ƏDƏBİYYAT ÜZRƏ 1989-CU İLİN NOBEL MÜKAFATÇISI - Kamilo Xose SELA. İspan yazıçısı, publisist, İspaniya Kral Akademiyasının üzvü, Servantes mükafatı laureatı. 11 may 1916-cı ildə İspaniyanın Flavia əyalətində dünyaya göz açıb. Yaradıcılığının mühüm bir hissəsini çağdaş ispan ədəbiyyatının formalaşmasına təsir göstərmiş 1898-ci illər nəslinə ithaf edib. Migel de Unamuno ilə Pio Barahı müəllimləri hesab edib. Servantes, Dostoyevski və Tolstoy nəsrinin aşiqi olub. Roman, povest və hekayələri, publisistik yazıları və ədəbi baxışlarını əks etdirən məqalələri hələ də dünya oxucusunun diqqət mərkəzindədir. "Paskual Duarte ailəsi" və "Pətək" romanları ilkin yaradıcılıq nümunələri kimi rəğbətlə qarşılanıb. Böyük ispan yazıçısı 1989-cu ildə "təsirli və güclü nəsri ilə insanın zəifliyini böyük həssaslıqla təsvir edə bildiyinə görə" ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Yazıçı 2002-ci ilin 17 yanvar tarixində Madriddə vəfat edib.
Xeyirxahlar klubu
Hekayə
Klub üzvü Xuanito Ortis Rebolyado bir dəfə içib sərxoş olandan sonra Amerikadakı əzablı günlərindən danışdı və onun söylədikləri don Anselmoya ləzzət etdi.
Quraqlıq siçovulları - nəzarətçi, əczaçı, keşiş - ağızlarını açıb, gözlərini döyə-döyə heyrətlə ona baxırdılar. Xuanito Ortis Rebolyado onların aləmində böyük adam idi. Dəniz canavarı...
Xuanito söhbətə belə başladı:
I
Həbsxana ilə hədələyib mitilimi Braziliyadan atanda dedilər ki, elə ilk paroxodla Santusu tərk etməliyəm, sonra da çirkli, isti və qara cariyə kimi fısıldayan "Ay işığı" məni Mayamiyə, qızıl Mayamiyə gətirib çıxartdı.
Şimali Amerikada heç kəsi tanımırdım (kuzenim Koffinləri çıxmaq şərtilə, o vaxt artıq onlar məni görmək istəmirdilər). Əgər "Ay işığı" Cənubi Afrikaya, ya Odlu torpağa, ya da elə Şpitsberqə gedib çıxsaydı, bundan betər olardı, deyib, özümə təskinlik verdim. Hər işdə bir xeyir var, deyiblər.
Ayağım quruya dəyəndə bircə pesetam (ispan valyutası) belə yox idi, indi, o günləri xatırlayanda ilk dolları qazanmaq üçün nə qədər əziyyət çəkdiyimi düşünürəm, "Ay işığı"nın anbarında paltarlarıma hopan qəhvə qoxusunu yaxşı xatırlayıram; paltarımı əlinə keçən zir-zibili içən istənilən adama yalatmağa versəydim, yaxşı qazana bilərdim.
Ancaq nə etmək olar? Vaxt gedirdi, açıq səma altında keçən gecələr, bağdan banan oğurlayandan sonra polismenlərlə marafon yarışı, pencəyimdən, köynəyimdən ətrafa yayılan o müdhiş qoxu. Və indi, illər sonra o barədə düşünməsəm, yaxşıdır.
Özünüz fikirləşin də, 10 il ərzində bir iş adamının pencəyinin, köynəyinin qoxusu neçə dəfə dəyişə bilər! Və həmin o iş adamı neçə dəfə pencəyini dəyişər!
Torpağa ayaq basdığımda gecədən xeyli keçmişdi. Əslində "Ay işığı" sahilə səhər yan aldı, haradasa saat 9-da, amma gəmini tərk etmək istəyəndə ağappaq geymiş gömrük işçisi, yəqin, mənim Birləşmiş Ştatlar vətəndaşları ilə ünsiyyət qurmağa haqq etmədiyimi düşünüb, kobud şəkildə bildirdi ki, ayağım sahilə dəyə bilməz.
Təbii, bacardığım qədər müdafiə olundum. Onun diqqətinə çatdırmağa çalışdım ki, mən çinli deyiləm, zənci deyiləm və sair və ilaxır. Lakin gömrükçü, sadəcə, duruşunu dəyişdi, ağzına siqar alıb yaxında dayanmış və boksçuya oxşayan polismenə işarə etdi.
Polismen meyxanada, ya da qəlyanaltıda sərxoş müştərini bayıra atırmış kimi yaxamdan yapışıb, məni körpüdən kənara itələdi. Məqsədi aydın idi, görünüşcə heyvərəyə oxşayırdı və ona baş qoşmaq ağılsızlıq olardı. Fikirləşdim ki, ən yaxşısı sakit oturub, heç nəyə qarışmamaqdır. Odur ki, pərtlik və utanc hissi ilə paroxoda qayıtdım. Gizlənmək məcburiyyətində qaldım, çünki başqa əlacım yox idi. Bir tanrı şahiddir ki, əgər çox bir-iki etsəydim, bu heyvərə qol-qabırğamı qırardı.
"Ay işığı"nın göyərtəsində məni qaş-qabaqla qarşıladılar. Gediş haqqını tam ödəyə bilmədiyim üçün mənə qatil kimi baxırdılar.
Təntənəli şəkildə kapitana (irland, içki düşkünü, Vakx kimi satqın, ən azı, İuda kimi əclaf) and içdim ki, gün batandan sonra bir daha sahilə çıxmağa cəhd edəcəm, bəlkə, bu dəfə bəxtim gətirər. Sonra nahar vaxtı kok məni unutmasın deyə, qazanları yumaq, ocaq qalamaq bəhanəsi ilə kambuza endim.
Axşam düşəndə qəribə də olsa mənə son dərəcə yaxşı münasibət göstərən kokla vidalaşıb, ayaqlarım dolaşa-dolaşa sahilə yan almış göyərtədə gəzişməyə başladım. Nəhayət, səhər yaxamdan yapışan idi, ya da başqası bilmirəm, heykəl kimi dayanmış polismenə göz qoymaqdan təngə gəldim, ona əl yelləyib (nümayişkaranə şəkildə), "amin" dedim, ata, oğul və müqəddəs ruh adına dedim (bunu ürəkdən dedim) və göyərtənin əks tərəfindən suya atıldım.
Üzərkən məni dəhşət bürüdü - hər bir şırıltı səsi mənə skatların hərəkətini xatırladırdı, - amma yaxşı üzürdüm, paltarlarım da mane olmurdu, çünki onları bağlayıb dişimlə tutmuşdum, bircə alt paltarda idim. Üzərək özümü çatlamasınlar deyə, yarıya qədər suya batmış qayıqlara çatdırdım. Qorxum-ürküm tezliklə sovrulub getdi.
Saatım yox idi, bilmirəm suda nə qədər vaxt sərf etdim, amma azı beş-altı saat keçdi. Diqqətimi toplayıb münasib yer seçmək üçün buxtaya baxdım, bir də yeganə avarlı qayıq seçdim ki, səsi az çıxsın. Sahilə doğru üzdüm.
Bilmirəm Xristofor Kolumb da ayağı torpağa dəyəndə mənim qədər sevinib, ya yox, amma mən sevinclə qədəmlərimi yerə basdım. Ürəyimdə Birləşmiş Ştatların nə qədər böyük olduğunu, polismenin nə qədər iyrənc, Braziliya polisinin nə qədər uzaq olduğunu düşünüb qəribə bir rahatlıq duydum və o xoş hissləri ömrümün sonuna qədər unuda bilmərəm.
Əyin-başımı qurulamaq üçün lütləndim, bir vaxtlar cənnətdən qovulmuş Adəm babam kimi daş üstə oturdum, amma, deyəsən, mənə soyuq idi.
Artıq yarıya qədər yüklənmiş "Ay işığı" üfüqdə görünürdü... Ay səmada, polismen körpüdə, akula dənizdə idi.
II
İnsanın vicdanı sakitdirsə, heç vaxt bədbəxtliklə qarşılaşmaz. Qayğılı adamın gözünə yuxu getməz və onun paltarlarını oğurlamazlar.
Səhər tezdən malyariya tutmuş adamlar kimi titrəyə-titrəyə, vərəmli xəstələr kimi öskürə-öskürə oyananda məlum oldu ki, bu möhtəşəm ölkədə məndən də kasıb və bədbəxt biri varmış.
Düz sözümdür, insanın ehtiyaclarımı, oğurlanmış paltarlarımı (təsəvvür edə bilməzsiz onlar nə gündə idi!), ya da bu bər-bəzəkli Mayamidə məndən başqa da bir avaranın olduğunu düşünməyimmi idi məni daha çox məyus edən, dəqiq deyə bilmərəm.
Bir qədər keçdi, günəş boy verdi, qızılı şəfəqlərini ətrafa yaydı və sair. Mən də bir əlimlə qabağımı, digəri ilə arxamı (özünüz başa düşürsüz də, bir çıxış yolu tapmaq lazım idi!) tutub, ən yaxın kottecə tələsdim.
Kottecin adı "Mənim tikilim" idi. Zəngi çox qısa basdım, çünki əlimi çəkdiyim yerə qaytarmalıydım. Bir neçə dəqiqə sonra qapını üzümə açdılar. Başa düşürəm, görkəmim ürəkaçan deyildi, amma heç vaxt ağlıma gəlməzdi ki, bundan kimsə qəşş edə bilər. Qadın qab kimi yerə düşdü. Onu özünə gətirməyə çalışdım, tezliklə bir cənab (yəqin, əri idi), iki oğlan uşağı, qız və qulluqçu da peyda oldu...
Əvvəlcə ilkin vəziyyətimi aldım - bir əlim qabağımda, digəri arxamda. Elə ki qadın özünə gəldi, hamı quduz it üstə düşübmüş kimi üstümə şığıdı, mən də divara sıxılıb bir əllə müdafiə olunmağa başladım, məni müqəddəs Sebastyan kimi şil-küt etməklərinə imkan vermədim.
Ailə mənim miskin ingilis dilimi anlamırdı. Çığırtıdan və zərbələrdən yorulduğum vaxt, fürsətdən istifadə edib üzünü mənə yaxınlaşdıran ev sahibinə yaxşı bir yumruq ilişdirdim, zərbədən adamın dişləri töküldü, az qala dilinin yarısı qopub düşəcəkdi. Bu, sakitləşmək üçün mühüm xəbərdarlıq siqnalı oldu.
Mənim üstümə bir şalvar atıb, kişini pilləkənlə yuxarı qaldırdılar. Şalvar qısa da olsa, ayıb yerlərimi örtməyə yarayırdı.
Əllərim müqəddəs vəzifəsini bitirib azadlığa qovuşandan sonra düşündüm ki, vaxt itirmədən buranı tərk etsəm yaxşıdır. Çox düşünmədən (çox fikirləşməkdən heç vaxt xeyir görməmişəm), stul üstə atılmış plaşı götürüb çiynimə saldım və girdiyim qapıdan bayıra çıxdım.
Deyirlər ey, qoca qarılar xeyirxah olur, boş sözdür, yəqin, bunu Avropanın yaxşı günlərində fikirləşiblər. Əslinə qalsa görkəmim ətrafdakılarda mərhəmət, yazıqlıq hissi oyatmalıydı, lakin oranın qarıları itləri üstümə salır, oğlanları, polisləri haylayırdılar.
Hər dəfə məni necə təqib etdiklərini, özümü yevangelist kilsəsinə çatdırana qədər hansı qorxunu yaşadığımı xatırlayanda, indi də canıma vicvicə düşür.
Müqəddəs məkan azğınlaşmış kütləni sakitləşdirdi. Keşiş mənə oğlum deyib, bir fincan qaynar çaya qonaq etdi, arvadı isə şalvarımın yırtıqlarını tikib, yamadı. Qaçmaqdan, ora-bura atılmaqdan yaman günə düşmüşdü, bədənimin bir hissəsi yenə bayırda qalmışdı.
Keşiş minbərdə dua oxuyur (arvadı isə, görünür, duanı əzbər bilirdi, mətbəxdə mənim üçün təkararlayırdı) və məni təqib edən azğınlaşmış kütlə tədricən sakitləşirdi, indi onların xəyalı göylərdə idi. Artıq cırıq şalvarlı qərib adam onlar üçün maraqlı deyildi.
Keşiş mətbəxə yanımıza gəlib təxminən belə dedi: bəxtin gətirib, oğlum, yaxşı ki, zənci deyilsən! Nə cavab verdiyimi dəqiq xatırlamıram, təxminən mən də belə dedim: yox, çox şükür, mən Betansosdanam, La-Korunyanın əyalətidir, İspaniyada. Sonra o, məndən planlarımı soruşdu və mən ona ən böyük arzumun bir daha Braziliya polisi ilə üz-üzə gəlməmək olduğunu bildirəndə, keşiş böyük arzulardan və başqa cəfəngiyatlardan dəm vurdu, sözünü məni öz sektasına qəbul etmək istəyi ilə bitirdi. Onun sözlərinə görə, bu, sekta yox, təməli bəşəriyyətin gələcək mənəvi və maddi çiçəklənməsi üzərində qurulmuş bir şey idi.
Hamı bilir ki, bütün yer üzündə ancaq biz avropalılar, bir də asiyalılar öz yeddi arxa dönənimizi tanıyırıq, ancaq bu şimali amerikalıların riyakarlığı məni həmişə təəccübləndirib. Nə isə! Bircə müqəddəs adam olmağım qalmışdı, ancaq hər halda biz ispanlarla çinlilər, fransızlarla yaponlar, italyanlarla hindlilər nə edəcəyimizi, kiminlə savaşacağımızı bilməyəndə darıxsaq da, dözür, təzə din yaratmaq eşqinə düşmürük.
Mən bu sözləri sizə tam ciddiliyi ilə deyirəm.
Keşiş onun təklifinə ciddi yanaşmadığımı görəndə bir kooperativi tərifləməyə başladı, onun üzvü nağd pulu olmayanda kreditlə istədiyini ala bilirmiş. Əvvəlcə bu təklif mənə çox bəsit göründü, amma sonra fikirləşdim ki, axı mən də nəsə yeməliyəm, ürəyimdə, Tanrı günahımdan keçər deyib, razılaşdım.
Kooperativ kitabçasını almaq üçün ortaya müəyyən çətinliklər çıxdı, nəhayət, mənə içində bütün qayda-qanunu ilə şəklim olan kitabça verdilər.
Keşiş məni xeyriyyə cəmiyyətinə apardı və yeni mühitə qarışdım.
Orada "Mənim tikilim" kottecinin sahibi ilə qarşılaşdım və adam məndən ötəri şəkildə üzr istədi, axı o bizim eyni düşüncəli adamlar olduğumuzdan xəbərsiz idi. Yaxamdan yapışan polismen də, məni sahilə buraxmayan ağappaq geyimli gömrükçü də üzr istədi. Təqib edənlərin başında duran qarı məni görəndə utandığından başını aşağı saldı. Ucaboy, sağlam bədənli cavan dili topuq vuraraq üzrxahlıq etdi, sahildə oğurlanmış paltarlamı qaytarıb, vizit kartını verdi: Con Anderpettikout.
Peyğəmbərimiz Lüis Hetçueyə öz əqidə qardaşını yad qadın qarşısında lüt-üryan qoyduğu üçün vicdan əzabı çəkdiyini söylədi.
Gerçəkdən qibtə olunası həmrəylik!
Cəmiyyət üzvləri arasında qarşılaşdığım həmyerlim (Duqo əyalətinin Çantad şəhərindən olan Modesto Lureyro) dedi ki, turistlər bu xeyriyyə cəmiyyətini "Xeyirxahlar klubu" adlandırır. Bu sözləri deyərkən elə hiddətlənmişdi ki, ona nəsə deməyə cəsarətim çatmadı.
Modestodan xahiş etdim ki, məni sənayeçilər və tiçarətçilərlə tanış etsin. Ola bilsin, buna inanmaq sizə bir qədər qəribə görünər, amma Mayami adi yerlərdən biridir və mer, hər yerdə olduğu kimi, şəhəri dünyanın göbəyi hesab edir. Keşiş Helmiresdən daha çox qalisalı olan Modesto dedi ki, bir qədər əvvəl tanış olduğum adamlardan başqa burada sənayeçi, yəni, əsl sənayeçi yoxdur.
Təkid etmədim, çünki mənasız olduğunu bilirdim, odur ki, bir neçə gözəl qız olan dəstəyə qoşuldum. Onların İbsen haqqında xoşagəlməz sözlər deməyi məni qorxutdu. Lənət şeytana, necə qorxmaya bilərdim, bunlar mənim simamda Cənub qütbünü kəşf edən adamı görürdülər?
Onlara dedim ki, bu vaxta qədər heç kəs mənim yanımda nə İbsen, nə Amundsen, nə də Valter Skot haqqında xoşagəlməz heç nə danışmayıb və qəribə də olsa, susub öz axmaq söhbətlərini daha münasib vaxta saxladılar. Belə bir şey harada görünüb?
Dayısının fransız olduğunu deyən qoca söhbətə qoşulub, mövzunu İbsendən uzaqlaşdırdı - daha heç kəs mənim yanımda onun adını çəkməyə cürət etmədi. Nəhayət, söhbət müxtəlif məcralara yönəldi, insanın "şərəfindən" söz açdılar, elə bil danışmağa başqa sözləri yox idi!
Qoca marselli, ya da sen-etyenli deputatlar kimi, dil-boğaza qoymadan gəvələyirdi. Söhbət elə şeylərdən gedirdi ki, mənim o mövzularda qandığım qrafa belə yox idi, lakin müəyyən söhbətlər mənə ziddiyyətli və xoş görünmək üçün deyilmiş kimi görünürdü. Odur ki, sözünü kəsib, bəs qədər axmaqladığını söylədim.
Fransızın qohumu məndən "axmaqlıq" sözünü hərf-hərf deməyi xahiş etdi. Guya nə demək istədiyimi başa düşməyib. Mən də onun xahişinə əməl etdim: F-o-l-l-u dedim, o isə əlini yelləyib, məni savadsızlıqda ittiham etdi, avara toreador adlandırdı, mənə klub üzvlüyünə layiq olmayan yekəbaş, köntöy dedi. Bu cəmiyyətdə mənə ürək qızdırdıqları üçün təhqirlərə dözmək məcburiyyətində qaldım.
Sakitləşdikdən sonra söhbət davam etmək istədi, amma bir şərtlə, mən özümü ləyaqətli aparmalıydım.
Heç vaxt orijinal ləyaqət ideyası iddiasında olmamışam, həmişə elə düşünmüşəm ki, bu söz toxların uydurmasıdır. Bilmirəm necə oldu, düşünmədən ağlıma gələni deyib, fikrimi belə bitirdim: "Məndən ləyaqət tələb edirsiz? O zaman mənə pul verin!". Bu sonluq ürəyimə yağ kimi yayıldı. Bu anlarda senat qarşısında çıxış etmiş qədim yunan müdrikini - səhv etmirəmsə, İsoseles olub - xatırladım: "Dünyanı yerindən oynatmağımı istəyirsiz? Hə? O zaman mənə istinad nöqtəsi verin!".
Fikirlərimin yüksək ifadə tərzini Dafnisin, ya da Hlonun gözəl nitqi, ya da müqəddəs Kosma ilə Damianın sirli gücünün təsiri ilə müqayisə etmək olardı.
Tanrıya və onun iradəsinə şükürlər olsun! Bir neçə belə məqam və natiqin şöhrəti dillərə düşür.
III
On ildən sonra məndən Mayami ticarət palatasının sədri və xeyriyyə cəmiyyəti kooperativ mağazasının direktoru düzəltdilər və xoş günlərin birində Betansosu xatırladım.
Ruhumda dəhşətli mübarizə baş qaldırdı və sonunda hisslərimə məğlub oldum.
Getməyə hazırlaşdım.
Əvvəlcə palata katibinə məktub ünvanladım. Yazırdım ki:
"Serafimi kim tanımır:
Biş-düşdə yoxdur tayı"
Gəl Papinin qazanına
Lobya atıb, noxud sayır".
***
Söhbətin axırında Xunatinonun dili dolaşdı.
- Araq onu məhv edəcək, axırı budur! - don David dedi.
- Bu necə ola bilər, - heç nə başa düşməyən don Lorenso söylədi, - belə çıxır ki, bütün işləri yarıda qalacaq?
Tərcümə etdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!