Yusif Vəzirin vida dəftəri - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Yusif Vəzir öz gündəliklərini çox sevirdi. Onun "Dəftəri gülşəni-cavanlıq" adlandırdığı bu dəftərlər "ruhunun bioqrafiyası" (R.Rollan) idi. Ona görə də gündəliyə bir dost, sirdaş kimi müraciət edir: "Ey mənim gündəliyim! Bu dəfə də məni sakitləşdir və mənə xeyir-dua ver. Öz səhifələrinlə məni aydınlaşdır ki, mən nələr çəkmişəm və nahaq yerə öz vicdanıma belə əziyyət vermişəm. Nahaq yerə mənim başımın üzərində ildırım çaxır və kədər qəlbimi sarır! Nahaq yerə!" (11 aprel 1908).

Bir hissəsi rus dilində, digər hissəsi Azərbaycan türkcəsində yazılmış bu gündəliklər mövzu baxımdan bir-birindən fərqlənir (Bu haqda bax: C.Nağıyeva. Yusif Vəzir Çəmənzəminli arxivinin təsviri. Bakı, 1995). Gündəliklər Yusif Vəzirin təxəyyül-düşüncə obrazıdır, bədii ifadə resurslarının gerçəkləşdiyi məkandır. Zəngin yaşam təcrübəsinin yaddaşda qeydə alınmasıdır. "Bir cavanın dəftəri", "Həyatım", "Həyatımın 20 ili" kimi mətnlər məhz gündəlik təcrübəsinin nəsr formasına çevrilməsidir. Müəllifin həyatında, ölkədə baş vermiş siyasi-mədəni  hadisələrin, maliyyə çətinliklərinin ilk sevgi  yaşantılarının düzümü bu əsərlərin süjetini maraqlı edir.

Taleyindən narazılıq, bəxtindən şikayət bu dəftərlərdə əsas motivlərdən biridir. Gündəliyin hər cümləsində, hər ritorik sualında və nidasında taleyini, gələcəyini düşünən bir gəncin səmimi etirafları yaşayır. "Yenə qara buludlar könlümü bürümüş, yenə həyat acılığı damağıma çökmüş. Dərdlərimə şərik axtarıram. Dəftərim, sevgili dostum səhifələrini məndən əsirgəmir. Yazıram. Qələmimin ucundan göz yaşları damır. Ürəyim sızıltılarını kağıza tərk etmək istəyir. Yazığam, bəxti qarayam. Keçmişim qəm, hal-hazırım qəm, gələcəyim qaranlıq. İşıq əsəri görünmür, gənclik də dayanmır, gedir. Məndən uzaqlaşır. Dayandırmaq istəyirəm, dayanmır, "ah-zar eləyirəm, nalələrim cavabsız qalır. "Ağla" deyirəm, ağla ey bəlalı gözlərim. Gənclik mülkündən əlin çıxır, ümid şamlarını zəmanə söndürmək istəyir" ("Bir cavanın dəftəri", 6 iyun 1905). Yusif Vəzir Çəmənzəminli üçün gündəlik yazmaq həm də bir ayin - ritual aktı idi. Bu mətnlərdə Yusif Vəzirin ehtiraslı ritorik sualları, tale ilə fikirləri, bədii təxəyyülü (şeirlər, rəsmlər) maddiləşmişdi. Sirli varlıqlarla, xatirələrdəki doğma obrazlarla ruhsal əlaqə saxlamaq imkanı və zikr məqamı idi.

Yusif Vəzir hadisələrin və əşyaların bir-birini əvəzlənməsində özünün varlığını hiss edirdi və anlayırdı ki, tale və tarix elə bu cür yaranır. Özü də həmin tarixin içində əriyirdi, taleyini yönəldirdi. O, öz gündəliklərinə inanırdı: "Yəqin ki, mən öləndən sonra çemodanımı və içində kitablarını və qeydlərim olan səbətlərimi evimizə göndərən bir adam tapılacaq. Qoy mənim uşaqlıq dövrümün əməyi (gündəlik və şəkillər) sevimli ailəmin yanında adımı əbədiləşdirsin. Qoy onlar mənim gündəliklərimi oxuyaraq desinlər: "O cismən ölmüşdür, ancaq gözlərində yaş, qəlbində uşaq ümidi ilə ruhən yaşayır. O sağdır və xəyalən mövhumat və xürafata qarşı mübarizə aparır". Əgər mənim uşaqlıq dövrümün əməyi məhv olsa, deməli, mənim qəlbim də məhv olacaq. Ancaq deyirlər ki, qəlb məhv olmur".

Əlbəttə, bu mətnlər də polifunksionaldır, onlarda bir az ideologiyadan, həyatdan, bir az da subyektdən nəsə ola bilir. Bu mətnlər dünyanı modelləşdirərək, dil maşınını "işə salır" (R.Bart).

Yusif Vəzirin mətnlərində vidalaşma, ayrılma situasiyasını şərtləndirən və səciyyələndirən obrazlara və motivlərə geniş rast gəlmək mümkündür. Bu kiçik yazı da bu haqdadır. "Əlvida" sözünün Yusif Vəzir mətnlərində təkrarlanması özlüyündə "təhlükəli oyundan" xəbər verir, yəni yazıçı bəlkə də "əlvida" sözü ilə gələcəkdə baş verəcək hadisələri modelləşdirirdi?!

1905-ci ildə Şuşada azərbaycanlılar və ermənilər arasında düşən qanlı nifaq  Yusif Vəzir Çəmənzəminli ailəsini Şuşadan didərgin salır və beləcə gündəlikdə ilk "vida mətni" yer alır:  "Əlvida! Ey sevgili kitabxanam. Sağlıqla qal, istəkli Bayronum. Kim bilir, bəlkə geri qayıtmayacağam. Bəlkə qəza qürbət ellərdə mənə əcəl şərbəti hazırlayır… ("Bir cavanın dəftəri" 8 iyun 1905).

 "Studentlər" romanının sonu Rüstəm bəyin ayrılması ilə bitir. Musyanın Rüstəmbəyə ünvanladığı məktub da vida məktubudur: 

"Əzizim!

Son dəfə yazıram. İzzəti-nəfsim artıq bir daha qırılmayacaq; çünki… hər şeyə vida deməyi çoxdan qəsd etdim. Yetər! Həyatın acı kasasından iyrənərək içməkdənsə onu sındırmaq yaxşıdır. Bu kasanı eşq şərbəti ilə doldurmaq istədim - olmadı. Taleyin cilvəsi bunu qədərləndirməmiş imiş… Nə etməli? Boynumu əyməli? Yox! Ya haqq, ya heç! Güzəşt-fitrətimə sığmayan bir hərəkətdir… Bunları sizə yazdığımın səbəbini anlamıram. Sizin üçün fərqi varmı? Siz səadət sahəsinin bir köçərisisiniz…

Məktubumun sizə göndərilməsini ayrıca olaraq yazıram. Siz son sədamı eşidərkən mən həyatımı tərk etmiş olacağam. İndi çıxılmaz yollar rəhbəri - tapança məni gözləyir. Gedirəm. Məndə tühaf bir sevinc var. Yarımayanlar dənizinin qayıqçıları ruhumu əbədəiyyətə təslim verərkən bir də sixi xatırlayacağam. Vida! Artıq məndən ayrılan soyuq dodaqlarımla səni son dəfə öpür və səadətlər diləyirəm. Son arzum məktubumu ürəyimdən daman qana tutaraq, susmaq və unudulmaqdır. 

Vida!"

Gənc Yusif Berta Maiseyeva adlı yəhudi qızına vurulur. 1 avqust 1907-ci il tarixli gündəlik qeydində artıq ondan ayrıldığını qeyd edir: "Əlvida, ey mənim gözlərimin parlaq ulduzu, təlatümlü qəm və göz yaşı dənizinin ümid işığı. Mən həyatın acılarına dözə bilməyəndə onu mənə yenidən qaytaran, xoşbəxtliyi daddığıma  görə minnətdar olduğum, əlvida!"

Əlvida, ey mələk, biz ayrılmaq məcburiyyətindəyik, tale bizi gözlərimiz yaşlı, qəlbimiz kədərli halda ayırır… Məndən uzaqlarda və mənsiz xoşbəxt ol…

Bir daha əlvida, mənim dostum. Unutma ki, mən səni sevirdim… Əlvida, qabaqcadan qəlbim ayrıyır, mən qeyri-iradi hiss edirəm ki, biz bir daha görüşməyəcəyik. Əlvida, əlvida… haqqımda pis düşünmə".

Və 4 avqust 1907-ci ildə gündəliyində qızılgül şəkil çəkir. Qızılgül ayrılıq-hicran simvoludur. Rəsmin altında isə bu sözləri yazır: "Onun üçün qızılgül çəkib yazacağam: "Mənim sevimli dostum Berta Maiseyevaya Yusif Vəzirovdan xatirə olaraq".

Bu  Əsli-Kərəm sevgisi  onun yadından çıxmır. Bertaya qovuşması mümkün deyil, çünki o türk, qız isə yəhudidir.

"Mən yola düşməzdən əvvəl onunla görüşmək istəyirdim". Biz bir müddət söhbət etdik… Nəhayət, mən əlimi ona tərəf uzatdım. "Berta, biz bəlkə də həmişəlik ayrılırıq. Mənim haqqımda pis fikirləşməyin". O, mənim əlimi bərk sıxdı və bu hərəkəti ilə qəlbimdə xoş bir qüssə yaratdı. Mənə əziz olan bir varlıqla beləcə ayrıldım. Ancaq onun adı əbədi olaraq mənim qulaqlarımda səslənəcək, müqəddəs siması ilə həyatım boyu təxəyyülümdə yaşayacaqdır" (24 avqust 1907).

Bertanın obrazı "Bir gəncin həyatı"nda Asiya adında zühur edir. "Axşamçağı Asiyanı çağırdım, görüşdük… Sakit idi. Yenə güləş simalı idi. Mən həyəcan içində, min dəfə öz-özümə təkrar etdiyim sözləri titrək səslə söylədim. Dedim: "Əlvida, yoldaş. Kim bilir, bəlkə görüşməyəcəyik. Məni hərdən bir yad edirik.

Asiya qızardı. Cəld əlimi sıxdı. Elə bil ki, ayrılığın nə olduğunu əvvəlcə anlamadı. Evlərinə doğru qaçdı. Mən də döndüm. Bir də qapılarının ağzında toxtadı. Dönüb həsrətlə mənə baxdı. İztirabını duydum. Gülümsündü, qaib oldu…" ("Bir cavanın dəftəri", 18 avqust 1905).

Gündəliyində daha bir ayrılıq-vida səhnəsinin təsviri verilir: "Onunla (Yubert) ayrıldığım anı heç vaxt unutmayacağam". O, dəmir yolu platformasına əlini uzadaraq gözlərində yaş dedi: "Əlvida, əziz yoldaş! Əlvida, Bilirəm ki, bir daha görüşməyəcəyik: Sağollaşmaq üçün əlini üçüncü dəfə uzatdığı zaman fit səsi gəldi. Bir dəqiqə sonra qatar tərpəndi və əziz dostumu apardı. Əlvida, Aşqabad, əlvida Veroçka". Bu onun son sözləri oldu". (1 avqust 1907).

Yusif Vəzir dəftərlərlə rəsmlər-eskizlər çəkməklə onu magik, ezoterik mətnə çevirir. Bakı Realnı məktəbində oxuyan zaman (1906-1909) çəkdiyi şəkillər mətnləri estetik baxımdan tamamlasa da, onun mistik mənalar məkanını genişləndirir. "Tikanlardan ibarət tac" və "Dağılmış fincan" şəkilləri maraq doğura bilər. Şəkillərin arasında rusca yazılmış bu cümlə mifoloji mənanı açıqlayır: "Qoy hələ tam dolmamış ömür fincanı devrilsin, qoy taleyin kobud əlləri gənc qəlbi həyatın əzablarından qorusun".

Yusif Vəzirin bütün ömrü kitabların içində keçmişdi. Qardaşı Əbulhəsənin ölümündən sonra ev kitabxanası onun ixtiyarına verilir, Şuşa Realnı məktəbinin zəngin kitabxanasında rus və Avropa klassiklərini mütaliə edir. Bayron, Lermontov, Turgenev, Tolstoy, Çexov… onun ədəbi totemləri, ədəbi əcdadları olur.

Onların əsərləri yalnız gerçəklik haqqında, insan taleyi ilə bağlı informasiya mənbəyi deyil, həm də sakral mətnlər idi.

Deyilənlərə görə, Yusif Vəzir kitablara baxaraq, gələcəklə bağlı xəbərlər verərmiş. O, kitabda istənilən səhifəni açar, gözünə sataşan ilk cümləni oxuyarmış. Yazıçının oğlu Orxan Vəzirov 1930-cu ildə baş vermiş bir hadisəni belə xatırlayır: "Atam Tolstoyun kitabını açaraq nəsə oxudu. Sonra kitabı bağlayaraq yerinə qoydu və anama dedi: "Deyəsən, biz ayrılacağıq?".

Böyük yazıçının əbədi ayrılığına və "əlvida" deməsinə düz yeddi il qalmışdı…

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!