təsvir olunub.

Dünya ədəbiyyatında qalıcı və universal xüsusiyyətə sahib romanlar yazmağın yollarından biri də xarakterlərinin daxili dünyasını romana əks etdirməkdən keçir. Dostoyevski, Emile Zola, Çarls Dikkens, Balzak, Höte ... kimi romançılar bu xüsusiyyətləriylə klassik olmağı bacaran yazıçılardan bəziləridir. Roman xarakterinin zidd bir şəxsiyyətə sahib olması onu təsvir etməyi asanlaşdıraraq ona tip xüsusiyyət qazandırır. Yazar, romandakı tip / xarakterin ruhi dünyasını oxucuya tanıdaraq, oxucunun özünü bu adamla eyniləşdirməsinə imkan yaradır.

"Bəzən onu əslində olduğundan başqa cür görmək arzusu yoldan çıxarırdı, lakin o saat ehtiyatla düşünürdü ki, bu heç bir nəticə verməz, yalançılığa alışmamışdır və çox asanlıqla gülünc vəziyyətə düşə bilər".

"Qorxdum, məni vahimə bürüdü. Etdiyim fırıldaqçılığı  bütün təfərrüatına qədər xatırladım; balaca  dükanı, piştaxtanı, pulu qamarlayan əllərimi  gözümün qabağına gətirdim, polisin gəlib məni həbs etməsini təsəvvür etdim.Düşünüb-daşınmağa başladım və qəti qərara gəldim ki, əvvəllər, təmiz vicdanımla indikindən xoşbəxt idim".

Görüldüyü kimi, Martin İdeni gülünc vəziyyətə düşmək çox qorxutsa da, Tangeni bu öncə qorxutmur. Həmin əməli törədir. Sonra isə Tangen etdiyi fırıldaqçılığı özünə bağışlamır və özünü cəzalandırır.

Hər iki roman avtobioqrafik səciyyə daşısa da, həm də psixoloji romanlardır.

Psixoloji roman qavramı nədir?

Bu cür romanlara "Təhlil Roman" da deyilir. Psixoloji romanlarda roman qəhrəmanlarının ruhi təhlilləri verilir. Onların insanlara, hadisələrə və cəmiyyətə baxışı öz əksini tapmışdır.

Psixoloji romanda ruh təhlillərinə öyrəşilmiş realist romanlardan daha çox yer verildiyi üçün xarakterin daxili böhranlarının və hesablaşmalarının içdən gələn impuls və motivlərin göz ardı edilmədiyi roman növüdür.

Psixoloji romanda yazıçı, sıravi realist romanlarda olduğu kimi, yalnız yaşanan hadisələrlə kifayətlənməyib bu hadisələri ortaya çıxaran səbəbləri və bu hadisələrin ruh quruluşunda yol açdıqlarını da şərhə girişir.

Psixoloji romanın və ya ümumi mənada yazıda psixologiya məsələlərinə toxunuş, XI əsrdə "Tale of Genji", 1344-cü ildə Bokaçço və Servantes ilə ortaya çıxdığı söylənsə də, gerçək mənada psixoloji romanın ortaya çıxmasını Samuel Riçardsonun "Pamela" romanı qəbul olunur.  Daha sonra yüksəlişə keçən realizm ilə birlikdə psixoloji roman da fəaliyyətini artırmışdır.

Rus ədəbiyyatının və bəlkə bütün dünya ədəbiyyatının ən əhəmiyyətli psixoloji roman nümunələrini verən Dostoyevski, oxucunu, insan psixologiyasının ən naməlum, qaranlıq künclərinə qədər aparmış, ruh təhlillərini zirvə nöqtəsinə çıxarmış və hətta Psixoanaliz qaydasının qurucusu Freydə yol göstəricilik etmişdir.

Bu baxımdan Knut Hamsun da, Cek Londonda reallıqlara söykənərək, reallıqları daha da cazibəli edən psixoloji tendensiyalara öz romanlarında yer verdikləri üçün fiksiya xarakterli romantikadan daha çox təsir edir bu romanlar cəmiyyətə. Hər iki roman əzabları, daxili müharibələrı, ruhi  qarşıdurmaları özündə şaxələndirən saqadır.

Qəhrəmanların öz içlərində girdikləri qarşıdurmalar-sevgi-nifrət, ağrıma-mərhəmətsizlik kimi iki duyğu arasında; "Etmə-etməmə" kimi tərəddüd ehtiva edən vəziyyətlər arasında qalan qəhrəman öz içindəki mənlə hesablaşmağa oradan da bir qarşıdurma içinə girər. Qəhrəmanların içinə girdikləri bu psixoloji qarşıdurma, ümumiyyətlə, ilahi dünyagörüşü nöqteyi-nəzərindən ruh təhlilləri kimi verilir.

Psixoanaliz ilə insanın qorxuları, narahatlıqları, həsrətləri, kədərləri, arzuları və s. Həll olunmağa çalışılırkən sənət mətnində istifadə edilən obraz / simvol / motivlər və bunların vermək istədiyi mesajlar ya da bunlardakı mənaları ortaya çıxarmaq psixoanalizi ədəbiyyat sahəsindəki fəaliyyətlərindən biridir.

"Həddindən artıq böyüdülmüş bir şüursuz günahkarlıq duyğusuna sahib olan kəslər, analiz prosesi zamanı müalicəyə mənfi reaksiya göstərirlər".

Günlərini xalq kitabxanasında keçirməyə başlayan Martin kitabların dünyasına açılır.

Qeyd edilən nöqteyi-nəzərdən yanaşıldıqda Martin İdenin də, Andreas Tangenin də eyni hissləri yaşadığı və eyni ilə ruh halları ilə mühitdə qarşılaşdıqları çətinliklərə reaksiya verdikləri ön plana çıxır.

Başlanğıcda bir şey anlamasa belə, bezmədən usanmadan oxuyur; Marks, Nitsşe oxuyur, ən çox da ədəbiyyat mətnlərini oxuyur. Başına yazar olmağı qoymuşdur artıq. Yalnız ədəbiyyat eşqindən deyil yazaraq zəngin ola biləcəyinə də inanır.

Martin İden bir tərəfdən dolanışığını təmin etmək üçün gəmilərdə çalışır, digər tərəfdən böyük bir stabilliklə heç dayanmadan istehsal edir; məqalələr, hekayələr və şeirlər yazır. Ancaq məhsullarını göndərdiyi qəzet və jurnal redaktorlarından gələn cavablar heç ürəkaçıcı deyildir. Çünki cəmiyyət ciddi şeylərlə maraqlanmır. İnsanlar bədii dəyəri olmayan əyləncəli mətnləri sevirlər.

Eyni halı Tangen də yaşayır. Hətta eyni halı Knut Hamsun da yaşayır. Yazıçının bioqrafiyasında oxuyuruq "Hekayəsini tamamlayınca bir gəmi bileti alaraq Kopenhagenə getdi. Bir kitabçıya, sonra da norveçli bir şairə əsərlərini qəbul etdirmə səyləri boşa çıxınca Osloya döndü. Sonra köçəri olaraq uzun bir səfərə çıxdı".

Bütün bunları nəzərə alaraq hər iki romanı avtobioqrafik əsər də adlandırmaq doğru olar.

Cek London “Martin İden” romanını öz həyat hekayəsindən yola çıxaraq yazmışdır. Martin İdenin başından keçənləri Londonun bioqrafisi ilə müqayisə edən hər oxucu bu nəticəyə asanlıqla gələ bilər. Ancaq bənzərlik sizi yanıltmasın; Hamsun da, London da çətinliklərlə dolu yaşamını ədəbiyyata köçürərkən həyatım roman cılızlığına qapılmamış, roman həqiqəti ilə xarici həqiqət arasındakı sərhəd xəttini çəkməsini bilmişdir.

Aclıqda, yazarın gənclik illərində yazar olmaq üçün verdiyi mübarizə təsiredici bir üslubla izah edilməkdədir. Roman, aclığı ən qorxunc dərəcədə yaşayan bir yazarın hekayəsidir. Aclıq qəhrəmanın fiziki və ruhi vəziyyətinə dərindən təsir edər. Knut Hamsun, bu halı “Aclıq” adlı əsərində ustalıqla izah etməkdədir.

Andreasın rahat günlərinin üzərindən az bir zaman keçmişdir. Yenə pulu bitmişdir. Aclıq dözülməz hal almışdır. Küçələrdə soyuq və aclığın təsiriylə zehini bulanmağa başlayır. Xəyallar görür. Andreas, qürurundan heç bir köməyi qəbul etmir.

Qürurunu bir kənara buraxıb dilənməyə cəhd edər; lakin bir şey əldə edə bilməz. Aclıqdan taqəti qalmamışdır. Girovları gedib pencəyinin dörd düyməsini verməyə çalışır. Adam bunu da qəbul etmir.

Sonunda bir gəmidə nə iş olsa, edəcəyini söyləyərək iş tapır və şəhərdən ayrılır. Martin İden isə yeni şəhərlərdə, yeni həyəcanları təcrübədən keçirmək istəmir. O, hər yüksəlişi daddığını düşünür. Həyat gözündə adiləşir. Tangen isə hələ zəfəri dadmayıb. Həyatdan gözləntilərini də çiyninə alıb şəhəri tərk edir.

Martin Tangendən iradəsiz idimi? Yox, deyildi. Freyd deyirdi ki, "İnstinkt məğlubedilməzdir", lakin Martin şüuru vasitəsilə şərtsiz refleksi belə ram etməyi bacarmışdı. Hərçənd  bir şəxs kimi Martinin  davranışını təqdirəlayiq hesab etmək düzgün olmazdı. İradəsini özünü məhv etməyə yox, yaşamaq uğrunda mübarizəyə həsr etmək  idi, ən gözəl çıxış yolu . Martin  ən asan  yolu  seçdi". Tangen isə hələ ki, həyatla mübarizəni...

Beləliklə, dəniz birinin sonu digərinin qurtuluşu oldu.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!