Bu da bir cərəyandı, keçib gedəcək... - Mişkinaz Cavidin “Cavid haqqında xatirimdə qalanlar” yazısından

 

1939-cu il, iki iyul, saat on ikidə görüş verəcəkdilər.

Üçümüz də əlimizdə şeylər durmuşuq qapının qabağında. Fikirləşirəm, görəsən nə halda görəcəyik?

...Böyük bir həyətdi. Bir-birindən aralı skamyalar qoyulmuşdu. Əvvəlcədən məhbusları gətirib oturtmuşdular.

Cavid qapıya yaxın tərəfdəydi. Əlləri dizlərinin üstündə. Gözünü qapıya zilləyib oturmuşdu. Qapıdan girən kimi mən gördüm. Adam çox olduğu üçün, bir də ki, gözlüyü gözündə yoxdu, tez görə bilmədi. Yaxına gələn kimi dik qalxdı ayağa. Qollarını açıb üçümüzü birdən qucaqladı. Birinci sözü bu oldu:

- Dünən niyə gəlmədiniz?

- Çatdıra bilmədim.

Uşaqları bir də ayrı-ayrı qucaqladı. Uzun müddət görmədiyi üçün ona nə qədər böyümüş görünürdülər. Elə həsrətlə baxırdı ki... Ürəyinə dammışdı ki, bu görüşü axırıncı dəfəydi. Xeyli arıqlamışdı. Rəngi qaçmışdı. Ikimiz yan-yana oturduq. Uşaqlar da bir tərəfində. Bir qolunu açıb ikisini də özünə tərəf sıxmışdı.

Bir nəfər qaratikan kolu kimi arxa tərəfdən oturduğumuz skamyaya söykənib durmuşdu. Darıxmış, yapma bir təbəssümlə:

- Nə deyəcəkdim... Hamısını unutdum, - dedi.

İnanmadığı bir adam yanında danışmamaq və onu işarə vermək, bildirmək üçün deyərdi: "Allahü-əbha".

Mən yavaş səslə dedim:

- "Allahü-əbha".

Qolumu sıxıb:

- Hə! - dedi.

Fürsət axtarırdım ki, o ürəksiz adam bir balaca bizdən aralansın, pulu verə bilim. Kimsə onu çağırdı.

Tez pulu qoydum ovcuna. Götürmürdü. Zorla verdim:

- Nəyimə lazımdı? Görən kimi alacaqlar.

- Elə et ki, görməsinlər.

- Onlardan şey yayındırmaq olar? Özün gördün ki, o gecə baxılmayan bir yer qalmadı.

- Yaxşını yaman qələmə verənlər yox olsunlar, - dedim.

- Olacaqlar, - dedi, - ağır itkilərdən sonra sağalmaz yaralar qoyub gedəcəklər. Üç dəfə məhkəmə etdilər, ləkəli, zərərli bir şey tapmadılar, o qərara gəldilər ki, bir qədər vətən dəyişikliyi... Vaxt olacaq, özləri səhv olduğunu bilib geri qaytaracaqlar. Sözlərim çoxdu. Əfsus ki, vaxt azdı. Sizdən ki, arxayın gedirəm, sağ-salamatsınız, o mənə bəsdi.

Çox həyəcanlıydı. Amma çalışırdı ki, sakit görünsün. Birdən cingiltili bir səs ucadan dedi:

- Vaxt qurtardı.

Necə quru xəzəl üstündə yeriyəndə xışıltılı səs eşidilər, elə səslər eşidildi. Hamı birdən bir nəfər kimi elə səslə: "Vay... nə tez", - dedi. Hamı birdən qalxdı ayağa.

Cavidin gözləri iri-iri açıldı, üçümüzün üzündə dolandı, titrək səslə:

- Söz qəvinindi, əvət, - dedi.

Əvvəl üçümüzü birdən qucaqladı, sonra təkbətək. Bir qolunu oğlunun boynuna doladı, o biri əli ilə bizi göstərib:

- Bunları sənə tapşırıram. Darıxmayın. Mərd olun, mərd ölün. Bu da bir cərəyandı, keçib gedəcək. Mərdlik, namərdlik, kişilik, nakişilik hamısı bu illərdə məhək daşından keçəcək, - dedi.

Qızı bir də qucaqladı, - dedi:

- Nənəsim amanatı.

Həmişə ona "nənəsim" deyərdi.

Nə qədər sakit görünməyə çalışırdısa da, bizim də həyəcanlı olduğumuzu görüb daha da çox həyəcan keçirirdi. Onun yanında heç birimiz ağlamadıq. Biz görməyək deyə, tez-tez dodaqlarını sümürürdü. Kövrək və ümidsiz bir səslə dedi:

- Ayrılıq olmayaydı...

...Dünənki həyət. Adam az. Divar tərəfdə, yaxında heç kəs yox. Oturub. Gözü qapıda. Mən girdim əlimdəki şeyləri onun özünə yox, yoxlamaq üçün oranın nəzarətçisinə verib içəri keçdim. Məni görən kimi qalxdı ayağa. Yola baxdı ki, görsün uşaqlar da gəlirmi? Sevincli səslə:

- Nə yaxşı! - dedi.

Dünənkinə nisbətən bu gün bir az sakit idi. İrəli gün apardığım gözlük gözündəydi. Arada iki nəfər gözçü gəzirdi. Biri elə dolanıb gəlib dururdu yanımızda. O keçəndə mən onun dalınca narazı baxışlarla baxdım. Cavid dedi:

- Onun da vəzifəsi budur. Məhbus nəzarətsiz, cəzasız olmaz.

Mən "cəza" sözündən darıxmış halda üzünə baxdım. Mülayim və kədərli bir səslə:

- ...Təmiz adına ləkə vurulması, başı-qulağı üç qəpiyə dəyməyənin qarşısında dayanıb təhqirli sözlər dinləmək, anlamaz qarşısında susmaq, anlatmağa haqqın olmamaq cəza deyilmi? Elə təhqirli sözlər deyirlər ki, dözmək mümkün deyil. Gərək nə qədər ürəksiz, şərəfsiz adam ola ki, olmayan sözləri danışa. Nə isə... Sözlərim çoxdu. Əfsus ki, vaxt azdı. Nə qədər deyiləsi sözlərim, deyiləsi dərdlərim, görüləsi işlərim var. Əsl xain yaxşıları pis adlandırıb məhv edənlərdi. Vaxt gələcək bu günahsız, ləkəsiz, tarixə, xalqa xeyir verəcək, vaxtından əvvəl itirilmiş bu zavallılar üçün nə qədər təəssüf ediləcək.

...Bir neçə dostunun adını soruşdu. Dedim:

- Heç birini görməmişəm.

Biri haqqında dedi:

- Görməsən yaxşıdı, o yarım adam satandı, hələ yaxşısı budu. Neçə kişilər nakişi oldular. Əvvəl-axır ölümdü. Mərd ölmək namərd yaşamaqdan yaxşıdı.

Dedim:

- Canın sağ olsun. Gələndən sonra özün ayırd edərsən.

Fikrində danışırmış kimi çox yavaş səslə öz-özünə dedi:

- Həə... umulmaz umud.

Eşitdim. Üzünə baxıb ağladım. Əlimi bərk-bərk sıxıb dedi:

- Mən səni ağlar görmək istəməzdim. Keçirdiyin ağır günlərini bilirəm. Dönüklük edənləri, əyri yola düşənləri eşitdim. Əsl sədaqət ağır gündə bilinir. Silinməz ləkə, çəkiləsi dərd elə dərdlərdi. Şükür o adlar ki, adımızda yoxdu. Mən şad gedirəm, bu hər şeydən üstündü. Qəmli qəlbimin sönməz yıldızı. Ağır qəmim yenilməz xalqımın yenilməsidi. Əllərdə qalxan olmasıdı. Nələr olur, nələr var, bunlar olduğu kimi bu bədbəxt xalqa çatacaqmı? Nə qədər rəzil insanlar varmış. İnsan nə qədər alçalarmış. Mərd ölmək namərd yaşamaqdan üstündü.

Çox qadınlar ərizə verib, ərlərinə "xalq düşməni" - deyib boşandılar və ərə getdilər...

Evi soruşdu. Dedim ki, yaxşıdı. Onun dağlardan ağır dərdləri var, hələ bir mən də dərdinin üstünə dərd qoyum, onsuz da bilir narahatdı.

- Ev sahibi, qonu-qomşu hamısı yaxşıdılar. Bizdən heç nigaran qalma. Yalnız sən mümkün qədər özünə fikir ver, darıxma.

Soruşdu:

- Evdə əsərlərdən bir şey qaldımı?

- Bütünü yox, bir neçə parça qalıb.

Altı-yeddi hazır dram əsərləri vardı. Demək olardı ki, əksəriyyəti əl makinasında çap olunmuşdu. Nəşriyyata verməyə. Bir dənə ümumi dəftərə nəşr olunmamış əsərlərinin məzmununu, iştirakçıların adlarını... bir-neçə pyesin hamısını narın xətlə yazmışdı. Onu soruşdu:

- O, evdə qalırmı?

Mən ölmüş, yalan danışmağı bacarmadığım üçün:

- Yox! - dedim.

Bərk həyəcanlananda, fikrini bir yerə toplaya bilməyəndə, dərin fikirləşəndə iki qaşını bir-birinə yaxın sıxıb, ortada bir qırış görünərdi. Qaşını sıxıb fikrə getdi:

- Bir o qalsaydı, demək olardı ki, hamısı qalıb.

Gördü ki, mən də çox narahat oldum. Dedi:

- Mənə dedilər, əsərlərindən heç nigaran qalma, özün gələndə hamısını özünə verəcəyik. Ancaq siz adlarını, sayını unutmayın. "Attila"nın adını, bilirsən, dəyişdirib "Gözəl Eyida" qoydum. Ona görə ki, "Otello" ilə "Attila"nı qarışdırmasınlar. Gözəl Eyida əsərdəki qəhrəman qızın adıdı. Əl makinasında yazılanlardan - hərəsindən birini ayrı qoydular, əvvəl "Çingiz"i, "Telli sazı", sonra o birilərini. Mən elə bildim ki, onlar evdə qalıblar. Demə, götürüblərmiş. Üzülmə, bu işləri gələcək həll edəcək. Harada olsa bir vaxt aşkara çıxacaq... Turan onilliyi bitirib bir il fasilə versin. Çox üzgündü. Sonra qoysalar, ali təhsil alsın.

Mən dedim:

- Oğlun oxuyur, heç bir söz deyən yoxdu. Bu da oxuyacaq. Onu özün gəlib oxudacaqsan.

Üzümə baxıb dedi:

- Sən deyən olsa.

Dedim:

- İnşallah, olar.

Oğlunun oxumağına mane olmadıqlarına çox şad oldu.

- Şükür, xeyirxahlar, qədirbilənlər varmış. Haqlını haqsızdan xalq ayırıb qiymət verəcək. Əfsus ki, gördüyüm rəzalətləri, keçirdiyim günlərimi heç bir yerə qeyd edə bilmədim.

- Gələndən sonra hamısını yazarsan.

Təəccüblü bir iş, ya bir söz olanda qaşının birini qaldırardı... Qaşını qaldırdı, üzümə baxıb dedi:

- Sözüm çoxdu, vaxt az. Bir də kim bilir, görüşmək qismət olacaqmı? Mən istərdim, biz həmişə bir yerdə, el içində şad, xoşbəxt olaydıq. Nə qədər işlərim, arzularım qaldı.

- Cavidim, sənə ümidsizlik yaraşmır. Gələndən sonra bu acıları unudarsan.

Üzümə baxıb çarəsi mümkün olmayan təəssüflü bir səslə dedi:

- Zavallı yavrum. Unudulmaz acılar umulmaz umud.

Ağladım.

Kədərli səslə:

- Zaman gələcək, yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Azərbaycana vurulan yara çox dərindi. Namərd əllərdə mərd alim oğullar itirdi. Əsrlər boyu bu yaralar sızlayacaq.

Başımı çiyninə qoyub:

- Can, Cavidim, - dedim.

Əlini başıma çəkib:

- Sən arzu etdiyin kimi olsa, gələsi olsam, onda hamısını danışaram... Üzləri "ağ" olsun ağ üzləri "qara" adlandıranların.

Baxdım ki, nəzarətçi bizə tərəf gəlir. Dedim:

- Vay... Demək vaxt qurtardı.

Üzümə baxıb udqundu:

- ...Sağlıq olsa yenə də görüşərik. Məktub yazmaq hüququna malikəm. Harda olsam, məktub yazacam. Məni bu yola yolçu edənlərdən yazsam, təbii ki, buraxmayacaqlar. Heç olmasa, barı bir-ikisinin adlarını deyim ki, biləsən...

Sözünü başlamışdı ki, nəzarətçi gəldi. Dedi:

- Baxın, hamı gedib, mən sizi gözləyirəm.

Heç olmasa, beşcə dəqiqə gec gəlsəydi, o "mərdlərin" adını bilərdim. İkimiz də qalxdıq ayağa.

Cavidin rəngi ağardı, məni də rəngi qaçmış görüb:

- Vaxt nə tez çatdı, - dedi.

Nəzarətçi utanmış halda:

- Məndən asılı olsaydı, hələ bir az da gec gələrdim, - dedi.

İnsafsızlar içində insaflılar da varmış.

Var gücü ilə əllərimi sıxıb titrək səslə dedi:

- Uşaqları öpərsən. Yaxşı dostlara, qonşulara salam de. Darıxmayın. Əlvida...

- Yox, - dedim, yaxın vaxtda görüşənə qədər.

Bərk əsəbiləşəndə, çox həyəcanlı olanda dodaqları səyriyirdi. Elə titrək dodaqlarnan:

- Sən deyən olsun, ağlar gözlərin gülsün.

- Amin, əzizim.

Üzümə baxdı. Məni rəngi qaçmış, gözü yaşlı görüb qəmli səslə:

- Nə qələmim susacaq, nə də gülüm solacaq, - dedi.

...Bəs bu uzun illər o, qələmsiz, kağızsız o dolu ürəyini, ümman fikrini hara yazdı. Deyərdi: "Sənətkar kürreyi-ərz kimi dayanmadan çalışmalıdı, yaratmalıdı". Elə bir sənətkarı dili bağlı, əli bağlı qapalı qatarda, qarlı-şaxtalı səhralara doğru sürgünə aparırlar. Ona rəhbərlik edənlər kimlərdi? Aman Allah!

Gedib arvada təşəkkür etdim. O, kömək etməsəydi mən görüş ala bilməyəcəkdim. Soruşdum:

- Nə vaxt aparacaqlar?

- Bilmək olmaz, yarım saat bundan əvvəl iki maşın apardılar. Bu qədər camaat da durub gözləyir. Gəlsən də görə bilməyəcəksən, - dedi.

Ona "sağ ol" - deyib ayrıldım.

Gəlib gördüm uşaqlar məni gözləyir. Qapıdan girən kimi əlimə baxdılar ki, görsünlər, şeyləri verə bilmişəmmi?

...Ayın 5-də getdim Keşləyə ki, bir xəbər bilim. Bir pəncərəyə yaxınlaşıb soruşdum. Dedilər:

- Dünən gecə yola saldılar.

Mənə elə gəldi ki, ayağımın altında bir quyu açıldı, məni çəkdi aşağı. Başım gicəlləndi. Yerə baxdım. Quyu-filan, heç nə yoxdu. Soruşdum:

- Neçə il iş veriblər?

Dedilər:

- Səkkiz il. Nədi ki, beş ildən sonra gələcək.

Demək, 1937-ci il iyunun dördündə evindən çıxdı, 1939-cu il iyulun dördündə isə Vətənindən qapalı qatarda qarlı-şaxtalı səhralara doğru əsir getdi. Ağızdolusu "qardaşım, dostum" deyənlər də səfalı bağlara, sərin yaylaqlara...

Gəldim evə. Uşaqlar da gəldilər. Anası ölmüş oğlum dedi:

- Ana, sabah gedək, bəlkə görüş ala bildik.

- Artıq görüş yox, məktubunu gözləməliyik. Bu gün getmişdim. Dünən yola salıblar.

Üçümüz də ağladıq.

- Ağlamaqdan bir şey çıxmaz. Çalışın, yaxşı oxuyun, babanıza layiq olun, heç kimə əyilməyin. Üzünüz ağ, alnınız açıq olsun. Şərəfli ad dünya qədər qiymətlidi. Ac qalmaq, solğun geyinmək, ağır işlərdə çalışmaq əksiklik deyil. Açıq alınla ac qalmaq alçaq yaşamaqdan qat-qat şərəflidi.

Gözümüzü bağlı qapılardan çəkib uzaq yollardan gələcək məktubların yoluna dikmişdik.

Mən xəstələndim. Xəstə yatası oldum. Bir gün xəstələri yoxlamağa gələn həkim xəstələrin çarpayıdan asılmış xəstəlik vərəqini oxuya-oxuya gəlib mənə çatdı.Vərəqə baxıb qorxmuş, uca səslə:

- Cavid - dedi.

Orada "Mişkinaz Cavid" yazılmışdı.

Əlini elə çəkdi ki, elə bil, əlini od yandırdı. Qınamayan olsaydı, çıxıb qaçardı. O biri xəstələrə gözucu baxıb getdi. Vay o baxmağa.

Bir neçə gündən sonra 8-9 yaşından tanıdığım bir həkim şəfqət bacısı ilə gəlib xəstələri yoxlamağa başladı. Mənə çatanda lap yavaş səslə şəfqət bacısına Cavidin vaxtı ilə çox yaxın dost dediyi oranın hörmətli həkiminin adından:

- Deyib, yazın, bu çıxsın - söylədi.

O, rus olduğu üçün rusca çox təəccüblə, eyni yavaş səslə:

- Niyə? Axı sabah rentgenə salınacaq, - dedi.

Görünür, onun bizimkilərin şücaətindən xəbəri yoxdu. Onlar belə etməzdilər. Halbuki, həkim üçün dost-düşmən fərqi yoxdu. Müalicəsini et, sonra lazım gəlirsə güllələ. Qaldı ki, tanıdığın xəstə bir qadın. Çağırıb desəydi ki, səndən qorxuram, çıx get, o mənə elə ağır gəlməzdi, nəinki o şəfqət bacısının yanında. Onun nəzərində o həkim və başqaları nə qədər sönük göründülər. Mən ondan utandım. Onsuz da rəhmətlik Sabir demişkən, "Qeyrətimiz bəllidi hər millətə".

Səhərisi gün:

- Yazın, - dedim, çıxıram.

Can, Cavidim, özünə vətənində, ailənə xəstəxanada yer yoxdu.

Gəldim ki, ikisi də evdədilər. Məni görüb sevindilər. Onlara heç nə demədim.

...Hər gün yolunu gözlədiyimiz məktub gəlib çıxdı. Nə qədər sevindik... Gedib soruşdum ki, bu ünvana bağlama göndərmək olarmı? "Olar, - dedilər, ancaq gecdi, mayın axırında olar. İndi yol bağlıdı".

Mənə elə gəlirdi ki, kiçicik bir bağlama ona böyük bir dayaq olacaq. Bizdən də arxayın olacaq ki, sağ-salamatıq. 1940-cı ilin sentyabrının axırında teleqram aldıq ki, "bağlamanı aldım". Biz nə qədər sevindik ki, o da bizdən arxayın olub. Yarıarxayın günlər keçirdi. İndi ayları yox, illəri sayırdıq.

...Gəlişini, şad günləri gözlədiyimiz halda, qanlı-qadalı, anaları ağlar qoyan, evlər yıxan 1941-ci il müharibəsi başladı. Yara üstündən yara. Birinci həftə qardaşım getdi. Noyabr ayında oğlum getdi. Cavidin böyük qardaşının böyük oğlu mənə oğul əvəziydi, o da getdi. Ağır işlərimi, ac günlərimi, yuxusuz gecələrimi demirəm. Deyirdim, Cavidim gələr, dərdlərimi onnan bölüşərəm. Keçirdiyim ağır dərdlərimi unudaram. Demə, dərdimin ağırı hələ qabaqdaymış. Cavidin 1941-ci ildə yazdığı məktubunu 1942-ci ildə aldıq. Ondan sonra Caviddən heç bir məlumatımız olmadı.

Bir evin ki, çırağı söndü, heç yandan işıq düşməz. Oğlumu ağır vəziyyətdə Tiflis hospitalına gətirdilər. Özünə demədən, baş həkimin adından mənə teleqram gəldi... Aman Allah, "gəl" demək nə deməkdi? Gör nə haldadı ki, mənə "gəl" deyirlər.

Birinci, maddi ehtiyac.

İkinci, getmək üçün icazə verəcəklərmi?

Həmişə evdən satılmaq üçün bir şey verəndə deyərdi: - "Ana, elə et ki, ac da qalsaq, o halqa üzüyü satma. O, babanın yadigarıdı".

Dedim, bundan ağır gün olmaz. Cavidimin yadigarını yadigarına sərf edim deyə, birinci növbədə üzüyü barmağımdan çıxardım. Bir paltarım vardı, geyəndə Cavidin xoşuna gəlirdi. Saxlamışdım ki, o gələndə geyim. Onu da götürdüm. Evə oğru gözüylə baxırdım, görüm evdə dəyərli bir şey varmı?

Qonşuda bir dəllal arvad var idi, verdim ona. Dedim ki, tez satıb çatdırsın.

Teleqramı aparıb iş yerimə göstərdim. On gün icazə verdilər.

Çox çətinliklərdən sonra getdim. Sabahı günü saat beşdə çatdım. Həyətdə gəzən xəstələrdən soruşdum. Dedilər:

- O gəzən deyil, ağırdı.

Gedib özünə və həkiminə deyirlər.

Aman Allah. Həkimi əvvəl gedir yanına ki, görsün necədi, mənim gəlişimi demək olarmı? Gəlişimi bildiyi üçün deyir: "Doktor, icazə verin anam gəlsin". Bir də gördüm həkim özü gəldi qapıya. Ağsaçlı, dolğun bir qadın idi. Onu görüb ağladım. Məni qucaqlayıb:

- Elə bir oğulun anası ağlamaz, - dedi.

Çamadanı özü götürdü. Gəldik onun kabinetinə. Məni bir də qucaqlayıb doluxsunmuş halda dedi:

- Əlimizdən gələni edirik. Görək nə olacaq? Sizin xalqda qədirbilməzlər çoxdu, belə bir ağıllı, mədəni adamı saxlamalıydılar. Bütün həkimlər onun sağalmasına çalışırlar. Baş həkim hamısına tapşırıb. Atasını tanıyır.

O danışdıqca mən tələsirəm ki, tez gedib görüm. Qoluma girib dedi:

- Amma çalış ağlama, ona həyəcanlanmaq olmaz.

Qapıya qədər gəlib məni içəri buraxıb, özü geri qayıtdı.

Yanında tibb bacısı oturmuşdu. Mən içəri girəndə başını qaldırdı... Aman Allah, o iri açılmış qara gözlər, qanı qaçmış o al dodaqlar. Yaxınlaşıb əyiləndə birinci sözü bu oldu:

- Ağzımdan öpmə.

Ağız nədi, üz nədi, duz kimi yaladım. Dedim:

- Bu nə sözdü. Adam xəstə də olar. Sağalar da. Sənə nə olub?

Dalbadal deyirdi:

- Nə yaxşı gəldin... Yollar çox çətindi, çox əziyyət çəkdin.

- Yox, rahat gəldim.

Çox həssas və ayıq idi. Barmağımda üzüyü görməyib soruşdu:

- Ana, birdən üzüyü...

- Yox, evdədi...

Heç nə demədi. İnandımı, inanmadımı? Ağır-ağır nəfəs alaraq dedi:

- Ana, mən əsgər gedəndə sənə dedim ki, səni qəhrəman anası edəcəm, demədim ki, ağır dərdinin üstünə sağalmaz dərd qoyacam. Adamın ki, taleyi döndü, hərtərəfli dönür.

- Canın sağ olsun, inşallah, yaxşı olarsan... Hər şey düzələr.

Ah çəkib:

- Sağalsam... - dedi.

Əyilib üzündən öpdüm:

- Adam ümidsiz olmaz, - dedim.

Üzünü yana çevirib yavaş səsnən:

- Yazıq anam, - dedi.

Məni qəhər boğdu. Danışsaydım ağlayacaqdım, odur ki, özümü eşitməməzliyə qoydum. Dilim susdu, ürəyim yandı, göz yaşım qəlbimə axdı.

Bir xeyli oturdum. Sonra tibb bacısı gəlib dedi:

- Doktor sizi çağırır.

Üzündən öpüb dedim:

- Bir neçə gün burdayam, həkimin "mənim kabinetimdə qalarsan", - deyib.

Sevincli səslə:

- Nə yaxşı, - dedi.

...Həkim çox təəssüflü, qayğılı dedi:

- İkitərəfli sətəlcəm olub, müalicəsi düzgün aparılmayıb. Sonra döndərib vərəmə. Keçən həftə çox qan itirdi. Görək nə edirik...

Səhəri baş hakim gəldi. Ağsaçlı, ucaboylu, arıq bir kişiydi. Azərbaycanca salam verdi:

- Mənim azərbaycanlı dostlarım, tanışlarım çox olub. Ona görə də danışmağı onlardan öyrənmişəm. O dostlarımdan gedənlər çox oldu. Cavidlə 1913-cü ildə Tiflisdə tanış olmuşam. Bir dəfə mən və bir neçə dost getdik Şeyx Sənan dağına. Azərbaycan xalqı böyük bir alimini itirdi. Heç olmasa, barı, onun yeganə oğlunu əsgərlikdən saxlayaydılar. Əlimizdən gələni edirik. Bir az yaxşı olsun, bir il vaxt verərik. Əgər o vaxtacan müharibə qurtarmasa onu bir də əsgər getməyə qoymaram.

Ürəyimdə dedim: "Bəxtəvər o xalqa ki, sənin kimi oğlu var. Amma bizim dost dediyimiz alimimiz məni qızdırmalı-qızdırmalı xəstəxanadan çıxardı.

Heç salam verən yox idi. O ki qaldı əsgərlikdən saxlatdıra".

...Qayıtdım yanına, gördüm "Şeyx Sənan"ı oxuyur. Əlindən alıb qoydum pəncərənin qabağına... Dedim:

- Bunları az oxu.

Əlini qaldırıb pəncərədən görünən Şeyx Sənan dağını göstərdi:

- Bəs onu neyliyim?

- Demirəm, tamamilə unut. Ancaq dözümlü ol. Kişi səbirli olar.

- İki ay pianonun qabağında otursam "Şeyx Sənan" hazırdı. Çox demirəm, 2-3 dəfə ona dirijorluq edim, sonra...

Pedaqoji İnstitutun ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirmişdi. Sonra girdi konservatoriyaya. Əsgər gedəndə ikinci kursdaydı...

- Sənə heç ümidsizlik yaraşmır...

Dilim deyirdi, amma ürəyimin ümidsiz, narahat döyüntüsünü eşidirdim. Gözümü üzündən çəkmək istəmirdim. Elə bil, ürəyim duymuşdu ki, bu axır görüşümüzdü.

Keçirdiyim günləri xatırlayanda özüm özümə təəccüb edirəm ki, necə dözmüşəm? Məni dözümlü, səbirli edən yeganə qızımı əlimdə saxlamaq hissi olub. Ölünü qoy, dirini ağla.

Qalmaq mümkün deyil, aparmaq imkanım yoxdu.... Onun kəlmə-kəlmə öskürməsi, ümidsiz baxışları ömrüm uzunu unudulmaz. Üzümə baxıb dedi:

- Ana, baba Keşlədə görüşəndə sizi mənə tapşırdı. Mən kimə tapşırım?

Belə deyəndə əlimi qoydum ağzına:

- Bu nə sözdü?

- Arzu etmədiyim sözdü...

Polad ürək gərəkdi ki, bu dərdə dözsün...

- Ana, mənə vaxt verəndə Naxçıvana gedim.

- Necə istəsən.

...O vaxt mənim anam, bibim, əmim oğlu sağ idilər. Bir də ki, öz əmisi oğlu vəzifə başındaydı. O, kiçik vaxtında atasını itirmişdi. Ona görə elə bir yerdə qardaş kimi böyüdülər. O, bundan altı yaş böyük idi. Onu çox istəyirdi. Elə bilirdi ki, əvvəlki hörmət və məhəbbət qalıb. Bilmirdi ki, onu vəzifə və zaman dəyişib. Onun kimi mən də bunu bilmirdim. Özümünkülərdən çox, onu əzizləyirdim. Onu böyük oğul hesab edirdim.

- Bir neçə məktub yazmışam. Heç bir cavab almamışam.

- Bəlkə almayıb...

...Həkim məsləhət gördü ki, bir az yaxşı olsun, sonra bir adamınız gəlib aparar.

Onu elə ağır halda yataqda qoyub gedən köməksiz ananın vəziyyətini izah etmək çox çətindi...

Onun son baxışı, iri açılmış gözləri, solğun bənizi həmişə gözümün önündədi. Var qüvvəsiylə çalışırdı ki, sakit görünsün. Dedi:

- Turanı öpərsən. Salam söyləyərsən. Deyərsən ki, yaxşıyam. Qismət olsa, görüşərik.

- İnşallah, əlbəttə, görüşəcəksiniz, o nə sözdü?".

Öz həkimiylə baş həkim məni qapıya qədər gətirib, bir tibb bacısına məni vağzala aparmağı tapşırdılar.

...Bir aydan sonra əmim gedir ki, aparsın, vəziyyəti ağır olduğu üçün buraxmırlar. Özüm getmək istədim. "Sən bu yaxınlarda gəlmisən", - deyə buraxılış vərəqi vermədilər. Birinci dəfə gedəndə teleqrama görə icazə vermişdilər. Müharibə vaxtı onların icazəsi olmadan heç yerə getmək olmazdı.

Dərd üstündən dərd. Əmim rəhmətə getdi. Ondan da ümidim kəsildi. İki ay da keçdi. Onun oradakı halı. Ana-bala - bizim evdəki halımız.

Elə bu vaxt, anamın Moskvada yaşayan qohumu Əziz Şərif Naxçıvana - anasına baş çəkməyə gəlir. Tiflisdə necə olursa oğlumun xəstəxanada olduğunu bilir. Gedir yanına. Görür ki, yaxşıdı. Cavidin ən yaxın dostu Əziz Şərif. Ömrüm boyu ona minnətdaram. O gəlib onu Naxçıvana aparmasaydı orada tələf olub, atası kimi onun da yeri bilinməz olardı.

...Mən qaragün, onun sağalıb gəlməsini gözləyirdim. Amma qara xəbərini aldıq. Heç analar, bacılar görməsin. Özü də necə nisgilliydim. Əlim çatmır. Ünüm yetmir. Yeganə təsəllim o oldu ki, o hadisə burada olmadı. Onu yerdən götürmək üçün bir dost, bir qohum gəlməyəcəkdi. Gərək çıxıb yoldan keçənlərdən xahiş edəydim ki, gəlib mənə kömək etsinlər. Amma orada onu əzizləyənlər, layiqincə yerdən götürənlərim vardı...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!