Əgər kinosevərlər arasında "Azərbaycanın ən yaraşıqlı kinoaktyoru kimdir" sualı ilə sorğu keçirilsəydi, adı ən çox çəkilənlərdən biri, yəqin ki, Ələsgər İbrahimov olardı. Hərçənd o, ixtisasca aktyor yox, neft mühəndisi idi, kinoya da tam təsadüfən gəlmişdi. Deyilənə görə, o, küçədə addımlayanda qızlar o dövrün dəbdə olan fransız aktyorlarına bənzəyən bu yaraşıqlı oğlanı bir-birinə göstərib xısın-xısın pıçıldaşar, onun diqqətini cəlb etmək üçün cürbəcür hiylələrə əl atarmışlar. Amma o vaxtlar bu qızların, ümumiyyətlə, onu tanıyanlardan heç kəsin ağlına gəlməzdi ki, maraqlı hobbiləri, özünəməxsus xarakteri olan bu gənci qəribə bir tale gözləyir, illər keçəcək, Azərbaycan kinosuna Ramiz ("İnsan məskən salır"), Kamil ("Torpaq, dəniz, od, səma"), Zalımoğlu ("Yeddi oğul istərəm") kimi obrazlar bəxş edən bu oğlan Yaradanın onun üçün nəzərdə tutduğu tale qapısını açıb öz karyerasını, həyatını qurmaq, ailə sahibi olmaq əvəzinə, itirilmiş imkanların, boşa verilmiş vaxtın, laqeydliyin, sayğısızlığın əvəzi kimi əsəblərini sarsıdan ruh düşkünlüyünə təslim olacaq, özünə qapanıb ağrıyan ruhunu keyləşdirmək, mənəvi əzablarını azaltmaq üçün yollar axtaracaq, tapdığı yol isə onu ömür marşrutunun 37-ci dayanacağına ancaq çatdıracaq.
Ələsgər İbrahimovun bioqrafiyası, həyatının önəmli məqamları barədə indi kimdənsə səhih məlumat almaq müşkül məsələdir. Hətta onun dəfn olunduğu məzarlığı belə, nişan verən bir kimsəni tapa bilmədim. Necə deyərlər, kiminin əvvəli, kiminin sonu. Ələsgərin sonu bu gün də mistik bir sirr olaraq qalır.
Amma hər şey o qədər yaxşı başlamış, o qədər geniş perspektivlərdən xəbər verirdi ki...
O, öz spesifik aurası olan İçərişəhərdə, sadə bir ailədə dünyaya gəlmişdi. Neft və Kimya İnstitutunu bitirsə də münasib və daimi bir iş tapa bilmirdi. Məhəllələrindəki göyərçinləri yemləməyi, onlarla əylənməyi xoşlayırdı. Taleyin işinə bax ki, başqa bir içərişəhərli - çəkəcəyi ilk tammetrajlı bədii filmdə baş rolun ifaçısının axtarışında olan rejissor Arif Babayev intuitiv olaraq bu oğlanı bircə anın içində kəşf etdi. Böyük riskə gedərək kifayət qədər mürəkkəb xarakterə malik obrazın ekran taleyini ömründə kamera qarşısında dayanmamış, ümumiyyətlə, aktyor sənəti barədə təsəvvürü belə olmayan, zahirən sadəlövh adam təsiri bağışlayan bu oğlana etibar etdi. Bu, əlbəttə, çox məsuliyyətli və çətin qəbul olunan qərar idi. Amma nəticə gözlənildiyindən də yaxşı oldu, kinomuz yeni bir xarakter - həyatda lövbər salmaq, öz yerini tapmaq istəyən, bu yolda xeyli çətinlikləri dəf edərək sonda istəyinə çatan Ramiz obrazını qazandı. Ələsgər bu filmdəki işi ilə sübut etdi ki, aktyorluq heç də bir çoxlarının düşündüyü kimi, yalnız yüksək intellektə, dərin təfəkkürə, hərtərəfli analiz etmək bacarığına malik olmaq deyil, aktyorluq, ilk növbədə, kiminsə rolunu oynamaq, onun kimi düşünmək bacarığıdır və bu bacarıq onda var, özü də artıqlaması ilə.
Azərbaycan kinosunda çəkildikləri filmlərdə baş rolları oynamış qeyri-peşəkarlar az deyil: Xəyal Axundzadə ("Sən niyə susursan" - Rasim), Əkbər Fərzəliyev ("Qızmar günəh altında" - Aydın), Tamilla Rüstəmova ("Böyük dayaq" - Maya, "Ulduz" - Ulduz) və b. Düşünürəm ki, kino tədqiqatçıları bu fakta lazımınca diqqət yetirməli, qeyri-peşəkarlıq zəminində əldə olunan yaradıcılıq uğurlarının psixoloji aspektlərini dərindən araşdırmalıdırlar. Xüsusilə bu hadisəni diletantlıq, həvəskar marağı kimi meyillərdan ayıran fərqlər ciddi şəkildə təhlil olunmalıdır. Əgər kino təkcə ali təhsilin, biliyin yox, həm də həyatın özünün yetişdirdiyi aktyorlara da ehtiyac duyursa, bunun, təbii ki, müəyyən səbəbləri var. Ələsgərin çəkildiyi ilk filmdə nail olduğu uğurun kökündə aktyorluğun, necə deyərlər, texnoloji sirlərini bilməyə-bilməyə yaratdığı obrazın fiziopsixoloji portretini bütün dolğunluğu ilə canlandıra bilmək bacarığı dayanırdı. Zahirən eqoist, özünə vurğun adam təsiri bağışlayan Ramizin xarakteri filmdə, sanki misqal-misqal açılırdı. O -25 yaşlı gənc aspiranturanı buraxıb neft buruqlarında işləməyə gəlir. Onu tufan vaxtı buruq aşarkən həlak olmuş usta Cavadın yerinə təyin edirlər və Ramizin xarakterini psixoloji, mənəvi, əxlaqi rakurslardan açan hadisələr də bundan sonra başlayır. Cavadın ölümünün nüanslarına rəhbərlik etdiyi briqada üzvlərinin baxışları ilə onun öz baxışları arasındakı fərq kollektivlə Ramiz arasında psixoloji sədd yaradır: sevdiyi qız ondan üz çevirir, fəhlələr onu ələ salır, hətta təhqir edirlər. Bir başqası, bəlkə də, bu böhrandan çıxmağın yolunu geriyə - komfort həyata qayıtmaqda görərdi. Ramizsə belə etmir, öz məhəbbəti, uğurlu fəaliyyət üçün zəruri olan inam və etibar uğrunda mübarizə aparmaq istəyir, lakin "Cavadın nüfuzu" sindromu buna da mane olur və adama elə gəlir ki, Ramiz sınaq meydanını elə beləcə - məğlub durumda tərk edəcək. Amma yox. Sonrakı hadisələr onun xarakterinin digər xüsusiyyətlərini də üzə çıxarır və məlum olur ki, Ədilənin tənə ilə "qorxaq" adlandırdığı bu gənc, əslində, öz fədakarlığı, cəsarəti, prinsipiallığı ilə Cavaddan heç də geri qalmayan insan imiş. Ə.İbrahimov obrazın xarakterindəki bu mürəkkəb nüansları təbii cizgilərlə sərgiləyir, tamaşaçıları obrazın dinamik inkişaf xəttindən doğan həqiqətə inandırırdı.
Beləcə, ilk rolun uğuru Ələsgərin həyatını dəyişdi, tale yolunu başqa məcraya yönəltdi. Onu kinostudiyanın texniki bölməsində mühəndis vəzifəsinə işə götürdülər. "Ət yeyən quşu dimdiyindən tanıyan" A.İskəndərov Ələsgəri kinoaktyor studiyasına cəlb etdi. Sonra "Torpaq, dəniz, od, səma" filmində Kamil roluna çəkildi. Bədii siqlətinə, psixoloji tutumuna görə, Ələsgərin Kamili Ramizə uduzurdu: onun xarakterinin bütün səciyyəvi cəhətləri bu dəfə üzdə idi. Bununla belə, Ələsgər İbrahimov - Fidan Qasımova dueti maraqlı alınmışdı.
Ələsgər deyilənə görə, ağırtəbiətli, ünsiyyətcil, hər hansı bir kampaniyada davranışı, danışığı ilə fərqlənən insan idi. Amma "Yeddi oğul istərəm" filmində yaratdığı Zalımoğlu öz qapalı xarakteri, az danışması, astagəlliyi ilə məşhur yeddiliyin digər üzvlərindən tam fərqlənir. Hətta bir az da irəli gedib deyə bilərəm ki, Zalımoğlu bir obraz kimi bu filmdə digərlərinə nisbətən az nəzərə çarpır. "Mən də varam" iddiası ilə üzdə olmaq, özünü və sözünü diktə etmək onun təbiətinə yaddır və bunu obrazın zəifliyi, yaxud aktyorun gücsüzlüyü kimi yox, Zalımoğlunun naturası, xarakterik cəhətləri kimi qiymətləndirmək daha düzgün olar. Həlak olana qədər biz onun səsini cəmi 2 dəfə eşidirik. Birinci dəfə iştirakçısı olduğu ölüm-dirim savaşının nə zaman başa çatacağı barədə Bəxtiyarı sorğu-suala tutur. İkinci dəfə isə son nəfəsində Gəray bəyə "İgid igidi arxadan vurmaz, bəy", - deyə rəqibinin arxadan vuran xain, qorxaq olduğunu üzünə vurmaqla onu aşağılamaq istəyir. Bu sözlərin həqiqəti nə dərəcədə əks etdirdiyini müəyyənləşdirməyi oxucuların (və tamaşaçıların) ixtiyarına buraxıram. Təkcə onu qeyd etmək istəyirəm ki, teatr göstərmək adı ilə başına qoyun qarnı keçirib rəqibini başqalarının yanında ələ salmaq da igidə yaraşan iş deyil...
Hərdən fikirləşirəm ki, Zalımoğlunun bu susqunluğunda, diqqətdən kənarda qalmaq istəyində yerinə düşən üstüörtülü bir məna da var. Onun passivliyi, sanki kameranın diqqətindən yayınıb kölgəyə çəkilməsi dostla düşməni səhv salan, etdiyi səhv hərəkətlərin xəcalətini çəkən bir insanın heç olmasa bu yolla günahlarını azaltmaq cəhdinə bənzəyir.
Ələsgər bir kişi kimi çox yaraşıqlı, suyuşirin idi. O vaxtlar Bakıya işgüzar səfərlərə gələn qəşəng rus aktrisalarını bircə təbəssümü, baxışı ilə ovsunlamağı bacarır və həmkarlarının qibtə, həsəd obyektinə çevrilirdi. Amma kinorejissorlarımız, nədənsə, bu "hazır materialı" görmür, neçə-neçə filmdə, necə deyərlər, Ələsgərin boyuna biçilmiş rolları ondan əsirgəyirdilər. Şəxsən mən fikirləşirəm ki, o illərdə çəkilən bir sıra filmlərimizdə üzdə olan obrazları o öz opponentlərindən daha yaxşı, daha təbii yarada bilərdi. Lakin bu rollara başqaları çəkilir, Ələsgərsə laboratoriyada texniki işlərlə məşğul olur, bekarçılıqdan yaranan ruh düşkünlüyünün, gərəksizlik sindromunun əsirinə çevrilirdi. Ruhi tarazlığını bərpa etmək, həyatındakı boşluğu doldurmaq üçün seçdiyi yol isə onu daha qorxunc bir ünvana - sağalmaz xəstəliyə, tənhalığa və əbədi sükuta aparırdı.
İşə bax ki, onu sonuncu dəfə çəkilməyə dəvət edən yenə də Arif Babayev oldu - "Arxadan vurulan zərbə" filmində epizodik Cabbarov roluna.
Arif Babayevin ilk filmində ilk rolu ilə bir çox peşəkarlara meydan oxuyan Ələsgər bu dəfə meydanı səssiz-səmirsiz, özü də həmişəlik tərk etdi. Son sözünü deməyə nə heyi qalmışdı, nə də həvəsi.
Bir müddət sonra onun adi bir insan ömrü yaşamaq şansı da tamam tükəndi. Əvəzində yaraşıqlı simasını dəyişdirib tanınmaz hala salan, vücudunu mum kimi əridən dəhşətli xəstəlik öz sözünü dedi.
Sonra Hamlet demişkən, əbədi sükut...
Onda Ələsgər İbrahimovun cəmi 37 yaşı vardı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!