"Bir topa açar" sənədli nağıl... - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Elşən Əzimə,

Azər Əlizadəyə - yaddaşımızın xatirinə 

Əhvalat Cəbrayılın bir kəndində vaqe olmuşdu. Araz qırağındakı bu balaca kəndə də erməni quldurlarının hücum edəcəyi xəbəri çatmışdı - qara şayiə batan gəmiyə su dolan kimi, bircə anda evlərə girdi...

Top-avtomat səsləri artıq lap yaxından gəlirdi. Kəndlər bir-bir boşalırdı. Ölkənin içərilərinə, Bakıya, Sumqayıta doğru köç başlamışdı. El-oba yerindən qopmuşdu. Əli-ayağı tutan qaçırdı. Yolların tozu maşın-araba əlindən ağaclara qonmağa macal tapmırdı...

İsa kişi isə ləngiyirdi. Yır-yığış eyləyən oğlu həyəcanlı səslə "A ata, nə oturubsan, kənd köçür", - dedi. İstədi oğluna desin: "Siz gedin, mən burda qalıram".

Özünü nə qədər sakit, təmkinli aparsa da, kənddəki təlaş, qara hay-küy onun da canına yerimişdi.

Gözünün qabağında neçə ilin yataq xəstəsi, yerindən tərpənə bilməyən Söyün kişini yorğan-döşəkli "Belorus"un lafetinə qaldırdılar. Yazığa yas tədarükü də görmüşdülər. Düz deyiblər: yatan deyil, yetən ölür.

Kəndin ağbirçəyi  Güllü arvadı nəvəsi mopedin tərkində, yanından şütüyüb keçdi və motorun uğultusunda qışqırırdı: "Ay nənə, belimdən möhkəm yapış ha, yıxılarsan!".

İsa kişi çardağın altından sacı, kirkirəni, kompot bankalarını zirzəmiyə daşıdı və qapısını kilidlədi.

Uşağın kolyaskasını gəlinin otağına saldı. Otağın qapısını bağladı.

İşıqları bir-bir söndürdü. Mətbəxdə qazı yoxladı.

Pəncərələrin pərdəsini çəkdi.

Tövlə qapısından da qıfıl asdı. Toya pul lazım idi, malı-qoyunu satdı. O vaxtdan kökü qapıdan kəsildi. Adətkar olduğundan hər axşam tövlənin qapısını kilidləyirdi.

Keçən il arvadının yasında şal bağladığı darvazanı da bağladı. Açarları pencəyinin cibinə qoydu.

Və kənddən çıxdılar.

Bakıda bir tələbə yataqxanasına yerləşdilər. Açarı köhnə, sınıq-salxaq kitab şkafının bir gözünə qoydu. Gəlin hərdən açarları uşağa verirdi oynatmaq üçün. O da ya çürük döşəmənin arasına salırdı, ya da pəncərədən çölə atırdı. Hər dəfə axtarıb tapdıqca gileylənirdi. "Ay bala, bu açarları bir gün itirəcəksiniz".

İsa kişi əlacsız qalıb açarları şalvarının boyründən, kəmərindən asdı.

Bir gün oğlu onu taksiyə mindirib Nardarana, bir bağa gətirdi. "Dostumun evidir", - dedi. Üçmərtəbəli ev, həyətdə hovuz, manqal, üzüm meynələri... Bir də dedi ki, "əsl sənin yerindir. Özüm də hər həftə gələcəm. Daha tualet dərdi də çəkməyəcəksən". Oğlu irişdi.

Ev yiyəsi də gəlib çıxdı. Maşının "bardaçok"undan bir topa açar çıxardı. İsa kişi - dedi, bax, bu silindir formalı açar evin açarıdır, bu iri dişli açar darvazanın, bu girdə açar hamamındır... Bu xaç şəkilli  açar isə sizin qalacağınız evin açarıdı. Həyətdəki ikiotaqlı balaca evi göstərdi.

İsa kişi 15 il bu evin həm bağbanı, həm də qarovulçusu oldu. Ev yiyəsi aradabir dostlarını başına yığıb kabab qonaqlığı verirdi. Yayda arvad-uşağı bağa gətirirdi.

İsa kişi bu evin açarlarına yaman öyrəşdi...

Yaz ağzıydı.

Araz boyunca Naxçıvana gedən avtobusu İsa kişi Xudafərin körpüsünün qənşərində saxlatdı. Viran qalmış kəndini tanıdı. Doluxsundu. Evini qara künc daşından tanıdı. Qəhər boğdu. Evi hadrutlu erməni ustasına tikdirmişdi. İndi evin nə qapısı vardı, nə pəncərəsi, nə də damı. Kafir dəmir darvazanı da aparmışdı. Allah bilir, qıfılı indi hansı dərədə, hansı kalafada pas atıb çürüyür? Zarafat deyil, neçə ildir ki, qışda üstünə qar yağıb, payızda qırov örtüb, yazda yağış nəmləndirib...

Kişinin gözünə qaranlıq çökdü. Qarşı tərəfdən bir qartal caynağında xaraba evin kölgəsini düz Xudafərinə qədər sürüdü. Arazdan meh qalxdı və bu tərəfdə bir atın yalmanında gizləndi. Birdən Araz iki yerə ayrıldı. İsa kişi suyu atlayıb o tərəfə keçdi. Qıfılı yolun içində tapdı. Açar deşiyindən xırda otlar cücərmişdi.

Handan-hana özünə gəldi. "Qapın bağlansın, fələk" - dedi. Göz yaşı axıb saqqalında özünə yol axtarırdı...

Açarları kəmərdən açıb Araza tolazladı.

İki İran əsgərinin ona yaxınlaşdığını gördü...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!