Mifik təfəkkürümüzün Mirəli Seyidov əsri - Pərvanə İsayeva yazır

 

Öz daxili məntiqi olan mifoloji düşüncənin araşdırılması sahəsində böyük xidmətlər göstərmiş şöhrətli alim Mirəli Seyidovun imzası Azərbaycan ədəbiyyatı və folklorşünaslığında ciddi və mötəbər imzalar sırasındadır. Mərhum alimin şifahi xalq ədəbiyyatı, mifologiya, klassik ədəbiyyatla bağlı apardığı tədqiqatların müasir ədəbiyyatşünaslığımıza istiqamət verməsi, təbii ki, inkar edilməz faktdır. Onun xüsusən mif və yazılı ədəbiyyatın qarşılıqlı münasibətinin sistemli öyrənilməsi sahəsində araşdırmaları bu istiqamətdə gələcək araşdırmalara güclü təkan vermişdir.

M.Seyidov heç vaxt yalnız ədəbi materialla kifayələnmir, həm də tədqiq etdiyi türk milli mədəniyyətinin dərin tarixi köklərinə enir, eyni zamanda tarix, dilçilik, arxeologiya və etnoqrafiya elmlərinin problemlə bağlı ən müxtəlif aspektlərini bir bütöv halında nəzərdən keçirirdi.

Mirəli müəllim mifoloji düşüncə, mifoloji obrazlar sistemi ilə bağlı uzun illər ərzində böyük zəhmət bahasına meydana gətirdiyi tədqiqatlarında müasiri olduğu dövrün heç bir mifoloji məktəbinin, deyək ki, nə Moskva, nə Tartu semiotik məktəblərinin nailiyyətlərinə qətiyyən üz tutmadı. Çünki onu düşündürən türk mifoloji düşüncə sistemi, türk milli mədəni sisteminin dəyərlər düzümü və Azərbaycan türklərinin mifik təfəkkürünün qaynaqları idi. Mirəli Seyidovun "Mifologiya ilə bağlı hər bir inamı, hətta ifadəni, sözü araşdırmaq xaıqımızın tarixini, sənətini, təfəkkürünü öyrənmək deməkdir" fikrləri onun  elmi yaradıcılığının əsas, baza kodunu açıqlayır.

Mirəli Seyidov araşdırmalarında Şərq xalqlarının çox sayda yazılı abidələrinə və həm də şifahi mənbələrinə müraciət etmişdir. Bütün bunların fonunda alimin türk xalqlarının mifoloji dünyagörüşü ilə bağlı araşdırmaları əslində humanitar fikrimizin - tariximizin, mədəniyyətimizin, soykökümüzun elmi dərki baxımından da son dərəcə əhəmiyyətlidir.

Mirəli Seyidovun bir alim kimi həm də fərqi onda idi ki, o bir çox məqamlarda tədqiq elədiyi problemə yalnız quru mexanistik-rasionalist təfəkkürə arxalanmaqla deyil, həm də öz fəhmi və bəsirəti ilə aydınlıq gətirirdi. Alim gözəl bilirdi ki mifoloji düşüncənin öz qanunları var və burada formal məntiqin qanunauyğunluqları özünü doğrultmur. Dahi Nizami Cəncəvinin təbiri ilə desək, onun zəkası öz nurunu qəlb evinin çırağından alırdı.

Bu baxımdan alimin çox dəyərli araşdırmaları sırasında "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının soykökünü düşünərkən", "Qam-şaman və onun qaynaqlarına ümumi baxış"  kitabları, həmçinin silsilə məqalələri, məsələn, "Alı kişi və Koroğlu obrazlarının prototipi haqqında"  məqaləsi diqqət çəkir. Ümumiyyətlə, M.Seyidovun hər yeni tədqiqatı elmi-mədəni ictimaiyyətimiz tərəfindən dərin rəğbət və maraqla qarşılanırdı.

Alim mifologiya ilə bağlı faktların yozumunda türk mədəni kontekstindən çıxış edirdi. Yəni, hər bir etnoqrafik detalın, dil faktının yerini ümumtürk mədəni sisteminin dəyərləri kontekstində işıqlandırırdı.M.Seyidov araşdırmalarında az qala hər səhifədə "türk xalqları, o cümlədən Azərbaycan türkləri..." ifadəsinə tez-tez rast gəliriık. Bu mənada onu "xalq mənəviyyatının arxeoloqu" hesab edənlər haqlıdırlar. Alimin "Qorqud", "Azərbaycan" sözlərinin izahını verərkən yazdığı hər sətrin arxasından böyük vətənpərvər alimin, millət aşiqi ziyalının və yurdsevər fikir adamının boylandığını görməmək mümkün deyil.

Mirəli Seyidovun elmi yaradıcılığı mif, folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqədə öyrənilməsinin parlaq nümunələri ilə zəngindir. Görkəmli alim "Məsihi", "Vidadi" oçerklərində də, "Qövsi Təbrizi" monoqrafiyasında da mifik təfəkkür məsələlərindən heç vaxt yan ötmür. Onun klassik ədəbiyyat və mifologiya sahəsində bu fəaliyyəti müəyyən qədər C.Frezerin keçdiyi elmi yaradıcılıq yolunu xatırladır. Yunan ədəbiyyatından tərcümələri, "Əhdi-ətiq və folklor", "Qızıl budaq" kimi fundamental kitablar müəllifi C.Frezerə də klassik filologiya ilə yanaşı etnoqrafiyaya dair araşdırmalarının sərhədlərini genişləndirmək imkanı vermişdi.

M.Seyidovun da tədqiqatları həm klassik ədəbiyyat, həm folklor nümunələri üzərində quruludur. Azərbaycan ədəbiyyatında mif, mifoloji təfəkkür, mifoloji obrazlar sisteminin ilk dəfə bu ardıcıllıqla öyrənilməsi əməkdar elm xadimi, professor Mirəli Seyidovun adı ilə bağlıdır. Məsələn, onun M.F.Axundovun "Aldanmış kəvakib" əsərində ölüb-dirilmə motivi və ölümün aldadılması ilə bağlı tədqiqatı gələcəyin neçə-neçə araşdırması üçün ciddi zəmin hazırlamışdı. Azərbaycan ədəbiyyatşünaslığında folklor və yazılı ədəbiyyat əlaqələrinə həsr olunmuş "Yusif Vəzir Çəmənzəminli və folklor", "Əbdürrəhim bəy Haqverdiyev və folklor", eləcə də "Oğuz mifinin strukturu" (oğuz mətnləri əsasında semiotik bərpa), "Azərbaycan türklərinin mifologiyası", "Türk epik ənənəsində Dədə Qorqud", "Türk mifoloji obrazlarının funksional-semantik xüsusiyyətləri", "Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları", "Oğuz kağan dastanında ədəbi-mifoloji motivlər", "Azərbaycan folklorunda mifoloji xaos", "Azərbaycan folklorunda müdrik qoca arxetipi", "Azərbaycan təqvim miflərinin semantikası", "Azərbaycan folklorunda mifoloji-kosmoqonik görüşlər" adlı tədqiqatlar Mirəli Seyidovun açdığı yolun davamı idi.

Mirəli Seyidov Azərbaycanda 1980-ci illərdə başlamış və XX əsrdə 2-ci dəfə dövlət müstəqilliyimizin qazanılması ilə nəticələnmiş xalq hərəkatının məfkurəsini hazırlayan ziyalılarımızdandır. Bu baxımdan onun millət qarşısında xidmətlərini mərhum Xudu Məmmədovun fəaliyyəti ilə müqayisə etmək olar. Doğrudur, axtarsaq, onlar eyni dövrdə yaşasalar da, əsərlərində bəlkə heç vaxt bir-birilərinə istinad etmədilər. Lakin onlar eyni məfkurəyə bağlı insanlar idilər. Böyük türk mütəfəkkiri Cəmil Meriç deyir ki, bizlər başları eyni kitablara əyilmiş kimsələrik. Bizlərdən də daha yaxın əqrəba ola bilərmi?! Həqiqətən, Mirəli Seyidov da, Xudu Məmmədov da  başları eyni kitablara əyilmiş elm adamları olmuşlar.

Mirəli müəllimin 100 illik yubileyinin qeyd edildiyi bir mərasimdəyik. Onun əslində bioloji baxımdan indi 100 yaşı var. Həqiqətdə isə Mirəli müəllim ruhi-mənəvi baxımdan bəlkə də azı 1000 yaşlarındadır. Yəni o, mənsub olduğu xalqın tarixi qədər qədimdir, mifik təfəkkürünün izlərini sanki zərrəbinlə axtardığı doğma Azərbaycan türklərinin qədimdən qədim tarixi ilə yaşıddır.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!