- Əlizadə müəllim, şair üçün regionda yaşamağın hansı çətinlikləri var? Paytaxtda yaşamaq arzunuz olubmu?
- Fikrimcə, harada yaşamaq yaradıcı adam üçün şərti, sxolastik bir şey. Meyar istedaddırsa, qalanı təfərrüat...
Tolstoy nümunəsi var.
Həm mən xarakter etibarilə diqqət mərkəzində olmağı, tədbirlərdə - filanda, TV-lərdə görünməyi çox da sevmirəm.
Bu da mənim yolumdu, - iztirablarıyla, çətinlikləriylə mənə doğma olan yol.
Deyəsən Hüqo deyib: "Fransada şair çoxdu, ancaq şairin şairliyin gərək Paris təsdiq etsin". Böyük yazıçının ruhu bağışlasın, mən bu fikirlə razı deyiləm, yazıçını mətn təsdiq edir.
Kənd həyatına - onun havasına, suyuna çox bağlıyam. Bu areal hələ ki, mənə bəs edir.
Bir də ki, mənim həyatımın "paytaxt məhələsi" də olub. Bir neçə il Moskvada, Bakıda (Slavyan Universitetinin müəllimi olmuşam) da yaşamışam.
Tünlüyü sevə bilmədim, - mənim yerim tənhalığın qucağıdı...
- Sizin kitabların birinə xalq yazıçısı Anar ön söz yazıb. Bu hansı zərurətdən yarandı?
- Desəm ki, məndə şöhrət hissi yoxdu, - qeyri-səmimi olaram. İnstiktiv olaraq mən də istəmişəm ki, bu ölkədə əsl yazıçı hesab etdiyim beş-üç nəfər yazdıqlarımı oxusun, münasibət bildirsin. Yaradıcılığın erkən çağında bu hiss daha güclü olur...
Al Paçinonun gözəl bir sözü var: Şöhrətpərəstlik günahların ən sevimlilərindən biridir. Məncə, konkret deyilib...
Bilirsiniz, var həyatdan, kitabdan, bir də Tanrıdan gələn yazıçı... mən sonuncu bölgünü qəbul edirəm və Anar müəllimi də bu qəbil yazıçılardan hesab edirəm. Və təbii ki, onun fikrini öyrənmək mənə görə cəlbedici idi. Bax o ön söz də bu ehtiyacdan doğdu.
Mən Anarı ideallaşdırmıram. Ona elə özü boyda olmaq, fikrimcə, bəs edər. Zaman-zaman ona daş atanlar çox olub, ancaq bu daşlardan heç biri istedadlı daş olmayıb və... hər dəfə hədəfin yanından keçib.
Hünər o ki, ona atılan daşları sığallayıb əzizləyə, o daşlardan bir hasar hörə, o "hasar"ı bir zirehə, istehkama çevirə... Məncə, Anar bunu bacardı...
- Anar müəllimin ön sözü yaradıcılığınıza necə təsir etdi? Müəyyən çətinliklər aradan qalxdımı?
- Baxmayaraq ki, çap olunmaq problemim heç vaxt olmayıb, hər halda İ.Şıxlının, M.Arazın, Anarın, R.Rövşənin haqqımda dedikləri xoş sözlərin müstəsna rolu oldu, ədəbi cameədə daha isti münasibətlə rastlaşmışam.
Hərdən dostlar; "Sən layiqincə qiymətini almamısan" deyirlər. Məncə, yaradıcı adama ən böyük qiyməti Tanrı verir, - həm də doğulduğu gün... Söz boyda əlavə imtiyaz, fövqəl səlahiyyət...
Bir də axı, neynim ki, qürurum imkan vermir kiminsə ətəyindən yapışım.
...Təbii, mənim də qayğıya ehtiyacım olub. Hər dəfə səbir etmişəm. N.Hikmət deyirdi ki, səbir etmək qəzəbi qurtum-qurtum içməkdir...
...Şair var ki, şeirdən başqa heç nəyi yox, şair var ki, hər şeyi var, şeiri yox.
Mən fatalistəm. Hər şeyin vaxtı var.
Hardansa xatırladığım gözəl bir fikir var: "Sonunda hər şey gözəl olacaq, gözəl deyilsə, demək hələ son deyil".
- Cəlilabadda yazıb-yaradırsınız. Bildiyim qədər, bu rayonda istedadlı yazarlar çoxdur. Münasibətləriniz necədir? Bir yerə yığılıb yaradıcılıq müzakirələri edirsinizmi?
- Kant deyirdi ki, ağıl, zəka və istedad daha çox qaranlıqda yaxşı işləyir. Bu mənada yaradıcı adamın evi daha çox tənhalıqdır. Demirəm ki, o, guşənişin olmalı, cəmiyyətdən təcrid olunmalıdır. Ədəbi müzakirələrə, polemikalara da açıq olasan gərək...
Yaşadığım rayonda istedadlı qələm adamları çoxdur. Ə.Həsrət, M.Abdulla, Ə.Salman, B.Alarlı, G.Teymur, İ.Abdulla, Ə.Əzimov, M.İncəçaylı və başqaları.
Təbii ki, görüşlər, qızğın müzakirələr olur.
Yaradıcılıq - könül xoşbəxtliyidir, bu xoşbəxtliyi dostlarla bölüşəndə o bir az da çoxalır. Ancaq həm də yaradıcılıq - kollektiv təsəvvüfat deyil, daha çox fərdi, spesifik bir fəaliyyət sferasıdır. Hər kəs öz şəxsi havasının içində yazıb-yaradır.
Bir dəfə dostlardan biri belə bir ifadə işlətdi: "Bircə gün qəzetləri vərəqləmək bəs edər ki, zəmanəmizin şeir zəmanəsi olmadığını dərk edəsən".
Bəli, şeir zamanı olmadığı bir vaxtda zəmanənin şeirini yaratmaq fədakarlıqdır.
- Şeirlərindən təsirləndiyiniz şair varmı? Varsa, bunu necə dəyərləndirirsiniz? Yoxdursa, ümumiyyətlə, bu, neçə mümkündür?
- Tanrı sənə istedad verməyibsə, heç bir intellekt, mütaliə sənin şair olmağına bəs edə bilməz. Heç zəhmət də (hərçənd deyirlər ki, zəhmət istedadın lampasına neft tökür).
Şeir mənə görə nə hobbidir, nə məşğuliyyət, şeir ruhun ehtiyacıdır, şeir həyatdan yorulanda aldığın nəfəsdərmədir, yaranı sarıyan ilahi tənzifdir.
Şeir sözə sevdalanmaqdır.
Hər bir istedadın öz havası olur. İstisna deyil ki, bəzən başqa havadan da təsirlənib qələm qaldırmalı olursan. Vaxt olub ki, R.Rövşənin havası "mənim şeir otağım"a girmək istəyib və hərdən girib də. Və mən bundan qorxub o otağın qapı-bacasını bərk-bərk bağladım...
Yeri gəlmişkən, onu da vurğulayım ki, mütaliəmə arxayın olub deyə bilərəm: ən çox sevilən şairlərimizin yaradıcılığında da Lorkadan, Rilkedən, Pasternakdan, N.Hikmətdən, Mandelştamdan təsirlənmələri görməmək mümkün deyil.
Bu hal daha çox romantik şairlərə aiddir. Məsələn, bir yağış obrazını götürək. Bu təbiət hadisəsi hər bir şairdə fərqli assosiasiya doğursa da, bütün şairlər yağışın altına çətirsiz girmək, sanki yağışı qucaqlamaq istəyir.
Eyni yağışın altında hərə bir cür islanır...
- Şeirlərinizi oxuyanda hərdən adama elə gəlir ki, daha sondur. Burdan o yana yol yoxdur. Amma yeni silsilə gələndə göz önündə başqa mənzərələr açılır. Sizə necə gəlir?
- Mən şeiri könül rahatlığı üçün yazıram. Şeir zamanın barometri olmalı, ictimai-siyasi məzmun kəsb etməli fikriylə elə də razı deyiləm. Heç böyük Hüqonun bu fikriylə də razı deyiləm ki, guya Fransa inqilabını Volterin əsərləri törədib.
Şeir - könül pıçıltısıdır. Bu pıçıltı ekstravant hisslər, ekzotik təəssüratlar yaratmağa həsr olunmalıdır.
Konkret sualınıza gəldikdə isə, mən hər dəfə sanki sonuncu şeirimi yazıram. Elə bilirəm ki, daha bəsdi...
Və hər dəfə də qəfildən, sədayi-qaibanədən mistik, mübhəm, ilahi bir əl yaxamdan yapışır və ruhani bir ritorikayla gileylənir: "Yox, hələ bu son deyil...".
Nə qədər ki, hər dəfə qaranquş dimdiyində bahar gətirir, qələmin də dimdiyində şeir olacaq...
Təbiətin misilsiz tərənnümçüsü rəssam İsaak Levitanın tutqun günün poeziyasının dahinayə təsvirini əks etdirən məşhur "Ədəbi dinclik" əsəri sərgi salonlarında görünəndə Tver sənətsevərləri dərhal bu rəsmdə təsvir olunan öz doğma təbiətlərini tanımış, "bu əsər Udomil gölü sahilində çəkilmişdir" demişlər. Mən də hər şeirimdə tipik insan ruhunu, bu ruhun içindəki canın duyğularını, iztirab və əzablarını, nəşəsini verməyə çalışıram ki, hər oxucu özünü tanısın...
- Ədəbi tənqidə münasibətiniz necədir? Heç xətirinizə dəymir ki? Yoxsa heç sizi dindirib eləmir.
- Hə, elə təqribən siz deyən kimi deyilib: Tənqidçi - yazıçının xətirinə dəyən oxucudur. Yox, deyəsən, xətirimə dəyən olmayıb. Təəssüf ki, bizdə tənqidçi stixiyası düzgün anlaşılmır. Nə tənqid edən, nə tənqid olunan tərəfindən. Sifarişli yazılar üstünlük təşkil edir. Ədalət meyarları ilə yazı yazan cəmi bir neçə tənqidçi adı çəkə bilərəm: Elnarə Akimova, Əsəd Cahangir və Yusifli qardaşları...
Puşkinin bir sözü var: Şair gərək Allah qədər gözəl olsun bu dünyada. Bu fikirlə o qədər də razı deyiləm. Məramım bu ki, bəzi tənqidçilər Allah yox, heç onun mələyi olmağa layiq olmayanları hansısa təmənnanın qarşılığında ilahiləşdirirlər. Şair demişkən: Kimi aldadırsan, a zalım oğlu?".
J.Renar "Aydın üslub - ədəbiyyatın nəzakətidir" - deyirdi. Şeirlərimizdə üslub xətaları, taftalogiya, süni pafos, yad nəfəs baş alıb gedir...
B.Qraşian məşhur "Kamillik elmi" əsərində "ürəyinə inan" - deyirdi... Bax, əksinə, ürəyini aldadan şairlər yaman çoxalıb...
- Şeirlərinizin birində deyirsiniz ki, kədərə heykəl qoyulur, bunu necə başa düşək? Haradadır kədərin heykəli?
- Şeirdəki obrazlara izah verməyi heç sevmirəm. Şair təxəyyülüdü də, necə gəlib elə də yazmışam. "Aldanma ki, şair sözü əlbəttə yalandı" deyəndə dahi Füzuli yəqin, bu məqamları nəzərə alıb... Bir də ki, kədərdən bəhs edən gözəl bir şeirin özü elə kədərə heykəl deyilmi?
Kədər dünyanın əzəli və əbədi mövzusudur. Ölüm varsa kədər var, kədər varsa şeir var. Demirəm, şeirdə işıq olmasın. Hətta, əksinə, kədərin içində də işıq tapmaq istəyənlərdənəm.
Mənə "ölümdən çox yazırsan" deyirlər. Mən demirəm ki, ölüm qorxuludur. Hər halda, ölmək ölümün sirrinə bələd olmaqdır. Bəlkə, ölüm çox gözəldi, bəlkə, ölüm Allahın sonuncu mələyidi, səni qanadlarına alıb ona qovuşdurur. Həyat - istəmədiyimiz hədiyyədir, gec-tez ondan imtina etməliyik. Gözəl bir söz var: kədər və ölüm bu dünyaya gözəl bir sığal çəkir...
- Əsasən heca şairi kimi qəbul olunursuz. Arada dövri mətbuatda və sosial şəbəkələrdə sərbəst şeirlərinizi də oxuyuruq. Pis alınmır. Amma sərbəst şeirə aqressiyanız var. Bunu şeirlərinizin üslubu tələb edir və ya nədən irəli gəlir bu hiss?
- Poeziyada heç bir qəlibi qəbul etməmişəm. Mənə görə, vəznlər, "izm"lər çox şərti, mənasız və yöndəmsiz bir şey. Mənim üçün əsas mətndir. O, hansı formaya, hansı qəlibə daha rahat oturursa, elə də yazıram.
Yeri gəlmişkən, mən bu şeir sözünü də heç sevmədim. Poeziya daha duyğusal, daha cazibədar səslənmirmi?
Mənə poeziyadan danışın: - nə bilim vəzn, qəlib, ölçü-filan - bunlar boş söhbət. Ənənəni inkar etmirəm. Avanqardizmlə də heç bir "ədavətim" yox.
Noralis yazırdı: yazdığın şeir sənə yox, sən yazdığın şeirə "məxsussan". Mətləb bu olmalı. Hər şairi yazdığı şeirdən soruşurlar, hər şeiri yazıldığı ölçüdən yox...
Kant poeziyanı "fikirlərin bədii oyunu" adlandırırdı. Əsas olan fikirlərin hansı havaya oynaması yox, neçə oynamasıdır...
- "Ürəyini qalın geyin, çöldə ayrılıq əsir" - gözəl misralardı. Maraqlıdır, ürəyi necə qalın geymək olar?
- Cavab verməkdə çətinlik çəkirəm. Belə yazıldığı anda cavab vermək daha asan olardı. Məcazdı da. Görünür, çöldə ayrılıq əsirsə, sevgiyə daha çox ehtiyac var, sevgi ayrılıq adlı səmumdan qoruyan ən yaxşı paltardı...
Bu beyt bəlkə də gözlənilməz, qəribə məzmun daşısa da, zahiri parıltı, gözqamaşdıran effekt axtarmayın.
Ədəbiyyat bəzən illüzar, utopik xoşbəxtliklər vəd etsə də, hər halda vizual ahəngi, cazibədarlığı ilə könül oxşayır. "Heç bir insanın ömrü Bodlerin bir misrasına dəyməz" - deyəndə çox haqlıydı Akutaqava...
Hər bir sevgi şeiri insanın içindəki işığın reinkarnasiyasıdır, o işığa sevgi söz şəklində yenidən doğulur, böyüyür, boy atır, nəinki yer üzünə, hətta göy üzünə bülənd olur...
...Ürəyinizi gün işığına sərin, - üşüməsin sevginiz!..
Söhbətləşdi: Nuranə NUR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!