Azər TURAN
Maqsud Şeyxzadə ilə bağlı elmi konfransa dəvət olunanda Xəlil Rza Ulutürkün adı yaddaşımdan yaşıl işıq zolağı kimi keçdi. 1982-ci ilin oktyabrını xatırladım. O zaman tələbəydim. Xəlil Rzanın pəncərələri indiki Təbriz Xəlilbəyli küçəsinə açılan evində "Maqsud Şeyxzadənin bədii yaradıcılığı" kitabı barədə danışırdıq. Ayrılanda Xəlil bəy səhifələrini qara qələmlə dönə-dönə təshih etdiyi monoqrafiyasının bir nüsxəsini avroqrafla mənə bağışladı.
Konfransdan əvvəl baxdığımız "İki xalqın iftixarı" adlı sənədli filmdə diqqətimi 20 sentyabr tarixi cəlb etdi. Şeyxzadəni 1952-ci ilin 20 sentyabrında həbs ediblərmiş.
Hafizəmdə başqa bir 20 sentyabr qımıldandı. 1985-ci ilin 20 sentyabrında Xəlil Rza Ulutürk "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edirdi. O zaman Xəlil Rzanın müdafiəsində iştirak etmək üçün özbək alimləri Ləziz Qəyyumov, Xəlil bəyin təbiriycə, "üzündən nur yağan" Səlahəddin Mamacanov, Bəxtiyar Nəzərov, folklorşünas Məmmədtahir Səidov da Bakıya gəlmişdilər. Özəlliklə, Ləziz Qəyyumovun Xəlil Rzanın doktorluq işinin müdafiəsinə qatılması, Xəlil bəyin opponenti olması sıradan bir hadisə deyildi. Çünki səksəninci illərdə Ləziz Qəyyumov özbək ədəbiyyatşünaslığının ən nüfuzlu simalarından biri sayılırdı, SSRİ Ali Sovetinin deputatıydı, ölkənin əsas qəzetinin - "Sovet Özbəkistanı"nın baş redaktoru idi. Yadıma gəlir, Ləziz Qəyyumov dissertasiya işinin müdafiəsində və müdafiədən sonra Türkandakı bağ evində keçiriləcək ziyafətdə köhnə dostu Pənah Xəlilovun da iştirakını təmin etməyi Xəlil bəydən ayrıca xahiş etmişdi.
İndi iştirakçısı olduğumuz konfransda çıxış edənlərdən kimsə deyəndə ki, ortaq ədəbi türkcənin yaranması mümkün deyil, yadıma Xəlil bəyin müdafiəsinə qatılmış (o vaxt gənc bir alim, indi isə görkəmli akademik olan) Bəxtiyar Nəzərovun ötən ay Daşkənddə mənim özümün də iştirak etdiyim konfransda dediyi bir fikir düşdü: "Cavid bütün türklərin anlaya biləcəyi türk esperantosunu yaratmışdır". Məsələ Cavidə qalsaydı nə vardı ki… Ortaq ədəbi türkcəni yaratmağı Cavid mislində olan sənətkarlar, əlbəttə, bacarardılar. İsmayıl bəy Qaspıralıdan Hüseyn Cavidə qədər onların bunu etməməsi üçün təkcə məmləkətin deyil, ədəbiyyatımızın da başı üzərindən əvvəlcə İlminski fırtınası əsdi, sonra 1937-ci il baş verdi. Amma hələ 1937-ci ilə qədər, 1920-ci ildə Bakıda keçirilən Şərq xalqlarının birinci qurultayında buna gizli hazırlıq da getmişdi. Zəki Vəlidi Toğan "Xatirələr"ində siyasi məsələnin bu aspektini ətraflı işıqlandırıb: "Kominternin iclasından dərhal sonra müsəlman ölkələrdə çalışacaq qeyri-türk kommunistlərə türk məmləkətlərində nə qədər ki, imla sabit deyil, türk ləhcələri arasında fərqliliyi qabartmaq… barədə məxfi təlimatlar ötürülür. Çünki bu yolla həm türk aydınlarını parçalamaq, həm də onları tezliklə zərərsizləşdirmək mümkün olacaqdı".
Konfransdakı çıxışında professor Kamran Əliyev Hüseyn Cavidin və Maqsud Şeyxzadənin oxşar ədəbi səciyyələrini izah edərkən onların rüşdiyyə məktəblərində təhsil almasına diqqəti çəkdi, Cavidi "Azərbaycanın Şekspiri" adlandırdıqları kimi, Şeyxzadəni də "Özbəkistanın Şekspiri" adlandırırlar, - dedi. Kimin necə adlandırmasından asılı olmayaraq, Şeyxzadə Özbəkistanın Şekspiri heç deyil. Digər tərəfdən, Şeyxzadə heç vaxt Cavid cizgisində sabit olmayıb. Hətta "pantürkizmin ayrı-ayrı naxışlarına, cizgilərinə" (X.Rza) rast gəldiyimiz ilk qələm təcrübələri istisna olunarsa, yaxud yaradıcılığının Cavid cazibəsində qaldığı ilk mərhələsində Namik Kamalın, Ziya Gökalpın təsiri ilə yazdığı şeirlər istisna olunarsa, əsasən, Özbəkistana köçəndən, "azərbaycanlı mənəviyyatını itirmədən özbəkləşəndən" (X.Rza) sonra məfkurəvi baxımdan Şeyxzadəni Cavidlə yaxınlaşdıran heç bir ciddi bağ qalmamışdı. Doğrudur, 1980-ci ildə Xəlil Rzanın dediyi kimi, Şeyxzadə "milli şüur enerjisinə, bədii təfəkkür qüdrətinə malik olan Caviddən nəsə əxz" etsə də, "bədii biçim, ruh və məzmun etibarilə Süleyman Rüstəm, Mikayıl Müşfiq, Səməd Vurğun kimi şairlərə" daha yaxın idi. Dünənə qədər Dağıstanın türkləşdirilməsi uğrunda mücadilə aparan Şeyxzadə Özbəkistanda artıq sovet ideolojisinin sifarişi ilə, tutaq ki, bu gün onun Şekspirlə qiyaslandırılmasına "əsas" verən "Cəlaləddin Mənquberdi" pyesini yazmışdı. Amma həssas məqam ondan ibarətdir ki, "Cəlaləddin Mənquberdi" milli ruhu ehtizaza gətirməkdən daha çox, xalqı yadelli qəsbkarlara, o halda isə faşizmə qarşı mübarizəyə ruhlandırırdı və "Cəlaləddin Mənquberdi" faciəsi Özbəkistan Kommunist Partiyasının birinci katibi Osman Yusifin "təşəbbüsü və sifarişi ilə" Vadil kurort şəhərində "xüsusi yaradıcılıq şəraitində partiya qayğısı ilə əhatə olunmuş" Maqsud Şeyxzadə tərəfindən qələmə alınırdı.
Cavid tarixə ümumturan rakursundan baxdığı halda, Şeyxzadə tarixə Turan konsepsiyasını özbək qövsü ilə əvəzləyərək baxırdı. Bu mənada Şeyxzadəni Cavidlə deyil, ideoloji müstəvidə daha çox Səməd Vurğunla qiyaslandırmaq olur. Otuzuncu illərdə Hüseyn Cavidin süqutundan sonra Turan idealı ayrı-ayrılıqda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan idealı ilə əvəzlənir. Daha "şeirimizin baş qəhrəmanı" Turandan deyil, Azərbaycanın, Özbəkistanın... içindən gəlir, Səməd Vurğun milli Vaqifin obrazını yaratdığı kimi, elə həmin illərdə də Şeyxzadə milli Xarəzmşah Cəlaləddinin obrazını yaradır. Yaxud "Uluqbəy"in turanlı səciyyəsi deyil, özbək səciyyəsi qabardılır. Əslində, Xəlil Rza Ulutürkün də dediyi kimi, o baş verirdi ki, türk xalqlarının hərəsinin fərdi cəhətlərini şişirdib göylərə qaldırırdılar ki, ortaq mədəniyyət və ortaq dəyərlər anlayışı tənəzzülə uğrasın. Elan edilirdi ki, Azərbaycan xalqı, sən qəhrəmansan! Özbək xalqı, sən igidsən! Türkmən xalqı, sən bahadırsan! ""Qisseyi-Yusif" yaradıcısı Əli yalnız tatar sərvəti elan olunurdu ki, Azərbaycan türkləri bu qaynağa əl atanda tatar ilə toqquşsun və qardaş türk ulusları arasında ixtilaf qızışsın". Bolşeviklərin Türküstan siyasəti, yəni 1924-cü ildən sonra vahid Türküstanın müxtəlif cümhuriyyətlərə bölünməsi də "Parçala, hökm sür!" təlimini gerçəkləşdirmək üçün tətbiq olunurdu. Vahid və ortaq türk dilinin ləhcə fərqlərinə nəzərən "xalqlaşdırılması" da, yuxarıda yazdığım kimi, bu səbəblə bağlıydı.
Maqsud Şeyxzadə nəinki ortaq ədəbi dilin, eləcə də ortaq mədəniyyət anlayışının iflasa uğradığı mərhələnin, özbəkcələşən, azərbaycancalaşan... türkcənin şairidir və onun istər estetik, istər ədəbi, istərsə də məfkurəvi baxımdan Hüseyn Cavidlə qiyaslandırılması, Hüseyn Cavid əyarına salınması "səma şairimizin" üfüqlərini daraldır, Cavid romantizminin vüsətini azaldır.
21 dekabr 2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!