Dünəndən bu günə və bu gündən sabaha atılan körpü
İlqar FƏHMİ
Suallar və cavablar
Azərbaycanın milli ənənələri, kütləvi bayramları tarixini araşdıranda qarşımıza çoxsaylı maraqlı etnoqrafik bayramlar, kütləvi mərasimlər, sakral mahiyyət daşıyan ayinlər kompleksi çıxır ki, bunların bir qismi son yüzillikdə tam unudulub, bir qismi transformasiyaya uğrayıb, tanınmaz hala düşüb, bir qismi isə zamanın sınaqlarından uğurla çıxıb, xalqımız tərəfindən cidd-cəhdlə qorunaraq bu günə qədər gəlib çıxıb. Müasir dövrdə də xalqımız tərəfindən böyük məhəbbətlə qeyd olunan bayram mərasimlərindən danışarkən ilk olaraq yada, təbii ki, Novruz bayramı düşür...
XXI əsrdə Novruz bayramının dünya mədəniyyətində get-gedə bir Azərbaycan brendinə çevrilməsi göz qabağındadır. Azərbaycan dövləti də bu işə bütün diqqət və qayğısını göstərir. Novruz bayramı ildən-ilə daha yüksək səviyyədə, daha böyük təmtəraqla qeyd olunur.
Ümumiyyətlə, Novruz bayramının başqa çoxsaylı məhsul bayramları və sair bu cür kütləvi tədbirlərdən əsas fərqi özündə tarixi etnoqrafiyanı, toplumun mifologiyasını və milli mədəniyyət fəlsəfəsini əhatə etməsindədir. Başqa sözlə desək, zahirən nə qədər kütləvi, nə qədər ümumxalq mərasimi olsa da, alt qata fikir verəndə görürük ki, Novruz bayramı öz dərin fəlsəfəsi olan bayramdır... Və etiraf edək ki, heç də dünyanın bütün xalqlarında bu cür dərin fəlsəfəsi olan ümumxalq bayramı yoxlur... Lakin bu barədə bir az sonra...
İstənilən bir mövzu (məfhum) barəsində düşünməyə başlamazdan əvvəl təyin eləmək lazımdır ki, biz bu mövzudan (məfhumdan) nə istəyirik, niyə istəyirik və istədiyimizi almaqçün neynəməliyik...
Nə istəyirik
Bu suala şəxsən mən iki cavab verərdim. Birincisi, Novruz bayramı bu gün bizə məhz milli mədəniyyət tariximizin simvolu kimi görünür. Deməli, milli mədəniyyət tariximizin qloballaşma dövründə çətinliklə də olsa, qorunub-saxlanılmasından danışanda ilk olaraq Novruz ənənələrinin rolu ön plana çıxır. Çünki tarix boyu Azərbaycanın hər bölgəsində hər il az qala, bir ay ərzində davam edən Novruz şənlikləri bizim milli teatrımızın, milli musiqimizin, milli poeziyamızın və başqa incəsənət nümunələrinin özünü göstərdiyi bir meydan olub... Sənətkarlar bəlkə də bütün il boyu növbəti Novruz şənliklərinə hazırlıqlar görüblər, təqribi ssenarilər tutublar, əyləncəli oyunlar hazırlayıblar, maraqlı yeniliklər düşünüb tapıblar... Yəni Novruz şənlikləri zamanı göstərilən şou xarakterli tamaşalar birbaşa interaktiv yaradıcılıq laboratoriyası olub... Deməli, bu gün də Novruz şənliklərinin ildən-ilə daha yüksək səviyyədə keçirilməsi, həm də milli sənət növlərinin qorunub saxlanılmasına və inkişafına böyük dəstək vermiş olur...
Novruz bayramından "Nə istəyirik?" sualına ikinci cavab isə bu bayramın müasir dövrdə dünyada Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rol ilə bağlıdır. Hər il Azərbaycana daha çox gələn turistlərin qarşısında Azərbaycanın qədim mədəniyyətini təbliğ etməklə bərabər, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkil etdiyi kiçikmiqyaslı Novruz şənlikləri də, öz növbəsində, Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ olunmasında əvəzolunmaz rol oynayır. Zənnimcə, bu məsələyə də çox diqqət ayırmaq, başqa ölkələrdə yaşayan azərbaycanlılar arasında Novruz bayramının daha təntənəli şəkildə keçirilməsini təbliğ eləmək məqsədəuyğun olar...
Niyə istəyirik
İndi isə ikinci suala keçək; Niyə istəyirik?
Daha doğrusu, bütün bu dediklərimizi niyə hansısa başqa ayindən, mərasimdən yox, məhz Novruz bayramından istəyirik?
Birincisi, qeyd etdim ki, Novruz bayramı təbiətin dirildiyi dövrə təsadüf elədiyinə görə, alt qatında bir ədəbi həyat fəlsəfəsi var. Deməli, yuxarıda qeyd etdiyim kimi, Novruz bayramı alt qatında dərin fəlsəfə yatan bir bayramdır. İkincisi isə Novruz bayramının dünya xalqları arasında tarixən məhz Azərbaycanda daha geniş keçirilməsi faktıdır. Burada kiçik də olsa, tarixi arayış vermək yerinə düşər. Qədim dövrlərdə dünyanın bir çox xalqlarında Baharın gəlişinə həsr olunmuş müxtəlif təntənəli mərasimlər və ayinlər keçirilsə də, əsrlər keçdikcə müxtəlif kütləvi dini ayinlərin, dini bayram və mərasimlərin kölgəsində qalıb, bəzi xalqlarda tamamilə unudulub, bəzi xalqlarda isə çox zəifləyib. XIX-XX əsrlərdə isə bu cür kütləvi mərasimlərin yerini daha çox siyasi məzmunlu kütləvi tədbirlər tutub. Düzdür, Azərbaycan ərazisində də tarixən dini mərasim və bayramlar həmişə qeyd olunub. Lakin Novruz bayramının aradan getməsinə səbəb olmayıb. Paralel olaraq hər iki istiqamətdə kütləvi tədbirlər keçirilib. Yalnız bir halda Novruz bayramı keçirilmirdi ki, bu da, təxminən 30-35 ildən bir, Məhərrəm ayının və Aşura gününün Novruz ərəfəsinə düşdüyü illərə təsadüf edir.
Deməli, bu nəticəyə gəldik ki, bu gün müasir dünyada Azərbaycan xalqı baharın gəlişini yüksək səviyyədə qeyd edən azsaylı xalqlardan biridir və Novruz bayramının sırf Azərbaycanın milli mədəniyyət brendinə çevrilməsi yolunda dövlətimizin bütün səyləri də bununla bağlıdır. Çünki bu bayram yalnız və yalnız bizimdir, heç kim ona iddialı deyil. Hətta təqvim ilini Baharda dəyişən qonşu İranda və başqa müsəlman ölkələrində də Novruz bayramı kütləvi, təntənəli dini mərasimlərin kölgəsində qalıb...
Neynəməli?
İndi isə üçüncü sual - istədiyimizə nail olmaqçün nələr eləməliyik?
Bəli, gəlib ən əhəmiyyətli məqamın üstünə çıxdıq.
Yuxarıda qeyd etdim ki, məhz bu məsələylə bağlı dövlət tərəfindən aktiv iş aparılır, daim yeni layihələr həyata keçirilir. Novruz bayramına həsr olunmuş tədbirlərin hazırlanmasına zaman-zaman ölkənin ziyalıları da cəlb olunur, dövlət səviyyəsində iclas və müşavirələr keçirilir ki, ildən-ilə bu bayram şənlikləri daha maraqlı və daha cəlbedici olsun...
Məhz bu baxımdan mən də öz fikir və düşüncələrimi bölüşmək istərdim...
Zənnimcə, Novruz şənliklərinə bir neçə istiqamətlə yeni layihələr əlavə eləmək mümkündür ki, həm yerli sakinlərin, həm də xaricdən gələn qonaqların daha çox marağına səbəb olsun...
Bunlardan ilk olaraq; İnteraktiv meydan tamaşaları; daha sonra yarışma xarakterli interaktiv oyunlar və nəhayət; Novruz fəlsəfəsini və mifologiyasını əks etdirən attraksionlar... Çünki bütün dediyimiz fəlsəfi-mədəni tutumla bərabər, tarixən Novruz şənlikləri xalqımız üçün həm də bir əyləncəli şou xarakteri daşıyır. Ümumiyyətlə, bütün şənliklər üçün əyləncə və istirahət faktoru çox böyük əhəmiyyət kəsb edir...
İndi isə düşündüklərimi ayrı-ayrılıqda nəzərdən keçirək.
İnteraktiv meydan tamaşaları
Tarixən Novruz bayramı şənliklərində kütləvi meydan tamaşalarından istifadə olunub. Lakin bu meydan tamaşaları, sadəcə, hansısa səhnə əsərlərinin açıq səmada göstərilməsi formasında yox, bir qədər fərqli olub, bu tamaşalarda kütlə də iştirak edib, tamaşaçılarla oyunçular arasında pərdə götürülüb... Qədim məzhəkələr, qaravəllilər bunun nümunəsidir.
Zənnimcə, rejissorlarla və etnoqraf alimlərlə birlikdə işçi qrupun yaradılması və qədimdə mövcud olan kütləvi meydan tamaşalarının dirçəldilməsi məqsədəuyğun olar. Məhz belə tamaşalarda, sadəcə, aktyorlar yox, istənilən tamaşaçılar da iştirak edə bilər... Lakin, əlbəttə ki, bu tamaşaların forması və məzmunu düşünülüb tapılmalıdır.
Bundan əlavə, müxtəlif formalı karnavalların keçirilməsini təşkil eləmək də mümkündür. Əlbəttə ki, bu tədbirlərdə Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin aktiv iştirakı maraqlı olardı...
Yarışma xarakterli interaktiv oyunlar...
Qədim dövrlərdən Novruz bayramı çərçivəsində çoxsaylı gərgin, dinamik interaktiv yarışmalar, müxtəlif idman oyunları xarakterli oyunlar keçirilib ki, bu da qeyd etdiyim kimi, bu bayramın əyləncəli tərəfini təşkil edib.
Bunların içərisində pəhləvan güləşmələri, cıdırlarda at yarışmaları, qoç, xoruz döyüşləri və bu tipli çoxsaylı yarışmalar olub ki, bayram şənliklərinə toplanan camaatın marağına səbəb olub... (Bu siyahıya, hətta məşhur "yumurta döyüşdürməyi" da əlavə eləmək olar).
Son yüzillikdə yayılan müəyyən stereotiplərə uyğun olaraq bu cür oyunlar indi keçmişin qalığı, cəhalət nümunəsi kimi görünə bilər... Lakin, zənnimcə, belə stereotipləri sındırmaq lazımdır. Bütün dünya ölkələrində bu cür tarixi milli yarışlar mövcuddur və milli etnik ənənələrin nümunəsi kimi qorunub saxlanılır. Elə müasir dövrdə İspaniyada keçirilən Korrida - öküz döyüşlərinə dünyanın hər yerindən tamaşaçıların toplaşdıqlarını nümunə gətirə bilərik. Korrida ilk baxışdan keçmişin qalığı və vəhşilik, barbarlıq nümunəsi kimi görünsə də heç kim ispanları "Qanlı Korridaya" görə, öküz döyüşlərinə görə, vəhşilikdə, cəhalətdə ittiham etmir, əksinə, bu yarışmalara canlı olaraq tamaşa eləməyə gələnlərin sayı ildən-ilə artır...
Başqa ölkələrdə də bunun nümunələri mövcuddur, misalçün, müasir dövrdə Fransada qədim "Cəngavər turnirləri" müasir formada yenidən bərpa olunur və tamaşaçıların diqqətinə çatdırılır.
Düzdür, indiki dövrdə şəhər şəraitində bu cür oyunların keçirilməsi müəyyən çətinliklər yarada bilər, lakin bunun da müəyyən yolları tapıla bilər. Bəlkə də Novruz bayramı zamanı şəhərdən kənarda, yaxud Yeni bulvarın bir hissəsində bu cür interaktiv yarışlarçün xüsusi ayrılmış sahələr yaratmaq mümkün olar.
Xüsusi ayrılmış bu cür sahələrdə kiçik formatda at yarışları, qoç döyüşləri, hətta gülməli görünsə də, xoruz döyüşləri kimi maraqlı yarışlar keçirmək olar (Hər halda, bu döyüşlər bəzi telekanalların şou-proqramlarındakı xoruz döyüşlərindən daha təbii və maraqlı görünər).
Əminəm ki, bu cür yarışlar həm yerli tamaşaçıların, həm də xarici turistlərin böyük marağına səbəb olacaq, insanlar məhz bu yarışlara baxmaq üçün həmin məkana axışacaqlar...
Davamı gələn sayımızda
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!