Rüstəm KAMAL
Yusif Vəzirdə rəsm çəkmək həvəsi uşaqlıqdan olub. Hələ Şuşada orta məktəbdə oxuyarkən əmisi oğlu Mirhaşım Vəzirovla birlikdə (1904-cü il) "Fokusnik" adlı jurnal tərtib edirdilər. Məqalələri "Milton Mladşıy" təxəllüsü ilə Mirhəsən Vəzirov yazırdı. Karikaturaları isə Yusif çəkirdi və onları "Stradayuşıy" (Əzab çəkən) təxəllüsü ilə imzalayardı...
Təəssüf ki, Yusif Vəzir Çəmənzəminlinin əlyazmalarında qrafik elementlərin rolu və ədəbi yaradıcılığında əhəmiyyəti məsələsi ədəbiyyatşünaslığımızı hələ də maraqlandırmır.
Yusif Vəzirin ədəbi irsi bir-birindən ayrılmaz bir bütövlükdür. Rəsmlər, sxemlər, eskizlər, imzalar böyük yazıçının psixoloji həyatının, estetikasının, dünyagörüşünün, iş prosesinin tədqiqi üçün vacib mənbələrdir. Şəkilaltı yazılı qeydlər və qrafik eskizlərin qarşılıqlı əlaqəsi əlyazma poetikasının maraqlı hadisəsidir.
Bu əlyazmalarda (xüsusən gündəliklərdə) personajların təsviri, xəttatlıq qeydləri, memarlıq fantaziyaları təsadüfi elementlər deyil. Qrafika elementlərinin Yusif Vəzirin yaradıcılıq təkamülü kontekstində öyrənilməsi onun təhtəlşüurunda və yaddaşında obrazların yerini müəyyənləşdirə bilər. Yazıçının rəsmləri və "xəttatlıq ünsürləri" yaradıcılıq prosesi ilə sıx bağlı olub, həm də təhtəlşüur axının nəticəsidir, poetik xülyaların məhsulu kimi oxuna bilər. Bu rəsmlər yazıçının "ruhunun bioqrafiyası"nın bərpası baxımından da dəyərlidir. Xüsusən, gündəliklərində simvolik obrazların (qızılgül, şam, "tikanlı tac" fincan və s.) təsviri gənc Yusifin iç dünyasını oxumağa, "falına baxmağa"da imkan verir.
Sözü görmək, rəsmi sözdə canlandırmaq Yusif Vəzir sənətkarlığının səciyyəvi əlamətidir. "İki od arasında" romanının əlyazmaları arasında Y.V.Çəmənzəminlinin elə qeydləri, plan, sxem və rəsmləri var ki, bunlar yazıçının əvvəl görməyə, sonra isə sözlə təsvir etməyə çalışdığını göstərdiyinə görə maraqlı və qiymətlidir. Məsələn, Gəncə qalasının XVIII əsrin II yarısına məxsus panoram görünüşünün təsviri ona görə müvəffəqiyyətli çıxmışdır ki, yazıçı əvvəlcə onu özü tam və dəqiq təsəvvür edib" (T.Hüseynoğlu. Ədəbiyyatda yaşayıram. Bakı, 1993).
Yazıçı "Qan içində" romanının əlyazmasında Gəncə qalasının qrafik sxemini memar gözü ilə bəlkə, ona görə dəqiq göstərə, "plan-sxemdə və təsvirdə eynilə" (T.Hüseynoğlu) verə bilmişdi ki, Şuşa qalası onun yaddaşında mifik obraz kimi yaşayırdı! "Gəncənin qala hasarı dördkünc idi. Qarabağ və Tiflis adlı iki qapısı və Qərb tərəfdə bir bürcü vardı. Qalanın mərkəzində kərpic tikili xan sarayı, narın qala və məscid təşkil edirdi. Qarabağ qapısına yaxın yerdə bir quyu var idi. Şəhərə su verirdi..." ("Qan içində").
Yusif Vəzirin gündəlikləri Azərbaycan ədəbiyyatında, bəlkə də, ən səmimi və dürüst avtobioqrafik yazılardır. Gündəliklər və rəsmlər gənc Yusifin özündərk "seanslarıdır".
Məsələn, götürək Berta Maiseyeva adlı yəhudi qızın qara sevdasını, keçirdiyi mənəvi-psixoloji sarsıntıları. Yusif Berta ilə 1907-ci ildə rastlaşmışdı. Berta Aşqabadda Dağıstan küçəsində yaşayırdı. Aşqabad gimnaziyasının 3-cü sinfində oxuyurdu. Yusif 4 avqust 1907-ci ildə gündəliyində qızılgül şəkli çəkib altında yazır: "Onun üçün qızılgül çəkib yazacağam: "Mənim sevimli dostum Berta Maiseyevaya Yusif Vəzirovdan xatirə olaraq".
Bu "Əsli-Kərim" sevdası necə dərinləşirsə, Yusif öz adını Bertanın adı ilə birləşdirib, gündəliklərində özünü "Yubert" kimi təqdim edir.
Onu da qeyd edək ki, "Əsli-Kərəm" arxetipi gənc Yusifin başqa eşq dastanının da cövhəridir. Beləcə, öz adını Bakıda sevdiyi rus qızı Olqanın adı ilə birləşdirir, sevgisini "Olyus" imzası ilə möhürləyir. "Şam" rəsminin altında rus dilində yazır: "Yusifə Olyusdan, 1906".
Əslində, bu adları da Yusif Vəzirin "onomastikonu"na - adlar, təxəllüslər siyahısına daxil etmək lazımdı.
"Bir cavanın dəftəri"ni bəzəyən bu rəsmlər onu adi gündəlik mətni kimi deyil, həm də simvolik məna - simvolik mətn kimi oxumağa və qavramağa imkan verir. Bu rəsmlər taleyin mistik işarəsi kimi çıxış edir.
Ayrılıq, ölüm Yusif Vəzirin əlyazma rəsmlərinin əsas mistik mənalarıdır.
Bircə misal. Yusif Vəzirin Realnı məktəbdə oxuyarkən (1906-1909) çəkdiyi rəsmlərdən biri də "Tikanlardan ibarət tac və "dağılmış fincan" adlanır. Rəsmlərin altında rusca belə bir mətn verilib: "Qoy hələ tam dolmamış ömür fincanı devrilsin, qoy taleyin kobud əlləri gənc qəlbi həyatın əzablarından qurtarsın".
Bu kiçik yazı göstərir ki, Yusif Vəzirin qrafikası sözü poetikləşdirməyə, ona "əlavə, yeni mənalar" verməyə, mistik assosiasiyalar tapmağa qadirdir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!