İvan Qonçarov 1812-ci ildə Simbirskdə, tacir ailəsində anadan olub. Atası Aleksandr İvanoviç Qonçarov taxıl alveri ilə məşğul idi. Qonçarovlar yarı zadəgan idilər. Onun həyatı ilə bağlı maraqlı faktlardan biri budur ki, yazıçı 1852-ci ildə Sankt-Peterburqdan gəmi ilə yola düşərək Yaponiyaya qədər gəlib çıxıb. Yol qeydlərini üzdüyü gəminin adına uyğun olaraq "Pallada freqatı" adlı kitabında təsvir edib. "Oblomov" əsəri 1857-ci ildə çap edilib. Oblomov ümumiləşdirilmiş rus obrazıdır. Hərdən mənə elə gəlir ki, Oblomov obrazı ruslardan daha çox, bizim xarakterimizi əks etdirir. Oblomov çox tənbəl insandır. Xoşniyyətli, safqəlbli olsa da davamlı olaraq öz işlərini təxirə salır. Layihələr təklif etsə də bütün işlərini ertələyir. Onun kitab oxumağı bizim cəmiyyətimizdəki bəzi insanların kitab oxumasına bənzəyir. Kitabı vərəqləməyə başlayır, ancaq sona qədər oxumağa səbri və iradəsi çatmır. Kitab oxumaq təkcə maraq və səbr hadisəsi deyil, həm də iradə hadisəsidir. Əsərin bəzi hissələri insanı əsəbiləşdirir. Kitabla bağlı ən maraqlı məqamlardan biri budur ki, 620 səhifəlik kitab cəmi 1 aya yazılıb. Kitabın səhifə sayı sizi qorxutmasın, axıcı dildə yazılıb, rahatlıqla oxuya biləcəksiniz. Qonçarov bu suala belə cavab verib ki, kitab beynimdə çoxdan hazır idi. Sadəcə, özümü yazmağa hazır hiss etmirdim. Yazmaq fürsətim və həvəsim olandasa kitabı bir aya yazıb bitirdim. Romanın bir hissəsində Qonçarov rusları almanlarla müqayisə edərək yazır ki, bir almanın evində bir əşya xarab olanda onu dərhal düzəltməyə çalışacaq, ancaq oxşar hadisə rusun evində olanda heç nə dəyişməyəcək. Rus kişiləri buna laqeyd münasibət göstərəcək. Yazıçı göstərir ki, rus bədbəxtliyinin səbəbi tənbəllikdir. Oblomov tənbəlliyindən sevməyi də düz-əməlli bacarmır. Onun laqeydliyi, tənbəlliyi həyatının bütün sahələrində özünü göstərir. Oblomov psixoloji xəstəlik yaşayırdı, yoxsa həqiqətən tənbəlliyin, məsuliyyətsizliyin qurbanı idi? Axı Oblomov ruhən bəsit adam deyil. Çağdaş dünyamızın ən ciddi problemlərindən biri olan yadlaşmanı Qonçarov 1850-ci illərdə anlamışdımı? Bəlkə, Oblomov həyatdan yorulmuşdu, çalışmağın, vuruşmağın, ömür boyu pul qazanmaq üçün insan sağlamlığının, zamanın və enerjinin qurban verilməsinin mənasızlığını dərk etmişdi?
Oblomovun yaşamaq üçün xüsusi səbəbi yox idi. İnsan, sadəcə, doğulduğu üçün yaşaya bilməz. İnsanın yaşamaq üçün məqsədi, istinad nöqtəsi lazımdır. Ancaq təbiətin biz insanlar üçün müəyyən etdiyi təyinatlar var. Bayaq da qeyd etdiyim kimi, Oblomov başı boş, bəsit adam deyildi. Bəs milyonlarla qəlbə təsir edən sevgi nəyə görə Oblomovu dəyişə bilmir? Oblomov tənbəldir, ancaq mənə elə gəlir ki, Oblomovun tənbəlliyinin səbəbləri yetərincə ciddidir. Oblomov dedi-qodulardan, xəyanətlərdən, insanların saxtakarlığından, riyakarlığından bezmişdi.
Oblomov soruşur:
Axı həyatda, dünyada nə var? Kiçik ehtiras oyunları, rəqabətlər, dedi-qodular və s. belə işlər. İlk baxışdan hamınız zəkalı insanlarsınız. Ancaq bütün söhbətləriniz pulla bağlıdır.
Oblomov özünə sual verir:
Bu adamlar arasında yaşamaq olarmı?
Bu səbəblərə görə Oblomovu tənbəllikdə günahlandırmaqdan daha çox onu anlamaq lazımdır. Amma yenə də Oblomov kimiləri ittiham etmək lazımdır. Çünki vicdanlı insanların fəaliyyətsiz qalmağa haqları yoxdur, əgər intellektin və vicdanın varsa sən də bir işin qulpundan yapışmalı, cəmiyyət üçün faydalı olmağa çalışmalısan. Bəzən Oblomov kimiləri mənə sual verirlər ki, mənim fərdi maraqlarım var. Niyə cəmiyyət üçün yaşamalıyam? Ancaq cəmiyyətdəki problemlərin bir ucu bu fərdiyyətçilərə toxunanda hamıdan daha çox qışqırırlar, daha çox inciyirlər. "Oblomov"u oxuyaq, amma Oblomova bənzəməyək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!