III yazı
Cavanşir YUSİFLİ
Bir müddət əvvəl, indi şeiri haqqında danışacağımız şair TV-də çıxışında ilk baxışdan mənə qəribə gələn bir fikir söylədi və dərhal başqa bir mövzuya keçid elədi. Dedi ki, ötüb keçmiş ömürlə bağlı iki şeyi həmişə xatırlayıram, bir uşaq və bir yaşlı adam. Hardasa çadır, mağar qurulub, bəlkə də kiminsə yasıdır, bilmirəm, adamlar yığışıb, uşaq oğrun gözlə baxıb ağlayır. O yaşlı adamı da xatırlayıram, ağlamasını, doluxsunmasını anlayıram. Ancaq nə illah eləyirəm, o uşağın niyə kövrəldiyini, ağladığını heç cürə anlamıram, göy üzünün buludlarının onun üzündə, gözlərində nə işi vardı? Partlayışlar nəticəsində günəşin çöhrəsində (üzündə) qaz ləkələrinin püskürtü izləri qalır. Poetik məkanda başqa bir dilin, həm də kimsənin tanımadığı, bilmədiyi bir dilin axtarışında olanda şübhəsiz ki, dəyişirsən, təbiətdə külçə şəklində olan şeyləri başqa, çox fərqli gözlə görürsən. Poetik məkanın sərhədində bu "ləkələr" son dəfə və bütün parlaqlığı ilə sayrışır. Bu səbəbdən Malarmenin sözü həqiqətdir: "şair özünün nitq yoxluğunda yaşayır".
Belə bir mübahisəli mülahizə var ki, ədəbiyyatda dil bir yöndə, üslubsa (stil) başqa bir yöndədir. Müəllif hesab edir ki, üslub xüsusi obrazlılıq, xüsusi maneradır, yazıçının sözlüyüdür və bütün bunlar onun keçmiş həyatı, bu həyatın yoxuş və enişləri ilə bağlıdır. Başqa bir müəllifə görə isə üslub, eyni zamanda, keçmişin, indinin və gələcəyin şırımları ilə bağlı olub dillə oyundur. Əslində, vəziyyət necədir? Yuxarıda dediyimiz kimi, əgər poeziya mahiyyətcə hələ danışmadığım, bilmədiyim dilin axtarışıdırsa, üslub gözlərin açılmasının (qəflətdən), "ayılıb başa düşməyin" ifadəsindən (tam ifadə eləməsə də, üsulundan deyək) başqa bir şey deyildir.
Fikrimizcə, yuxarıda misal çəkdiyimiz əhvalatda o gözləri dolmuş uşağın yanında ola bilmək üçün aşağıdakı şeiri (Çingiz Əlioğlu, Sonuncu quyunu qazırıq dosta) oxumağa dəyər.
Əbədiyyət
beş addım torpaqdı, -
qara, nəmişlik...
Taledən, ümiddən,
qismətdən kəsib,
biz ora nə qədər
qurban vermişik...
...Sonuncu quyunu qazırıq dosta...
Alıb öz payını
göz yumur torpaq.
Sən orda əbədi
sönmüş bir oda,
burdasa cücərmiş yaşıl ota bax...
... Dəfn edib,
dəfn edib, dostu, doğmanı,
dəfn edə bilmirik, kədəri, qəmi.
Qəbiristan yanından
ötən lal çayın
sakitcə görkəmi,
bir də ki, göyün
təmiz dərinliyi
bizə qahmar çıxır,
olur təsəlli...
Bu şeir, Çingizin bütün yaradıcılığı fonundan ayrı, yaxud fərqli olduğu üçün seçmədik, bir fərq yoxdur, fikrimizcə, ola bilər əvvəlki qənaətləri ilə ziddiyyət təşkil etmir, əksinə indiyə qədər yazdıqlarının "unudulduğu məqamda" dirilən hissiyyatın bəlirtisidir. Hamı bilir ki, Çingizin şeirləri, intonasiyası zahirən sakitdir, hətta burda bəlkə, qəsdli bir sakitlik, diqqət çəkməmək xassəsi də olmamış deyildir. "Nitq yoxluğunda" təmkini saxlamaq, zahiri parıltıları söndürmək şübhəsiz ki, güc tələb edir. Ən mühümü iztirabın ifadəsidir. Daxilən keçirdiyin, yaşadığın iztirab şeirin dilinə çevrilibsə, bu dilə tam olaraq yiyələnibsə, üslub registrində bu hal ən müxtəlif tənasüblərdə paylanacaq. Sən o qədər şəxsi "düşünməlisən" ki, yaranan poetik parçada hər bir oxucu səni uzaqlaşdırıb burda öz dərdini, fəlakətini görə bilsin. Şeirdə iztirabın düyünləndiyi nöqtə yalnız birinci hissədə işarələnir və bir daha təkrarlanmır, poetik mətndə mühüm, son dərəcə kritik məqamın təkrarlanmaması ustalıqdır.
Sonuncu quyunu qazırıq dosta...
Bu işarə iki planda çıxış edir. Bir tərəfdən şübhəsiz ki, şeirdə ifadə olunan "təsvirə" ironik mövqedə durur, orda ifadə edilənləri vasitəli sual altına qoyur, onunla oynayır və dərinlərdə başqa mətləblərdən yeni cəbhə açır: sonuncu quyunu qazırıq dosta. Kim kimə quyu qazır? Mən bilirəm ki, bunu şəxsi planda yozmaq fəlakətdir, niyə? Yozan kimi, kimsə deyəcək: qazdığın quyuların ağzı açıq qalıb. Dilləşmə, mübahisə inciklik və umu-küsü səviyyəsində qövr edəcək. Birinci hissədə deyilənlər, ifadə olunan hisslərdə hələ yer üzünün izləri, cırmaqları var, dərd var, nigarançılıq, içdən səni dağıdan iztirab var, ömür keçdi deyə dillə ifadəsi mümkün olmayan ağrı var, ancaq o, təkcə misra da artıq şairin, yer üzünü tərk etdiyi, ordan ayrıldığı məqamı ifadə edir, nitq yoxluğudur və məhz buna görə adi gerçəklərlə ziddiyyət təşkil edir, həm də elə bir ziddiyyət ki, ömrün, ömürlərin qaçılmaz faciəsini, dilə sığmayan sözlərini göstərir. Sadəcə, göstərir, onları hansı kombinasiyada düzsən də, fikir yaranmır. Qənaət hasil olmur. Burda, bu tipli mətnlərdə hər bir misra yox, bütövlükdə mətnin mənası, bu mənalar arasında yaranan, usanmayan dil oyunu əsasdır. Məzmunun formaya, formanın məzmuna çevrilməsi aktı bu şeirdə qəribə şəkildə icra olunur. Çevrilmə anında həmin o gözləri dolmuş uşağın üzündəki buludlar danışır, bu dili anlamasaq da, kövrəlirik, dili sözdən yox, hissdən, duyğudan başa düşürük, musiqidə olduğu kimi.
Sonuncu hissə qəribədir ki, mətləbə yeni giriş təsiri bağışlayır. Başqa bir yöndən. Bu hissədə də əsas məna yükünün qırıldığı, bütün enerjinin üzə çıxdığı misra ayrıca yox, misraların arasında verilib. Baxın:
...Dəfn edib,
dəfn edib, dostu, doğmanı,
dəfn edə bilmirik, kədəri, qəmi.
Qəbiristan yanından
ötən lal çayın
sakitcə görkəmi,
bir də ki, göyün
təmiz dərinliyi
bizə qahmar çıxır,
olur təsəlli...
Bəli, "qəbiristan yanından ötən lal çayın..." sakitcə görkəmi... Birinci hissədə daha çox hüzn var (sonuncu ayrıca misranın "oyununu" çıxmaq şərti ilə), burda isə məhz hər şeyə rəğmən sakitliyin düşməsi, çökməsi, çayın şırıltı dilinin kəsilməsi, ölüb getsək də dilin içində yaşayacağımıza ümidi də bəlkə ifadə edir. Bəlkə də yox. Bu ikinci hissədə həm də daha çox oxucuyla ayrılaraq onunla ən sıx təmasda olmaq ehtirası var. Nüfuzedicilik. İnsanı sakitliklə həyəcanlandırmaq və sair. Çay - sirdir, onun lal məqamı dünyanın başdan-başa sirrə bürünməsi, sirlərin dünya üzərində lay-lay yığılması anlamına gəlir; digər tərəfdən isə bu iki bir-birinə əks anlamı eyni zamanda və eyni semantika içində ifadə edir. Çayın lallığı zamanın dayanması və digər tərəfdən, sadəcə, sürətin elə bir həddə çatmasıdır ki, hər şey bizdə dayanma təəssüratını oyatsın, ancaq, əslində, zaman, sadəcə, öz oxundan çıxıb, şair nitq yoxluğuna keçid edib, kiminsə odasına ölüm təşrif gətirib və o adam qəlbinin həyəcanını həmin o sakit və sirli çayın dilində ifadə edir.
Deyildi ki, bu poetik mətndə bir nüfuzedicilik var, biz anlamadığımız, indiyə qədər bircə sözünü eşitmədiyimiz bir dilin ağuşuna düşürük, qəribə hisslər keçiririk. Bir filoloqun fikrincə, "şeirlə qarşılaşanda içimdən keçən həyəcanlı hissləri gizlətmirəm, əksinə, onları mötərizədən azad edirəm, özüm üçün elə bir işarələr sistemini seçirəm ki, bunun təlqinedici magiyasını özümdə indiyə qədər maneəsiz-filansız hiss etmişəm" (J.Starobinski).
Şübhəsiz ki, burada mətnin immanent xarakteristikasından bəhs edilir. Yəni intensiyalar, kompozisiya, obrazlar, üslub, semantika, detalların qarşılıqlı münasibəti və sair. Məhz onların sayəsində bizim bədii əsərlə təmasımız yaranır. Başqa sözlə desək, "adi danışıqda, gündəlik həyatımızda hər bir insan hardasa danışdığı dilə bərabərdir. Poetik mətndə isə dil bizdən çox böyük və çox güclüdür". Ən yaxşı şeirlər, bizi ən mükəmməl şəkildə ifadə edən, hislərimizə, qəlbimizə toxuna bilən şeirlər bizim özümüzü də dilə çevirir. Şübhəsiz ki, nə qədər qəribə görünsə də, "şırıltı" (həyat, axar-baxar) anlamını yaddaşda cücərdən "çayın lal axması" ifadəsi mifdən gəlir, ən azından, mifdəki intensiyaları yada salır. Və biz susuruq. Əbədi.
Çingizin bu şeiri insanı susduran şeirdir.
Ancaq susmaq nədir?
Bir filosofun fikrincə, "müasir poeziya həmişə dilin qatili rolunda çıxış edir (ancaq indi başa düşüldüyü kimi, dili korlamaq mənasında yox-!), özü ilə susmanın hansısa konkret-hissi analoqunu bildirir. Poeziya mifin əksidir; mif - faktlar sisteminə çevrilməyi iddia edən semioloji sistemdir, poeziya isə - mahiyyətə qədər sıxılıb ixtisar edilən semioloji sistemdir". Başqa sözlə, poeziya işarəni mənaya qaytarır. Bu məna yaranan kimi, daha doğrusu, onlar dil oyununun çəmbərinə düşən kimi faktlar sıradan və dövriyyədən çıxır. Bu hadisə, yaxud mənzərə hər hansı klassik mətni, deyək ki, qəzəl mətnini oxuyanda tam fərqli şəkildə özünü göstərir. Tədqiqatçının fikrincə, müasir, modern poeziyada işarələr xaotikdir, klassik poeziyada isə əksinə, bu mənada dəqiq nizamlılıq var. Məhz mifə müqavimət göstərmədiyi üçün klassik şeirdə şərh bölməsində hər şey böyük bir mənanı hasil etməyə yönəlir. Ancaq xaotik işarələrdən hörülən müasir şeirdə bayaq vurğuladığımız kimi, mifə qarşı (şeirdə lal axan çayın "şırıltısı"...-!) kəskin müqavimət var, bu isə hardasa, haçansa təslim olacağının işarəsidir. Bir böyük məna doğulan kimi parçalanır, fraqmentlərə bölünür, səni dünyanın ən müxtəlif bucaqlarına göndərir, bəzən oralardan qayıtmaq da müşkülə çevrilir (anlaşılmazlıq-!), bu məqsədlə müasir şair həmişə hər şeyə təzədən başlayır, lap mifin ilk toxumlarının səpildiyi andan. Modern şair dünyanın sonundan gəlir, hər şeyi görüb və bilirmiş kimi, ancaq bu "biliklər" heç nəyə yaramır, dünyada tayı-bərabəri olmayan gözəlliyə işarə etmək üçün "biliksizliyə" çevrilir. Çingizin şeirində olduğu kimi.
Alıb öz payını
göz yumur torpaq.
Sən orda əbədi
sönmüş bir oda,
burdasa cücərmiş yaşıl ota bax...
... Dəfn edib,
dəfn edib, dostu, doğmanı,
dəfn edə bilmirik, kədəri, qəmi.
Qəbiristan yanından
ötən lal çayın
sakitcə görkəmi,
bir də ki, göyün
təmiz dərinliyi
bizə qahmar çıxır,
olur təsəlli...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!