1
20 iyul 1943
Əziz Boris Leonidoviç!
Məktubunuz mənim üçün gözlənilməz sevincə səbəb oldu. Qəribədir ki, biz heç zaman yazışmamışıq, elədirmi? Sizi kitabınızın1 uğur qazanması münasibətilə təbrik edirəm. Onu görmək istərdim. Natalya Aleksandrovna Vişnevskaya2 sizə mənim haqqımda danışacaq.
O, sizin şeirlərinizi olduqca gözəl oxuyur, hələ onun səsini demirəm! Sağlıqla qalın.
Sizin Axmatova
1. 1943-cü ilin iyununda B.L.Pasternakın "Vaxtsız qatarlar" adlı şeirlər kitabı işıq üzü görmüşdü.
2. Natalya Aleksandrovna Vişnevskaya -
aktrisa, qiraətçi
2
29 noyabr 1952
Əziz Boris Leonidoviç, mən Moskvaya gələndə Nina1 mənə sizin xəstəxanada olduğunuzu dedi. Mənə belə gəldi ki, mənim Moskvadakı mövcudluğumun mənası yoxa çıxdı. Küçələr, görüşlər, insanlar isə marağını itirərək, dumana büründü. Bundan o tərəfə möcüzə ola bilərmi?
Əziz dostum, 51-ci ilin yayında mən də o uzun xəstəxana yolunu keçmişəm2 və bilirəm ki, bu nə qədər darıxdırıcı və çətindir. Amma Lozinski düz deyir: xəstəxananın da öz gözəlliyi var. Ümid edirəm , 52-ci ilin gəlişi ilə sizin xəstəxana hesabatınız da tamamlanar və hər şey yenidən əvvəlki qaydasına dönər: qarlı Moskvaətrafı da, musiqi də, yaradıcılıq da, dostlar da.
Hamı sizin haqqınızda soruşur, sizi gözləyir. Nemçinova sizin Şekspirə heyrandır. Bildiyiniz kimi, Qostlitizdat onu yenidən nəşr edəcək.
Mən isə hamıdan eşidirəm: Pasternak Çexovu oxuyur.
Özünüzü qoruyun, Boris Leonidoviç. Sizi tezliklə görəcəyimə ümid edirəm. Moskvaya gəldiyim ilk gündən bəri fikrimdə sizə yazdığım bu məktub belə qısa alındı. Siz epistolyar üslubun sənətkarısız- məni qınamayın, axı mən heç kimə, heç zaman yazmıram.
Sizin Anna Axmatova.
Sizi xəttimi araşdırmaqla yormamaq üçün, məktubu çap maşınında yazmışam.
1. Nina - Nina Antonovna Olşevskaya
2. Axmatova özünün ilk infarktını və uzun müddət xəstəxanada yatmasını nəzərdə tutur.
Anna Axmatovanın
İosif Brodskiyə məktubları
1
20 oktyabr 1964
İosif.
Sizinlə gecə-gündüz etdiyim sonsuz söhbətlərə əsasən baş verən və baş verməyən hər bir hadisə haqqında bilirsiz.
Baş verənlər:
Budur, artıq şöhrətin
ən yüksək həddindəyik.
Amma şeytanın səsi
xəbərdar edir bizi.
Baş verməyən:
Dan yeri sökülür - Qiyamət yaxınlaşır.
Mənə sağlam olacağınıza söz verin. Yer üzündə isitqaclardan, iynə və yüksək təzyiqdən pis heç nə ola bilməz və hər şeydən pisi isə bunlara laqeyd yanaşmaqdır. Sağlam olduğunuz təqdirdə önünüzdə aydın yollar, sevinc və şeirlərinizi oxuyan hər kəsi valeh edən təbiətinizlə müqəddəs bağlılıq yaranır.
Anna
2
İosif!
Sirakuzdan şamlar. Sizə az qala Prometeydən oğurladığım qədimi alovu yollayıram.
Mən Komarovada, yaradıcılıq evindəyəm. Köşkdə Anya və müşayiətçiləridir. Bu gün ora getdim, bizim sizin silsilə şeirləriniz və musiqinin müşayiətilə keçən son payızımızı xatırladım.
Və yenidən xilaskar sözlər aşkara çıxdı: "Əsas niyyətin böyük olmasıdır".
Sizinlə növbəti sarsıntımı paylaşmaq istəyirəm. Mən həsəddən dəli olmaq üzrəyəm. "Dünya ədəbiyyatı"nın 12-ci sayında Keon Filipenin "İstintaq"ını oxuyun... Mən orada hər bir sözə, hər bir intonasiyaya həsəd aparıram. Maraqlı adam! Tərcüməçi də başqa aləmdi. Mən hələ bu cür sənətkarlara rast gəlməmişəm. Mənə mərhəmət edin.
Bəlkə Eliotun ölümünə yazılmış şeirlər də yaxşıdı, amma nədənsə mən onlara həsəd aparmıram. Əksinə, onların varlığı haqqındakı düşüncədən xoşhal oluram.
Sizin teleqramı indi aldım. Sizə minnətdaram. Mənə elə gəlir ki, mən bu məktubu lap çoxdan yazıram.
Anna
15 fevral 1965
Komarovo
3
Əzizim, İosif!
Mənim sizə göndərmədiyim məktubların sayı hissedilmədən artdığı üçün sizə həqiqi, həm də real hadisələrə əsaslanan məktub göndərməyi qərara aldım (zərfdə, marka yapışdırılmış, ünvan qeyd olunmuş) , hətta özüm də çaşdım.
Bu gün yayın canı olan Petrov günüdür. Hər tərəf parlayır və daxildən işıqlanır. Müxtəlif illərin Petrov günlərini xatırlayıram.
Mən köşkdəyəm. Quyu xırtıldayır, qarğalar qışqırır. Sizin məsləhətinizlə gətirtdiyim Persellanı ("Didona və Eney") dinləyirəm. Bu, o qədər mükəmməldir ki, haqqında danışmaq olmaz.
Sən demə, biz İngiltərədən qəzetlərin yazdığı qasırğa fəlakətindən sonra çıxmışıq. Bunu bildikdə mən başa düşdüm ki, vaqonun pəncərəsindən Fransanın şimalının bu qədər vahiməli görünməsinin səbəbi nədir. Və düşündüm: "Səma sanki böyük döyüşdən sonrakı vəziyyətdədir" (gün isə Vaterloonun ildönümü günü imiş, bunu Parisdə dedilər. Qara vəhşi buludlar bir-birinə hücum edirdi, bütünlüklə yer üzü boz bulanıq su ilə örtüldü, çaylar, sellər, göllər məcrasından çıxdı. Sulardan daş xaçlar görünürdü- orada çoxlu qəbiristanlıq var və sonuncu müharibədən qalan məzarlar. Sonra Paris qızmar və tanınmaz oldu. Sonra geri dönüş, bircə Komarovoya tez çata bilsəydim. Sonra Moskva və platformada hər kəs əlində çiçək, hər şey gözəl yuxudakı kimi... Sizdə ağcaqanadlar yoxa çıxdımı? Bizdə artıq yoxdu.
Biz Tolya ilə Leopardinin tərcüməsini bitiririk. Bu müddət ərzində isə şeirlər hardasa uzaqlarda gəzişir, öz aralarında səs-səsə verərək və mənimlə möcüzəli parıltısının göz oxşadığı Smolnı kilsəsinə heç kim getmir. Sizin ötən ilki sözləriniz isə öz qüvvəsində qalır: "Əsas niyyətin böyük olmasıdır".
Teleqrama görə minnətdaram-antik üslub sizdə əla alınır, epistolyar janrdakı kimi. Elə rəsmlərinizdə də vəziyyət eynidir, mən onları görəndə həmişə Pikassonun "Metamorfozlar"a çəkdiyi illüstrasiyaları xatırlayıram.
Kafkanın gündəliklərini oxuyuram.
Mənə yazın.
Axmatova
P.S. Zənnimcə, mənim Harri ilə görüşüm xoşunuza gələrdi. Onun arvadı gözəl insandır.
Bu isə tamamilə unutduğum və itirdiyim dördlükdür, kağızlarımın arasından çıxdı.
Gözlərin çılğındır
Sözlərin soyuq.
Sevgi etirafıdır
Görüşdən qabaq.
Bəlkə bu, "Proloq"dandı?..
Rus dilindən tərcümə etdi:
Xatirə Nurgül
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!