Üzümü xoş görüb xoşbəxt deyirsən...Ağrı içimdədi, yara içimdə... N.Həsənzadə
Rüstəm KAMAL
Azərbaycan ədəbiyyatında xoşbəxt qəhrəmanlar az kimi görünür. Gürcü ədəbiyyatı ilə müqayisədə mənə elə gəlir. Bəlkə etnik-dini, mədəni fərqlilikdən irəli gəlir?
Xüsusən də maarifçilərimiz, maarifçi-realistlərimiz sanki öz personajlarına xoşbəxt olmaq imkanı və şansı vermirlər. S.S.Axundov xatirələrində öz uşaqlığını işıqlı, pozitiv rənglərlə təsvir edir. Amma hekayələrdə uşaqların həyatını təsvir edərkən qara rəngi çox tündləşdirir.
Azərbaycan yazıçısının qəhrəmanının xoşbəxtlik arzusunu ələ salmaqdan, bu arzunun absurdluğuna gülməkdən sanki xoşu gəlir. Mənasız şeirlər yazan Moşu Göyəzənli "xoşbəxtlik" sözünə qafiyə axtarır. Hər dəfə də bir təsadüf nəticəsində qafiyə perik düşür: "Ayə, "xoşbəxtlik" sözünə yeni, orijinal bir qafiyə tapmışdım, a Tanrıbay kişi, o, siqnalı bağırtdı, dılğır. Alverçi! Xırda kapitalist! Çıxdı beynimdən gül kimi qafiyə..." (V.Səmədoğlu. "Bəxt üzüyü").
Sağlığında oğlunun Brüsseldən gəlişini, komediyalarının tamaşasını görməyən, əlifba layihəni gerçəkləşdirə bilməyən M.F.Axundzadəni xoşbəxt saymaq olarmı? Bir yandan uşaqlarının vaxtsız ölümü...
Amma komediyalarında ilıq xoşbəxtlik havası dolaşır...
İbrahim Musabəyovun "Xoşbəxtlər" (1914) adlı povesti var, iki gəncin - Aslanın və Cahanın xoşbəxt olmaq arzusundan bəhs edir.
"Aslan özünə söz vermişdi ki, hər nə günə olsa, gərək o, gözü ilə görüb könlü sevdiyini alsın, yoxsa bədbəxt olacağına əmin idi". Varlı ata qızını yoxsul Aslana vermir. Bir gün şəhərdə vəba xəstəliyi yayılır və Cahanın atası olur. Bütün maneələr aradan qalxır. İki həsrətli bir-birinə qovuşur.
Azərbaycan yazıçısı xoşbəxtliyi evlənmə mərasimi, sevgililərin bir-birinə qovuşması kimi anlayır. Filmlərin bir çoxunda "toy" finalını xatırlayın.
Sosrealizmin insanlara inandırmaq istədiyi bərabərlik ideyası, gözəl həyat ideyası xoşbəxtliyin mahiyyətini öldürür. Ümumi xoşbəxtlik fərdi, şəxsi xoşbəxtlikdən üstün tutulurdu.
Sabit Rəhman "Xoşbəxtlər" komediyasını 1941-ci ildə yazıb. Hadisələr istirahət evinin tikintisində baş verir. Əsas konflikt İnci ilə Gülərin ərlərindən narazılığı üstündə qurulur. Mürşüd və Sadıq mühəndisdirlər, onlar üçün öncə işdir, ailə arxa plana keçib. Əsərin nikbin ideyası budur: Ailə məhəbbəti iş məhəbbətinə mane ola bilməz. Nəhayət, Sadıq anlayır: "...O vaxt elə bilirdim ki, ailə mane olur, irəli getməyə qoymur. Ailəsiz xoşbəxt olaram. Halbuki indi başa düşürəm, ailə xoşbəxtliyin ocağı imiş".
"Xoşbəxtlik" sözünün o qədər məna çaları var ki!
Hər ədəbiyyatın, hər cəmiyyətin öz xoşbəxtlik anlayışı var. Necə ki, Faust xoşbəxtliyin mənasını gənclikdə gözəl qızda - Qrethendə, yetkin çağında klassik incəsənətdə, qocalıqda isə bataqlıqların qurudulmasında görür. A.S.Puşkin inanırdı ki, dünyada xoşbəxtlik deyilən bir şey yoxdur, yalnız iradə və hüzur var.
Andrey Platonovun "Xoşbəxt Moskva" romanı var. 90-cı illərdə "Novıy Mir" jurnalında oxumuşdum. Adından göründüyü kimi, roman xoşbəxtlik haqqındadı.
Nədənsə, Platonovun qəhrəmanlarının həyatını cəhənnəmdəki xoşbəxtlik kimi təsəvvür etmisəm. Bloknotuma həmin romandan platonovsayağı, qəribə bir cümləni də qeyd etmişdim: "İnsan aramsız xoşbəxtlik cəsarətini öyrənmədi".
Görəsən, A.Platonov "aramsız xoşbəxtlik" deyəndə nəyi nəzərdə tuturdu?
Xoşbəxtlik hər kəsin təkbaşına, tənha keçə biləcəyi yolun yekunudur. Bəlkə də Məcnunun xoşbəxtliyi ilahi bir tənhanın sirli, pünhan duyğusunun adıdır?
Orta çağın gizli təqibləri, qanlı edamları içində bəlkə, dünyanın ən xoşbəxt insanı Nəsimi olub? Axı, sufi üçün ilahi nurun təcəllasını görmək, vəhdəti-vücudun dərki xoşbəxtlik məqamıdır.
Bəs niyə Füzulinin dilində də "xoşbəxtlik" sözünə rast gəlmirik?
Müşfiq kimi nəşəli bir şairin xoşbəxtlik oyununun sonu niyə bədbəxtliklə bitməliydi? Axı, hər günü möcüzə kimi yaşayırdı. Coşqun yaradıcılıq ehtirası ona xoşbəxtlik anlarını yaşadırdı.
Nakam şairlər xoşbəxtliyin mənasını və müddətini tez duyurlar. Bu dünyadan cavan yaşında köçən Faiq İsmayılov yaxşı bilirdi ki:
Xoşbəxtliyi əlindən salmamaq üçün
Xoşbəxtlər dönürlər qorxağa.
Xoşbəxtlik yaş balıq kimidir, dostum,
Heç vaxt tələsmirəm xoşbəxt olmağa.
Dünya həmişə rəhmsizdir və haqsızdır.
Amma insan həmişə xoşbəxt olmaq istəyir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!