"Mən Yer kürəsini çeçələ barmağımda gəzdirirəm..." - "Dahilərin yaradıcılığında şəxsiyyət və xəstəlik" kitabından

Memuar - O.F.YERIŞEV, A.M.SPRİNTS

Tanınmış rus psixiatrları, tibb elmləri doktorları Anatoli Mixayloviç Sprints və Oleq Fyodoroviç Yerışev müştərək yazılmış bir neçə elmi araşdırmanın müəllifləridir. Onların qələmə aldığı "Dahilərin yaradıcılığında şəxsiyyət və xəstəlik" kitabında  psixi pozğunluqlardan və xarakterlərində üzə çıxan anomaliyalardan əzab çəkmiş dünyanın bir sıra  görkəmli  yazıçı, şair,  rəssam və bəstəkarları haqqında söhbət açılır. Bu alimlərin jurnalımızda çap olunmuş dahi rus yazıçısı Nikolay Qoqol haqqında apardıqları araşdırma oxucuların marağına səbəb olmuşdu. Bunu nəzərə alaraq, həmin kitabda yer almış görkəmli rus şairi Velimir Xlebnikovun ruhi xəstəliyini sübut edən yazını da oxucuların diqqətinə çatdırırıq.

Velimir Xlebnikovun yaradıcılığı ədəbiyyatşünaslarla psixiatorların döyüş meydanı kimi görünsə də, əslində onların arasında bu barədə heç vaxt coşqun müzakirələr və kəskin mübahisələr olmayıb.

Ədəbiyyatşünasların Xlebnikov yaradıcılığına aid çoxsaylı elmi tədqiqatlarında - istər sağlığında olsun, istərsə ölümündən sonrakı uzaq, yaxın dönəmlərdə  - onun psixi xəstəliyinə heç yerdə işarə edilmir, hərçənd, əsərlərində düşüncə dalğınlığı və ruh düşkünlüyü  açıq-aydın görünür. Ruhi xəstə, "dünyanın anlaşılmaz dil sahibi", "Yer kürəsinin sədri", zamanın qanunlarını ələk-vələk edən, məqsədsiz yerə Rusiyanı gəzib-dolaşan, öz əsərlərini döşəkağında yazan bu bədbəxt sənətkarda psixiatrlar saymazcasına heç bir qüsur görməyiblər. Bu istedadlı şairin klassik, çox az şəxslərə şamil edilən dahilər dahisi (V. Mayakovski), poeziyada yeni sıçrayışlarla addımlayan (O.Mandelştam), sənətin axarlarında və şeirin nəhayətsizliyində öz nəhəngliyini göstərən (V.Kamenski), çətin anlaşılsa da, oxucusunu valeh edən (tənqidçi D.Mirski),  mifoloji, epik söz ustası (ədəbiyyatşünas V.Smirnov) adlandırılması, əlbəttə, boş yerə deyildi. Bəlkə də  onun həyat və yaradıcılığının psixopotoloji tərəfi ona görə nəzərə çarpmır ki, sanki iki dəfə (1916, 1919-cu illərdə) psixi klinikaya yerləşməsi xəstəliyi ilə bağlı olmayıb. Hospitala ilk dəfə düşməsi hərbi çağırışla bağlı olub, ona "yararlıdır" diaqnozu qoyulub. O, bununla bağlı Petroqrad Hərbi Tibb Akademiyasınındakı tanışı, privat-dosent  N.İ.Kulbinə müraciət edib. Nəticədə həmin alim Xlebnikovun "əsəb sistemində fövqəladə səbatsızlıq" aşkarlayıb. O, həm də bu nəticəyə gəlib ki, Xlebnikovun ruhi vəziyyəti "həkimlər tərəfindən qətiyyən anormal sayılmayıb" (yəni, ruhi xəstə diaqnozu qoyulmayıb). Şair (öz dediyinə görə) üç həftə Saritsında və Astraxanda "dəlilərin arasında" keçirməli olub.

İkinci dəfə hospitala yerləşdirilməsi (Xarkovdakı "Saburov bağı"nda) sanki yenidən hərbi xidmətdən azad edilməsi üçün, Xarkovu tutmuş Denikinin ağ qvardiyasına çağırışdan yayınmaqdan  ötrü olub.  Xəstəxanada onu dörd ay saxladılar. Yalnız 18 ildən sonra onun yaradıcılığındakı ruhi patologiya haqqında, çox az adamın diqqətini cəlb etmiş ilk məqaləni V.Y.Anfimov dərc etdirdi.

Ümumiyyətlə, onun ruhi xəstəliyi psixiatrlar tərəfindən müfəssəl şəkildə analiz edilib (V.Y.Anfimov - 1957; A.V.Şuvalov - 1995; V.Domil - 2007). Amma bu müəlliflər ədəbiyyatçılara və ədəbiyyatşünaslara toxunmur və onları müzakirə etmirlər (sanki bir vaxtlar rusların və monqolların birbaşa Uqre çayının sahilində "dayanıb" üz-üzə baxdıqları, amma bir-birlərinə toxunmadıqları kimi). Yeri gəlmişkən, yuxarıda adları çəkilən psixiatrların Xlebnikovun xəstəliyinə qoyduqları diaqnoz müxtəlifdi: Anfimova görə şəxsiyyətin ruhi pozğunluğu, Domilə görə onun qeyri-sağlam ruhla əhatə olunması və nəhayət, Şuvalova görə şizofreniya prosesi.

Biz bu mütəxəssislərin dediklərinə nəsə əlavə etməyəcəyik, çünki məqsədimiz ayrıdır:

- psixoloqların diqqətinin Xlebnikova yönəlməsi üçün tam olmasa da, kifayət qədər sübutlar göstərməli, yaradıcılığı isə psixopatoloji təhlil predmeti olmalıdır;

 - müzakirə edək: o hansı zamandı ki, tələbələri də özü kimi olan  ruhi xəstə tənqid edilmir, əksinə, təqdirlə qarşılanır.

 Amma əvvəlcə şairin istedadını dəyərləndirək və iki çox gözəl sənət nümunəsinə müraciət edək:

...Gərəyim olan çoxmu? -

Çörəyin kömbəsi,

Bir damcı süd,

Bir də bu göy üzü,

Bir də buludlar!

"Daş qadın" şeirindən (1919)

 

İllər, insanlar, xalqlar,

Qaçırlar həmişəlik

Təbiətin dəyişkən aynasında

Axar sular kimi...

     "İllər, insanlar, xalqlar" şeirindən (1916)

Bu şeirlər heç də şairin sağlığında və sonrakı dönəmlərdə ittiham edildiyi qrafomanlığa  aid deyil.

İndi isə psixopatologiya haqda danışaq. Xlebnikov ağır irsi çatışmazlığı olan bir ailənin övladıdır (belə ailələrə elmi dildə nüvə ailəsi deyirlər; yəni qan qohumluğu olan insanların izdivacından törəyən ailə. Qarşin də, Hemenquey də bu qəbildən olub və biz onlar haqda da yazmışıq).  Xlebnikovun dayısında və qardaşlarından birində psixi pozğunluq müşahidə olunmuşdu. Psixiatr V.Y.Anfimovun bildirdiyinə görə, şairin qardaşı "artilleriyanı öyrənir və elmi fəaliyyətə hazırlaşırmış, amma ruhi xəstəlikdən cavan yaşında ölüb".  Xlebnikovun qohumları arasında xasiyyətlərində psixi əlamətlər qabarıq olan qəribə və qeyri-adi insanlar olub (V.Domil - 2007). Bununla belə, ağır irsi çatışmazlıq insanın ruhi xəstəliyini təyin etməyə kifayət etmir.

Birincisi, şairin neologizmi - onun yaradıcılığının erkən dövrünə aid edilən yeni tapıntıları, "öz" ifadə tərzi psixiatrı sayıq olmağa məcbur edir.

Neologizmlər - inkişaf etmiş şizofreniya prosesinin və ya oxşar nasazlığın simptomudur. Ədəbiyyatşünaslar onun şeirlərindən nümunə gətirəndə, "bənzərsiz söz yaradacılığı", "səslərin pak duyğusallığı",  "səsin dili ilə plastik mənzərələrin görüntülü şəkildə ötürülməsi" ifadələrini işlədirlər. Olsun. Amma çox keçmir ki, (1910-cu ildə)  Xlebnikov "insanları bir araya gətirə bilən mücərrəd bir dünya dili" (bu, mövcud dillərin sintezi olan esperanto deyil heç də! ) yaratmaqla məşğul olmağa girişir. Yəni doğrudanmı bu axtarış patologiya deyildi?

"Mücərrəd dil" axtarışlarının nəticələrindən nümunələr gətirməzdən öncə, ilkin neologizmə qayıdaq. Bizə etiraz edə bilərlər ki, əgər bunu xəstəlik mərhələsində baş verən proses sayırsınızsa, bəs Xlebnikovun yeniyetməliyi, gəncliyi (1908-ci ilə qədər) necə olub? Patologiyası olubmu? Axı şizofreniya əlamətləri olan pozuntular boş yerə yaranmır. 

Xlebnikovun yeniyetməlik çağlarının xarakterik xüsusiyyətləri barədə dəlillər A.V.Şuvalov (1995) və V.Domil (2007) tərəfindən irəli sürülüb. Kazan Universitetində yaşıdları onu bu dünyanın adamı kimi qəbul etmirdilər. Onu qəribə adam, xoşbəxt, qeyri-adi tərzdə özünə qapanmış, son dərəcə bacarıqsız birisi kimi hamıdan fərqli saymaları sağlamlığına təsir etmişdi. O, dəfələrlə həkimə müraciət etmişdi - ona vegetonevroz və nevrasteniya diaqnozları qoyulmuşdu. O, dağınıq bir ovqatdaydı, imtahanlarından heç birini verə bilmirdi. Bütün bunlar isə şizofreniyanın ilkin mərhələsini xarakterizə edən tipik hallar idi. Bundan başqa, o, bir-birinə uyğun gəlməyən müxtəlif sahələrə maraq göstərirdi (riyaziyyat, rus ədəbiyyatı, Şərq xalqlarının dilləri, rus və dünya tarixi, zoologiyanın quşlardan bəhs edən hissəsi -  ornitologiya). Sonralar o, Peterburqda oxuduğu fakültəni tez-tez dəyişib başqasına keçirdi, axırda da universitetdən xaric edildi. Daha sonralar isə Rusiya hüdudlarında dolaşmağa başladı. Ç.Lomborzo belə bir sərgərdanlığı ruhi xəstə olan dahilər üçün səciyyəvi hesab edirdi (1998).

Bəs "mücərrəd dünya dili" axtarışı hansı nəticələri verdi? Xlebnikovun "Bizim söz" məqaləsindən bir neçə fikrini misal gətiririk:

"Əlifbanın hər hərfi bir məna daşıyır. Mücərrəd dil öncə iki şərti özündə birləşdirir. İlk samit bütün sözü idarə edir, yerdə qalanına göstəriş verir. Məsələn, L hərfi kəsişən yollarda hərəkət xətti üzrə uzadılmış cismin iki ölçülü keçididir".

"Əgər bütün sözləri "Ç" hərfiylə yaratsaq, bu zaman qalan səslərin hamısı bir-birini məhv edəcək, həmin sözlərin mənası isə təkcə "Ç"-dan ibarət olacaq. "Ç" ilə başlayan sözləri müqayisə etdikdə görəcəyik ki, bir cism başqasının daxilində yerləşir... "Ç" qabıqdı..."

Bunları şizofreniya prosesindən kənar olan kimsə anlaya bilərmi? Psixiatriyada isə düşüncənin buna bənzər pozuqluğu daim nəsihət vermək istəyi - çürükçülük, yəni heç bir nəticəsi olmayan mühakimə adlanır. Bu hal isə ruhi nasazlıqları olan insanlar üçün xarakterikdir.

Yeri gəlmişkən, şair özünün vahid dünya dili axtarışlarında - təbii ki, sərsəm ideyasında - tam ciddi idi. İnqilabdan öncə nazir Narışkinə "Lüğətin genişləndirilməsi barədə"  tələbnamə xarakterli məktub da göndərmişdi.

Xlebnikov ancaq xəstələrin anlaya biləcəyi müraciətlə nəticəni və ya ibarələri birləşdirəndə  ruhi pozğunluğu səciyyələndirən paralogizm düşüncəsinə açıq-aydın qapılırdı. Nümunə üçün "Heyvanxana" (1909, 1911) şeirindən bir neçə misraya baxaq:

Süvaridən omayan donqası iri dəvənin 

bütpərəstliyin müəmmasını bildiyi

və Çinin nazını gizlətdiyi yerdə,

çiçəkləmiş geniş daşın qorxusu

            ancaq maral olduğu yerdə

insanların geyimləri qırışdığı yerdə

insanlar qaş-qabaqlı, dalğın getdiyi yerdə...

Yaxud başqa bir misal (yazılma tarixi məlum deyil):

...Gecənin səltənəti - Çingizxan!

...Gecənin şəfəqləri - Zərdüşt.

Mavi səma isə - Motsart...

1919-cu ildə V.Y.Anfimov şairlə söhbət zamanı "assosiativ eksperiment" keçirmişdi, bu zaman sınağa çəkilənə təklif olunmuşdu ki, təklif edilənlərin izahını fikirləşmədən, dərhal ağlına gələn sözlərlə bildirsin. Xlebnikovun düşüncəsinin özünəməxsusluğunu göstərən həmin eksperimentin nəticələrindən bəzilərini misal çəkirik:

Tufan - sürətlə uçan qırmızı zolaqlı fincan.

Moskva - nişangah, kütlənin edam yeri.

Mərmi - idrakın vahid mərmisi.

Qasırğa - qaçır, qov.

Ancaq onun bu cür qəribə assosiasiyalı cavablarıyla yanaşı, canlı təxəyyüldən xəbər verən "adekvat" cavabları da olunmuşdu ("Arxa- yaralılarla dolu vaqon"). Bu patoloji və normal dəyişmələr fenomeni üzərinə biz sonra qayıdacağıq.

Budur, Xlebnikovun özü öz assosiasiyalarını necə deşifrə edir. O, yaşıl ağaca  "vao-veya",  tünd gövdəyə "nijeotı", göy üzünə "mam-emi", buludlara "mam və emo" deyir...

Ədəbiyyatşünaslar belə bir təzahürü fonetik-semantik kontaminasiya  kimi izah edirlər. Psixatriayaya məhəl qoyulmaması heyrət doğurur!

Yuxarıda adı çəkilən məktubda Xlebnikov Narışkinə "Rəqəmlərin mahiyyəti və gələcəyi öncədən görmək üsulları haqda oçerk" təklif edirdi. Şairin bu mühüm ideyası üzərində dayanaq. Unutmaq olmaz ki, o, öz hesablamalarının köməyi ilə öncədən Oktyabr inqilabının baş verəcəyi ili demişdi.

Sanki bu fakt onun üzərindən psixi pozğunluq yarlığını götürür.

1915-ci ildə şair 317 rəqəmini insanların, xalqların taleyində mühüm rol oynadığını bəyan etmişdi. O, hesab edirdi ki, zəmanənin ideal dövlətlərini 317 sədr idarə etməlidir.

V.Y.Anfimov onun 317 rəqəminə həsr etdiyi şeiri nümunə çəkir (onun tapşırığı ilə yazılmış "Ay işığı" poemasından).

... və budur mənim

düşüncəmdən doğursan sən

müqəddəs 317 rəqəmi,

ona inanmayan

buludların arasından doğursan.

"Lya" simi saniyədə

435 dəfə titrəyir, ürəyin döyüntüsü isə

dəqiqədə 70 dəfə  -  317 dəfə çox...

Petrarka sevgilisinin şərəfinə

317 sonet yazmışdı.              

1914-cü il Almaniya qanununa görə

donanmada 317 gəmi olmalıdı.

Mədinəyə Milad yürüşü

            (Susima) 1588-ci ildə olmuşdu -

Sidoniyaya dəniz yürüşündən  317 il əvvəl idi -

Yəni ingilislər 1588-də,

    Yaponlar 1905-ci ildə etmişdilər hücumu.

Alman imperiyasının özülü

            1841-ci ildə qoyulmuşdu  -

Miladdan 31 il öncə özülü qoyulmuş

Roma imperiyasından  6 x 317 il sonra.

Puşkinin evliliyi

nişanından 317 gün sonra baş tutmuşdu...

Bu, artıq neologizm təzahürlü ilk şeirlərin meydana gəlməsindən 7 il sonra - 1915-ci il idi.

Həqiqətən də müəllifin düşüncələrinin dağınıq və məntiqi əlaqələrdən məhrum olduğu görünmürmü yəni? Amma düşüncənin rabitəsizliyi şizofreniya prosesinin çox sonrakı simptomlarıdı, bu, dərin qüsurların formalaşması mərhələsidi, daha çox məntiqi səhvlərdən doğan nəticələrin nümunəsidi.

1915-ci ildə Xlebnikov "Yer kürəsinin sədri" elan edilir. Bu zarafatyana bəyanatı yaymaqla Sergey Yesenin və Anatoliy Marienqof məşğul olmuşdu. Əslində, bu, ağır xəstə olan, bədbəxt bir insanı ələ salmaqdan başqa bir şey deyildi və o, bu bəyanatı tam ciddi qəbul edirdi. 1917-ci ilin 23 oktyabr tarixində o, Müvəqqəti hökumətə məktub yazaraq onu devrilmiş hesab etdiyini bildirmişdi (real çevrilişdən iki gün öncə). Məktubu "Yer kürəsi sədri"nin adından yazmışdı. Xlebnikova sonrakı dönəmlərdə aid olan ifadələrdən də ("bəyannamələrin" nəticəsi kimi) nümunələr verilir:  "Yer kürəsi sədrinin bayrağı hər yerdə mənimlədi..." və ya "Mən Yer kürəsini sağ əlimin çeçələ barmağında gəzdirirəm" (V.Domil - 2007). Bunlar olduqca mənasız və açıq-aydın sərsəm böyüklük  ideyalarıdı. Doğrudur, bunlar Xlebnikovun davranışlarında onun autizmi üzündən öz əksini az tapırdı, bu barədə isə biz bir qədər sonra söhbət açacağıq.

Şair ömrünün son ilinə qədər (1922) zaman qanunlarını hesablamaqla məşğul oldu və esseyə bənzər "Tale lövhələri" adlı nəsə çap etdirdi.

İndi isə Xlebnikovun çılğınlığı haqda: o, özünəməxsusdur və şeirləri tamamilə bu hissə bürünmüşdür. Həyatdakı durumuyla bağlı isə psixiatrik qeydlərə nəzər salaq (A.V.Şuvalov - 1995; V.Domil - 2007).

Bir dəfə Xlebnikov dostu Dmitri Petrovskini çölün düzündə ölümlə baş-başa qoyaraq onu tərk edir. Sonralar Petrovski yazırdı: "Çöl, şoranlıq... Hətta içməyə su da yox idi. Mən xəstələndim. Hərarətim yüksəldi. Bu, malyariya idimi, yoxsa məni hansısa bir həşərat dişləmişdi - bilmirəm. Boğazım şişmişdi, otluqda uzandım və huşumu itirdim...

Özümə gələndə gecə sona yetirdi. Təmiz hava vardı. Ötən səhəri və üzərimə əyilmiş Xlebnikovun surətini dumanlı xatırlayırdım... Bu cür yalqızlığa öyrəşmədiyimə görə canımı bir qorxu bürüdü. Güclə toparlandım, gərginlik içində iradəmə söykənib ayağa qalxdım və xeyli yol keçdikdən sonra gəmiylə Həştərxana gəldim.

Mən ona baş çəkəndə Xlebnikov oturub yazırdı.

- Bəs siz ölməmisiz? - O, sevincək halda və təəccüblə soruşdu. Və əlavə etdi: - Məncə, rəhm gərəksiz bir şeydi. Mən kəşf etmişəm ki, çöl ölü duasını insanlardan daha yaxşı oxuyur".

Bənzər qeydlər Valentin Katayevin "Mənim almaz çələngim" adlı essesində də yer alıb. Amma izahı verilmir. Qeyd edək ki, həyəcan keçirmək qabiliyyətinin olmaması şizofreniya xəstələri üçün səciyyəvi haldır. Bu, qədərindən asılı olmayaraq olduğu mühitə, çevrəsindəkilərə etinasızlıqdı, həm də özünəqapılmadır - yəni, autizm. Bu isə Xlebnikovun öz xarici görünüşünə, geyiminə, hətta yazdığı şeirlərin taleyinə biganəliyində  autizm özünü göstərirdi. V.V.Mayakovski onun patoloji pintiliyi, intim yerində deşik olan paltarı, insanın yaşamağı üçün yaramayan mənzili haqda yazırdı: "Onun otağı xırda xətlə yazılmış, müxtəlif ölçülü vərəqlərlə doluydu. Xlebnikov balışüzünü də həmin kağızlarla doldurmuşdu və elə ona da baş qoyub yatırdı. Tez-tez yaşayış yerini dəyişdiyinə görə içi əlyazmalarıyla dolu yastığını itirirdi. Yazdıqlarını çap etdirmək ona müyəssər olmurdu.  Çap işini onun əvəzinə dostları edirdi. Burlyuk və Kamenski şeir parçaları olan kağızları bir-birinə yapışdıranda çox vaxt mətnin əvvəlinin harda, sonunun harda olduğunu bilmirdilər. Bu tipli montajların Xlebnikovun şeirlərini necə əks etdirdiyini söyləmək çətindi. Şairin özü isə bu məsələyə kifayət qədər sakit yanaşırdı. Görünür, onun üçün heç də son nəticə deyil, yazı prosesinin özü önəm daşıyırdı".

Korney Çukovski isə şairi belə xarakterizə edirdi: "Xlebnikovun hay-küylü kampaniyalarda bir kəlmə belə danışmadan saatlara oturmaq kimi güclü bacarığı vardı. Sifəti ölü üzü kimi solğun olardı, sanki tükü də tərpənməzdi, deyərdin ki, dərin xəyallar içindədi. Elə bil, unutduğu nəyisə xatırlamaqdan ötrü ümidsizcəsinə əzab çəkirdi. Ətrafdakılardan o dərəcədə təcrid olurdu ki, onu bu məqamda dindirməyə kimsə ürək etmirdi".

Xlebnikovun güzərana uyğunlaşmaq bacarığının olmamasını  1918-ci ildə baş vermiş adi bir epizoddan da görmək olar: dostları onun ilk seçilmiş əsərlərini hazırlamışdılar və yalnız şairin özünün yazacağı giriş sözü qalmışdı, bu zaman o, heç kimə xəbərdarlıq etmədən çıxıb Xarkova getmişdi. Gözlənilməz yerdəyişmələr etmək, gəzib-dolaşmaq ona xas idi. Dəfələrlə piyada, ac və yarıçılpaq şəkildə Xəzər sahili boyunca səfər etmişdi. Bir dəfə də  Jeleznovodskdan Pyatiqorska piyada getmişdi (1918). Onun yalqızlıq istəyi, buna ehtiyac duyduğu üz-gözündə davranışında  aydın şəkildə ifadə olunmuşdu.

V.Y.Anfimov Xlebnikovun tibbi bioqrafiyasında "onun mövcudluğunda seksual həyatın rolunun cüzi olduğu"nu aşkar etmişdi. Bu, həmçinin şizofreniya xəstələri çevrələrində xarakterik haldır.

Ruhi xəstəlik güclənirdi: bu, sabit durum deyildi, şəxsiyyətin aşınmasında da belə olur (V.Y.Anfimovun fikirlərinin əksi olaraq); psixi pozğunluq dərinləşirdi. Neologizmə qapılmaq, "yeni sözlərlə", "dünya dilini birləşdirmək" kimi kifayət qədər mənasız fikrə söykənmək, psixatriyada "islahatçılığın gülünc ideyaları" adlanır. Daha sonra, "sehrli" 317  rəqəmi ilə "vaxtın qanunlarının hesablanması" mənasız və sərsəm bir ideyadı və autizmin  artmasına təkan verir. Bu zaman yalnız şeir yaradıcılığına cəhdlər qalır. Onun həyatının son ilində (1922) yaradıcılığının zəiflədiyini iddia edən bəzi müəlliflərin dedikləri sübuta yetməyib.

Xlebnikovun gəncliyində və 1920-ci ildəki müasirlərinin kənardan müşahidələrindən doğan təəssüratları müqayisə edək (A.V.Şuvalovun məqaləsindən).  Gəncliyində: "Demək olar ki, yoldaşları yox idi. Bir küncdə əyləşir, bütün gecəni bir kəlmə də danışmır, əllərini ovuşdura-ovuşdura gülümsəyirdi..." 1920-ci ildə: "Əyninə nə geyindirirdilərsə, xaotik bir görkəm alırdı. Çəkmələrinin qaytanları beşincidən onuncu deşiyə gedib çıxır, dolaqları topuğunun üstə sürüşüb düşürdü. O, qeyri-təbii görünüşündən qətiyyən utanmırdı. Elə bil hissiyatı yox idi, üzündən laqeydlik yağırdı... "

1922-ci ilin yayında şair Novqoroda piyada yollandı (40 verst), yol boyu yalxı torpağın üstündə yatırdı. Öskürəyi artdı, sonra "ayaqları tutuldu", bədəni  şişib yara tökdü. İyunun 28-də, 37 yaşında dünyasını dəyişdi, ölüm öncəsi ağır hallüsinasiya yaşadı. Dostu, rəssam Mitruç onun qəbri üstündə xaç inşaa etdi və üstünə "Yer üzünün sədri" yazdı. Müasirlərindən, o cümlədən qələm əhli olan kollegiyalarından yuxarıda deyilənləri təsdiqləyən, onun psixikasıyla bağlı bir çox təsvirləri misal gətirmək olar. Amma deyilənlər kifayət edir ki, şairin yaradıcılığı, ümumiyyətlə, bütün ömrü psixopatoloji analizlərin predimetinə çevrilsin, daha doğrusu, bu çözüm, araşdırma olmasa, onunla bağlı heç nəyi dərk etmək mümkün deyil.  Biz uzun müddət diaqnostika üzərində israr etməyəcəyik: Xlebnikovun təfəkküründə, sosial aktivliyində və emosiyalarında tədricən artan qüsur  -  şizofreniya prosesi müşahidə olunurdu.

Onun poemaları, şeirləri, nəsri bir ruhi xəstənin yaradıcılığından xəbər verir. Amma bu ruhi xəstə dahidi....

Bu gün mən yenidən gedəcəm

Oraya - həyata, ticarətə, bazara...

Və mahnıların qoşununu aparacam

bazarın ləpədöyəniylə təkbətək döyüşə!

1914, bu şeir Mayakovskini xüsusilə heyran etmişdi

Ey, başları küləkli

                      cavan tacirlər!

                       Əynimdə Puqaçov kürkü

Gəzirəm Moskvada!

Biz gerçəyimizi

Ona görə ucalara qaldırmamışıq  ki,

Köhlən ata minib

kimlərisə ələ salıb gəzək!

Düşmənin ucuz qanı

ona görə axıdılmayıb ki,

alverçilərin əlləri

mirvari dənləsin içindən...               

"Soyğunçuluq etməmək" - 1922

Nağıllara qabaqcadan inanıram,

Nağıl olan unudulur.

Növbə mənə yetəndə

Ətim toza dönəndə,

Kütlələr aparanda

Bayraqları bir ucdan

Oyanacam bax o zaman,

Darıxacam tozlu kəllə sümüyümlə...

"İran nəğməsi" - 1921                       

Mən bütün cənabları gətirərdim,

tanıdardım dəri soyulan yeri.

Sonra boğazlarına

Bir-bir bağlayardım kəndiri.

Sonra mələfələrimi yaxaladıqca

yaxalayıb günə sərərdim.

Sonra cənabları

Yuduqca yuyub

təhvil verərdim...

"Camaşırçı qız",  "Bu gün" poemasından - 1921

Nəyə görə Xlebnikovun xəstəliyi ilə bağlılığı olmayan dahi şeirləri və xəstəliyinin diktə etdiyi son dərəcə bədii, həm də yüksək patoloji yaşantıdan doğan nəzmləri bir-birinin ardınca sıralanır? Nəyə görə autizm şairi ölkədə baş verənlərlə canlı ünsiyyətə meyilləndirir (Yeni iqtisadi siyasət,  Volqaboyunda aclıq və sair)? Nəyə görə şeirləri emosiayalarla dolu olduğu halda, özünün insanlarla ünsiyyət qabiliyyəti yoxdu?

Bunların mahiyyətini şizofreniyanın xüsusiyyətlərini biləndə dərk etmək olur. Şizofreniya  zamanı psixikanın iflası geniş miqyaslı olmur - bu, hələ nə təmiz inkar və nə də tam sıradan çıxma deyil (qocalıq psixozlarında və ya sətəlcəmdən beyində iltihab prosesləri baş verəndə, ya da ki, ağır beyin zədələnmələrindəki kimi). Ruhi pozuntu baş verəndə, sanki  birləşməsi mümkün olmayan yaşantılar, - heç bir əlaqəsi olmayan düşüncələr, həlli çətin olan məsələlər və onlara nüfuzetmələr bir araya gəlir. Biz xəstələri psixotrop vasitələrin tətbiqinə - "aminazin erası"na qədər müşahidə etmişik: dəhliz boyunca yeriyən səliqəsiz, dağınıq görkəmli, susqun pasientlər mürəkkəb şahmat məsələləri həll edirdilər... Və emosional sferanın pozuntuları çoxmənalıdır, bu, qlobal laqeydlik deyil. Bizə öz doğmalarıyla və tibbi personalla ünsiyyətə laqeyd olan pasiyentlər rast gəlirdi, amma belələri hansısa bir məktəbli yoldaşının ölüm xəbərini eşidincə göz yaşları axıdırdılar. Adlı-sanlı psixiatrlardan biri olan E.Kreçmerin (1995) müşahidələrindən misal çəkək:  "Xəstələr (şizofreniya xəstələri) təkcə hədsiz həssaslıqları və ya soyuqluqlarıyla deyil, eyni zamanda həm də hər iki hissə malik olmalarıyla fərqlənirlər".  Bu deyilənlər Xlebnikovun da davranışlarında müşahidə edilir.

Bəs onda yaradıcılıqla xəstəliyin əlaqəsi necədi? Ruhi pozğuntu prosesi onun yaradıcılığına, həm də bütün həyatına nüfuz etmişdir. Amma Batyuşkovda və ya Qoqolda olduğu kimi, yaradıcılığını məhv etmir, Tassodakı kimi zədələmir, epilepsiya xəstələri və ya şəxsiyyəti deqradasiyaya uğrayanlar sayağı əsərlərinə əlavə ştrixlərlə "bəzək-düzək" vurmur. Bu cür "xəstəliklə yaradıcılığa nüfuzetmə" Xarmsda və Nervalda da müşahidə edilib.

Bu hansı dövr idi ki, ruhi xəstənin ifadələri və ideyaları təntənəylə qəbul edilir, özü "fövqəldahi" sayılır, yaratdığı "məktəbdə" isə başqa bir ruhi xəstə "oxuyur" (D.Xarms)? Bizcə, bu, cəmiyyətin maksimum "bulanıq" dövrüydü. A.V.Lunaçarskinin sərrast ifadələrlə zəngin qeydlərini misal gətiririk: "Dayanıqlı dəb və məişət epoxası psixopat ifadəçilərə ehtiyac duymur. Əgər belə bir vaxtda xəstə ağzını açarsa, hətta onu... klinikaya göndərərlər. Mədəniyyət və məişət münasibətlərində qərarsız olan dövrlərdə… tarix zərbəni məhz qeyri-normal, patoloji şəxsiyyətlərə vurur". Belə dövrlərin sırasında inqilabdan sonrakı Rusiya da yer alır, əlbəttə, həm də təkcə o yox. Hüqonun "Doxsan üçüncü il" romanında Yakob Konventi  barədə oxumaq faydalıdır. Patalogiyanın əsl təntənəsidir! Yeri gəlmişkən, yakobçular ruhi xəstə (şizofreniya xəstəsi) Russonun ideyalarından ilhamlanırmışlar. Eləcə də Almaniya, intizamlı və mədəni ölkə Hitlerin ideyalarıyla çalxalanıb-bulanmışdı, yeri gəlmişkən o da dəfələrlə psixi tədqiqatlar predmetinə çevrilmişdi (məsələn, A.Liçko tərəfindən). Nürinberq məhkəmə prosesində fürerin bəzi silahdaşları, o cümlədən, yaxın köməkçisi Hess də psixiatriya ekspertizasına cəlb edilmişdilər. 

Düşünmürük ki, Xlebnikovun əsərləri sabit dönəmlərdə unudula bilərdi. Amma daha çox, ədəbiyyat aləmində dəfələrlə olduğu kimi, ölümündən xeyli sonra məşhurlaşardı.

Tərcümə etdi:
Zahid Sarıtorpaq


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!