"Ədəbiyyat və incəsənət" qəzeti evimizə məndən əvvəl, təxminən əllinci illərin ortalarında ayaq açıb. Elə o illərdən mütəmadi olaraq nəslimizdə onun ilk abunəçiləri əvvəlcə böyük əmim, ədəbiyyat sevdalısı, tarix elmləri namizədi İbrahim Bağırov, ardınca kiçik əmim, tanınmış türkoloq və onomast, AMEA-nın müxbir üzvü Adil Bağırov, sonralar isə mən və digərləri olub. O qəzeti ilk gördüyüm vaxtdan əlli ildən artıq keçdiyi də bu gün necə var, yadımdadı: altmışıncı illərin tən yarısında, onda səkkiz yaşım ola-olmayaydı, bir sərin yay günündə İbrahim əmim içi mən qarışıq səs-küyü aləmi götürən bir xeyli uşağı bağçamızda başına yığıb Məmməd İbrahimin (onda Araz deyildi - Ə.) şeirlərini uzun bir qəzetdən oxuyandan sonra soruşdu ki, onu hansımız tanıyırıq? Məlum olanda ki, heç kim, onda şəklini də bir-bir hamıya göstərib, Məmməd əmini o ki var təriflədi və sonda hərəmizə ondan hələlbət bir şer əzbərləməyi tapşırdı. Onda bildim o kişi kimdi, kimin oğludu, əmimlə Moskvada biri Ali Partiya Məktəbində, o biri Ədəbiyyat İnstitutunda nə zaman oxuyublar. Qəzet nədi, şəkil nədi, şeir necə olur, necə ritmlə oxunur, onu da onda bildim. Amma indinin indisində də xatirimdə bütün işığı, istisi, rəngləri və səsi ilə ilişib qalan o təntənəli mərasimdən mənim çıxardığım nəticə bu yox, tamam özgə şey oldu. Deməyəsən, yaxşı oxumağın sonu qəzetdə şəkli çıxmaqla bitirmiş... Bu, bəlkə də, o vaxtacan həyatda dərk etdiyim ən böyük həqiqət idi. Şeir, şair, şəkil, qəzet, ilk dəfə gördüyüm palaz boyda "Ədəbiyyat və incəsənət"... Atamın durub-oturub, gecə-gündüz, oxuyun, gedin başınızı başlara qoşun, deməyinin mənasını da, sanki qəfildən duydum. Oturduğum yerdə qarğı atımdan saldı məni o qəzet... Əmim də elə onu deyirdi: "Daha qurtardı boş-boş ora-bura şütümək. Nə var dəftər-kitabda var. Çölə, quzu otarmağa da onsuz getməyin".
O hadisədən beş-on gün sonra şəkli qəzetdə olan kişini kiminsə toyunda görəndə isə lap çaşıb qaldım: Məmməd əmi şəkildəkindən də gözəl idi...
Uzun illər özümü inandıra bilmədim ki, böyük ədəbiyyata gəlməyimə şəklimi qəzetdə görməyin eşqinə düşməyim səbəb olmayıb. Nəhayət, 81-də min bir müsibətdən sonra onu "Ulduz"da, hekayəmlə birlikdə görəndə hiss etdim ki, mənzili uzaqdan-uzaq bu yolun yolçusu olmaq istəyənin qəzet-jurnal gərək sifətinin yox, ürəyinin şəklini verə. Bəlkə, onda bilinə kim kimdi, bu yazını hansı ürəyin yiyəsi yazıb. Amma o fikrimi Allahsızlar yaxına qoymadı, dedilər, gedib ağlıma dua yazdırım. Rəhmətliyin nəvəsi yazısını çap etdirə bilmir, ürəkdən dəm vurur!...
Belə...
"Ədəbiyyat və incəsənət"in qapısını ilk dəfə 1982-də "Gəlin ayaqqabısı" ilə döymüşəm. Barmaqla taqqıldatmağın ayaqqabı ilə, həm də o cürü ilə, döyməklə bir fərqi olmamış olmaz, söz yox ki. Di gəl, nə illah eləsəm də, o qapını üzümə açan olmadı.
O vaxt qəzetdə "Şənbə səhifəsi" deyilən rubrika vardı, əsasən yumoreska verirdilər. Çox get-gəldən sonra dedilər, hekayəni olsa-olsa yalnız orda verə bilərik, həm də yarıbayarı ixtisarla. Gəl belə yerdə mat qalma: o cür ciddi mətləbə bu cür qısa don? Heç vaxt iltifat və mərhəmət görmədiyim ədəbi orqanlardan sonra burda da xoş üz görməyəcəyimi çoxdan gözümün altına almışdım, odu ki, "Gəlin ayaqqabısı"nı "Dərd"ə tərəddüdsüz dəyişdim, amma dərdim yenə dəyişmədi. Deməyəsən, çox qədim əyyamlara, köhnə mövzulara baş vururammış. Kimə başa salaydım, məni dartıb bu şəhərə gətirənin elə özü "Köhnə kişi"di. Nə köhnə? Köhnə nədi? Tarixi roman yazanları asmaq lazımdı ki onda! Nəyi, nəyi "Dərd"i də çap eləmədilər, qardaş! Əli dinc durmayan Nəriman (Əbdülrəhmanlı) da sonralar yazasan ki, "Dərd" Əlabbasın ən yaxşı hekayəsidi. Nə deyəsən, kimə inanasan? Adama "yox"u beləmi deyirlər? Elə o ərəfələrdə oxuduğum Aleks La Qumanın "Öz evimiz" hekayəsinin qəhrəmanı Conasın "dəmir ev"lərini başlarına uçurmağa gələnlərə dediyi sözlər uzun illər xatirimdən silinmədi, o səs qırx ildi ki, mənimlə yol gedir: "Biz də adam kimi yaşamaq istəyirdik, demə, olmazmış".
İndi təfərrüata varıb ona görə ad çəkmirəm ki, illər öncə Aslan Quliyevə ünvanladığım "Onlar kimi öldürmədilər?" adlı mətbu məktubda bu haqda gen-bol bəhs etmişəm. Sözümü ona gətirirəm ki, "Azərbaycan" və "Ulduz"dan sonra o vaqeə ilə üzümə daha bir qapı qapandı. Və onda sözə, sənətə həmişə rişxəndlə yanaşan bir dostcığaz mənə belə də dedi: "Ədəbi orqanlardan sənə haray yoxdu, əlacın ya "İdman"a, ya "Azərbaycan qadını"na qalıb. Yenə onlara üz tut".
Haşiyə. Elə o zaman da, sonralar da dərin sayğılarım olan böyük ziyalımız Vilayət Quliyevin cari ədəbi prosesə həsr olunmuş nəsrlə bağlı icmal məqaləsində (səksəninci illərin əvvəli) "Ulduz"dakı hekayəmə görə yaxşılar sırasında mənim də adım çəkilmişdi. O vaxt indikinin əksinə olaraq yüksək tirajla çap olunan "Ədəbiyyat və incəsənət"in adım cəmi bircə yerdə keçən o sayından iyirmidən çox nüsxə alıb saxlamışdım ki, biri itəndə o biri qalsın. Deyirdim bəs o olmasa, dünya qara geyər, el-aləm "tarixi həqiqət"dən bixəbər olar... İddiamın da ərşə-kürşə sığmayan çağları idi. Əlimin altda "Gözmuncuğu", "Dərd", "Cadugər", "Başsağlığı", "Gecəyarı hadisə", "Başdaşı" və ədəbi tənqidin iyirmi beş-otuz il sonra da olsa, dəyər verdiyi bir xeyli povest və hekayə vardı. Az qalırdım yoldan keçənləri də saxlayıb soruşum ki, məni tanıyırlarmı? Üzlərinə də baxıb için-için gülürdüm: "Gör kimi tanımırlar, bədbəxtlər! Bir dayanın, göstərərəm sizə".
Təəssüf ki, otuz ildən çox çarpışsam da, "Ədəbiyyat və incəsənət"in səhifələrinə düşmək mənə nəsib olmadı. O mənə daha çox dost yazılarını və cari ədəbi prosesi izləmək üçün gərək olub. Bu mənada sözün şahlar taxtında bərqərar olduğu 70-80-ci illərdə imzamı onda görməyin bircə adı vardı: xoşbəxtlik!..
İndi bunu igidliyimdən dəm vururmuş kimi danışıram. Amma nə edə bilərsən ki, qırx illik ömrü pis-yaxşı sözə xidmətdə keçmiş bir qələm əhlinin yaradıcılıq tarixçəsinin, həm də elə həyatının ayrılmaz bir parçasıdı bu. Və yenə təəssüf hissi ilə də olsa deməliyəm ki, belə oldu, İbrahim əmimin Adilə, Adilinsə mənə bağışladığı arxivdən - sirrinə vaqif olduğum dünyanın cümlə həqiqətləri üçün bu gün o arxivə və haqq dünyasında olan əmilərimə borcluyam - "Ədəbiyyat və incəsənət" qəzetinin o qapıdan bu qapıya, burdan da o birinə özümü söyə-söyə daşıdığım bağlamalarından saralmış nömrələri bir-bir yox, dəstə-dəstə çıxarıb işlətməyə başladım. Hətta qonşuları da qəzet sarıdan korluq çəkməyə qoymadım. İş elə gətirdi ki, səksəninci illərin sonunda o vaxtlar tanımadığım məşhur pedaqoq Allahverdi Eminovun "Köhnə kişi" haqda olduqca maraqlı təəssüratları sözügedən qəzetin səhifələrində yer alanda da ("Oyanışın işığı", 17 fevral 1989) "Ədəbiyyat və incəsənət" ona olan əski məhəbbətimi geri qaytara bilmədi. Bununla belə, şəklini qəzetdə görməyin eşqi ilə çırpınan bir yeniyetmənin qəlbinə o qəribə və xoş giziltini ilk dəfə məhz "Ədəbiyyat və incəsənət" qəzetinin salıb heyrətə gətirdiyini də heç cür boynuma almaya bilmərəm. Bəsirət gözümü bu dünyaya o qəzet açıb.
Nəhayət, 2014-cü il...
O vaxtacan cəmi bircə dəfə görüşdüyümüz Azər Turanın utancaq səsini telefonda eşidəndə tutulan kimi oldum.
- Mənə öz bəyəndiyin hekayələrindən birini göndərə bilərsən? Çap olunmamış, təzə bir hekayə, - istəyirdi o.
Bir anlıq tərəddüd... Deyən gərək, sənə lazımdı otuz ildən sonrakı çap? Hər şeyin artıq arxada qaldığı bir vaxtda nəyi dəyişəndi axı o?.. Amma belə çıxmırdı ki, "İnsan əli çatmayan hər şeyin dəlisi, əli çatan hər şeyin nankorudu" (Neruda). Hələ o da vardı ki, bu, "Ədəbiyyat və incəsənət"dən yox, "Ədəbiyyat qəzeti"ndən gələn zəng idi. Həm də onu o-bu yox, qəzetin yeni baş redaktorunun özü açmışdı. Nə edə bilərsən ki, bu çərxi-gərdunun hər şeyi belədi, həmişə iş işdən keçəndən sonra gəlir.
"Şəbi-hicran"ı göndərdim, çap olundu, amma iş bununla da bitmədi, çağdaş ədəbi tənqidin ən say-seçmə üzvləri arasında uzunmüddətli müzakirəsi də keçirildi onun və bunu "Ədəbiyyat qəzeti"nin qələmimə və şəxsimə olan hörmətinin bir nişanəsi kimi qəbul etdim. Sonra "Yadigar"a, "Yolda adam"a qapı açdılar, onlarla bərabər müxtəlif rəy, sorğu, digər publisistik yazılarım məni bir zamanlar alışıb yana-yana xoşbəxtlik aradığım qəzetin müəlliflərindən birinə çevirdi.
İndi bu fikri haqqı olan biri kimi deyirəm: həyatımızın ədəbiyyatsız ötüşdüyü, yazıçının taxtdan salındığı, qələm əhlinə qarşı etimadsızlıq mühitinin hələ də hökm sürdüyü bir vaxtda uca sözü həyatın mənasına çevirməyi bacarmaq hər bir kəsdən fədakarlıq istər. Azərbaycan ədəbi elitasının nüfuzlu simalarından sayılan Azər bəy bunu "Ədəbiyyat qəzeti" ilə etməyi bacardı, üstəlik, bəzi istisnalarla onu mövcud olduğu illərin ən yaxşı, maraqlı, oxunaqlı və səviyyəli qəzetinə çevirə bildi. Çünki o, yerində olan, işinin öhdəsindən layiqincə gələn, hamını bir məxrəcə gətirməyi bacaran peşəkar redaktordu və məncə, bu, daha çox onun şəxsi kalitesindən, insani dəyərlərindən asılı məsələdi. Mən onu Hüseyn Cavid və ya Əlibəy Hüseynzadə haqdakı yazılarından mahir tədqiqatçı, "Ədəbiyyatşünaslıqdan milli idealogiyaya" məqaləsindən dil tarixçisi, İvo Andriçin "Drina körpüsü" əsərindən danışarkən təhlilçi, Ucal Haqverdiyev haqqındakı "Yatmış şəhərin yuxusu" yazısından sənətşünas, dostu, gözəl şair Faiq İsmayılov haqda "Ölüm süvarisi" kitabından təhlilçidən çox, nəzm ustası, "Fəryadın metafizikası"ndan mahir esseist kimi tanımışam. Bu, bəyəm hamının bacara bildiyi bir işdi? Hərtərəfli biliyə, geniş erudisiyaya, yaradıcı entuziazma malik olmadan bunları necə hasilə gətirmək olar?
Sözün, sənətin urvatdan düşdüyü, milli-mənəvi dəyərlərimizin astronomik sürətlə aşındığı bir zamanda "Ədəbiyyat qəzeti"ni yenidən yaradıcı kəsimin fikir və düşüncə mərkəzinə çevirməyi bacaranlara, ədəbiyyatımızın, dilimizin, ümumən, mədəniyyətimizin keşiyində ləyaqətlə dayananlara, onun saflığını qoruyanlara, bir sözlə, qəzetin bu işdə zəhməti keçən bütün yaradıcı və işçi heyətinə "uğur olsun!" deyirəm. Dərin-dərin təşəkkürlər!
11 dekabr 2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!