Məti Osmanoğlunun təqdimatında - "Söz" yaradıcılıq birliyi təqdim edir

Məti Osmanoğlu: "Yaradıcı tələbələrlə ünsiyyət, onların bəzən hamıdan gizli saxladıqları, bəzən də bütün dünyaya car çəkmək istədikləri yaradıcılıq sirləri ilə tanış olmaq, onlarla bədii sözün incəlikləri haqqında fikir mübadiləsi aparmaq mənim üçün son dərəcə maraqlıdır. Düzü, bu işdən zövq alıram və düşünürəm ki, ədəbiyyatımızın gələcəyini ya onlar - bugünkü tələbələr müəyyənləşdirəcəklər, ya da heç kim!.. Şeirlərindən seçdiyim nümunələri "Ədəbiyyat qəzeti"nin oxucularının mühakiməsinə təqdim etdiyim bu gənclər Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alırlar. Dərs dediyim auditoriyalarda yaxından tanıdığım tələbələrimin bədii sözə könül verən və dönüklük eləməyən, sözü sevən və sevdirən ədəbiyyat adamları olacaqlarına çox inanıram".

 

Aqil Bəkirli

Tənha ulduz

Nə günlərim qaldı səndə,

Necə günlərim...

İlişib qalmışam həmin günlərdə.

Yeri yox idi yanımızda qəmin, kədərin,

Səndən sonra yoldaşımdır

Qəm də, kədər də...

Necə günlər idi sənli günlərim!

O günlərdə özüm qalmışam.

Səndən sonra yanımda

Bir xatirələrin qalıb,

Bir özüm qalmışam...

 

Təkliyi sevərdim, bəzən

Öz-özümlə tək olardım.

Özümü aparmısan indi -

Tək qalmağa "mən" də yox,

Təklikdən tənhalığa necə gəldiyimi

Görən də yox, bilən də yox...

Duman bürüyüb ətrafı,

Görünmür heç nə.

Dumanlaşmış yaddaşımdan

Nə olar, keçmə, keçmə...

Unudum səni,

Gülüşünü, qoxunu da.

Yatanda görməyim

Sən olan yuxunu da!..

 

Daha qorxmuram sənsizlikdən -

Çünki artıq sənsizləşmişəm.

İçimdə çağlayır fırtınalar, tufanlar -

Mən isə sakit-sakit səssizləmişəm...

 

Bir-bir düşür ulduzlar

Yerdən göyə,

Yumulur gözlərim ağır-ağır.

Ehh, demək, belə ölürmüş yalqızlar,

Belə aciz, belə fağır...

Əliqulu Bədirli

***

Ala səni bu şəhərdən bir külək

Suya həsrət dodaq kimi istəyə.

Hamı səni böyük kimi düşünə,

Hamı səni uşaq kimi istəyə.

 

Bir qız ola kədərinə ağlayan,

Səni sevən, ürəyində saxlayan,

Ümidini son yağışa bağlayan

Səhra kimi, quraq kimi istəyə.

 

Namə yaza aradabir Əzrail:

Nə var, nə yox, gəlim, yoxsa?.. və sair.

Ürəyini açmaq üçün bir şair,

Gəzə səni, varaq kimi istəyə.

 

Ümidləri qırmayan bir gələcək,

İnsanlığın yaşadığı bir ürək,

Sinən üstə bitmək üçün bir çiçək

Səni sulu torpaq kimi istəyə.

 

Bir ana ki, qəmdən qaşı çatılan,

Sənin üçün oda, suya atılan,

Nura həsrət iki gözü tutulan -

Oğlum deyə, çıraq kimi istəyə.

 

Nə suç ola, nə cəhənnəm, nə cənnət,

Nə din ola, nə bölgü, nə təriqət.

Bircə ola Allah adlı həqiqət,

Ölüm səni qonaq kimi istəyə.

 

Hamı səni böyük kimi düşünə,

Hamı səni uşaq kimi istəyə.

Aynur Mustafa

Keçmişin məhvi

Qapımızın üstündə yuva quran

Qaranquşlara bənzəyirsən.

Onlar da sənin kimi

Sevdirərlər özlərini,

Sevərəm..

Sonra qış gələr,

Vidalaşmadan saymazyana

Uçub gedərlər..

Hər gün

Eşitməyə öyrəşdiyin səs

Bir gecədə yox olar..

Sanki gedişləri ilə

Ürəyinin içini qopararlar..

Nə musiqi,

Nə şeir,

Nə də ki, kitab

fikirlərini toplayar..

Qəribsəyərsən evində..

İçdiyin su,

Gəzdiyin yer,

Oturduğun stol,

Əlindəki telefon...

hər şey...

Sevdiyin hər şey sənə qərib olar...

Boğularsan dörd divarın arasında...

Bəzən də darıxarsan...

Etməli olduğun çox şey olduğu halda,

Heç nə edə bilmədiklərin üçün...

Göz yaşlarınla solmuş çiçəyi

Həyata qaytararsan...

Sonra televizorun

qara ekranından solduğunu görərsən...

İçində hayqıran qoca bir ürəklə

Qaçarsan aynanın qarşısına...

Ruhun cismindən qorxar,

Cismin ruhundan...

Söyərsən keçmişi,

Söyərsən uçub gedənləri,

Söyərsən özünü də...

Saralmış albomu qırışmış əllərinə alıb,

bulud gözlərinlə

            yağışdan keçirərsən şəkilləri...

suallar verərsən özünə

Cavabsız suallar...

Səninlə birlikdə qocalmış fincanınla

Çay içərək ağır-ağır düşünərsən...

"Həyat dedikləri budurmu?".

Şəlalə Nuriyeva

Hər günüm sənə boylanır

Qarışıb xaraba şəhər,

Hərə öz aləmindədir.

Dərdli gizli otağında,

sevincli dünyadan uzaq,

Şair söz aləmindədir.

Məni məndən alan,

möcüzə dolmuş hər günümü

səndən uzaq tuturam.

Fayda yox

Hara üz tutsam,

Hər günüm sənə boylanır.

 

Özbaşına hadisələr,

Burda nə yaman qol açır?

İlahi, fikri çəkdikcə ağlıma,

Fikrə dəqiqələr geniş yol açır...

Çoxalır gah suallar,

Yox olur gah suallar,

Yuxum da gah qoyub qaçır

Məni gecəylə baş-başa...

Özümə bir günüm qalır,

O da ki,

Sənə boylanır.

 

Saatın hər gedişində,

günəşin hər gəlişində,

İlin gizli fəsilində...

Bir ağacın kölgəsində,

bir aşiqin ölkəsində.

Ya bir evin ortasında,

ya küçənin lap sonunda,

Hər günüm sənə boylanır..

Gülümsəyən

o çiçəyin, ətri həmin ətir deyil..

Yenə şeir yazdım, amma...

Sətir həmin sətir deyil.

İndi tamam başqa məna...

İndi girib başqa dona.

Çalışma gözdən itməyə

Hər günüm sənə boylanır.

 

Xəbərsiz kimi adlamaq istərəm

Hərdən bir sevginin qiyamətini.

Hərdən bir qürura ağız açıram..

 Yalvarıram, düz saxla qamətini.

Gücüm yoxdu...

birdəfəlik götürüb qamətimi də

Hər günüm sənə boylanır.

 

Düşünürəm, bəlkə də, dünya dardı,

Bəlkə də, tükənib qaçmağa yerim

Bəlkə, ölsəm də dəyişməz həyatım.

Ordan da bu dünyaya boylanacam...

Nə qədər bu dünyadayam,

Nə qədər ki, bu dünya var,

Gecə-gündüz bil, ey adam,

Hər günüm sənə boylanır...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!