"Unudulmaz görüş" - Səməd Vurğunun Stalinlə görüşdən sonra təəssüratları

Stalinlə görüşündə Səməd Vurğunun 29 yaşı var idi. “Ellər atası” toplusunda çap olunmuş məqalədən bir parça

Yanvarın soyuq gecələrindən biri idi. Bakının sərt küləyi pəncərələri döyür, sanki bizə yatmayın deyirdi. Evimizdəkilər şirin yuxuya getmişdi. Yalnız mən gözümü yummamışdım. Keçirdiyim dərin həyəcanlar, gözlərimin yuxusunu aparmışdı. Gecədən xeyli keçmişdi. Sabah biz yola düşməliydik. Bu səfər adi və hər vaxt ələ düşən səfərlərdən deyil. Moskva… Kreml… Stalin!

İnsan həyatında elə dəmlər olur ki, ürək öz dediyindən başqa heç kəsə qulaq asmır. Nə şüur, nə də iradə onu öz hakimiyyəti altına ala bilmir. Niyə də alsın? Ürək də onların bir parçası deyilmi? 

…Demək sabah yola düşürük. Bəs nəylə? Hanı mənim hədiyyəm? Şairin hədiyyəsi nə ola bilər? Şeir!

Bəlkə məni yatmağa qoymayan ilhamdır! Şübhəsiz, odur!

Bu dəmdə evimizin sükutunu zəif, qulaqlarıma tanış olmayan bir səs pozur. O səsi evimiz ilk dəfə eşidir. O nə qədər mehriban və doğmadır. O səs evimizin eşitdiyi ilk uşaq səsidir. Hələ üç gün əvvəl onu mən eşitməmişdim. Səadət səadət üstündən gəlir. Bu gün kiçik bir ailədə ata olmaq, sabah isə ellər atasının əlini sıxaraq ona ömürlük oğul olmaq!

Yatağımdan sıçradım. Yazı stolum məni özünə maqnit kimi çəkdi. Mən sinəmi yazı stoluna verərək yazırdım. Mənə elə gəlirdi ki, kağız sevinir, qələm oynayır. Bir neçə dəqiqədən sonra ağ kağız üzərində inci kimi düzülmüş sözlər üzümə boylanırdı. İlk sətrin ortasında “Rəhbərə salam” yazılmışdı.

Sabah qatarımız Bakı stansiyasından tərpəndi. Sayımız altmış nəfərdən çox idi. Bunlar Azərbaycan sosialist respublikasının 15-ci ildönümü münasibətilə partiya və dövlət rəhbərlərimizin görüşünə gedən nümayəndələr idi…

Qatarımız üç gün üç gecə hərəkət etdi. Pəncərəmizin önündən dağlar, meşələr, dərələr, stansiyalar bir-bir gəlib keçirdi. Üç günlük yol uzun bir səfər deyil. Lakin intizar olanda vaxt uzun görünür…

Səfərimizin dördüncü günü səhər, qatarımız son stansiyada dayandı. Moskva bütün əzəməti ilə qarşımızda canlandı!

İki gün bu gözəl şəhərdə dincəldik…

Üçüncü gün, saat iki radələrində biz artıq Qızıl meydandan keçirdik…

Biz Kremlin salonlarından birinə toplaşdıq.

Salon olduqca təmiz, işıqlı və sadə idi. Onun əsl zinəti də bunlar idi. Sükutumuz çox dərin idi. Hamı səssiz oturub, intizar içində gözləyir, bir-birimizə baxıb səssizcə gülümsəyirdik. Arxa tərəfdən qapı açıldı…

Yoldaş Stalin qabaqca daxil oldu. Onun addımları iri olsa da, ayağını yerə asta-asta basırdı…

Onun arxasınca özünün yaxın silahdaşları, proletar revolyusiyasının məşhur bahadırları… gəlirdi.

Onlar salondakı məxməri stolun dalında durdular. Salonu dolduran gurultulu alqış, ura səsləri… xeyli davam etdi.

Salon sakitləşdi. Yoldaş Molotov özünə məxsus aydın və asta səslə görüş iclasını açdı...

Yoldaş Molotov bir-bir natiqlərə söz verirdi. Nümayəndələrdən on nəfər natiq danışdı. Qeyd etməliyəm ki, hər natiqi salon böyük maraq və sükutla dinləyirdi. Hamı azərbaycanca danışır, sonra rus dilinə tərcümə edilirdi. Bütün salondakılara, xüsusən Stalin yoldaşa, Azərbaycan qızlarının danışığı böyük zövq verirdi. Kənd, kolxozçu qəhrəmanlarımızdan Almaz Əliyeva, mühəndis qızlardan Tahirə Tahirova, təyyarəçi qızlardan Sona Nuriyeva o qədər sərbəst və gözəl danışdılar ki, sanki öz evlərində danışırdılar…

Nümayəndələr içində Qaraçala sovxozunun staxanovçu qadınlarından yoldaş Qremlyova da vardı… Yoldaş Stalin ona bir çox suallar verirdi.

Stalin: - Azərbaycanda çoxdanmı işləyirsiniz?

Qremlyova: - 1925-ci ildən, ali məktəbi qurtarandan bəri.

Stalin: - Həmişə Qaraçalada?

Qremlyova: - Bəli, həmişə Qaraçalada.

Stalin: - Azərbaycan dilini öyrənmisiniz?

Qremlyova: - Öyrənmişəm.

Stalin: - Əsas rayonunuz Muğandır?

Qremlyova: - Bəli, Misir pambığının əsas rayonu Muğandır..

Stalin: - Misir pambığını rayonların hamısı mənimsəyə bilməmişlər, eləmi?

Qremlyova: - Rayonların hamısı mənimsəyə bilməmişlər, ancaq Misir pambığı artıq Muğanın hər yerində vardır…

…Yoldaş Molotov mənə söz verdi. Mən tribunaya getdiyim vaxt o məndən soruşdu ki, sizin nitqinizi tərcümə üçün tərcüməçi lazımdırmı? Mən cavab verdim ki, yox, yoldaş Molotov! Hər iki dildə mən özüm danışacağam. O, buyurun, - dedi.

Mən həm danışıb, həm də şeir oxuyacağımı nəzərdə tutaraq, nitqimi yalnız rus dilində dedim…

Salonu dolduran alqış səsləri mənə şerini də oxu deyirdi. Mən şerimi əvvəl Azərbaycan, sonra da rus dilində oxudum:

Bakının sayrışan yıldızlarından,
Çadrasız, boyasız türk qızlarından.
Uçan durnaların xoş avazından.
Bizim aşıqların simli sazından
Şərqin qapısında yanan bir şamdan,
Günəşli gündüzdən, aylı axşamdan,
Azad sənətimdən, azad dilimdən,
Mənə könül verən öz sevgilimdən,
Salam gətirmişəm hüzuruna mən
Bu gündən, gələcək qərinələrdən…

Mən şeri oxuduğum zaman arabir yoldaş Stalinə baxırdım. O, böyük bir diqqət və məhəbbətlə dinləyirdi. Kiçik bir şair üçün bundan da böyük səadət ola bilərdimi?

...Şeri qurtardıqdan sonra yoldaş Stalinə yaxınlaşaraq ona əl verdim...

Yoldaş Stalin üzündə oynaşan bir təbəssümlə məndən soruşdu: “Yoldaş Səməd Vurğun?” “Bəli, yoldaş Stalin”. “Bəs familiyanız nədir?” Dedim ki, Vəkilovdur. O yenə soruşdu: “Bəs azərbaycanca?” Cavab verdim ki, Vəkilzadə.

Sonra mən keçib öz yerimdə əyləşdim. Yoldaş Molotov son sözünü “Yaşasın Azərbaycan zəhmətkeşləri!” sözləri ilə qurtardı. Onun bu sözləri azərbaycanca deməyi... Azərbaycan xalqına qarşı olan məhəbbəti ifadə edirdi.

... O əziz və unudulmaz gündən dörd il keçir. Hələ də mən öz əlimdə Stalin yoldaşın əlinin istiliyini duyuram...

10 noyabr 1939. Bakı

Təqdim etdi: Azər TURAN 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!