Pol Oster 1947-ci ildə ABŞ-ın Nyu Cersi ştatında doğulub. Ədəbiyyata gəlişi təsadüfi olmayıb. İngilis, fransız və italyan ədəbiyyatı üzrə təhsil alıb. "Qaranlıqdakı adam" romanı ən məşhur əsərlərindən sayılır.
Avqust Brill 72 yaşlı bir kitab tənqidçisidir. Arvadı Sonya vəfat edib, qızı və nəvəsi ilə birlikdə yaşayır. Qəza keçirir, ayağından xəsarət alır, qoltuq ağaclarından istifadə etməli olur. Xatirələrini bölüşmək üçün kitab yazmaq istəyir. Həmişə xatirələri haqqında, keçmişdə baş verənlər haqqında düşündüyü üçün iztirab yaşayır. Xatirələrdən xilas olmaq məqsədilə gecələr hekayələr uydurur, xəyallara qapılır. Bəzən paralel dünyaların mövcudluğu haqqında düşünür. Bir gün Avqust Brill Ouen Brek adlı xəyali obraz uydurur. Ouen günlərin biri yuxudan oyananda özünü qapalı bir məkanda görür. Ouen Brekə deyirlər ki, Amerika İraqla müharibə aparmır, Amerika Amerika ilə savaşır və 11 Sentyabr hadisələri olmayıb. Oueni həmçinin tarixi gedişatların ardıcıllığı və mahiyyəti düşündürür. Ouenin Flora adlı arvadı olsa da o, eyni anda Virciniyanı da sevir. Əsərin əsas mahiyyəti Lou Frisk ilə Ouen arasındakı dialoqda göstərilir. Frisk izah etməyə çalışır ki, paralel dünyalar mövcuddur və eyni anda müxtəlif dünyalarda müəyyən hadisələri yaşaya bilərsən. Bu zaman Ouen hədəfin dəyişdiyini öyrənir, öncə ona Blenk soyadlı birini öldürmək tapşırığı verilmişdi, indisə Avqust Brillin fotosu göstərilir. Bəli, düz anladınız, məhz həmin 72 yaşlı kitab tənqidçisi Avqust Brill. Ouen obrazı da, bütün bu hadisələr də bütövlükdə Brillin öz xəyal məhsuludur. Sanki Ouen Brillin varlığını əlindən almış, şüuruna hakim kəsilmiş obrazdır. Ouen Brillin qətiyyətini əlindən alıb.
Sonra həyat davam edir, Ouen Çexov, Kalvino və Kamyunu oxuyur. Bir gün Frisk yenidən gəlir. Ouen Brilli öldürməyəcəyini söyləsə də Frisk ona bir həftə vaxt verildiyini bildirir. Bu qədər yazdım amma, "Ouen Brilli niyə öldürməlidir" sualına dəqiq izah vermədim. Brill öldürülsə Amerika Amerika ilə vuruşmayacaq, müharibə bitəcək. Bu, dəqiq müəyyən edilməyib sadəcə ehtimaldır. Amerikanın Amerika ilə müharibə etməsi məsələsi çox maraqlıdır. Romanı oxuyarkən biz postmodern romanlara xas olan şəxsiyyət ikiləşməsinin və ya şəxsiyyətin ikidən daha çox hissələrə bölünməsinin şahidi oluruq. Ouenin yeganə istəyi evinə qayıtmaqdır. Şərtlərə əməl etmədən bunun mümkünsüzlüyünü başa düşən Ouen, Brill haqqında məlumatlar öyrənmək istəyir. Səbəbin nə olduğunu konkret demək çətindir. Ancaq romanda daha bir maraqlı məqam odur ki, Avqust Brillin arvadı ölüb, Brillin qızının əri 5 il öncə onu tərk edib, nəvəsinin sevgilisi həlak olub. Pol Osterin romanının qəhrəmanları təklikdən əziyyət çəkirlər. Bu təkliyin vurduğu psixoloji zərbələr nəticəsində onlarda şizofrenik amillər yaranır. Brill xəyalında başqa hekayələr uyduraraq Ouendən özünü xilas etməyə çalışsa da cəhdləri uğursuz olur.
Romanı oxuyarkən Bodriyarın bir fikrini xatırladım. Bodriyar postmodernist nəzəriyyəçilərindən biridir. "Mütləq həqiqət yoxdur, o, hissələrə bölünüb və biz indi bu hissələrlə oynayırıq" fikrinin müəllifi Bodriyardır. Yapon əsilli Amerika alimi Fukuyama insanın xoşbəxtliyə və kamilliyə qovuşmasını tarixin sonu adlandırırsa da, Bodriyar hesab edir ki, bəşər övladı heç zaman xoşbəxtliyə və kamilliyə qovuşa bilməz. Tarixin sonu məsələsinə gəlincə, düşünürəm ki, tarix daim yenilənir, sadəcə mahiyyətini, hadisələrini, proseslərin gedişatını dəyişir. Ancaq sona çatmır. Bu mənada biz Pol Osterin müxtəlif ziddiyyətlərə malik şəxsiyyətlərə parçaladığı obrazın hansısa ülvi bir məqsəd axtardığını, mütləq həqiqətə qovuşma ehtiyacını hiss etmirik. Avqust Brill 72 yaşlı yazardır. Onun istəyi ruhi rahatlıq tapmaqdır. Onun zehni yorğunluğunun səbəbi uydurduğu hekayələrin qurbanına çevrilməsidir. Romanın bir hissəsində Avqust Brill uydurduğu hekayəni unudub Katya haqqında düşünməyə başlayır. Romanın bütün məzmununu danışmaq istəmirəm. Bütün məzmunu yazsam kitabı oxuma həvəsinizi öldürə bilərəm. Oxucular kitabı oxumaq istəməzlər. Kitaba olan marağı öldürmək istəmirəm. "Qogenin ikinci qadını" adlı kitabımda bu səhvi etmişəm. Yazdığım resenziyalarda kitabın məzmununu izah etmək istədiyim halda sonluğu da, bütün hadisələri də qısaca ifadə etmişəm. Pol Osteri dəqiq başa düşmək çətindir. Çünki onun əsərlərində ifadə etdiyi fikirləri, təsvir etdirdiyi obrazların xarakterlərini müxtəlif formalarda anlamaq olar. Pol Osterdən oxuduğum ilk kitab oldu - "Qaranlıqdakı adam". Digər kitablarını oxuduqdan sonra bu yazının ikinci, bəlkə üçüncü hissələrini də yazacağam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!