Axır ki, öldüm, ay bala... - Qəşəm İsabəyli - Xatirə-esse

 

Hər evdə qədimlikdən bir nişanə olur. Bizimkində dəmir çarpayıydı. Bəlkə də, əllini çoxdan arxada qoymuşdu;  ailə üzvlərimizin hamısının canında onun rahatlığı vardı. Yatacaq toru o qədər yumşalmışdı ki, üstünə uzanan kimi sallanıb yerlə bir olurdu. Elm göstərdi ki, gərək bərk yerdə yatasan, radikulitə tutulmayasan. Buna görə də sonralar dəmir çarpayıyla birdəfəlik xudahafizləşdim. Axır-axırda çarpayı qaldı anamıza. Hərəmiz bir yana dağılıb, sonra da Bakıya yığılandan sonra kənd evimizin yeganə sakini anamız olmuşdu. Deyirdi, bu evə gəlin gələndə də təklik düşmüşdü qismətimə. Onda ürəyim doluydu, bilirdim ki, canımdan, qanımdan olanlar yan-yörəmi basacaq, mən də darıxmayacağam. Amma indi bir gözləməm var, iraq sizdən, o da ölümdü.

Bizim də kənd evimizdən ötrü darıxmaq hissimiz, gizli deyil ki, itib getmişdi. Hərdən bir-iki günlüyə qonağı olurduq. Yerimizi isitməmiş də qayıdıb qaçırdıq Bakıya. 

Özünə qol-qanad bildiyi övladları anamızı tək qoyandan sonra onun da işi-gücü darıxmaq olardı, qorxmaq olardı, sonu bir yerə gedib çıxmayan fikir-xəyal olardı. Həmin bu əhval-ruhiyyə üstdə köklənmiş "Nənəm təkdi" kitabım təzəcə nəşr edilmişdi, mərhum şairə Ruhəngiz Əfəndiyeva da bu kitabı oxumuşdu. Dedi, rayona getmişdim, atamsız-anamsız qalmış həyətimizin yanından keçəndə ürəyim gəlmədi qapısını açıb içəri girim.

Bu etirafı qəlbimdə məzəmmətlə qarşılamışdım; necə yəni rayona gedəsən, böyüyüb boya-başa çatdığın evə girməyəsən, heç ağlıma batmır.

Bir gün də mərhum Ruhəngiz xanımın dedikləri mənim başıma gəldi. Anam rəhmətə gedəndən sonra həyətimizə yarıkönül girsəm də, evimizin balkonuna qalxıb otaqlarının qapısını açmağa əlim gəlmədi. Anamdan sonra bir dəfə də olsun kənd evimizdə gecələmədim.

Lap cavan yaşlarından anamızın sinəsinə övlad dağı çəkilmişdi; ortancıl qardaşım Tofiq 19 yaşında həyatdan köçmüş, kiçik qardaşım Abdulbağı maşın qəzasında həlak olmuşdu.

Bu dərdlərlə baş-başa qalmış anam dədə-baba evimizdə darıxmasın deyə, sonbeşik qardaşımız Abdulbağının cavanlıq şəklini başının üstündən asmışdı. Abdulbağı bu şəkli Bakıda - Buzovnada sanatoriyada çəkdirmişdi; sarı-göyçək bir oğlan idi rəhmətlik.

Orta məktəb direktoru Abdulbağını, sözünü qaytardığına görə  bərk döymüşdü. Uşaq xəstələnmişdi. Sağalandan sonra Buzovnada dincəlirdi. Anam danışırdı ki, getdim sanatoriyaya, bir qız məni görən kimi qaçdı qabağıma:

- Ay xala, siz Abdulbağının anasısınız?!

- Hə, ay bala! Nə olub ki?

- Ay xala, acıqlanın da ona.

- Niyə, ay qızım?

- Mənə sataşır.

- Yanuyu çimdikləyir, nədi?!

- Yox, ey, harda görür, deyir, gülüşüyü yeyim!

Anam deyirdi, gülmək tutdu məni, özümü güclə saxladım:

- Nə olar, ay qızım, pis söz demir ki?!

- Necə yəni pis söz demir?!

- Pis sözdüsə, sən də ona de!

- Bıy, nə danışır a... bu arvad?! Elə oğlun onu istəyir də...

Anam rəhmətə gedib canını təklikdən qurtarandan sonra Abdulbağının şəkli qərib qalmışdı. Bir gecə arvad yuxuma girdi:

- Ay bala, Abdulbağı məndən yaman narazılıq eləyir!

- Niyə, ay ana?!

- Deyir, hardasan, ay arvad, evimizə niyə gəlmirsən?!

- Deyirəm, ölmüşəm, ay bala!

- Allah eləməsin, ay arvad, bu nə sözdü?!

- Vallah, düz sözümdü, ölmüşəm!

- Necə ölmüsən ki, Xəlsə qəbiristanlığında qəbrin yoxdu?!

- Hardan olsun, ay bala, bacıların məni Bakıda dəfn etdirdilər! Guya vəsiyyət eləmişəmmiş. Vallah, Tofiqdən ötrü, səndən ötrü ürəyim parçalanır. Hamımız bir yerdə olsaydıq nə olardı!

- Ay ana, mən də tək qalmışam, ey!

- Niyə, ay bala, atan yanında, nənən yanında, qardaşın nakam Tofiq yanında, bir qızın, bir oğlun, hələ üzünü görmədiyin nəvən, iraq Qəşəm-Şəmdən, balaca Tofiq...

- Ay ana, evimizdən danışıram!

- Ay bala, sən də ölmüsən axı!

- Nə olsun ölmüşəm, bəs şəklim?! Şəklim mən deyiləm, kimdi bəs?! Hələ də xalçanın üstündə asdığın  yerdəyəm. Üz-gözümün tozunu da silən yoxdu, ay ana. Hər gecə ruhum gəlib oturur başımın üstündə. Vallah, yanımda adam olsa, danışaram.  Bilirsən gecələr necə darıxıram?! Heç olmasa ilin 7-8 ayını yanımda olurdun. Allahın ver günü mənimlə söhbət eləyirdin. Tez-tez damarı çıxmış əllərinlə başıma sığal çəkirdin, soyuq dodaqlarınla üzümdən öpürdün, işığı getmiş gözlərinlə ağlayırdın: "Ay Abdulbağı, - deyirdin, - göz dəydi sənə, vallah, ay bala!".

- Can, oğul!

- Ay ana, bu həyətin üstündə qonum-qonşuyla üz-göz olduğun yadındadır?!

- Sataşırdılar mənə, ay bala - açıb mal-qaranı buraxırdılar qapıma!

- Ay arvad, hələ də sataşırdılar, deyirsən. Gəl gör indi nə gündədir həyət-bacan. Gecələr az qalır ürəyim partlaya. Qonum-qonşunun it-pişiyi həyət-bacada dolub-daşır. Ara xəlvət olanda, lap Gülöyşənin yurdu kimi tülkü də soxur özünü bura. Gündüzlər isə örüşdən qalan qoyun-quzu, at-eşşək, mal-qara bağ-bağçamızdan yığışmır. Yadıma sənin çığırıb kəndi başına götürdüyün günlər düşür, ay ana! Lap nahaqdan ürəyini partladırdın ki, kəndin mal-qarası çəpəri basıb, keçib həyətə.

- Düz deyirsən, ay bala!

- Mən də artıq burda tək qala bilmirəm. Oğlum Elnur gəlsəydi məni də götürüb aparardı Bakıya. Balalarım ordadır. Burda tək-tənha üşənə-üşənə qalmışam, vallah?! Canım yox, həyət-bacanı sahmana salım, səsim yox, qurdu-quşu hürküdüm. Elə bilirəm iki qəbrim var Xəlsədə, biri qəbiristanlıqda, biri də evimizdə...

Abdulbağı maşın qəzasına düşəndə 43 yaşındaydı, anamız isə 66 yaşın içindəydi. Ortancıl qardşım Tofiq rəhmətə gedəndə, gecə-gündüz dil deyib, ağlayırdı. Bir dəfə böyük şair Səməd Vurğundan danışırdım. Həyatdan vaxtsız - 50 yaşında getdiyinə təəssüf eləyəndə, anam məzəmmətlə dilləndi: - Yazıq balam Tofiq 19 yaşında getdi...

Abdulbağı həlak olanda isə anam həyata müdrik baxırdı. Nə dil deyib ağlaya bilirdi, nə də üzünü cırıb, göz yaşları tökməyi vardı... Elə danışırdı Abdulbağıdan. Hərdən də narazı danışırdı. Hətta bir dəfə sözümüz çəp gəldi:

- Ay arvad, ölüb ey Abdulbağı, day dirilməyəcək!

Elə cavab verdi, matım-qutum qurudu:

- Ölüb ölüb də, Allah rəhmət eləsin, mən ölməcəm?! Maşın nəyinə lazım idi onun?! Arvadı mindirib Daşkəsən, Sumqayıt deyə bir gedirdi. Yaxşı sürə də bilmirdi; kənddə arxa düşəndə gərək sataydı mirətə qalmışı. Başımıza bu zülm də gəlməzdi...

Anamı yuxuda görəndən sonra Elnura dedim, get Xəlsədən atanın şəklini gətir, as evinizin divarından! Elnur da iki gün sonra gedib şəkli gətirdi. Həmin gecə ürəyim təzəcə uymuşdu ki, anam gəlib durdu qabağımda:

- Ay bala, Abdulbağı, bilirsən nə sevinir?! Deyir, ay ana, Allah qardaşımı minbudağ eləsin, indi lap rahat olmuşam. Evimizdəyəm. Balalarım gəlir, üzümə baxır, nəvələrim gəlir, mənimlə danışır. Balaca Qəşəm-Şəm, Allah pis gözdən saxlasın, o günü şəklimin qabağında dayanıb, gör nə deyir: "Salam, ay baba! Bax, bu oğlan - yanındakı uşağı göstərir, - Kəbirə xalamın oğludu, o da sənin nəvəndi. Bilirsən adı nədi?! Elgün. Ay baba, dost olmuşam Elgünlə, day savaşmırıq. Ay kişi, niyə içib minirdin maşına?! Bax, babama demişəm, Qiyamət günündə sən diriləndə qoymasın səni içməyə. İçsən, maşının açarını alsın əlindən!". -Ay bala, - anam fərəhlə danışdı, - il yarım idi haqdı adım ölüydü, Allaha and olsun, can verirdim. Abdulbağıdan bərk nigaran qalmışdım. Day balam da arvad-uşağının gözü qabağındadır. Allah sizi saxlasın. Mən də rahat oldum. Yuxuna girməsəm, nigaran qalma - axır ki, öldüm, ay bala!

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!