Dəmir əjdaha və şeyda bülbül - İlqar FƏHMİ yazır - İlqar FƏHMİ

Firəngiz Əlizadə sənətinə gizli ekskursiya cəhdi

İlqar FƏHMİ

Məşum gecə

Mən Firəngiz Əlizadəni 2008-ci ilin noyabr gecələrinin birində, saat ikidə sevdim.

AzTV-nin gecə konserti - Avropa konsert salonlarından biri - klassik kvartet və... mübarizə...

- romantik ruhla texnogen cəmiyyətin mübarizəsi...

- rasional məntiqlə irrasional mifin konflikti...

- kəpənək tozuyla təyyarə qanadlarının qarşılaşması...

Kronos kvartet və Firəngiz Əlizadənin musiqisi...

İli və ayı ona görə dəqiq yadımda qalıb ki, yaxın bir dostumun toyundan çıxmışdım, yorğun idim və məhz yorğunluqdan gecə heç cür rahat yuxuya gedə bilmirdim, bir az huşa gedib yenə ayılırdım. Toyda beş-altı saat ərzində beynimi döyəcləyən mahnılar, oyun havaları hələ də qulaqlarımda cingildəyirdi...

Nəhayət, gecə ikidə durub bir siqaret yandırdım, əlim adət etdiyi kimi, televizorun pultuna getdi. Düyməni basan kimi, musiqi eşidilməyə başladı...

Təbii ki, yarımqaranlıq otaqda, yarıyuxulu vəziyyətdə mən hansı bəstəkarın hansı sənət nümunəsini dinlədiyimi bilmirdim. Və sözün düzü, həmin məqamda heç bunu bilmək həvəsim yox idi (Yalnız konsertin sonunda adlar yazıldı). Sadəcə, yarıyuxulu gözlərimin qarşısında hansısa naməlum konsert salonu, eyni qədər naməlum kiçik bir kvartet var idi...

Və mübarizə, mübarizə... Gah açıq-aşkar, gah gizli-gizli... Gah sakit səslə, gah da gurultuyla... 

Konfliktlərlə dolu gərgin dramatik bir gündən sonra narahat yuxuya gedən böyük meqapolis - narahat şəhər, böyük şəhər, sanki bir dəmir əjdaha ...  Texnogen dövrün səsləri... Yatmış dəmir əjdahanın ağır  nəfəsi... Bütün kainatın üstünə çökmüş ağır duman... Qəfildən bu gərgin yuxunu pozan zərif, həssas romantik ruhların iniltiləri... Elə bil bütün günü dəmir əjdahanın sıxıb əzdiyi incə, zərif quşlar... Əvvəlcə zəif iniltilər, sonra sanki dəmir əjdahanın yatmasından bir qədər ümidlənən, bir qədər güclənən pıçıltılar... Ardıyca quşların qorxu və vahiməsi... Dəmir əjdahanın oyanıb nəfəsindən alov saçacağı qarşısında qorxu... Bu qorxunun yaratdığı gərgin mükalimə, mübahisə...  Neyləməli, necə yaşamalı?

Qəfildən dəmir əjdahanın öz yerində yuxulu halda gurultuyla silkələnməyi, sanki bir çiyindən o biri çiyinə çevrilməyi... Romantik ruhların - incə zərif quşların vahimə içində susmağı, bir anda qaçıb gizlənməyi ... Sükut... Yenə dəmir əjdahanın nəfəsinin ağır və aram səsi...

Sonra yenə yavaş-yavaş eşidilməyə başlayan gərgin pıçıltılar, həyəcanlı mübahisələr... Qaranlıqdan baş qaldıran quşların qarışıq səsləri.

...Qəfildən ən zərif ruhun şeyda bülbül cəh-cəhinə bənzəyən ümid dolu nəğməsi...

Dəmir əjdahanın növbəti tərpənişi... Yenə qorxu, vahimə... Quşların qaçıb gizlənməsi... Sonra yenə yavaş-yavaş başlarını qaldırması... Yenə şeyda bülbülün cəh-cəhi... Hətta öz yanındakı quşların qorxu içində onu susdurmağa çalışması... Bülbülün getdikcə artan cəsarəti... Və nəhayət, bütün quşları sanki mübarizəyə səsləməsi... Sıxılmış, əzilmiş ruhların üsyanı (Bu yerə qədər qırıq-qırıq eşidilən "Şur" elementlərini, "Çahargah" motivlərini əvəz edir... Mübarizə olan yerdə "Çahargah"sız mümkün deyil... Çünki sonunda "Mənsuriyyə" - qələbə var)... 

Yavaş-yavaş, ağır-ağır yuxudan oyanan və ətrafında bu xırda quşlara bənzər zərif ruhları görən Dəmir əjdaha...  Yuxudan yarımçıq oyadıldığına görə partlayan qəzəbi... Alov saçaraq, şeyda bülbül də daxil olmaqla, bütün bu quşları bir anda məhv eləmək cəhdi... Mübarizənin əsas hissəsi... Dəmir əjdaha güclüdür, qorxuncdur... Lakin şeyda bülbülün dəlilik dolu cəsarətli çağırışı az qala bütün quşları mübarizəyə qaldırmağa nail olub... Kiçik də olsalar, zərif də olsalar, yavaş-yavaş çoxalıb artırlar, hər küncdən onlarla, yüzlərlə xırda quşlar qalxır, şeyda bülbülün səsinə səs verir... Mübarizə getdikcə daha da gərginləşir, dəli kimi gözü qızan dəmir əjdaha ətrafa alov səpələyir, quşlar isə daha qorxmurlar, geri çəkilmirlər... Təkrar-təkrar döyüşə atılırlar... Dramatik mübarizə kulminasiya həddinə çatır... "Mənsuriyyə" motivləri... Dəmir əjdaha son aolvunu saçıb, nəfəsini verib gurultuyla yerə çökür... Budur,  ağır mübarizədən sonra Qələbə... Quşların qələbəsi, sevən ruhların təntənəsi...

Nəhayət, quşların qələbədən sonrakı yorğunluğu... Lakin bununla iş bitməyib... Şeyda bülbülün çağırışı səslənir -  Dəmir əjdaha tək deyil, başqaları da var... Yorğunluğunu alan quşlar isə bir yerə toplaşıb "Mənsuriyyə" sədaları altında səfərə çıxırlar, mahnı oxuya-oxuya, sanki hərbi marş sədaları altında növbəti dəmir əjdahaların üstünə gedirlər... Çünki mübarizə heç vaxt bitmir... Mübarizə həmişə var.

Uzaqdan növbəti dəmir əjdahanın gurultusu eşidilir... Quşlar isə daha qorxmur. Onlar növbəti vuruşa hazır vəziyyətdədirlər... Sükut,  döyüşqabağı gərginlik... və FİNAL... (bəlkə də finalsızlıq).      

Oyanış

Gecə vaxtı, on beş dəqiqənin içində naməlum bir kvartet musiqi diliylə mənə sanki bir film göstərdi - dramatik süjeti olan, hansısa məqamlarda, quşların mifik səyahətinə həsr olunan "Məntiq-ət-teyr" (Şeyx Əttar)  poemasını  xatırladan, lakin tamam fərqli bir xətt üzrə inkişaf edən poetik-fəlsəfi bir film... Səslərdən ibarət film...

Sonralar fikrimə gəlmişdi ki bəlkə, bu əsər əsasında kompüter qrafikası vasitəsilə bir animasiya filmi də hazırlamaq olar... Lakin bir qədər düşünəndən sonra fikrimdən daşındım, çünki assosiativ duyum və ekspressiyalar çox fərdi bir haldır, çox güman ki, mənim ruhumda bir hisslər və görüntülər oyadan musiqi parçası bir başqa dinləyicinin xəyalında tamam fərqli görüntülər, hiss və duyğular yaradacaq (Misalçün, kimlərsə bu əsəri Şərqlə Qərbin mübarizəsi kimi də səciyyələndirə bilər - bir tərəfdə sərt Qərb musiqisinin, digər tərəfdə isə zərif həssas Şərq muğamının elementləri və ortada mübarizə...). 

Təbii ki, avanqard ekspressionist musiqi artıq yüz ilə yaxındır ki, bir janr olaraq dünya musiqisində mövcuddur. Lakin əvvəl eşitdiyim bu cür musiqilər duyğusallıq baxımından heç vaxt doğma olmayıb deyə, dinləməmişəm, yaxud təsadüfən dinlədiklərim də məndə heç bir hiss və duyğu oyatmayıb.

Firəngiz Əlizadə barəsində isə hələ 90-cı illərdən çox eşitmişdim. Ən çox da onun qayını, ixtisasca rəssam olan mərhum Kamran müəllimdən... Lakin gənclik dövründə onun musiqilərini dərk edəcək hala qədər yetişməmişdim. Hələ standart melodiyaların, ritmik mahnıların qəfəsi içində idim. Musiqi duyumum da bu çərçivədən kənara çıxmırdı...   

Bundan əlavə, nəzərə alsaq ki, mən peşəkar musiqişünas və ya musiqiçi deyiləm, musiqi qavrayışım da adi dinləyici səviyyəsindən yuxarı qalxmır, onda bir çox sənət məsələlərindən müəyyən vaxta qədər kənarda qalmağım, yaxud dərk edə bilməməyim, təbii görünməlidir... 

Lakin o dəfə isə hər şey fərqli oldu. Sanki bir oyanış... Və həmin gecə mənim üçün Firəngiz Əlizadənin müəyyən qədər anlaşılmaz, qəribə, məchul - və məchul olduğuna görə də ilk baxışdan qorxulu görünən musiqi dünyasına sanki bir qapı açılmış oldu (Sonradan mən məhz bu qapı vasitəsilə, ümumilikdə XX əsr Azərbaycan musiqisinə daxil oldum, bu möhtəşəm xəzinəni sanki yenidən dəyərləndirməyə başladım və çox möhtəşəm, çox əzəmətli sənət nümunələrini sanki özümçün təzədən kəşf elədim)... 

On ilin ekspressiyaları

Sonrakı on ilin içində Firəngiz xanımın musiqilərini dinləyərkən, həmişə fərqli-fərqli hiss və duyğular, ekspressiyalar yaşamışam. Ən əsas danışmaq istədiyim hiss isə doğmalıq olub. Bu musiqilərin içində mən nəsə doğma bir motivlər hiss edirdim. Bəs nədəydi bu doğmalıq?

Əgər söhbət ruhuma yaxın musiqilərdən gedirsə, istənilən vaxt milli musiqimiz əlimin altındaydı, muğamdan tutmuş xalq mahnılarına, aşıq havalarına qədər hər birini istədiyim vaxt dinləyə bilirdim... Bu qədər sənət nümunəsi əl altında olduğu halda, bəs niyə Firəngiz xanımın avanqard musiqiləri içində doğma motivlərin elementlərini duyan kimi tamam fərqli hisslər yaşayırdım?

Bu sual məni çox düşündürürdü...  

Bəlkə də, səbəb bu idi ki, doğma motivlər, əziz melodiyalar tam bütöv halda deyil, qırıntılar şəklində idi... Eynən cidd-cəhdlə yada salmağa çalışdığımız yuxu kimi... Qırıq, natamam obrazlar, yarımçıq süjetlər, anlaşılmaz hadisələr... və elə bil, texnogen dünyanın vahiməli səsləri içində unutduğumuz uzaq şirin yuxular.

Bu qırıq, lakin doğma motivlər gecələr gördüyüm hansısa yuxulardan gələn səslər deyildi. Bir şərqli olaraq mənim (həm də ümumiyyətlə, bütün Şərqin)  altşüurumdan - kollektiv təhtəlşüurdan gələn motivlər idi... Bəli, Azərbaycanın, ümumiyyətlə, bütün Şərqin kollektiv təhtəlşüuruna məhz bu yuxuya bənzər motivlərlə yol açmaq istəyir sanki bəstəkar...

Yalnız bunları dərk edəndən sonra, yuxarıda səsləndirdiyim sualın cavabını özümçün aydınlaşdırmış oldum. Minillik tarixi olan milli musiqilərimiz - muğamla, aşıq mahnıları, oyun havaları, əslində, bizim yox, əcdadlarımızın portretləridi - onların mənəvi-psixoloji durumunun, dünyagörüşünün, hiss və duyğularının əksidir. Biz bu musiqilərlə təmasda olarkən sanki gen yaddaşımız təzələnir, əcdadlarımızla mənəvi dialoqa giririk, dərdimizi bölüşürük, təskinlik eşidirik...

Bu musiqilər bizə nə qədər doğma olsa da, hər halda bizim özümüz deyilik. Təbii ki, orda bizim "müasir Mən"imiz yoxdur. Eynən Nəsiminin, Füzulinin qəzəliyyatı kimi...

Firəngiz xanımın musiqiləri isə bizim öz portretlərimizdir - müasir Şərq insanının, daha dəqiq desəm, müasir azərbaycanlının...

O azərbaycanlı ki, bir tərəfdən qloballaşan müasir texnogen dünyanın gurultuları içində çapalayır, cırmaqlaşır, digər tərəfdən, ruhunun dərin qatlarından gələn həzin muğam səslərindən təsirlənir, aşıq mahnılarından riqqətə gəlir, oyun havalarından dingildəyir...

O azərbaycanlı ki, bir əlində Səməd Vurğunun, Rəsul Rzanın əsərləridir, o biri əlində Kafkanın, Kamyunun kitabı...

O azərbaycanlı ki, sevməyi "Arşın mal alan"dan, sevişməyi isə Almadovarın filmlərindən öyrənir...

O azərbaycanlı ki, gözləri Nəsiminin Allahında, yaxası isə Faustun "İblis"inin cəngindədir....

Bu, müasir dövrün sakinləri olan "bizlər"ik. Özümüzük... Mənəm. Sənsən... Bu güzgüdə bizdən başqa heç kim yoxdu...

Bəlkə, ona görə Firəngiz xanımın musiqiləri müasir dinləyicilərimiz üçün bir qədər ağır və çətin dərk olunandır. Axı insanın dünyada ən çətin dərk elədiyi obyekt elə onun özüdür. Az qala bütün dünyanı, kainatı dərk etdiyini düşünən insan öz-özünü dərk etməyə həmişə çətinlik çəkir... Lakin bunu etiraf etməyə də qorxur...

Mürəkkəb damcısı

Onu öz yaradıcılığında Şərq və Qərbin musiqi ənənələrini sintez edən istedadlı bəstəkar adlandırırlar. Zənnimcə, bu çox zahiri və sadə təsvirdir.  Həm də onun böyüklüyünü tam göstərmir. Axı XX əsrin bütün Azərbaycan bəstəkarları öz əsərlərində Şərqlə Qərbin sintezini müəyyən dərəcədə yarada bilirdilər... Ən azından ona görə ki, Konservatoriyada Qərbin klassik musiqisinin tədrisindən keçirdilər.

Firəngiz xanımı öz hiss və duyğularını uğurla müasir avanqard musiqi dilinə çevirə bilən istedadlı bəstəkar kimi təqdim etsək, yenə də onun xidmətini azaltmış oluruq. 

Zənnimcə, onun bəstələrini, sadəcə, bir istedadlı şəxsin zərif hiss və duyğuların təsviri, yaxud dərin fəlsəfi fikir və düşüncələrinin musiqi diliylə ifadəsi kimi qəbul etmək də insafsızlıq olardı...

Firəngiz xanımın Şərq və Qərb musiqisinin  kəsişməsində yaratdığı əsərləri dinləyərkən şəxsən məndə belə bir təəssürat oyanır -  o, sanki öz içindən, fərdi "mən"indən qopub ayrılmağa, öz ruhunu əzəmətli Şərqin "İlahi ruhu"nda hülul etdirməyə, qələmin ucundan suya dağılan  mürəkkəb kimi əritməyə çalışır. Lakin burada sənətkarın məqsədi qədim sufilərin cəhd etdiyi kimi, İlahi dənizin içində tam əriyib Fənaya uğramaq, Nirvanaya qovuşmaq, "Yoxluq"a vasil olmaq deyil...

Əsas məqsəd bu suyun içinə dağılıb həll olandan sonra, sanki geri fırladılan kino lenti kimi prosesi geriyə qaytarmaq, suya yayılan mürəkkəb zərrələrini yenidən bir nöqtə-cövhər ətrafında birləşdirmək, qələmin ucunda yenidən qatı mürəkkəb damcısına  çevrilmək və bu proses zamanı bütün yaşanan hiss və duyğuları, ekspressiyaları məhz bu mürəkkəb vasitəsiylə yazmaqdı... Əlbəttə ki, adi sözlərlə yox, notların dili vasitəsilə...   

Və bu zaman bəstəkarın yaradıcılığının iki aspekti - Şərq ruhunun və Qərb əqlinin sintezi üzə çıxır... 

Bəs necə? Bu sintez necə baş verir?

Prosesin ilk hissəsində - qələmin ucundan qopan  mürəkkəb damcısına çevrilərək suda həll olub Fənaya uğramaqda ona Şərqin irrasional Sufi-İrfan ruhundan doğan mistik poeziya və muğam sənəti yardımçı olur; 

Prosesin ikinci hissəsində, yəni Fənadan geri dönüş zamanı, suya yayılmış mürəkkəbin yenidən qələmin ucuna toplanıb yazıya başlamasında, sənətkara məhz Qərbin klassik bəstəkarlıq məktəblərinin təcrübələrindən gələn yüksək peşəkarlıq dəstək olur...

Başqa bir bənzətmə - sənətkar rasional təfəkküründən qopmağa çətinlik çəkən qərblilərdən fərqli olaraq, rahat halda "Mistik-İrrasional hal" dənizinə düşüb özünü orada əritməyi bacarır.     

Lakin bununla bərabər, sırf şərqlilər kimi, həmin "Mistik-İrrasional hal" dənizində ədəbi qalmağa özünü məhkum eləmir, oradan nələrsə götürüb geri qayıda bilir və Qərbin sənət təcrübəsindən istifadə edərək, götürdüklərini müasir musiqi diliylə təqdim edə bilir.

Üçüncü bənzətmə. Və daha qısa...

Sənətkar şərqlilər kimi yuxuya getməyi və qərblilər kimi yuxudan oyanmağı bacarır.

Üçüncü bənzətmənin başqa bir versiyası - müəllif Həllac Mənsur kimi, Nəsimi kimi "Fəna-fillah yuxusu"na getsə də, İmmanuil Kant kimi "Doqmatik yuxu"dan özünü oyatmağa nail olur və yuxuda gördüklərini danışa bilir.

Prosesin hər iki mərhələsi çox çətin sınaqdı. Və onilliklərin təcrübəsi göstərir ki, Firəngiz Əlizadə bunların hər ikisini çox gözəl bacarır, dediyimiz "çətin"ləri "asan"a çevirir...

Bu bacarığı əldə etməsində təbii ki, XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin, ələlxüsus Qara Qarayevin rolu böyükdür ki, bunu Firəngiz xanımın özü də heç vaxt gizlətmir, öz müəlliminə minnətdarlıq hissini həmişə bəyan edir.

Onu bəzən Maler-Şostakoviç-Qara Qarayev xəttinin müasir dövrdə davamı kimi təqdim edirlər... Çünki bu sənətkarlar sanki müəyyən vahid kompozisiyada birləşir... 

Firəngiz xanımın üstünlüyü də onda olub ki, böyük müəllimlərinin yaratdığı sənət əsərlərinin, sadəcə, imitatoru olmayıb, onların təcrübəsindən tam bəhrələnərək onların açdığı çığırları bir qədər də genişləndirib, bir qədər də inkişaf elətdirib və təbii ki, sonda öz fərdi sənət yolunu açmağa nail olub... Məhz buna görə də müasir dünya mədəniyyətinin Postmodern-poststrukturalist sənət müstəvisində özünəməxsus yer tuta bilib.

Əbədi muğam içində...

Firəngiz xanım onilliklər əvvəl Azərbaycanda ekspressionist musiqinin təbliğatçısı və ardıcılı kimi tanınıb. Bəlkə də, məhz buna görə əsərlərində muğam motivlərindən çox istifadə edir.

Bəlkə də, fikrim peşəkarlara gülünc görünə bilər, amma məncə, dünyada ən ekspessionist musiqilərdən biri də elə muğam sənətidir. Sadəcə burada fərq ondadır ki, biz muğam ifası zamanı bəstəkarın yox, ifaçının ekspressiyalarının şahidi oluruq. Ona görə də muğama təkrarsız deyirik. Həqiqətən də eyni ekspressiv improvizasiyalarını ikinci dəfə tamamən olduğu kimi təkrar etmək olduqca çətindir, hətta bəlkə, mümkünsüzdür... İnsan eyni yuxunu ikinci dəfə eyni cür görə bilməz.  Bu, "5+5" deyil ki, hər dəfə eyni cavabı alasan.

Məlum məsələdir ki, Firəngiz Əlizadənin muğamla təması ilə bizim muğam dinləməyimizin arasında yerlə göy qədər fərq var... Bu, artıq müasir dünyanın novator musiqi sənətini öz ruhundan, sanki iynə gözündən keçirmiş kimi keçirən bir ruhun muğamla təmasıdır. Və onun muğamda gördüklərini biz görə bilmərik. Çünki onun gördüklərini görmək istəyən hər bir kəs gərək sənətdə onun keçdiyi mərhələləri və prosesləri keçsin...

Bizimçün muğam gündəlik musiqi tələbatımızı ödəyən bir sənət vasitəsidir. Demək olar ki, hər gün dinləyirik, hər gün o muğamla təmasdayıq...

Lakin Firəngiz xanımda belə olmayıb... Dəqiq bilməsəm də təxmin edirəm ki, onun zəngin həyatı boyunca elə vaxtlar olub ki, günlərlə, hətta bəlkə, aylarla muğamla (ümumiyyətlə, Şərq musiqisi ilə) zahiri təması olmayıb (Yəqin ki, Avropada yaşadığı dövrlərdə bu hal daha çox baş verib)... Bütün bu yaradıcılıq proseslərindən sonra, təsadüfən dinlənilən bir muğam motivi, bir muğam parçası onun düşüncəsinə hansı təsiri göstərib, və yaxud onun altşüurunun dərin qatlarından hansı uzaq xatirələri oyadıbsa - bunu onun özündən başqa heç kim bilə bilməz (Bəlkə, Marsel Prusta sevgisinin səbəbi də burdan başlayır)...

Və məhz bu məqamda onun şüuru muğam sənətinin bizə sirli qalan, bizə görünməyən hansı maraqlı və fərqli məqamlarını kəşf edib - bunu da onun özündən başqa heç kim dəqiq bilə bilməz...

Obyekt uzaqdan daha yaxşı görünür, deyiblər. Şərq musiqisini, ələlxüsus da muğamı fərqli və spesifik formada hiss etmək, fərqli görmək üçün bəlkə də, Firəngiz xanıma yaradıcılığının hansısa mərhələsində Şərqdən maksimum uzaqlaşmaq lazım idi...

Bu uzaqlaşmaq təhlükəli deyil zənnimcə, çünki o, öz milli sənətindən, milli musiqisindən zahirən nə qədər uzaqlaşsa da, bütün bu zəngin sənəti, ələlxüsus da muğamı həmişə öz ruhunda, öz içində saxlayıb...  

Təsdiq üçün, onun hətta bütün əsərlərini bir kənara qoyub yazının əvvəlində təsvir etdiyim "Muğamsayağı"nı dinləmək də  kifayət edər... Məncə, elə bu əsəri onun yaradıcılıq prosesinin spesifik güzgüsü hesab etmək olar. Əsər içində Avanqard Qərb musiqisinə üzvi şəkildə qovuşan "Şur" və "Çahargah" motivləri, "Bali-Kəbutər", "Zəngi-Şotor", "Şəddi-Şahnaz" kimi kiçik guşələrin elementləri, sanki müasir dünya musiqisinin rəngarəng təmayülləri içində qaynayan bir bəstəkarın fərdi altşüurundan gələn qədim obrazların susmayan sədası kimi eşidilir, kollektiv təhtəlşüur arxetiplərinin inadla baş qaldırması kimi görünür...

Sevgi və nifrət

Bəs görəsən, bəstəkarın yaradıcılığında Şərq və Qərb qovuşması çox rahat və asan şəkildəmi baş verib? Yoxsa bu barışıq da hansısa müharibələrdən, konfliktlərdən keçib?

Zənnimcə, keçib. Bu, sadəcə, musiqidə deyil, fərqli mədəniyyətlərin sərhədində, qovuşmasında yaradan bütün sənətkaların psixikasında baş verən proseslərdir.

Əgər sənətkar, yalnız öz milli  etnik mədəniyyətinə, sadəcə, sevgi bəsləyirsə; ruhunda budan  başqa heç nə olmursa, onda gedib elə öz milli mədəniyyətinin xidmətində dayanır, minillik milli sənətin, sadəcə, daşıyıcısına, davamçısına çevrilir.

Lakin yaradıcı ruh daha ümumbəşəri, daha geniş sənət nümunələrinə meyillənirsə, deməli ruhunda, altşüurunda öz milli mədəniyyətindən o qədər  həzm edib ki, ruhu bundan yorulub, doyub. Artıq bir toplumun sənət enerjisi onu təmin edəcək gücdə deyil, daha geniş meydan, daha rəngarəng mənəvi qida tələb edir.

Böyük sənətkarların ruhu sənət tələbatı baxımından çox tamahkar olur. Adi sənət adamına kifayət edəcək qədər sənət enerjisi onunçün azlıq təşkil edir...   

Və buna görə də sənətkar artıq bir xalqın incəsənətindən qalxıb bütün dünyanın sənətinə meyillənir, başqa xalqların sənət növlərini də acgözlüklə mənimsəməyə, öz ruhunda həzm elətdirməyə çalışır...   Bu proses isə o qədər də asan deyil. Hər bir toplumun milli sənəti bu xalqın çox minillik kollektiv təhtəlşüuru ilə bərk iplərlə bağlanıb. Və onun təsirindən çıxıb başqa xalqların, ümumiyyətlə dünyanın sənətinə doğru getmək istəyən sənətkar da, ilk olaraq, ruhunu, psixikasını öz toplumunun kollektiv təhtəlşüuruna bağlayan ipləri, kəndirləri boşaltmalı, özünü müəyyən qədər azad etməlidir ki, yeni enerji mənbəyinə doğru hərəkət edə bilsin... Bu isə çətindir. Kollektiv təhtəlşüurun kəndirləri çox bərkdir, qırmaq asan deyil, ağır mübarizə gedir, sənətkar özünün minillik milli mədəniyyətindən gələn informasiyanı sanki sıxışdırıb şüurundan, yaddaşından çıxartmağa, tam gücüylə ümumbəşəri sənətə köklənməyə, diqqətini o tərəfə cəmləməyə çalışır (Məhz bu zaman Freydin dediyi "sıxışdırılma" (vıtesneniye), yəni, hiss və duyğuların şüurdan sıxışdırılıb altşüura qovulması prosesi gedir).    

Əlbəttə ki, ilk cəhdlər uğursuz alınır və məhz bu zaman sənətkarın içində öz toplumunun sənət enerjisinə də, öz kollektiv təhtəlşüuruna da qəribə bir nifrət hisslərinin işartıları parlayır...

Amma dediyim spesifik nifrət hissi məhz bu şəraitdə mənfi yox, müsbət xarakter daşıyır... Bu nifrət işartıları sənətkara özünün məhdud, dar kollektiv təhtəlşüurdan qurtulub geniş, sonsuz fəzaya çıxmaq üçün daha böyük güc verir və nəhayət, sənətkar yavaş-yavaş istədiyinə nail olur, kəndirlər boşalır, sənətkar əl-ayağını daha rahat tərpədə bildiyini duyur, bir az da həvəslənir, bir az da toparlanır və daha da böyük əzmlə istədiyinə doğru gedir.

Və budur, o, artıq bir quş kimi səmaya qalxıb bütün dünyanın üzərində qanad çala bilir, bir toplumun bir xalqın sənətini deyil, bütün dünyanın incəsənət enerjisini öz ruhundan keçirir, güc alır, yazır, yaradır, bütün dünyanın sənətkarı olur...    

Bir müddət açıq səmada bütün dünyanın başı üstə pərvaz edəndən sonra isə, daha maraqlı hadisələr cərəyan etməyə başlayır...

Sənətkar birdən-birə içində o gərgin mübarizələrin getdiyi vaxt üçün darıxmağa başlayır... Və eyni zamanda, məlum olur ki, şüurdan sıxışdırılıb altşüura qovulmuş energetika  heç də birdəfəlik yox olmayıb, əksinə, altşüurda bir az da güclənib, daha da böyüyüb və indi onu yenidən geriyə, öz kökünə doğru dartır...

Ancaq bu məqamda "geri" kəlməsi heç də sənətkarın tənəzzülü, süqutu demək deyil, əksinə daxili inkişafın, mənəvi yüksəlişin növbəti mərhələsidir...Bu "geri dönüş"də Platonun qeyd etdiyi "xatırlama" elementi də var.  

Və bu məqamda Kəpənək obrazı yada düşür...

Görəsən, Kəpənək pup (kokon) içində əsir olduğu dövrü xatırlayırmı? Darıxırmı o dövr üçün?

Kimsə düşünə bilər ki, yox, qətiyyən darıxmır, heç bir nostalgiya hissi yoxdur. Axı o, dar bir yerdə əsarətdə idi, hərəkət eləməyə meydanı yox idi, sıxıntı içində idi... İndi isə azadlığa çıxıb, qanad çalıb çəmənlikdə pərvaz edir, gözəlliyinə bütün gülləri-çiçəkləri belə heyran qoyur... O, dar, qaranlıq yeri niyə xatırlamalıdı ki? Ora üçün niyə darıxmalıdı ki?

Amma, məncə, belə deyil... Kəpənək o dar kiçik evi üçün mütləq darıxır. Çünki o kiçik yerdə hər şey doğma idi... Bu dar qəfəs həm də onu müdafiə edirdi.. Üçüncüsü, Kəpənəyə bütün gözəlliyi o dar qaranlıq məkan verib, məhz orda yetişib kəpənək olub, açıq səmada yox...

Bəli, Kəpənək o dar qaranlıq məkan üçün darıxır.  İnsan ən gərgin məqamlarda, sanki ana bətni üçün darıxdığı kimi...

Firəngiz xanımın "Yaradıcı Mən"i üçün isə həmin "dar məkan", həmin "ana bətni", təbii ki, Azərbaycan musiqisi, ələlxüsus, milli muğam sənətimiz idi...

Ordan çıxdı və nəhayətdə ora qayıtdı... Amma tamam fərqli, qeyri-adi şəkildə...

Embrion

Ana bətnindən söz düşmüşkən, Firəngiz xanımın musiqilərinin məndə yaratdığı daha bir duyğu barədə qısaca söz açmaq istərdim...

Onun musiqiləriylə təmasda olarkən bəzən insana elə gəlir ki, sənin dinlədiyin, sadəcə, qarışıq melodiyalar, ritmlər deyil; heç musiqinin şüşə kimi sınıb dağılmış parçaları da deyil... Yox, bunlar bizim qulağımızın və qavrayışımızın qəbul etməyə adət etdiyi hazır bitkin mahnıların, melodiyaların, ritmlərin rüşeymləri, embrionlarıdır... Bəli, bəstəkar, sanki dinləyiciyə adət etdiyimiz nəğmə və melodiyaların hansı dolaşıq hiss və duyğulardan, hansı xaotik ekspressiyalardan, hansı qarışıq səslərdən yarandığını göstərir... Elə bil ki, göyçək bir uşağın fotoşəklini yox, onun hələ ana bətnində çəkilən rentgen təsvirini görürük...   

Əlbəttə, bitkin mahnı və melodiyalar yaranarkən yaradıcılıq prosesi zamanı təbii seçim başlanır - bu hiss və duyğuların, bu xaotik səslərin lazım olanları götürülür, müəyyən bir struktur ətrafında birləşdirilir, nizama salınır. Bu strukturdan kənarda qalanlar isə bəzən müvəqqəti kənara qoyulur, bəzən də biryolluq atılır, əbədi unudulur, yaddan çıxır... Və beləcə, rüşeym, embrion böyüyüb canlı  varlığa çevrilir...

Amma Firəngiz xanım sonrakı prosesi sanki dinləyicinin öz ixtiyarına buraxır... Bu rüşeymlər kiminsə yaddaşında çürüyüb yox ola bilər, kiminsə yaddaşında təxəyyülün gücüylə böyüyüb bitkin kamil varlıqlara çevrilə bilər...  Bəstəkar bununla həm də adi dinləyicinin standart musiqi qavrayışını sarsıdır, silkələyir, sanki içəridən partladıb dağıdır, əvəzində yeni və fərqli qavrayış forması yaradır...

Sənətkaların bu cür cəhdləri Avropada tək musiqidə yox, bütün sənət növlərində onilliklər əvvəl mövcud olsa da, bizdə Sovet ideologiyasının sərt qanunları bunlara o qədər də yol vermirdi. Bizim sənətkarlardan həm ideoloji, həm də peşəkarlıq baxımından tam bitkin əsərlər tələb edirdilər. Əlbəttə, sənətkarlar bu çərçivələri müəyyən qədər aşa bilirdilər, lakin tam sındırmaq mümkün deyildi. Yalnız Sovet dövləti süquta uğrayandan sonra tam azad nəfəs ala bildilər... Bu baxımdan, yəqin ki, Firəngiz xanımın bəxti gətirib. Əgər onun sənət fəaliyyətinin hamısı Sovet dönəminə təsadüf etsəydi, biz onun bir çox gözəl əsərlərini dinləməkdən məhrum olardıq... 

P.S. Finalsız

Ekspressiv və avanqard sənət bir çox hallarda standart süjet və kompozisiyalardan, şablon finallardan imtina etdiyi üçün, bu sənət, həsr olunmuş yazı da, ekspressiyalarla dolu olduğuna görə, yəqin ki, standart strukturda alına bilməz və burda adət etdiyimiz finaldan söhbət gedə bilməz. Firəngiz xanım  elə bir sənət yolu seçib ki orada ümumiyyətlə final olmur. Hər şey davam edir...

Onun musiqilərinin yaratdığı emosional təsir barədə çox yazmaq olar. Yazdıqca daha yeni hiss və duyğular yada düşür... Amma hər şeyi sözə çevirmək də olmur.

Sonda Firəngiz xanımın musiqi vasitəsilə dinləyici ilə dialoqa girib, ona hansı fəlsəfi fikirləri bəyan etdiyi barədə də yazmaq istəyirdim. Çünki onun sənətini sırf hiss və duyğulara, ekspressiyalara bağlamaq da düz olmazdı... Axı onun yaradıcılığının zahiri qatı hissiyyatdırsa, alt qatı fəlsəfə və təfəkkürdür... Lakin bu haqda fikirlər bir yazının məhdud həcminə sığışmır... Gələn dəfəyə də nəsə qalsın... Bəlkə, nə vaxtsa bu barədə də yazdım. bəlkə də, yazmadım. Bilmirəm... Və ümumiyyətlə, musiqişünas olmayan, musiqinin incəliklərini bilməyən bir adamın sənətin dərinlikləri barədə yazması, bəlkə də, heç düzgün deyil...                

Firəngiz xanım sənət müstəvisində xırda qaşlarla işləyən zərgəri xatırladır. Onun əlindən çıxan zərif işlərə naşı əli toxunsa, gözəlliyini itirər...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!