Syülli-Pryüdom - ƏDƏBİYYAT ÜZRƏ İLK NÖBELÇİ

 

Ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı fransız şairi Syülli-Pryüdom (Rene Fransua Syülli-Pryüdom) olub. O, 1839-cu ilin 16 martında Parisdə doğulub.

Şair 1865-ci ildə “Beytlər və şeirlər” (Stances et poèmes) adlı ilk toplusunu Syülli-Pryüdom (atasının tam adı) təxəllüsü ilə çap etdirib və adı çəkilən kitab Ş.Sent-Bev tərəfindən yüksək qiymətləndirilib. 1881-ci ildə Syülli-Pryüdom şair kimi Fransa akademiyasına üzv seçilib. Onun şeirləri “Parnas”, “Çağdaş Parnas” dərgilərində çap olunub və həmin şeirlər “parnasçıların” – romantik ədəbi məktəbə qarşı çıxış edənlərin – ədəbi manifestinə çevrilib. Sonetlərdən ibarət “Sınaq”  (Les Épreuves) kitabı 1866-cı, “İtalyan rəsmləri” (Croquis italiens) 1868-ci, “Tənhalıq” kitabı isə (Les Solitudes) 1869-cu ildə çap olunub və adı çəkilən kitablar Syülli Pryüdomu fransız şairlərinin başına keçirib.

Müəllif özünün fəlsəfi lirikasında metofizika və etikanın vacib məsələlərinə obrazlı şəkildə toxunur, ağlın və qəlbin süzgəcindən keçən yanaşmanın qalib gələcəyinə, sonuncunun isə üstünlük tapacağına əminliyini göstərir. Şairin spektisizmi onun fikirlərinin dərinliyinə nüfuz etdikcə və hisslərinin gücü artdıqca təsirini itirmir, əksinə, onun poeziyası gerçəkdə mövcud olmayan insanın qəlbinin dərinliklərinə yol tapır, onu zinətləndirir və onu yaradıcı, fədakar sevgiyə səsləyir. 

Fransa-Prussiya müharibəsində (1870) Syülli-Pryüdom könüllülər ordusuna yazılır, lakin səhhətindəki zəiflik nəticədə ona ayaqlarını itirmək bahasına başa gəlir. Həmin hadisədən sonra Syülli-Pryüdom 1870-ci ildə “Hərb xatirələri”ni (Impressions de la guerre) qələmə alır.

Onun qələmindən çıxaraq humanist şəkildə təqdim edilən xeyirin və şərin, sevginin və ədalətin əbədi mübarizəsi 1878-ci ildə çap olunan “Gərəksiz zəriflik” (Les vaines tendresses)  və 1888-ci ildə çap olunan“Xoşbəxtlik” (Le Bonheur)  adlı epik poemalarda əks olunub. Həmkarı – şair və filosof M.Gyüyo onu çox maraqlı xarakterizə edir: “ O, ətraf aləmi öz anşılmaz gözləri ilə qucaqlamaq istəyən heyranedici liriklərdən deyil, onun yarıqapalı gözləri hər şeyi içdən görərək bir az “ulduzlara doğru” dartınır”.

Syülli-Pryüdom poeziya nəzəriyyəsi ilə bağlı iki layiqli iş ortaya qoyub. Onlardan biri  1892-ci ildə qələmə aldığı “Şeir sənəti haqqında düşünərkən” yazısıdır.  1900-cü ildə, ölümündən yeddi ilə əvvəl yazdığı “Şairlərə vəsiyyət” adlı yazısında isə o, klassik şeir üslubunu müdafiə etmiş və məntiqsiz novatorluğa qarşı çıxmışdı.

1901-ci ildə Syülli-Pryüdom “ədəbiyyata ləyaqətlə xidmət etdiyinə, xüsusən də yüksək idealizminə, bədii kamlliyinə, həmçinin, yazdığı kitablardan da göründüyü kimi qeyri-adi istedad və ruh sahibi olduğuna görə” ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı oldu.

Mükafat təqdim edilərkən qeyd edilmişdi ki, “Syülli-Pryüdom əksər yazarlardan fərqli olarq məhz Alfred Nobelin “ədəbiyyatda idealist ənənələr” adlandırdığı fikirləri qələmə alır”. Çox güman ki, elə bu fakt da bütün ədəbi aləmin  gözlədiyi kimi Lev Tolstoyun deyil,  Syülli-Pryüdomun ədəbiyat üzrə ilk Nobel mükafatı almağına səbəb olmuşdu.

Syülli-Pryüdom xəstə olduğu üçün mükafatlandırma mərasiminə qatıla bilməmişdi, onun əvəzində diplomu Fransanın İşveçdəki səfiri almışdı.

Ömrünün son illərində ağır xəstəlikdən əziyyət çəkən şair özünü bütövlükdə fəlsəfəyə həsr etmişdi. Blez Paskalın təsiri altına düşən Syülli-Pryüdom 1905-ci ildə “Paskalın gerçək dini” traktatını, 1906-cı ildə isə “Son məqsəd problemləri” və “Azad seçki psixologiyası” əsərlərini qələmə almışdı.

Syülli Pryüdom 1907-ci ilin 7 sentyabrında Paris yaxınlığındakı Şante-Malabri villasında vəfat edib.

Zaman keçdikcə onun şöhrəti unudulmağa başladı. Bu gün Syülli Pryüdomun adı gənc fransız şairləri arasında sadəcə ədəbiyyat üzrə ilk Nobel mükafatçısı kimi xatırlanır.

Syülli Pryüdom

1839-1907

             

 OXUCUMA

Elə ki, şeirlərim narahat etdi səni –

Bil ki, mən də soyuğam ona qarşı ürəkdən.

Ən yaxşı şeirlərim ürəyimdədir hələ,

Və onları heç zaman duya bilməyəcəksən.

 

Qaranlıq xiyabanda ağ kəpənəklər kimi

Veyil-veyil süzürlər zərif çiçəklər üstə.

Xəyalımda dolaşan sevimli nəğmələr tək

Yığışırlar başına şeirlərin ahəstə. 

 

Bir kobud toxunuşla toxundunsa onlara,

Ürkək pərvanə kimi pərən-pərən düşəcək. 

Qanadlarında olan toz da sovrulub gedər

Ətirli çiçəklərin quru ləçəkləri tək.

 

Ruhumu nəğmələrdən ayıra bilmirəm mən,

Zərif gözəllikləri elə durma, bax, – deyir.

Onları yaşatmaqçün mən susuram eləcə,

Onlarsa ürəyimdə sirli nəğmə söyləyir.

 

Ürəyim dopdoludur sirli şeirlər ilə,

Onlar arzularımın ən gerçək ahəngidir.

Sənsə, pərvanələri görəmməzsən, oxucum,

Görə bildiyin ancaq izlərinin rəngidir.

 

ŞEH

Xəyallar alır məni, görürəm qəmli-qəmli

Yaşıl çəmənlik boyu şeh yanır “dəstə-dəstə”.

Onu soyuq gecənin əlləri elə qoyub

Çiçəklərin üşüyən zərif ləçəyi üstə.

 

O damlalar buraya haradan düşdü görən?

Orda – buludlar yolu yağışsız da kəsirdi.

Ləçəklərə sığınıb alışıb yananadək

O damlalar havada titrəyirdi, əsirdi!

 

Göz yaşları haradan doluşub gözlərimə?

Səma aydındır axı, dəymir gözə qəm, kədər.

Axı onlar ürəyə sığınıb qalmışdılar

Gözləri qamaşdırıb qəlb ovudana qədər!

 

Köləglər də  həmişə ürəklərdə gizlənir,

Göz yaşları boğulur, mürgüləyir, oyanır.

Sevnc dolu günün də xoşbxəliyi eləcə

Çarəsizcə onların səfəqinə boyanır!  

 

QARANQUŞA

Sən səmada çox azad, çox asudə dolaşıb

Cəsur-cəsur süzürsən, qanad açıb uçursan.

Əlçatmaz ucalıqda biçimsiz  kədərlərdən

Bir an belə enmədən, baş götürüb qaçırsan.

 

Susuzluqda bircə an yolundan dönməyərək

Üz tutub buludlara onlardan su içirsən.

Şiş zirvəli dağları aşırsan, qayaları,

Çayları dolaşırsan, dənizləri keçirsən.

 

Bəzən buludlu payız qəfil alır başını,

Bu səbədən sən də tez tərk edirsn ki, bizi...

Qayıdasan yazbaşı, yasəmənlər açanda

Hər tərfədə baş-başa verə çiçək dənizi.

 

Doğma yuvana, bir də azadlığına sənin

Həsrətlə baxa-baxa, dolaşıram səninlə!

Məni də sənin kimi oyandırır təbiət

Danışıram sənin o dopdolu ürəyinlə.

 

Sənin kimi qalxıram səmaların qoynuna,

Parlaq arzularımın qanadında min kərə .

Tənhalığa çəkilib can atıram eləcə

Sənin tənha uçduğun, təhna olduğun  yerə. 

 

Zərrəcə həsədim yox bir kimsənin haqqına,

Sənin həyəcanını bölüşürəm içimdə.

Bir azacıq cəsarət və azadlıq istərəm,

Və bir də ki, məhəbbət – nəhayətsiz biçimdə.

 

BU ÇOXDAN OLUB

(sonet)

Yapışmışdın əlimdən, danışırıdıq səninlə

Gəncəcik qəlbimizlə, həyacanla, sevərək,

Mən yenə də səninəm, sənindir bax bu ürək,

Bəs sənin arzuların yaşayırmı mənimlə?

 

Əfsus! O zərif külək çıxıb yaddaşımızdan,

Təsadüfi bir sığal bağışlamışdı bizə.

O solğun, kövrək çiçək yəqin inciyib bizdən,

Zərif ləçəkləriylə şahiddi sirrimizə! 

 

Bir sirr kimi saxladım məndə yaşasın deyə,

O zərif xatirələr ürəyimdə əriyir.

Söylə məni sən niyə unutdun axı, niyə?

 

İlahi, taleyə bax! Əzabdır səni sevmək,

Arzular da qəfildən itir, tükənir, gedir.

Səni bir də heç zaman görməyəcək bu ürək!

 

QORXAQLIQ

Deyərdim ona... di gəl, əlacım yoxdur, amma

Danışa bilsəm əgər...

Qorxuram ki, sözlərim elə yuxularım tək

Hər şeyi açıb deyər.

 

Hardandır bu qorxaqlıq? Axı nədən, nə üçün

Cəsarət tapammıram?

Nədən onun yanında dilim söz tutmur axı?

Ona toxunammıram.

 

İllərim külək kimi, sovrulub getdi həmən

Hər şey bir anda oldu.

Mənim çox güvəndiyim azadlığımdan isə

Lal olan dilim qaldı.

 

Qorxduğum bircə budur, bəlkə səhv anlamışam

Bu sevgi həvəsimi.

Qorxuram ki, riyakar göz yaşları boğmasın,

Titrətməsin səsimi.

 

Bəkə öz istəyiylə, bəlkə də ürəyində 

Arayacaq o məni.

Kədərlə xatırlayıb, ötən günlərin elə

Çəkəcək həsrətini!

Tərcümə edən Əyyub Qiyas.

Şeirlər Mahmud Xalıqovun fransız dilindən sətri tərcməsi üzərində işlənib. 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!