Müdrik ömrün ovqat icmalı... - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Bu kitabı mənə dostum, çağdaş nəsrimizin dəyərli nümayəndəsi Əlabbas göndərmişdi. Üz qabığında "Mənim mənalı dünyam. Ovqat ayələri" adını oxuyanda öncə düşündüm ki, bu da növbəti memuar-xatirə janrında yazılmış bir əsərdir.

Kitab bir neçə janrı - lirik gündəliyi, fəlsəfi traktatın fraqmentlərini və aforistikanı özündə birləşdirir - bu, millət, vətən sevdalısı ağsaqqal söz adamı Əli Vəlioğlunun "fikir bioqrafiya"sıdı. Düzdür, müəllif öz yazılarını təvazökarlıqla "beynin icmalı" adlandırır. Bunu müəllifin özü də etiraf edir: "Mən hər gün beynimin icmalını tuturam". Əli Vəlioğlunun deyim təcrübəsi yaşanılan hər günün dəyərini bilməkdən, ömrü bir bütövlük kimi qavramaq tələbatından gəlir. Fərqli mövzularda, fərqli zaman kəsimlərində yazıya alınmış, cilalanmış, nömrələnmiş bu "fikir kvantları" bütöv mətn təsiri bağışlayır.

Bəzən müəllif bu və ya digər fikrin doğulma zamanını da xronoloji ardıcıllıqla və dəqiqliklə qeydə alır, yəni onların varlığını "aktlaşdırır". "Beyin icmalı"nı yazıya alma üslubunu usta isə rəngsazın işinə bənzədir: "Üzü yuxarı uzanıb fikirlərimi dəftərə yazıram. Elə bil evin tavanına bəzək vururam".

Aforistik düşüncəyə, lakonik yazı üslubuna, sərrast ümumiləşdirmə bacarığına sadəcə öyrənməklə, oxumaqla qətiyyən yiyələnmək olmaz - birincisi, gözlənilməzlik elementi, ikincisi, həyat təcrübəsinin ümumiləşdirilməsi olmalıdır.

Əli Vəlioğlu fitrətən bu təcrübənin və istedadın daşıyıcısıdı.

Romanın dəbdə olan bir vaxtında, Əli müəllimin bu janra ("aforizm", "deyim", "qanadlı ifadələr" və s.) sədaqəti doğrudan da hörmətə layiqdir. Hər gün "şüuraltı axın"ın - fikir xaosunun nizama salınması, yazıya alınması məsuliyyətli və ağır bir işdir, müəllifdən həmişə ciddi intizam tələb edir. "Beynim fikirləşir, ağrısı ürəyimə düşür".

Yeri gəlmişkən, filologiyamızda aforistikanın janrlar sistemində yeri hələ də tam və layiqincə müəyyən edilməyib. Əlbəttə, kiçik resenziya xarakterli bir yazıda aforizmlərin modellərini, qapalı struktura malik olması, iki antitezi özündə birləşdirməsi və s. bu kimi məsələlərin izahı mümkün deyil.

Adətən biz klassiklərin (Nizami Gəncəvi, Səməd Vurğun...) yaradıcılığından poetik ümumiləşdirmələri, qanadlı ibarələri seçməklə işimizi bitmiş hesab etmişik. Janrın nəzəri problemləri isə həllini gözləyir.

Deyimlərin, aforizmlərin sırasında seirə çevrilə bilməyən elə poetik detallar, təbiət müşahidələri də yer alır ki, bunu ancaq şair ürəyi duya bilərdi. Sübut üçün bir neçə örnək gətirmək istərdim:

"Ağacın sərin kölgəsinə yığışmışıq. Yandırıcı isti də başını bu sərinliyə soxub".

"Sinifdə pıçıltı var, yoxsa xəzan buraya köçüb";

"Fənərin işığını gözümə salıb özünü məndən gizlətdi";

"Qaranlıq günəşi yatırmamış gəlmir".

Deyimlərin aforistikliyi göstərir ki, Əli Vəlioğlu dilimizin resurslarından şair kimi yararlanır. Deyimlərin təhkiyə tempi, lirizmi və strukturu onun düşüncə manerasını müəyyənləşdirməyə, belə demək mümkünsə, düşüncə "nəbzini" tutmağa imkan verir. Əli Vəlioğlu aforizmləri ilə nəyisə isbat etməyə, dəlil-sübutlar gətirməyə çalışmır: Məsələn: "Bütün qorxular qaranlıqla oyanır".

Aforistik deyimlərdə fikir doğrudan da "oynayır", nitqin imkanları aydın təqdim olunur. Bir də ki, aforizm, sadəcə, yalnız söz oyunu deyil, təzadlı anlamların metafora vasitəsilə bir-birilə uzlaşmasıdır. Müdrik insanın "Fikir icmalında" bir çox anlayışlar (yol, ölüm, həyat...) metaforik məna qazanır:

"Tabut-ölüm adlı atın yəhəri";

"Küsmək - qəzəbin qənaət üsulu".

Onun deyim üslubuna sakit ekspressivlik və lirik emosionallıq xasdır. Aforizmlər, sanki sinəsində qafiyələrin, rədiflərin "dincə qoyulduğu" vaxtda, idrakla ürəyin sınırında zühur edir. Günün ovqat havası ilə, düşüncənin əxlaqı ilə süslənmiş aforizmlər hardansa, "yuxarıdan" nazil olur. Bəlkə ona görə də Əli Vəlioğlu bu deyimləri "ovqat ayələri" adlandırır? Bu deyimlər həm də yaşamının ayrılmaz tərkib hissəsidir. Özünün də dediyi kimi: "Mən hava ilə, beynim fikirlərlə yaşayır".

Bu maraqlı və ibrətli deyimlərin, müdrik ifadələrin özəlliyi ondadır ki, fikrin gözəlliyi oxucuya təsir edir, adamın içinə bir ömrün havasını doldurur.

Ə.Vəlioğlunun elə deyimləri var ki, cövhərində mifoloji düşüncənin obrazını yaşadır. Məsələn: "Güzgü də ayaqqabısını tərsə geymiş balaca uşaq kimi, sağımızla solumuzu tərsə salıb". Güzgünün funksiyası və uşağın ayaqqabını tərs geyməsi motivini bir məna çevrəsində verməsi uğurlu müşahidədir.

Şair uşaq həssaslığı və mifik "gözü" ilə hər təbiət hadisəsində, hər məişət detalında bir duyğusal-assoriativ məntiq axtarır:

"Stol həmişə ağırlığını gödək qıçına salır".

"Külək qapını döyəndə elə bilirəm, atam əsasını qapıya söykəyir".

"Şimşək buludları ağlayana qədər çubuqladı".

"Qatırı söyüdə bağlamışdılar. Onlar sonsuzluqdan doyunca dərdləşdilər".

Bir başqası olsaydı, bəlkə də, sonuncu örnəkdən bir şeir düzüb qoşmuşdu, amma Əli Vəlioğlu bir lakonik deyimə bir dünyalıq mənanı yerləşdirir. Hələ 100 il bundan öncə rus yazıçısı M.Prişvin deyirdi: "Uçan durnaların nadir səsi kimi, bizə qısa, güclü sözlər lazımdır". Əslində, Ə.Vəlioğlunun yazı üslubu bu tövsiyənin gerçəkləşməsidir.

Ömrünün ixtiyar, müdriklik çağını yaşayan, hər günün "beynində icmalını" aparan, muncuq-muncuq dəftərə düzən qocaman şair bilir ki, onu qabaqda qara məchulluq, uzaqda "axırıncı aşırım" gözləyir. Bir şeyi artıq bilsə də ("Başdaşıma yazılacaq illərdən birini indidən bilirəm - 1940"), amma bir həqiqəti də yaxşı anlayır: "Həyatda sonuncu sözümün nə olduğunu bilsəydim, bağladığım kitablarımın adına indidən o sözü verərdim".

Bütün söz adamları kimi, Əli Vəlioğlunu da yaşadan da bu İlahi sirdir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!