...Bizə doğma olan Faiq - Sabir Rüstəmxanlı yazır

Faiq Balabəyli ədəbiyyatımızın orta nəslini təmsil edən istedadlı qələm sahiblərindən biridir. Yaradıcılığa şeirlə başlayıb və mətbuatda ilk addımlarından diqqəti cəlb eləyib.

Faiqin şeirlərində günümüzü qaraldan, nəfəsimizi daraldan müharibə faciəsini, torpaq itkisinin ağrılarını göstərən və onun fəal şair-vətəndaş mövqeyini müəyyənləşdirən nümunələr çoxdur.

Faiqin şeirləri bir daha təsdiq edir ki, Vətənin dar günündə ondan üz döndərmək yox, ona daha böyük sevgiylə sarılmaq lazımdır:

Mən sənsiz belə darıxdım -

əllərimi otlarına sürtdüm,

gözümü meşələrinə dikdim,

kürəyimi ağaclarına söykədim,

ürəyimi Araz nəhrinə çevirdim -

sənə gələn ağıları, ağrıları

içimdən keçirdim...

 

Mən səni belə istədim -

yarpaqlar küləksiz əsmədiyi kimi,

yağışlar kəsmədiyi kimi,

boz duman çöllərə sərilib

ondan küsmədiyi kimi...

Mən səni belə sevdim,

Mən səni belə oxşadım,

Mən sənsiz belə darıxdım,

Mən sənlə belə yaşadım,

Vətən!

Faiq Balabəyli ixtisasca dənizçidir. Gənc yaşlarından gəmi kapitanı olub. Hansı daha artıq təsir edir şairliyi - gəmi kapitanlığına, yoxsa dənizçiliyi şairliyinə. Demək çətindir. Amma onun poetik nəfəsində dənizin təmiz havasına bənzər bir təravət və saflıq, dəniz narahatçılığı var.

Bağışla suları duzlu dənizə,

dalğın ləpələrə bağışla məni.

Yalçın qayalara həsədlə baxan,

soyuq sahillərə bağışla məni.

 

Dənizin üzünə qız saçlarıtək

dağılan yosuna bağışla məni

səni gözlərimdən iraq qoymayan

uzağa, yaxına bağışla məni...

O, dəniz sevgisini ailəsinə, körpələrin adlarına daşıyıb. "Dənizimə" şeirində oxuyuruq:

Xəzərin qoynunda gəldin dünyaya,

Xəzərtək şəffafım, dərinim mənim!

Yeni həyatımın başlanğıcısan

çiçəyim, göyçəyim, şirinim mənim!

 

Dünyanın suları, okeanları

sənin gəlişinlə gözümdən düşüb.

Sel olub sellənib mavi Xəzərim,

ləpələr sevinib, sular gülüşüb.

Allah bizə Xəzər kimi bir sərvət, xoşbəxtlik qismət eləsə də, Xəzər haqqında dəyərli əsərlərimiz elə də çox deyil. Xəzəri hələ ədəbiyyatımıza gətirə bilməmişik. Dəniz gəmi kapitanından səxavətini əsirgəməyib və bir çox sevgi şeirinə, insan münasibətləri haqqında yazılarına kolorit gətirib:

Məni saxlamağa çalışma, bala,

zənciri qırılan lövbər kimisən...

Asıbsan özünü dor ağacından,

küləksiz yellənən yelkən kimi, sən.

Dənizçiliyinin möhkəmləndirdiyi xarakterin bir cəhəti də bütün ekstremal vəziyyətlərə hazır olmaqdır. Ən çətin anlarında, həbsə düşəndə, yaxud ağır əməliyyat keçirəndə mən onun sarsıldığını, ruhdan düşdüyünü, ümidsizliyini görməmişəm. Dost görüşündə, şeir məclisində, hətta mürəkkəb siyasi müzakirələrdə həmişə üzügülərdir. İradəli, dözümlü, çətinliyə boyun əyməyən, dostcanlı, dara düşənin köməyinə çatmaq istəyən, ədəbi mühitdə demək olar hamını tanıyan və hamıyla münasibət qurmağı bacaran Faiqin səmimiyyəti və gücü mənə görə, onun həyat eşqiylə bağlıdır. Bu eşq, bu sevgi olmasa, şair olmaq mümkün deyil.

Faiq Balabəylinin şair tərcümeyi-halı müstəqil Azərbaycanın tərcümeyi-halıyla üst-üstə düşür və dövlətin yaşadığı bütün xoş günlərin və sarsıntıların mürəkkəb mənzərəsi Faiqin də şeirlərində əks olunmuşdur. O, ömrü boyu ictimai-siyasi hadisələrin gur burulğanında olmuşdur və şeirlərində xalqın yaşantılarını əks etdirməyə çalışmışdır. Bu mənada onun yaradıcılığı, ilk növbədə, vətənimizin və xalqımızın yaşadığı problemlərə həssas münasibətləri və vətəndaşlıq pafosuyla seçilir. Bu mövzu onun, demək olar ki, bütün kitablarından keçən əsas fəndlərdən biridir.

Oxuculara təqdim etdiyi növbəti "Yağışdan sonra" kitabında da Faiq Balabəyli öz prinsiplərinə sadiq qalaraq cəmiyyəti narahat edən mövzuları qələmə alır, həmin mövzuların ürəyində doğurduğu duyğuların poetik şəklini çəkməyə çalışır:

İndi kəndimizdə

kəpənək qovduğumuz

                        vaxtlarımız olmadığı kimi

çay kənarında,

otlaqlarda uçuşan

rəngbərəng kəpənəklər də qalmayıb...

Əriyib insanların üzünün təbəssümü,

yerində qapqara kədər qalıb.

Sonuncu lələyini tökən quşlar

yuva qurmurlar;

sərgərdan ruhlar kimi

gün keçirir,

evlərin damında

kirəmidlərin arasında

gecələyirlər.

Yaddaşlarında

ötənlərin isti yuvaları qalıb...

Xumarlanır xatirələr...

Mən də əriyib yox oluram

bu tənhalığın sırasında...

Nə quran ayələri oxunur,

nə də hədis danışılır...

Yalançı mollaların xatirələrində

söyüd kölgəliyində

araq vurduqları anlar

daha çox qalıb, əzizim.

Ölməkdən elə qorxuram...

Amma yaşamaq da istəmirəm.

Ömrü bir ovuc dən kimi səpdim çöllərə,

verdim yelə...

 

İndi yadıma düşür

həyətimizdəki

göyəm ağaclarının meyvələri;

Günümüzün

göy əsgiyə büküləcəyi

günlər qabaqda imiş!..

Əslində, Faiqi mənə doğmalaşdıran və onu partiyaya dəvət etməyimizə səbəblərdən ən əsası elə onun şeirlərinin vətəndaşlıq ruhudur.

Oxuculara təqdim olunan yeni kitabı da bu baxımdan Faiqin özünə, öz mövzularına sadiq qaldığını göstərir.

Burada toplanan şeirlərdə əvvəlki kitablarda olduğu kimi, uşaqlıq xatirələri, kənd, qəlbən sevdiyi insanların poetik portretləri geniş yer tutur. Həmin şeirlər səmimiyyəti və bugünkü reallıqları göstərə bilməsi ilə yadda qalır. Doğma kəndlərinə həsr etdiyi şerin kədəri bu gün kənddən çıxanların ümumi kədəridir:

Bizim tərəflərin yay axşamları

Dəmirçi körüyü - bürkülü olur.

Dərələr gecəni çəkir üstünə,

Sanki ulduzlar da mürgülü olur.

 

Bəzən də qurumuş çay yatağının

Qəmgin məzarından sovrulur ayaz.

Başqa cür görünür çöl-düz, hər tərəf -

Təpələr göydələn, göy üzü - dayaz.

Muğanın yay axşamlarının təsirli mənzərəsidir.

Cavanların böyük şəhərlərə və xarici ölkələrə üz tutması və kəndlərimizin boşalması "Elə bil, bu kəndin yiyəsi yoxdu" şeirində də dəqiq obrazlarla və səmimiyyətlə təsvir olunub:

Mən görən o kənddən heç nə qalmayıb,

İndi hər tərəfdən qüssə, qəm yağır.

Adamlar tövşüyür, qaçır, dayanmır,

Geriyə boylanmır... çağır, ha çağır...

 

Uzaqdan qaralır biçənək yeri,

Yuvası boşalıb torağayların.

Qara tikanlarla çəpərlənibdi

Yalın ayağımın açdığı cığır.

Bu mənzərənin əksi şairin ürəyinə də köçüb:

Elə, düz görmüsən,

sən gördüyündü.

Elə, körpəlikdən qəm içindəyəm -

anamın laylası gözü yaşlıydı,

görmürsən, büsbütün nəm içindəyəm?

Həbsxana həyatı Faiq Balabəyliyə "Bayıldan bayıra" adlı gözəl bir nəsr kitabı yazdırdı. Dustaqlıq həyatının təsəllisi kimi. O kitab haqda yazmaq istəyim ürəyimdə qaldı. Vaxt sıxıntısı imkan vermədi. Daha doğrusu, kitabın təqdimatında danışdım, ürəyim boşaldı: bundan sonra yazmaq çətin olur. Azadlıqdan məhrum edildiyi günlərin acısı şeirlərinə də qatılıb. Bu baxımdan "Məhkum güllər" şeiri ayrıca qeyd olunmalıdır:

Bayıl türməsinin həyətini

azadlığın könül oxşayan havasından

qoruyan

soyuq və qalın divar boyunca

əkilən qızılgüllər

qızıl qana boyanmışdı, sanki,

ləçəkləri qıpqırmızı,

yarpaqları isə yamyaşıl idi.

Azadlıq havasına köklənmişdi bu güllər...

...Bir dəfə,

anasının əllərindən tutaraq,

oğlum və körpə qızım

görüşə gəlmişdilər.

Bax onda gözlərimlə yox, əllərimlə

dərdiyim gülləri barmaqlıqların

o tayında olan qızıma verdim.

- Al, qoxla, səninçün

                      elə indicə dərdim, - dedim.

- Bunların heç ətri yoxdur ki,

            özləri də solublar, - dedi qızım.

Demək ki, barmaqlığın o tayındakı

azadlıq havasından boğulmuşdu,

solmuşdu o güllər,

yox olmuşdu ətirləri...

O güllər qalın divarların, tikanlı məftillərin

arasında doğulmuşdular...

Məhkum güllər idi o güllər...

Kitabda bəyənmədiyim şeirlər də var. Onlar haqqında söhbətimiz qalsın kitab çıxandan sonraya... Faiq Balabəyli şeirlərindən birində "Həminki adamam, dəyişməmişəm" - deyir. Qoy o, insan kimi gözəl xüsusiyyətlərini həmişə qorusun, dəyişilməsin, lakin ədəbi yaradıcılıgı daim yeniləşsin, zənginləşsin, böyüsün və bizi sevindirsin.

20.10.2018

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!