Noyabr ayının 1-5 tarixləri arasında Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Moldova Azərbaycanlıları Konqresi, Moldova Yazıçılar Birliyinin təşkilatçılığı və dəstəyi ilə, eyni zamanda, Azərbaycanın Moldovadakı səfirliyinin yaxından iştirakı ilə "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" keçirilib. Kişinyov və Komrat şəhərində düzənlənən tədbirlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev, yazıçı Əjdər Ol, AYB sədrinin müşaviri Rauf Aslanov, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak ediblər. "Ədəbiyyat günləri" çərçivəsində Moldova Elmlər Akademiyası, Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi, Kişinyov Milli Kitabxanası, Moldova Milli İncəsənət Muzeyində bir sıra tədbirlər keçirilmiş, Anarın "Ağ qoç, qara qoç", Əjdər Olun "Hərbi-səhra komandirinin meymunu", "Azərbaycan hekayəsi antologiyası" kitablarının təqdimatı olmuşdur. "Ədəbiyyat qəzeti" Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun "Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" barədə növbəti "səfər qeydləri"ni təqdim edir.
Əvvəli ötən sayımızda
Təəssüratlar olduqca rəngarəng, onları doğuran hadisələr olduqca çoxdur. Və elə hər şey - əlahiddə qonaqpərvərlik, diqqət ilk saatlardan başlayır. Əvvəl otelə, 40 dəqiqə sonra isə hamılıqla "Qafqaz əsiri" restoranına gedirik. Qastronomik təfərrüatlara varmadan yalnız bir şeyi demək istəyirəm: yüksək servis, dadlı mətbəx öz yerində, amma danışılan sözlər, söylənən sağlıqlar, edilən zarafatlar o qədər ahəngdar idi ki, istər-istəməz, bəzi rus deyimləri - "luçşe ne bıvayet", "naroçno ne pridumayeş" fikirləri yadıma düşürdü. Ötən yazıda qeyd eləmişdim, indi də deyim, bu, ilk növbədə, bizə ev sahibliyi edən səfirliyimiz və Moldova Azərbaycanlıları Konqresinin moldovalı həmkarlarımızın yanında bizi hədsiz qürurlandıran səmimi birgəliyindən doğurdu. Əlbəttə, həqiqi ev sahibləri kimi moldovalı həmkarlarımızın gözəl niyyəti, zəhməti və ən əsası, səmimiyyəti bir ayrı cür xoşdu.
Sonrakı günlər, yəni noyabrın 2-də biz proqram üzrə Kişinyovun gözəl guşələrinin birində ucaldılmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin, sonra isə moldovan-rumın ədəbiyyatının klassiki Mixay Emineskunun abidəsini, Kişinyov Eternitate Memorialı ərazisindəki azərbaycanlı şəhidlərin xatirəsi üçün ayrılmış "Şuşa" xiyabanını, Elmlər Akademiyasını və Moldova Milli Kitabxanasını ziyarət etdik. Elmlər Akademiyasındakı tədbirlər haqqında ötən məqalədə ətraflı yazmışdım.
Nümayəndə heyətimizin üzvləri ilk dəfə görsələr də mən Nizami Gəncəvinin abidəsini (elə Mixay Emineskunun da) ikinci dəfədir ziyarət edirəm. İlk gəlişim 2016-cı il çovğunundan sonrakı günlərə təsadüf eləmişdi. Moldova Azərbaycanlıları Konqresinin 2005-ci ildə ucaltdığı, heykəltəraş Arif Əsgərov, memarlar Azər Məmmədov və Semyon Şoyxetin birgə işi olan abidənin ətrafı indi daha səliqəli, abad görünür.
Mixay Emineskunun büstü "Şəxsiyyətlər parkı"ndadır. Emineskunun önündə Moldova yazıçıları cənab Suçevyanunun, dostum Nikolaenin, elə digərlərinin də üzündəki həqiqi ehtiram hissini sezirəm və düşünürəm ki, az əvvəl, yəqin ki, bizim üzümüzdə eyni şeyləri hiss etmişdilər həmkarlarımız - Nizami Gəncəvi abidəsinin qarşısında.
"Şuşa" xiyabanının yerləşdiyi ərazidə çoxlu millətlərin öz yeri var. Qəribə təzaddı. Əksər millətlərin və xalqların da öz dövləti var. Amma onlar savaşır, ölür, öldürülür. Sonra qəbiristanlar, xiyabanlar peyda olur. Burda da hər kəsin öz ərazisi olur. Və bəzən bu ərazilərə görə də savaşır adamlar. Vüqar müəllim deyir ki, bu əraziyə "Şuşa" adının verilməsinə ciddi şəkildə etiraz edənlər də olub...
Düz yadımda qalıbsa, ukraynalılar etiraz edib. Amma bica yerə...
Həmsöhbətim artıq söz demir. Özünəməxsus şəkildə gülümsünür. Hər şey aydındı. Əgər ərazi varsa, adı da Şuşadırsa - məlumdur hər şey.
Konqres daim və ardıcıl şəkildə çox iş görüb Moldovada. "Dostluq qapısı" abidəsini ucaldıb Sıncereydə (bu da azərbaycanlı memar Azər Məmmədovun işidir), azərbaycanlı tələbələrə xüsusi təqaüdlər verib, "Nizami Gəncəvi" mükafatı təsis edib və onu Azərbaycan naminə iş görmüş moldovanlara təqdim edib ilk növbədə. Festivallar təşkil edib, Azərbaycan musiqisini moldovan alətlərində, nayda ifası ilə bağlı albomlar buraxdırıb, kitablar çap etdirib, onların bəziləri haqqında ötən yazımda söyləmişdim, indi də birini xüsusi qeyd edim. Görkəmli rumın-moldovan ədibi İon Xadrkanın tərcüməsindəki Nizami Gəncəvi "Aforizmləri"nin xüsusi yeri var bu sırada. Fikirləşirəm ki, bundan sonra daha çox iş görüləcək. Çünki səfir Qüdsi Osmanovla konqres sədri Vüqar Novruzovun xoş şəxsi münasibəti bu işlərin ən yaxşı müjdəçisi və təminatçısıdır.
Noyabrın 3-ü biz Moldova Təhsil, Mədəniyyət və Tədqiqatlar naziri ilə, eləcə də Moldova Elmlər Akademiyasında görüşlərdə olacaqdıq ki, bu görüşlərdən də ötən yazıda geniş söz etmişdik. Bircə o günün axşamı Krikovaya səfərimizdən danışmamışdıq. Qonaqlar, yəni bizim üçün məxsusi olaraq proqrama salınmış bu səfər "ədəbi xarakter" daşımasa də, əlbəttə ki, Moldovanı bir başqa, həmçinin tarixi, turistik və şərabçılıq yönündən görmək üçün vacibdi. Odur ki, yol alırıq Krikovaya. Bizə moldovan şairləri Mariya Pilkin və İvan Pilkin, bir də onları olduqca istedadlı və bütün səfər boyu dil-boğaza qoymadan danışan, sual verən pianist oğlu da qoşulurlar.
Və yarım saat sonra biz "Dionisin Moldovadakı sarayındayıq". Səfər boyu bizi müşayiət edən gözəl bələdçi Viktoriyanın dediklərini, ara-sıra isə ona daha dəqiq düzəlişlər və əlavələr edən Vüqar Novruzovun söylədiklərindən bəzi məqamları xatırlayıram:
"Burdakı yeraltı yollar və yolların üstündəki qalereyalar 120 km. boyunca uzanır. 12-14 dərəcəlik stabil temperatur var burda. Yeraltı şəhərin Kaberne, Fetyaska, Aliqote, Savinyon adlanan küçələri var. İşıqforları da. 30 milyon litr şərab saxlanır burda, yəni yerin altında şərab dənizi var bir sözlə...
Öz paradoksları da var Krikovanın. Burda saxlanan ən qədim şərab Qüdsdən gətirilib, 1902-ci ilə aiddir. Eyni zamanda, Görinqin də şərab kolleksiyasının bir hissəsi burdadı...".
Şərab içməyən adama şərabdan çox danışmaq olmaz, bir də gördün kefləndi.
Hərçənd bizim nümayəndə heyətinə Konqres və səfirliyimiz adından yerin altında verilən şahlara layiq ziyafətdə mən qonaqpərvərlikdən həqiqətən məst olmuşdum. Ziyafətin baş tutduğu o zalda havalandırma və işıqlandırma sistemi elə idi ki, heç deməzdin, yerin altındasan, mən bunu sonadək hiss etmədim, daha doğrusu, unutdum.
"Ağ qoç, qara qoç" povestinin təqdimatının keçirildiyi gün bizim yerin altına düşüb təkrar işıqlı dünyaya çıxmağımız, əlbəttə ki, səfərimizin də, həyatımızın da qəribə "qafiyə"lərindən idi.
Sabahı gün, yəni noyabrın 4-də nümayəndə heyətimiz Moldovanın cənubuna - Qaqauz Yerinə - Qaqauz Muxtar Regional Torpağına yollandı. Yenə səfir Qüdsi Osmanov, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, sədr müavini Müharib Allahverdiyev və Anar müəllimin rəhbərliyi ilə nümayəndə heyətimiz - Fikrət Babayev, Əjdər Ol, Rauf Aslanov və mən. Əlbəttə, bir də qaqauzların görkəmli ədibi və milli himnin müəllifi Todur Zanet.
Səfər günümüz Qaqauz Yerində, Komratda hər il ənənəvi olaraq keçirilən şərab bayramı, Moldova prezidenti cənab Dodonun ora səfəriylə üst-üstə düşür. Biz bir az tez gəlmişik. Başkan İrina Vlax bizi öz iqamətgahının foyesində qarşılayır. Hər cür yemək-içməklə bəzədilmiş geniş masaları olan böyük otağa dəvət edir. Azərbaycanın, Azərbaycan prezidentinin, bizim nümayəndə heyətinin və Anar müəllimin ünvanına xoş sözlər deyilir. Sonra Anar müəllim, səfir Qüdsi Osmanov, Vüqar Novruzov danışırlar.
Daha sonra hamılıqla Şərab Bayramının keçirildiyi meydana gedirik. Prezident Dodon da artıq Komratdadır. Meydanda qurulmuş kürsüdə. Çoxlu çıxışlar, rəqslər, zarafatlar.
Qaqauz Yerinin idarəçilərindən gənc bir adamın çıxışı yadımda qalır: "Şərab süfrəsi arxasında çoxlu müşkülləri dostluqla həll etmək olar...".
Meydanda tamaşa da göstərilir. Todur Zanetin əsəri əsasında. Maraqla baxırıq.
Sonra yaxınlıqdakı "Şərəf Xiyabanı"nda ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edirik. Həmçinin Türkiyə Respublikasının keçmiş prezidenti Süleyman Dəmirəlin. Qaqauzların muxtar status almalarında türk dünyasının bu iki böyük şəxsiyyətinin xüsusi rolu var.
Komratda səfərimizi beləcə yekunlaşdırıb üz tuturuq Avdarma kəndinə. Bizi Avdarmada Bakı Dövlət Universitetinin məzunu, tanınmış qaqauz tarixçisi doktor İqnat Kazmalı qarşılayır. Sonradan biləcəkdik ki, bu "orkestr-adam" həm peşəkar üzgüçü - təsəvvür edin ki, 16 dəfə Boğazı, Bosforu üzüb keçib və həm də paraşütlə tullanma idmanı üzrə usta, eyni zamanda, bu yarışların təşkilatçısıdı.
Yemək vaxtı Bakı və Azərbaycan haqqında olduqca xoş sözlər deyir. Səmimi, dolğun, minnətdarlıq dolu sözlər. Ötən əsrin 90-cı illərində Bakıda oxuyan bu adam Azərbaycanın çörəyini yediyini (elə belə də deyir), vətənə və tarixə sevgini o illərdə Bakıda öyrəndiyini söyləyir, ustadı Yaqub müəllimi ehtiramla xatırlayır. Sonra isə biz hamılıqla bir çox yerlərə - 2011-ci ildə açılışı olan Avdarma kəndi Xatirə Memorialına, daha sonra isə Avdarma kənd Tarix Muzeyinə gedirik. Bütün bu işləri öz kəndi və öz xalqı üçün məhz İqnat Kazmalı edib. Öyrənirik ki, memorialda I və II Dünya müharibələrində həlak olan, repressiya və epidamiyalar, aclıq və xəstəlik zamanı dünyasını dəyişmiş bütün avdarmalıların məzarları, məzarları olmayanların isə adları yazılmış lövhələr vardır... İqnat deyir ki, bu işi görməyə onu Bakıdakı Şəhidlər Xiyabanı sövq edib. Deyəndə bu sözündə də minnətdarlıq duyulur. Burda bir qərib və doğma - nasist almaniyasının yefreytoru Aleksandr Bergerə aid məzar da var. 17 may 1944-cü ildə Avdarma kəndindəykən alman əsgərlərinə atəşi dayandırmaq, bununla da daha artıq insan tələfatına yol verməmək çağırışı edən alman əsgəri hərbi tribunalın qərarı ilə güllələnir. 14 iyul 1944-cü ildə. Avdarmalılar bunu heç vaxt unutmur. Muzeydə də Bergerə xüsusi yer ayrılıb. Hətta İqnat o zabitin qohumlarını tapıb, onları öz hesabına kəndə də dəvət edib...
Kənddən və daha çox İqnatdan ayrılırıq. Amma 3-4 saatlığa. Sonra Kişinyovda axşam yeməyi yerərkən o bizimlə yenə görüşəcəkdi... Boğazı 16 dəfə üzmüş adam üçün gecə vaxtı kənddən şəhərə qayıtmaq elə də çətin məsələ deyildi. O bizə materiallarını 30 il ərzində topladığı və yazılışına 5 il sərf etdiyi, kitabçılığın ən yaxşı ənənələrinə əsasən çap edilmiş "Avdarma.1563-2013. Tarixin 450 ili" kitabını da hədiyyə etdi.
Bütün yaxşı görüşlərin, səfərlərin sonu var. Və biz artıq hava limanındayıq. Vüqar Novruzov və Nikolae Spetaru yenə yanımızdadırlar. Söhbətləşirik. Bu arada bizi bir neçə dəqiqəlik tərk edən Vüqar müəllim Moldovanın yeni ombudsmanı Mixail Kotorabayla qayıdır. Onu bizə, ilk növbədə, universitetdəki sevimli müəllimlərindən biri kimi təqdim edir. Müəllimin gözündə minnətdarlıq və qürur, tələbənin gözündə sevinc var. Daha sonra biz Moldovanın keçmiş kənd təsərrüfatı nazirinin müavini, hava limanının rəhbərliyindən bir nəfəri, daha başqa insanları tanıyırıq. Hamısı Moldova Azərbaycanlıları Konqresinə, Azərbaycan xalqına, yaxından tanıdıqları Vüqar Novruzova ehtiramlarını bildirirlər...
Sonuncu ziyafət, əslində isə "vida masa"sı beləcə qurulur və nə qədər xoş olsa da biz ayrılırıq.
Ayrılırıq ki, yeni işlərə və görüşlərə doğru addımlayaq.
Moldova Milli Kitabxanasında Azərbaycan kitabı sərgisi
Əjdər Olun imza mərasimi
"Moldovada Azərbaycan Ədəbiyyatı Günləri" çərçivəsində Moldova Milli Kitabxanasında Azərbaycan ədiblərinin əsərlərinin sərgisi təşkil olunmuşdu. Sərgidə xüsusən yeni nəşrlər - Anarın "Ağ qoç, qara qoç" povesti (tərc.: İqor Volnitski), Elçinin "Baş" romanı (tərc.: Aleksandr Vakulovski), Çingiz Abdullayevin "Qorxumuzun vaxtı" (tərc.: İqor Volnitski) romanı, Əjdər Olun "Hərbi-səhra komandirinin meymunu" (tərc.: Nikolae Spetaru), "Atama məktub - Azərbaycan hekayə antologiyası" (tərcüməçilər qrupu) maraq çəkirdi.
Tədbirdə, eyni zamanda, "Dmitri Kantemir: müasir türk musiqisinin banisi" CD-sinin təqdimatı baş tutdu ki, bu disk də Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə ərsəyə gəlmişdi. Tədbirdə görkəmli Moldova bəstəkarı, dirijoru (eyni zamanda, diskdə yer alımış kompozisiyalar da onun dirijorluğu və rəhbərliyi ilə yazılmışdı) George Mustea da iştirak edirdi.
Qonaqları giriş sözü ilə salamlayan Moldova Milli Kitabxanasının direktoru Yelena Pınteley Azərbaycan ədiblərindən ibarət nümayəndə heyətini salamlayaraq onların kitabxanada olmasını və Azərbaycan ədiblərinin əsərlərinin sərgisinin təşkilini Moldova mədəni mühiti üçün, eyni zamanda, kitabxana üçün əlamətdar, qürurverici hadisə olduğunu diqqətə çatdırdı. Qeyd elədi ki, Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi ilə kitabxananın dostluğu və əməkdaşlığı olduqca vacib məqamdır, çox yaxşı ki, ardıcıldır, eyni zamanda, digər səfirliklər və diasporalar üçün nümunədir.
Cənab George Mustea Dmitri Kantemirin yaradıcılığından, onun hərtərfli, universal şəxsiyyət kimi Moldova tarixi üçün yerindən, bu gün təqdim edilən diskin (diskdəki 9 melodiyanın) həm ümumtürk, həm də Moldova musiqi tarixi üçün əhəmiyyətindən danışaraq diskin yazılması və istehsalında dəstəyinə və iştirakına görə Konqresə və Vüqar Novruzova təşəkkkür elədi.
"Moldovada Azərbaycan Ədəbiyyatı Günləri"nin əhəmiyyəti, keçirilməsi zərurəti, qarşılıqlı tərcümə olunan kitablar, ədəbi mübadilə haqqında daha sonra səfir Qüdsi Osmanov, Moldova Yazıçılar Birliyinin sədri Arkadi Süçevyanu, Konqresin sədri Vüqar Novruzov çıxış etdilər.
Sonra isə yazıçı Əjdər Olun "Hərbi-səhra komandirinin meymunu" hekayələr toplusunun təqdimatı, kitaba toplanmış hekayələr barədə moldovan ədəbiyyatçılarının çıxışları başladı. İlk sözü kitabın tərcüməçisi Nikolae Spetaru söylədi. O, Əjdər Ol yaradıcılığını həm qaldırdığı mövzular, həm də təhkiyə və üslub etibarilə olduqca ciddi və maraqlı olduğunu söylədi. Qeyd etdi ki, bu mövzular, hadisələr Moldova cəmiyyəti və yaxın tarixi üçün aktualdır.
Kitab haqqında moldovalı ədiblər, Vitaliy Railyano, Anatol Moraru da çıxış etdilər.
Klaudiya Portale yazıçı Əjdər Olun hekayələrində realist nəqletmə və xarakterləri açmaq üçün binar bədii fəndlərdən istifadəsinə rəğmən personajlarına münasibətdə xeyirxah insani və yazıçı mövqeyi sərgiləməsindən danışdı, bunun doğru olduğunu qeyd etdi.
Sonra yazıçı Əjdər Ol şeirlərindən bir neçəsini oxudu, auditoriyanın suallarına cavab verdi və kitab imzaladı.
Qeyd edək ki, yazıçı Əjdər Olun "Hərbi-səhra komandirinin meymunu" hekayələr toplusuna müəllifin 11 hekayəsi daxil edilib. Kitab Moldovanın məşhur TipoMoldova" nəşriyyatında, "Müasir dünya yazıçıları" seriyasından nəşr edilib. Kitabın redaktoru Aurel Ştefanaçki, seriyanın koordinatoru Valeriu Stansudur.
P.S. Bakıya döndükdən 10 gün sonra Kişinyovun "Contrafort" dərgisində tanınmış Moldova tənqidçisi, ədəbiyyatşünası və yazarı, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Qriqore Kiperin "Əjdər Olun "Kamança"sı adlı böyük məqaləsi dərc edilib. Gələcəkdə bütünlüklə çapa hazırlamağa düşündüyüm həmin yazının bir fraqmenti belədir: "Əjdər Olun nəsri böyük həzz və sevinc gətirir oxu zamanı. Onun nəsrinin bütün elementləri qaydayla, ustalıqla sapa düzülmüş incilərdir, təsbeh dənələridir. Yaddaqalan süjetlər var və olduqca kinematoqrafikdir hər şey. Əjdər Ol başdan-ayağa oxunmağa layiq yazardır. Onu ədəbiyyat biliciləri də, oxu vərdişləri yeni olanlar da maraqla oxuyacaq. Bu isə həm də usta tərcüməçi bacarığı göstərən Nikolae Spetarunun da zəhməti hesabına başa gəlib...".
Todur Zanet
Tanınmış qaqauz şairi, nasir, dramaturq, alim, ictimai xadim. Qaqauz Milli Himninin müəllifi, "Ana sözü" qəzetinin yaradıcısı və baş redaktorudur. Təqdim edilən şeirlər "Korlaşmış atəş" kitabındandır.
Məndə bir Vətən var
***
Məndə bir Vətən var,
Anamla atam var,
Bir millətəm:
Həm evəm,
Həm çox dəyərli ərəm.
Dua
Allahım,
İstəyirəm dövlətim olsun,
İllərlə yaşasın, millətim olsun!
Var olsun Ana Dilim - bir dilim deyil,
Bir bütün kimi olsun -
Dünən, bu gün və hər gün,
Həm indi, həm də sonra,
Əsrlərin sonrasında,
Əbədi!
Amin!
***
Sənə "Gəl, qal!" demək
Düşünürsən asandır?
Amma "Çıx, get!" demək
Bundan daha çətindi, eləmi?
***
Sevmənin də, sevilmənin də bir dəyəri var,
Amma bu biləninmi qisməti, biməyəninmi?!
***
Səni heç belə sevdilərmi?
Yanında diz çöküb durdularmı?
Sevdadan, duyğudan əlini öpdülərmi?
İllər keçəndən sonra aradılarmı?
"Səni sevirəm!" dedilərmi, söylədilərmi?
Ba-ğırr-dı-larr-mı???
Bir mahnı
Çöldə gördüm maralı
Yamaclardan aralı,
Bir yar seçdi özünə
Bəbəkləri qaralı.
***
İpsiz bağladın məni özünə,
Necə dönüm bundan sonra evimə?
Məlum, şübhəsiz ki, burda qalaram
Bircə dəfə baxsan mavi gözümə.
Təqdim etdi: Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!