Daşkəndə gəlmişik. Hüseyn Cavid sevdalısı, azərbaycanşünas alim Sona Vəliyeva, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev və mən "Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının yüksək nümunəsidir" mövzusunda keçiriləcək konfransda məruzə etməliyik. Beynəlxalq konfrans çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə Kaspi Təhsil şirkəti - "Kaspi" qəzetinin layihəsi əsasında Sona Vəliyevanın ideyası və elmi redaktorluğu, akademik İsa Həbibbəylinin ön sözü ilə nəşr olunmuş Hüseyn Cavidin özbəkcə Seçilmiş əsərlərinin (Husayn Jovid. "Saylangan asarlar") də təqdimatı nəzərdə tutulub. Öncə Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin qarşısında Nizami Gəncəvinin abidəsini ziyarət etdik. Sonra konfrans başladı...
Azər TURAN
Özbək ədəbiyyatşünaslarına görə, "Cavid bütün türklər üçün yeni və ortaq türkcə yaradıb. Cavidin dili bütün türklərin anlayacağı türkcədir". Bunu Özbəkistan Elmlər Akademiyasının akademiki Bəxtiyar Nəzərov söylədi. Universitetin rektoru Şavkat Şaripov isə Cavid mövzusunda daha həssasdır: "O, bütün türklərin Şekspiridir, Əmir Teymur barədə ən gözəl əsərin müəllifidir" - rektor Cavidi Abdulla Qədiri ilə müqayisə edir.
Daşkənddə söhbətə Abdulla Qədiridən başlamağın yeri var. Çıxışıma da elə bu yerdən başladım. "Abdulla Qədirinin "Ötən günlər" romanını Bakıda Azərbaycan türkcəsinə çevirən özbək Xalid Səid Xocayevi tanıyırsınızımı?".
Özbək professorlarının sükut dolu baxışları söhbətin davamına yol açır. "Hörmətli rektor, - deyə Şavkat Şaripova xitab edirəm, - Pedaqoji Universitet Özbəkistanın Müəllimlər İnstitutudur, deyilmi?"
Rektor təsdiq edir.
"Baxın, deyirəm, Xalid Səid Xocayev 1920-22-ci illərdə bu universitetin, daha doğrusu, Daşkənd Darülmüəlliminin ilk rektoru olub".
Rektor dəftərini açıb nəsə qeyd edir. Mən isə davam edirəm:
"Divanü luğat-it türk"ün dünyada ilk tərcüməsi Türkiyədən əvvəl Azərbaycanda, özbək Xalid Səid Xocayev tərəfindən gerçəkləşdirilib. Xalid Səidi də 1937-ci ildə Cavidlə eyni gündə - iyunun 3-dən 4-nə keçən gecə həbs ediblər". Çıxışımın sonunda rektor Şavkat Şaripova Xalid Səid barədə yazdığım "Şəhid türkoloq" kitabımı bağışladım...
Konfransdan sonra özbək tarixçisi Şöhrət Barlasdan özbəklərin Xalid Səidlə bağlı dediklərimə niyə bu qədər ilginc yanaşmalarının, əslində isə diqqəti dərhal cəlb edən böyük kədərlərinin səbəbini soruşdum. Çox sadə cavab verdi: "Əgər Özbəkistanda kimsə sizə desə ki, repressiya dalğası mənim ailəmdən yan keçib, siz bunu deyən adamın özbək olduğuna inanmayın".
Özbək alimləri Cavidi öz milli şairlərindən - Çolpandan, Fitrətdən ayırmırlar. "Hüseyn Cavid və Abdurrauf Fitrət yaradıcılığının ümumi estetik cəhətləri" mövzusunda çox dəyərli məruzənin müəllifi, Özbəkistan Milli Universitetinin professoru Həmdullah Baktabayevin diqqətini Cavidin İstanbul Universitetində Fitrətlə bərabər oxuduğuna, Fitrətin Özbəkistana, Cavidin Azərbaycana, Bəkir Çobanzadənin Krıma bir mürşid olaraq yola salındıqlarına yönəltdim.
Özbəklər Cavidi daha çox Əmir Teymurla bağlı əsər yazdığına görə sevirlər. İlk dəfə şahid olurdum ki, Özbəkistanda Əmir Teymur təkcə sərkərdə deyil, bütün özbəklərin ortaq dəyəri, özbək ruhunun hərəkətverici qüvvəsidir. Amma özbəklər Cavidin əsərini "Topal Teymur" deyil, "Əmir Teymur" adlandırırlar. Cavidin özbək nəşrində "Topal Teymur" dramını Usmon Qochqorun və Tohir Qahhorun "Əmir Teymur" adı ilə təqdim etməsi də bu mənada anlaşılandır. Atalarına "topal" ayamasının verilməsi özbəkləri incidir...
Ona görə də məruzəmdə xatırlatdım ki, Cavid "Topal Teymur"u 1924-cü ildə yazıb. 1924-cü il həm də bolşevik siyasətinin Əmir Teymur yurdunu paramparça etdiyi, Türkistan cümhuriyyətinin Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Qara Qalpaq cümhuriyyətlərinə bölündüyü faciəli bir tarixdir. Odur ki, Cavidin "Topal Teymur"unu içi Özbəkistan qarışıq bütün dünyada Teymuru idealizə edən son və yeganə əsər kimi dəyərləndirməliyik...
Metafizik hadisəni mistik irtibatı ədəbiyyat deyil, ruh yaradır. Türkləri bu böyük coğrafiyada yaşadan ruh Əhməd Yəsəvinin ruhudur.
Səmərqənddə, Gur Əmir məqbərəsindəki məzarında öz vəsiyyətinə görə, Seyid Bərgənin ayaqları altında uyuyan Əmir Teymur da Yəsəviyyə təriqətinə bağlıdır. Sultan Bəyazidi məğlub edən Əmir Teymur Xoca Bəyazidin müridlərindən biridir. Fuad Köprülünün "Türk ədəbiyyatında ilk mütəsəvviflər" kitabından oxuduqlarım yadıma düşür: "Teymur Dilguşə bağını qurandan sonra Yəsiyə getmiş, Əhməd Yəsəvinin məzarı üzərində ali bir imarət yapılmasını əmr etmişdi".
Ancaq Yəsəvi türbəsindən öncə Əmir Teymur Daşkənddə Türküstan övliyalarından Zəngi babanın türbəsini də inşa etdirib. Çünki bunu Əhməd Yəsəvinin özü vəsiyyət etmişdi. İndi mən Teymurun inşa etdirdiyi Zəngi baba ziyarətgahından qayıdarkən yolüstü vaxtilə Əmir Teymurun Bağdaddan gətirdiyi və indi Daşkənddə Həzrəti-İmam kompleksində qorunan Hz. Osmana məxsus "Quran"ı da ziyarət edəndən sonra sakit bir hücrəyə çəkilib bu sətirləri yazdıqca Ərdəbildə Şeyx Səfi türbəsini ziyarət etdiyim anları yenidən xatırlayıram. Nə üçün Əmir Teymur Ankara savaşına yola düşərkən xeyir-dua almaq üçün Yəsiyə - Əhməd Yəsəvinin ziyarətinə gəlib? Və yenə görəsən, nə üçün Ankara zəfərindən sonra 1402-ci ildə Türküstana dönərkən Şeyx Səfi təkyəsini ziyarət etmək üçün Ərdəbilə baş çəkib? Bursanı çökdürən Teymur nə üçün Ərdəbil dərgahına aşırı sərbəstlik verib? Teymur Yezidin düşmənidir. Bunu tarixçi Nəşri də, ona istinad edən Hammer də, Əli bəy Hüseynzadə də təsdiq edir. Fuad Köprülü isə Hafiz Əbruya istinadən onun Çingiz Yasasını qaldırıb, yerində isna-əşəriyyəyə söykənən yeni quruluş təsis etdiyini yazır. Osman Turana görə, Teymur Mazandaranda şiəliklə, Suriyada sünniliklə savaşıb. Bartold Teymur tarixlərinə dayanıb onun Çingiz Xanın soyundan gəldiyini, Çingizin anası Alankuvanın isə Hz. Əli nəslindən gələn bir İşıqdan hamilə qaldığını qeyd edir. Bəs gerçək olan hansıdır? Səmərqənddə Gur Əmir məqbərəsindəki Əmir Teymuru, Registan kompleksini, möhtəşəm Bibixanım məscidini, Uluqbəy Rəsədxanasını, "Səhihi-Buxari" müəllifi İmam Buxarinin türbəsini cavabını tapa bilmədiyim bu sualların cazibəsində ziyarət etdim.
"Hər kəs böyük Teymurun dəbdəbə və ehtişamını seyr etdikcə heyrətdən kəndini alamıyor... İştə, məftunu olduğun şu mənzərələr, Səmərqənddəki möhtəşəm saraylar və ali mədrəsələr, böyük məbədlər və abidələr həp qalibiyyət əsərləri, həp fəth və zəfər tarixidir" (Hüseyn Cavid).
Teymurun Səmərqəndindən - Səmərqənd dürdanəsindən ayrılıb gecəykən Buxaraya yola düşdük.
Bayaq Guri-Əmirin bələdçisi demişdi ki, hər il Teymurun məzarını dörd milyon avropalı turist ziyarət edir. İndi o turistlərin bir qisminin də əyləşdiyi modern sürət qatarı "Əfrasiyab" bizi Buxaraya - Siyavuşun şəhərinə aparır...
Buxara mistik bir şəhərdir. Ərk qalası isə həmin mistikanın ən cazib bir səhifəsidir. Səhər tezdən baş çəkdiyimiz Buxara qalası miladdan öncə inşa olunub. Qalanın içində bizə bələdçilik edən gənc buxaralı "Bura Siyavuşun şəhəridir" - dedi. Demək ki, burda həm də Alp Ər Tonqanın - Əfrasiyabın izləri var, deyə düşündüm. Hələ dünən bizi Buxaraya gətirən "Əfrasiyab" adlı elektrik qatarını görəndə Teymur övladı olan özbəklərin içindəki türk ruhuna təzim etmişdim. Modernləşəndə də belə modernləşəsən. Özbəklər orta bir avropalı olmaqdansa, üstün bir asiyalı olmağın qürurunu yaşayır.
Əhməd Yəsəvi səkkiz yaşında Buxaradaymış. "Divani-hikmət"də özünün də yazdığı kimi, önündə səkkiz tərəfdən nurlu yollar açılıbmış. Buxara həm də Piri-Muğanlar məskənidir. Teymurun çağdaşı Bahəddin Nəqşbəndinin türbəsini də, nəqşbəndi şeyxləri tərəfindən tikildiyi ehtimal edilən Miri-Ərəb mədrəsəsini də Buxarada ziyarət etdik. Deməli, Nəqşbəndilik də bu şəhərdə intişar tapıb. Bəktaşiliyin olduğu kimi, Nəqşbəndiliyin də ideya qaynağı Yəsəviyyə təriqətinə dayanır. Bəktaşilərin fikir atası Mənsur Ata da, Nəqşbəndilərin tapındığı Hakim Ata da Yəsəvi müridi olub. Əhməd Yəsəviyə vəhdət şərabını içirən Yusif Həmədani də bu şəhərdə haqqa qovuşub. Yusif Həmədani dünyasını dəyişəndə Yəsəvinin on yeddi yaşı varmış. Həmədaninin ölümündən sonra Əhməd Yəsəvi yenidən Türküstana - Yəsiyə qayıdıb.
Biz də Yəsəvini ziyarət etmək üçün Türküstan səmtini tutduq. Özbəkistandan Qazaxıstana keçdik. Çimkənd - Qızıl Orda yolu ilə üzü Yəsiyə doğru gedirik. Qazaxıstan qışın ilk günlərini yaşayır. Bəzi yerlərə qar yağıb... Maşında yanaşı əyləşdiyim Şöhrət Barlasa Cavidin misralarını xatırladıram: "Peyğəmbər idim, ümmətim olsa". Yəsəvi sanki Türküstanın peyğəmbəridir. "Əstəğfürullah deyin!" söyləyir Şöhrət bəy. "Deməyinə deyim də, amma min ildir ki, Mavəraünnəhr, Xarəzm, Xorasan, Azərbaycan, Anadolu, ta ki, qıpçaqlara, noğaylara, Krıma, Kazana, bulqarlara qədər türklərin mənəvi halını yeniləyən, türk bədii düşüncəsində "könül Kəbəsi arxetipi"ni yaradan Əhməd Yəsəvi deyilmi?
"Cavidnamə"də yazmışdım: "Yurdumuzun sonuncu Əhməd Yəsəvisi Cavid əfəndiydi... Fəthlərdən, müharibələrdən yorulmayan Əmir Teymur da yol üstündə, ani dinclik və nəfəs dərimi üçün ağacların kölgəsinə deyil, Əhməd Yəsəvinin ruhuna çəkilirdi".
Yəsəviliyi kültür anlayışının ekvivalenti kimi dəyərləndirən Yaşar Qarayev Cavidin Şeyx Sənanını Şeyx Yəsəvinin nəsli və şəcərəsindən hesab edirdi. Tanrının iltifatıdır ki, Cavidin adı ilə qatıldığımız konfrans Yəsəvinin ziyarəti ilə başa çatırdı.
Bu da Türküstanın mərkəzində Əhməd Yəsəvi türbəsi... Teymurun 1389-cu ildə inşa etdirdiyi Teymuranə türbə də, Əhməd Yəsəvi Universiteti də bu gün Türküstanda Əmir Teymur küçəsindədir.
Həmin Əhməd Yəsəvidir. Sığındığı çiləxana da min il əvvəlki yerindədir. "Dünyaya gələr-gəlməz göylər aləminə uçub getmiş, ərşi qucaqlayıb, fənafillah məqamına çatmış" Əhməd Yəsəvinin çiləxanası...
Ədəbiyyatdan Vətən yaradan Əhməd Yəsəvinin hüzurundayıq...
Şöhrət Barlas Yəsəvinin ruhu üçün "Quran" oxuyur...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!