Türkün üzü çevrilməyəcək səmti-əməldən...Məhəmməd Hadi yaradıcılığının Cümhuriyyət dövrü - İslam QƏRİBLİ

 

Azərbaycanda azadlıq və istiqlal, milli mənlik düşüncələrinin bədii əksi Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) yaranan ədəbiyyatın başlıca ideya istiqamətini təşkil edir.

Cəmi 23 ay yaşayıb xalqa "qərinələrin sevincini daddıran" AXC dövründə yazıb-yaradan yazıçıların əksəriyyəti zəmanəsinin tanınmış qələm adamları, klassik Şərq, Avropa və Azərbaycan ədəbiyyatına, ictimai fikir tarixinə kifayət qədər bələd olan milli düşüncəli ziyalılar idi.

İstiqlala və milli suverenliyə xidməti özlərinin başlıca vəzifəsi hesab edən sənətkarlar zamanla ayaqlaşmağa çalışır, yeni quruluşu təbliğ və tərənnüm edən əsərlərini ən çox "Açıq söz", "Qurtuluş", "İstiqlal", "Bəsirət" və "Azərbaycan" qəzetlərində dərc etdirir, milli şüurun oyanışına və formalaşmasına imkanları daxilində xidmət göstərirdilər. "Müsavat" Partiyası və AXC-nin yaradıcılarından biri, tanınmış siyasi xadim, alim, jurnalist və yazıçı M.Ə.Rəsulzadə şair və yazıçıları millətin görən gözü, danışan dili adlandırır, milli ruhlu, bəşəri düşüncəli əsərlər yazmaq üçün onlara müraciət edərək yazırdı: "Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər! Millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təbliğ ediniz".

Həmin illərdə yazıb-yaradan sənətkarların əksəriyyəti, demək olar ki, bu amalla köklənmiş, əsərlərini bu ruhda yazırdılar. Ənənəvi mövzu və janrlarda olan əsərlərin yerini yavaş-yavaş yeni ideya, yeni məzmun, yeni formalarda olan bədii nümunələr tutmağa başlayır, vətən, millət, istiqlal, milli ordu, milli şura, türkçülük, turançılıq kimi mövzular baş və aparıcı mövzuya çevrilirdi.

Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri müasirlərinin "hürriyyət əndəlibi" adlandırdıqları Məhəmməd Hadidir.

Azərbaycanın Rusiya imperiyasının yüz ildən artıq davam edən dırnaqarası himayədarlığından qurtularaq öz müstəqilliyini elan etməsini sevinc və böyük ümidlərlə qarşılayan M.Hadi AXC dövründə "Azərbaycan" və "Bəsirət" qəzetlərinin səhifələrində həm odlu-alovlu şeirləri, həm də kəsərli publisistik yazıları ilə çıxış etmiş, duyğu və düşüncələrini mütəfəkkiranə tərzdə oxucuları ilə bölüşmüşdür. İdealına, yəni millətə xidmət amalına yaradıcılığının əvvəlindən sonuna qədər sadiq qalan M.Hadinin "Azərbaycan"da çıxan ilk əsəri birinci nömrədə çap olunan "Türkün nəğməsi", son əsəri isə 2 may 1919-cu ildə, 170-ci nömrədə dərc olunan "Kor soqqur" şeirləridir.

M.Hadinin oxuculara hər bəndin sonunda nəqarət kimi təkrarlanan:

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

- müraciəti ilə başlanan və bir marş, himn təsiri bağışlayan "Türkün nəğməsi" şeiri həcmcə cəmi on doqquz misradan ibarət olsa da, şair bu on doqquz misraya böyük bir kitaba sığacaq mənanı sığışdırmağa müvəffəq olmuşdur.

Birinci Dünya müharibəsinin iştirakçısı olan və dağıdıcı, bəşəriyyətə fəlakətlər gətirən müharibəni dönə-dönə lənətləyən, müharibənin onda oyatdığı təəssüratlar barədə romantik poeziyanın şah əsərlərindən biri hesab edilən "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poemasını yazan şair bu şeirində müharibəyə yeni bir qiymət verir. Rusiya imperiyasının dağılmasının birbaşa cahan savaşı və Rusiyanın bu müharibədə uduzması ilə bağlı olduğu qənaətində olan müəllif ələ düşmüş fürsətdən bəhrələnərək illər boyu arzusunda olduğu, uğrunda can və qan verdiyi azadlığını elan etmiş milləti qazandığı hürriyyəti qorumaq üçün birliyə və tarixin dərslərindən ibrət götürməyə çağırır. M.Hadi daxildən gələn qürur və cəsarətlə bəyan edir ki, türk qövmünün dörd ildə müharibə meydanlarında axıtdığı qan və verdiyi can öz məfkurəsi, istiqlalı uğrunda olmuşdur və bunlar nə hədər getməz, nə də unudulmaz. Zəfərini qan ilə qazanan türk milləti nə dəhşət, od püskürən dövlətlərin hədə-qorxularından, nə də "dəsti-əcəldən", ölüm və məhv olmaq təhlükəsindən zərrə qədər çəkinməz. Dünya təməlindən tərsinə çevrilsə belə:

Türkün üzü çevrilməyəcək səmti-əməldən,

Türklər geriyə dönməyəcək misli-əməldən.

Bu əməl isə türklərin hürr və azad yaşamaq eşqidir ki, bunu da "xuni-şəhidan" və "himməti-türkan" ilə əldə etmək olar. Artıq bu azadlıq əldə edilib və şairin qəti inamına görə, başqa millətlərdən daha yaxşı, daha firavan yaşamaq istəyən xalq qazandığı azadlığı qorumağı da bacarmalıdır.

M.Hadinin "İlə" rədifli on bir beytlik "Zəfəri-nəhayiyəyə doğru"şeiri 5 oktyabr 1918-ci ildə Bakıda yazılmış, "Azərbaycan" qəzetinin yeddinci nömrəsində "Əbdülsəlimzadə Məhəmməd Hadi" imzası ilə dərc olunmuşdur. "Türkün nəğməsi" şeirində olduğu kimi, bu əsərdə də əsas ideya türk millətinə olan böyük sevgi və qazanılmış istiqlaliyyətin qorunması arzusudur. "Ordusu zəif, uğrunda can verməyi özünə şərəf hesab edən əsgəri olmayan dövlətin məhvi labüddür",- ideyası ilə çıxış edən, milli ordunu, əsgərləri vətənin, milli dövlətçiliyin qarantı, keşikçisi olmağa çağıran şair yazır:

Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün,

Əsgəriyyətlə yaşar millət həyatı şan ilə.

Ən işıq bir ömür istərsək günəş altında biz,

Durmalı ədaya qarşı qeyrəti-rəxşan ilə.

Milli ordunun əsgərlərinə öyüd-nəsihət, çağırış kimi düşünülən şeirdə Azərbaycan əsgərini türkün tarixi şöhrətindən dərs almağa çağıran şair qeyd edir ki, türk oğlu əlindəki qılınc və ürəyindəki imanın gücü ilə daima öz namusunu hifz etmiş, silah və sürsatca ondan qat-qat güclü olan düşməndən qorxaraq döyüş meydanını tərk etməmiş, şəhid olmağı kölə kimi yaşmaqdan üstün tutmuşdur. "Atəşin bir qeyrət ilə, atəşin bir qan ilə" düşməni məhv edən əcdadı olan türk - Azərbaycan milli ordusunun əsgəri də məhz belə olmalı, millətin səadəti uğrunda ölümü də gülə-gülə qarşılamağı bacarmalıdır.

"Aydınlıq bir gecədə təfəkkür dəqiqələri" şeirində müəllifin xəyalında canlandırdığı səmavi, "rəngin", "zəngin", "fəyyaz" bir aləmlə real həyatda, yer üzərində baş vermiş və baş verməkdə olan olayların qarşı-qarşıya qoyulması ilə üz-üzə qalırıq. Şairin xəyalında yaratdığı aləm nə qədər gözəl və cazibədarsa, real həyatda gördükləri bir o qədər cansıxıcıdır. "Göy parlaq ikən torpağın övladı qaranlıq" və "bəşərin gözləri ağlar" olan bu aləmlərin müqayisəsində şair belə bir qənaətə gəlir ki, dünya yavaş-yavaş gözəlləşməyə doğru getməkdədir və elə bir zaman yetişib ki, yaxşılıqlar yamanlığa, xeyir şərə qalib gəlməkdədir. Gələcəyin parlaq olacağını gözəl bir qadın obrazında nəzərində canladıran şair yazır:

Gördüm duruyor bir qadın ənzari füsunbar,

Bir hakimeyi-qəlb idi ol hüsni-müsəxxir,

Pək cazibəli gözlərə malikdi o rüxsar.

Zülfi-siyəhi bəxtimi tənzir ediyordu,

Şəmsi-rüxü də atiyi-millət kimi nəvvar.

Nəvvar idi, taban idi, rəxşan idi ruyu,

Bir heykəli-amal idi, guya ki, o didar.

"Həyati-hazirəmizin ilhamları" şeirində M.Hadi müharibənin özünü yox, onun ictimai həyata gətirdiyi süstlüyü, mənəvi böhranı, ümumbəşəri kədər və faciəni təsvir edir. Lakin indi artıq vəziyyət büsbütün dəyişib: gələcəyə ümid dolu gözlərlə baxan M.Hadinin nəzərində bütün kainat başdan-başa matəm kölgəsinə bürünüb və kölgə insanların simasını da zülmətə qərq eləyib. Həyat, mühit soyuq məzarı xatırladır. Hər yerə, hamıya qəm-kədər hakim kəsilib. "Əğyar həzin, yar həzin"dir. Hal - indiki zaman qəmə aludədir. Bəs ati (gələcək) necədir? Şairin nəzərində gələcəyin də aqibəti dumanlıdır:

Başdan-başa bir kölgə bürünmüş kimi aləm,

Üzlərdə nümayan oluyor sayeyi- matəm.

Bir məqbəri-barid kimi durmuş bu mühitat,

Əhvali-həyatiyyə bunu eyləyir isbat.

Əğyar həzin, yar həzin, hal qəmavər,

Hər yerdə görünməkdə qəmaludə nəzərlər.

Bir parlaq olan atiyə mətufdur ənzar,

Ati isə ərz eyləmir arayişi- əflak...

Şeirin ümumi ahəng və ruhundan göründüyü kimi, artıq M.Hadi poeziyasına bir kədər və ümidsizlik hakim kəsilməkdədir. Bu ümidsizlik həm şairin şəxsi vəziyyəti və aldanışlarından, həm də yaşadığı günlərin ümumi ab-havasından irəli gəlirdi. Bütün bunların məntiqi nəticəsi idi ki, bir çox cəhətdən "Əlvahi-intibah" poemasının ümumi ruhu ilə yaxından səsləşən və vərəqə şəklində çap olunan "Ey zavallı bəşər" şeirində o yazırdı:

Əlinlə təng qıldın başına bu enli dünyanı,

Yaxıb yandırdın, ey bədbəxt,

                        bu gülşənli dünyanı!

...Dəmirlərdən yaratdın duzəxəndam aləti-cəngi,

Məzarıstanə döndərdin neçin bu şənli dünyanı?

İnsanların bu "günəşli, şənli" dünyanı məzarıstana döndərdiklərini, onların yaxşı və bəd əməllərini görən M.Hadi sual edir:  İnsan gülşəni məzarıstana döndərməkdənsə, məzarıstanı gülşənə döndərə bilməzmi? Cavabı aydındır: - Bilər, bunun üçün o, yatmış vicdanını oyatmalı və onun səsinə qulaq asmalıdır. Şair təsadüfən demir ki:

Neçin guş etməyirsən,

                        ey bəşər, fərmani- vicdanı,

Nasıl ləzzətlənirsən, söylə,

                        qan tökməkdən, ey fani?

Bu xislətlə, əmin ol,

                        dilbəri-amalı görməzsən,

Keçər ömrün qaranlıq,

                        pərtövi-iqbalı görməzsən.

Bu artıq məsləhət yox, çağırışdır: İnsanlıq uğrunda, işıqlı arzular, sülh və əmin-amanlıq uğrunda mübarizəyə çağırış.

M.Hadinin 1918-1919-cu illərdə yazdığı və "Azərbaycan" qəzetində dərc olunan daha bir neçə şeiri vardır ki, bunlar şairin çap olunmuş kitablarının heç birinə düşməmişdir. Həmin şeirlər aşağıdakılardır: "Şühədayi-hürriyyətimizin ərvahına ithaf", "Məfkureyi-aliyəmiz", "Əsgərlərimizə, könüllülərimizə". Bu şeirlərin M.Hadinin sovetlər dönəmində çıxan kitablarına düşməməsinin başlıca səbəbi həmin əsərlərin Azərbaycan Demokratik Cümhuriyyətinə və onun milli ordusuna həsr olunması ilə bağlıdır.

Azərbaycanın istiqlalı uğrunda canından keçənlərin ruhuna ithaf olunmuş səkkiz beytlik birinci şeirində M.Hadi qeyd edir ki, sizin məzarınız qara torpaq deyil, millətin qəlbidir. Sizin sayənizdə istiqbalını qazanan millət heç vaxt sizi unutmayacaq. Siz cismən yoxluğa, ruhən əbədiyyətə qoşulmusunuz. Şair bildirir ki:

Müəbbədən diridir namınız bu dünyada,

Sizin də ruhunuz uçsun behişti-əlada.

Çəkildiniz əbədi xüldzari-Rəhmanə,

Behişti-rəhmətə, yəni diyari-rəxşanə.

O xununuzla açıldı bahari-hürriyyət,

Sizin də yurdunuz olsun behişti-ülviyyət.

Milli hökuməti tərənnüm edən ikihissəli "Məfkureyi-aliyəmiz" şeirində "Ey türk dövləti, əya bəxti-növcavan", - deyə milli hökuməti vəsf edən M.Hadi inanır ki, cəmi on bir aylıq yaşı olan bu dövlətin gələcəyi parlaq olacaq və bu dövlətin varlığı türk dünyasında intibah günəşinin doğması ilə nəticələnəcək. Millətin əldə etdiyi azadlığı qanı və canı bahasına da olsa qoruyacağına inanan şair şeirini bu misralarla tamamlayır:

Vicdani-millətə yazılıbdır bu ayəmiz,

Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz.

Məqsudə doğru qoşmalı bixovf, bilməli,

Yıxmaq gərək təriqi tutan hər bir əngəli.

Zail olursa hail olanlar təriqdən,

Eylər şitab məqsudə hər zadeyi-vətən.

M.Hadinin bir gün fasilə ilə "Azərbaycan" qəzetində "Əsgərlərimizə-könüllülərimizə" adlı iki şeiri dərc olunmuşdur. "Millətin namusu sizdən çox sücaət gözləyir" misrası ilə başlanan doqquz beytlik birinci şeirdə Azərbaycan dövlətinin milli ordu təşkil etməsini böyük sevinclə qarşılayn, millətin özgürlüyünün onun ordusundan, əsgərindən asılı olduğunu bildirən şair yazır:

Hifz üçün əğyar əlindən dilbəri-hürriyyəti,

Müstəqil olmuş vətən əzmü mətanət gözləyir.

...Millətin heysiyyətin yüksəldin, ey qeyrətvəran,

Millətim sizdən böyük şanü şərafət gözləyir.

Türk şairi Namiq Kamalın "Arş irəli, arş bizimdir fəlah, Arş, igidlər, vətən imdadına!" misralarının epiqraf kimi verildiyi doqquz bəndlik və hər bəndin sonunda:

Amalımıza doğru şitaban olalım gəl,

Millətlə vətən rahinə qurban olalım gəl,

- beyti nəqarət kimi təkrarlanan ikinci şeir əsgər marşı kimi yazılmışdır. Bu şeirdə də əvvəlki şeirdə olduğu kimi, əsgərə, onun vətən qarşısındakı xidmətlərinə yüksək qiymət verən şair səkkizinci bənddə yazır:

Millət yaşamaz yurdunu zəbt eyləsə düşmən,

Gəldikdə xəzan fəsli sönər rövnəqi-gülşən,

İstərsək əgər yurdumuz olsun da işıq, şən,

Göstərməliyiz düşmənə bir cürəti-rövşən,

Qurbani-vətən olmalı bir can ilə bir tən,

Ən ülvi səadət: - Vətən olsun mənə mədfən:

Amalımıza doğru şitaban olalım gəl,

Millətlə vətən rahinə qurban olalım gəl!

M.Hadinin "Azərbaycan" qəzetində dərc olunan daha iki şeiri var ki, bunlardan buri "Baharın ilhamları və ictimai rəmzlər", digəri isə "Kor soqqur" adlanır. Birinci şeir mövzu və ideyaca "Məfkureyi-aliyəmiz" şeirini xatırladır. Eyni zamanda bu şeirdə qadın azadlığı məsələsinə də diqqət yetirilir və şair inanır ki, müstəqilliyini qazanan gənc Azərbaycan dövləti "canlı ikən örtü içində dəfn olunan" qadınlara da azadlıq verəcək, qadınlar millətin və dövlətin tərəqqisinə öz töhfələrini bəxş edəcəklər.

"Kor soqqur" şeiri isə M.Hadinin "Bəsirət" qəzetində çap etdirdiyi "Bədbəxt kor çocuq"şeirinin bir növ genişləndirilmiş variantı təsiri bağışlayır.

M.Hadi AXC dövründə yazdığı şeirlərini "Azərbaycan" qəzeti ilə yanaşı, 1918-1919-cu illərdə "Bəsirət" qəzetində də dərc etdirmişdir. Bu şeirlər aşağıdakılardır: "Ayrılıq dəqiqələri - əsgərlər hərbə gedərkən", "Bədbəxt kor çocuq", "Vaxtın səsi və həyatın sözü", "Şeir inciləri", "Qəmərə".

Birinci şeirdə əsgərlərin yola salınma mərasimi, qəmli bir izdiham, anaların göz yaşları və s. bu kimi problemlərə toxunulur. Altında yazılma yeri kimi "Bakı" sözü qeyd olunmuş bu şeirində gözləri ağlar, simaları solğun adamların vəziyyətini, keçirdikləri sarsıntıları seyr edən şair yazır:

Qəmli bir izdiham cuşacuş,

Oxunur çöhrələrdə ayeyi-hüzn.

Dilləri nalədir, dil xamuş,

Parlayır gözlərində sayeyi-hüzn.

Şeirdə təsvir olunan əsgərlərin də, onları yola salanların da ürəkləri səksəkəli, çöhrələri tutqun, halları pərişandır. Çünki onlar başa düşürlər ki, müharibəyə getmək gedər-gəlməzə gediş kimi bir şeydir. Bəxtin gətirdisə, geri - ailə üzvlərinin yanına qayıda biləcək, gətirmədisə, bir güllənin badına gedəcək, vaxtsız solan gül kimi həyata əlvida deyəcəksən.

İkinci şeirdə M.Hadi cəbhədə - Karpatda olduğu zaman şahidi olduğu hadisəni bir xatirə kimi qələmə almış, elə sərlövhədən sonra da "Karpat xatirələrindən" qeydini vermişdir. Dünyaya gəldiyi iki il olsa da, gözləri kor olduğundan gündüzləri də gecə kimi keçən bir tifilin əhvalını təsvir edən şair oxucularına bildirir ki, insan ömrünü anadangəlmə kor olan bu bədbəxt çocuq kimi keçirməməli, dünyaya açıq gözlə baxmalı, yaxşını pisdən seçməyi bacarmalıdır. Çünki:

Gözsüzlər ilə gözlülər olmaz ki bərabər,

Zindəylə bərabər ola bilməz ki, ölənlər.

Şəhrayi-həyatı görəməz kor olan insan,

Kor olmayalım, istər isək ömri-dirəxşan.

"Elmin, hünərin, mərifətin varsa, buyur gəl, Yoxsa, bu həyat aləminə olma bir əngəl" misraları ilə başlanan "Vaxtın səsi və həyatın sözü" şeiri sənətkarın insanın cəmiyyətdə mövqe qazanması üçün hansı vasitələrə əl atmalı olduğu barədə düşüncələrini ümumiləşdirirsə, "Şeir inciləri"ndə qadın və onun gözəlliyi barədə düşüncələrin, "Qəmərə" şeirində isə şairin olum-ölüm, toy-matəm, qaranlıq-işıq, azadlıq-əsarət xüsusunda fəlsəfi qənaətlərinin şahidi oluruq.

***

M.Hadi AXC dövründə poetik əsərlərlə yanaşı, məqalələr yazmış, onları da "Azərbaycan" qəzetində çap etdirmişdir. Müəllifin qəzetdə dərc olunmuş ilk məqaləsi "İki simayi-siyasinin müharibə haqqındakı mütaliələri münasibətilə" əsəridir. Qeyd edək ki, M.Hadi təkcə hərb meydanlarında deyil, öz vətənində olduğu vaxtda da müharibənin qorxunc səhnələri onu bir an belə tərk etməmişdi. Müharibə mövzusu üsyankar və mütəfəkkir şairin ənənəvi mövzularından biri olmuş, bu mövzuda yazdığı əsərlərinin əsas ideya istiqamətini isə kəskin ifşaçılıq pafosu təşkil etmişdir.

Yalnız Birinci Dünya müharibəsi qurtarandan, daha doğrusu, Rusiya müharibədən çıxdıqdan sonra Bakıya qayıdan şair cahan müharibəsinin hələ də davam etdiyini görəndə bir qədər də sarsılır. "İki simayi-siyasinin müharibə haqqındakı mütaliələri münasibətilə" məqaləsində şair vəziyyəti əyaniləşdirmək üçün müharibəni teatr səhnəsi ilə müqayisə edir və yazır: "Son pərdeyi-hərb qarşısında tamaşaçılar intizar, aktyorlar isə laqeyddirlər. Pərdə açılmır. Yenə işıqlar parladı, söndü… Pərdə qalxmayır. Müntəziri - tamaşa olanlardakı xələcan və həyəcanları təsəvvür et! Aktyorlar yenə də məsnədnişin olanlar kimi məğrur və laqeyd… Pərdə açılmayır. Nə vaxt açılacaq?! Burası da məchul… Hal böylə davam edərək gediyor. İstiqbaldan da səs yox… Orası da bir cahani-mübhəm, bir aləmi-əbkəm… ati bir xamuşeyi-mütləq. Öylə isə halı gözdən keçirəlim!" .

"Halı" - indini nəzərdən keçirən şair ürəyi yana-yana müharibənin qurtarmaq əvəzinə daha da qızışdığını belə təsvir edir: "Həyatımızın üfüqlərində təraküm etmiş olan buludların, o qaranlıq və kəsif səhabələrin yavaş-yavaş dağılmaları şöylə dursun, sanki gündən-günə, dəqiqədən-dəqiqəyə bir qat daha peydayi-zülam və təştidi-təkasüf etməklə gələcək həyatımıza bir sətri-zülmət və mübhəmiyyət yürüyorlar, hürüyorlar. Divəndam və cəhənnəmnümayan topların ağızlarından çıxan rədlər, bərqlər, ölüm yaradan atəşlər, cəhənnəmlər hala da afaqi-müqəddərati-miləldə müəndanə bir surətdə peydayi-təkasüf edən şu buludların dağılmadıqlarını yenə də cəhənnəmi bir bəlağət və təlaqətlə elan edib duruyorlar".

M.Hadinin "Zərbeyi-inqilab" adlı məqaləsi oxucuları ayıltmaq, zəmanənin gedişinə diqqədlə baxıb həyat həqiqətlərindən ibrət götürmək niyyətini həməsrlərinə aşılamaq niyyətilə qələmə alınmışdır. "Min nəsihətdən bir müsibət daha xeyirlidir" kəlamını tezis kimi irəli sürən müəllif xatırladır ki, nəsihətlə haqqını qanmayana həqiqəti qandırmaq müşkül məsələdir. "Odla oynama!" - dedikcə daha da şirnikləşən, əli odda yanmayınca qorxu-ürkü bilməyən körpə kimi yetkin insan da görməyincə, başına gəlməyincə nəsihəti qulaq ardına vurur və vuracaqdır. Bizlərə isə böyüklərimizin nəsihətləri daha az kar edir, yaxud da heç kar etmir", - fikrini ümumiləşdirən müəllifin aşağıdakı qənaəti doğrudan da düşündürücüdür və bu günümüzlə yaxından səsləşir: "İştə Qafqaziyanın, bu feyzli və bərəkətli yurdumuzun sineyi-harr və nəvazişkarında bəslənən, pərvərişyabi-həyat olan biz türklər də hükəma, şüəra və üdəbamızın qələmi-nasehpərvəranələrindən təşrih edən kövsəri-hikmətü irfana həvəs və təmayül göstərmədik. Ancaq ki, onların pədəranə öyüdlərini dinləmək qabiliyyətindən məhrum olduğumuzu göstərdik. O rəhbərani-irfanın füsünkar səhhar və səxi qələmlərindən süzülən rəşahət "Həyat" və "Füyuzat"ı əfkarımıza nuş etdirmək istedadından bütün-bütünə məhrum olduğumuzu isbat etdik. Hikmətli qələmlərdən uçan o parlaq nəğmələr pək sönük olan əfkar və idrakımıza intibahbəxşi - "İrşad" olmadı, olamadı".

"Abbas Səhhətin üfuli-əbədisi" məqaləsi A.Səhhətin Gəncə şəhərində ölümü münasibətilə qələmə alınmışdır. Böyük vətəndaşlıq və qədirbilənlik hissi ilə yazılmış bu məqalədə dostu və həmkarının ölümündən dolayı dərin sarsıntı keçirən M.Hadini ən çox düşündürən isə, heç şübhəsiz, A.Səhhətin əsərlərinin taleyi məsələsidir ki, müəllif bu düşüncələrini aşağıdakı cümlələrlə oxucuların diqqətinə çatdırır: "Səhhət öldü. Fəqət əsl düşünüləcək şurasıdır ki, şairi-mütəffəyatın qeyri-mətbu olan mətrukati-qələmiyyəsi nasıl oldu? Yoxsa Şirvan facieyi-əziməsində yanıb-yaxılan sərvətlər kimi Səhhətin də asari-qələmiyyəsi, sərvəti-fikriyyəsi ehraq olub getdimi? Məncə, şayani-əndişə burasıdır. Dünyamız hali-asayişə ovdət etdikdən sonra, ehtimal ki, bu həqiqət anlaşıla biləcəkdir".

"Yaşamağa layiq olanlar yaşaya biləcəkdir. İştə qanuni-təbiət boylədir. Öylə isə yaşamağa layiq kəsb etmək istəyən bizlər bu haldan təzyidi-ümid etməliyiz, edə bilməliyiz. Vlatisova hökuməti-həyatiyyə və ictimaiyyəsindən qafil olmayalım. Yəs ruhun ölümü, ümid isə ruhun həyatıdır. Siyasəti-milliyyə nə simada görülürsə görünsün, ancaq millətimizdəki çöhreyi-ümid yəsdar olmamalıdır" fikirlərinin özündə yer aldığı "Ümid ilə yaşayın!" məqaləsi də davam etməkdə olan müharibənin təsiri ilə yazılmış və burada insanlar həyatdan əllərini üzməməyə çağırılmışdır.

M.Hadinin AXC dövründəki yaradıcılığı, əsasən, yuxarıda qeyd etdiyimiz şəkildə olmuş, şair 1919-cu ilin may ayına, Bakını tərk etməsinə qədər yazdığı əsərləri "Azərbaycan" və "Bəsirət" qəzetlərində dərc etdirmiş, AXC-nin məfkurə və ideyalarına sədaqətlə xidmət etmişdir.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!