ƏDƏBİYYAT ÜZRƏ 1987-Cİ İLİN NOBEL MÜKAFATÇISI: İosif BRODSKİ - Əyyub Qiyasın tərcüməsində

Rusiya və ABŞ şairi, esseist və dramaturq. 24 may 1940-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) doğulub. Atası Aleksandr İvanoviç Brodski foto-müxbir kimi SSRİ Hərbi Dəniz Donanmasının kapitanı, anası Mariya Moyiseyevna Volpert mühasib olub. Erkən uşaqlıq dövrü Leninqrad mühasirəsi illərinə təsadüf edib. Mühasirədən sonra təxliyyə olunanlarla birlikdə anası onu Çepovetsə aparıb. 1944-cü ildə yenidən Leninqrada qayıdıblar. 1954-cü ildə sənədlərini İkinci Baltik dəniz hərbi məktəbinə versə də qəbul olunmayıb. Brodskinin estetik baxışları 1940-1950-ci illərdə Leninqradda olarkən formalaşmağa başlayıb. Müharibə dövründə bombardmandan ciddi ziyan çəkmiş klassik memarlıq, Leninqrad ətrafının sonsuz gözəllikləri, su, rəngbərəng çalarlar - bütün bunlar onun uşaqlıq və gənclik yaddaşında, eyni zamanda gələcək yaradıcılığında silinməz izlər buraxıb. 1955-ci ildə 16 yaşı tamam olan, 7-ci sinfi bitirib 8-ciyə keçən Brodski təhsili yarıda saxlayaraq "Arsenal" zavodunda çilingər şagirdi işləməyə başlayıb. Bununla yeniyetmə İosif ailəsinə maddi dəstək olmaq istəyib. Sualtı qayıqçılar məktəbinə qəbul olunmaq cəhdləri baş tutmayıb. Bundan sonra bir aya yaxın vilayət morqunda prozektor köməkçisi işləyib, cəsədləri yarıb, içalatını təmizləyib. Tezliklə bu işdən də uzaqlaşıb. O dövrdə istixanada qazançı, mayakda matros kimi çalışıb. Gənc yaşlarında müxtəlif ekspedisiyalara qoşularaq Ağ dənizdə, Şərqi Sibirdə, Şimali Yakutiyada olub. 1961-ci ildə əsəb sarsıntısı keçirdiyindən Leninqrada qayıtmağına icazə veriblər. Həmin dövrlərdə mütəmadi olaraq ingilis və polyak dillərində ədəbiyyat oxuyub. 1959-cu ildə Yevgeni Reyn, Anatoli Naym, Vladimir Uflyand, Bulat Okudcava, Sergey Dovlatovla tanış olub. 1959-60-cı illərdə gənc şairlər dərnəyinə yazılıb. 14 fevral 1960-cı ildə ilk dəfə böyük tamaşaçı auditoriyası qarşısında şeirləri ilə çıxış edib. Oxuduğu "Yəhudi məzarlığı" şeiri böyük hay-küyə səbəb olub. 1960-cı ilin dekabrında Səmərqəndə gedərkən keçmiş təyyarəçi dostu Oleq Şaxmatovla birlikdə təyyarəni xaricə qaçırmaq planı qurub, lakin son məqamda bu fikirdən daşınıblar. Bir qədər sonra qanunsuz silah saxladığına görə həbs olunan Şaxmatov DTK-da Brodski ilə təyyarə qaçırmaq planını açıb. 29 yanvar 1961-ci ildə DTK tərəfindən həbs olunan Brodskini 2 sutkadan sonra azad ediblər. 1964-cü ildə siyasi-poetik şeirlərinə görə yenidən həbs olunan şairi məhkəmənin hökmü ilə məcburi psixi-müalicə xəstəxanasına yatırıblar. Bundan sonra 24 yaşlı Brodski həbs olunaraq sürgünə göndərilib və 25 yaşlı yetkin şair kimi sürgündən qayıdıb. 1962-1965-ci illərdə qələmə aldığı şeirlərdən ibarət "Qış poçtu" kitabını nəşriyyata versə də, çap olunmayıb. 1974-cü ildə Brodskini pasport qeydiyyat idarəsinə çağırıb, təcili olaraq SSRİ-ni tərk etməyi məsləhət biliblər. Şair vətəndən getməyi təxirə salmağa çalışsa da, hökumət vaxt itirmədən ondan canını qurtarmaq istəyib... Maraqlı, təzadlı həyat hekayəsi olan İosif Brodski əvvəlcə Vyanaya, daha sonra ABŞ-a mühacirət edib. "Nitqimin bir hissəsi" (1977), "Səni düşünmək..." (1985), "Atamın xatirəsinə: Avstraliya" (1989), "Otağın yarısı" (1985) və başqa kitabları ona dünya şöhrəti bəxş edib. Şair "hərtərəfli yaradıcılığına, fikir aydınlığına və poetik ehtiraslarına görə" 1987-ci ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. 56 yaşlı Brodski 1996-cı ildə, Nyu-York ştatının Bruklin şəhərində vəfat edib.

 

Ağ səma

dolanır başıma mənim.

Boz torpaq

ayağım altında əsir.

Solumda ağaclar.

Sağımda bir göl

daşlı sahilləri,

ağaclarla bol.

 

Çəkib çıxarıram ayaqlarımı,

bataqlıq ayağım altında qaçır.

Günəş öz balaca şəfəqləriylə

başım üstə durub mənə nur saçır.

 

Əlli səkkizinci ilin

səhra mövsümü.

Yavaşca çatıram

Ağ dənizə mən.

 

Çaylar şırıltıyla şimala axır.

Çayda su qalxıbdır qurşağa qədər,

uşaqlar sürünür.

Başımız üstə bəyaz gecə

göz vurur yüngülcə.

Axtarıram. Özümdən

adam düzəldirəm.

Axır ki, tapırıq sahili,

biz dəli, sular dəli.

 

Masmavi külək

yüyürüb yetişir bizə.

Torpaq şappıltıyla

özünü çırpır dənizə.

Əllərimi qaldırıram,

başımı dik tutub baxıram səmaya,

və dəniz yaxınlaşır mənə

öz şəfəqlərini yaya-yaya.

Kim var xatirəmizdə,

kimi unuduruq indi,

biz nəyə qadirik,

nəyə qadir deyilik - demək çətindi;

 

budur, dayanmışıq sahildə,

səma yuyunur ağ buludlarda,

bu dəfə də izlərimiz

boğulur sularda.

***

Deyirlər, vaxt çatıb, getmək dəmidir,

Hə-hə. Çox sağ olun. Çıxıram həmən.

Hə-hə. Anlayıram. Yola salmağa

ehtiyac duymuram. Yol azmaram mən.

 

Hə, düz söyləyirsiz - yolum uzundur.

Hardasa bir kiçik dayanacaq var.

Narahat olmayın. Baş çıxararam.

Yüküm - bir çamadan. Tərpənmək olar.

 

Hə. İndi çıxıram. Siz də sağ olun.

Hə-hə. Anlayıram. Vaxt çatıb daha.

Vətənin kədərli qış səhərini

ağaclar daşıyır üzü sabaha.

 

Əlbəttə elədir. Etirazım yox.

Əlimi yelləyim - salamat qalın.

Tamam sağalmışam. Getmək vaxtıdır.

Hə-hə. Ayrılıqdan təsəlli alın.

 

Taksi, tez ol məni yetir vətənə,

Elə bil ünvanı unuduram mən.

O susqun çöllərə qovuşum yenə,

Bilirsən, yolumu gözləyir vətən.

 

Elə bil ünvanı unutmuşam mən:

tərli pəncərədən yapışıb bir də

qoca qayıqçını səsləyəcəyəm

o sevdiyim çayın lil sahilində.

 

(Daha olan-oldu. Heç tələsmirəm.

Tez ol, geri qayıt, Allah xətrinə.

Boylanım səmaya, bir nəfəs alım,

Bürünüm sahilin doğma ətrinə.)

 

Budur, köç zamanı gəlib yetişdi.

Tez ol, geri qayıt, qəmdən gen dayan.

Elə ki, Vətənə basdın qədəmi

Səni səsləyəcəm sahildə o an.

 

Qladiatorlar

Vidalaşaq.

Görüşərik məzarda.

Vaxt tamam olur.

Neyləmək olar?

 

Qalib gələmmədik.

Öləcəyik meydanda.

Buna da şükür.

Qadın üzündən, içkidən

tökülməyəcək saçlarımız.

 

...Kolizeyin səması da eynən

həqiqət,

bir də romalıların var-dövlətinə

qovuşmaq ümidilə

tərk etdiyimiz

doğma vətən kimidir.

 

Nə isə,

nə vecimizə.

Məgər bu da işdi?

Neyləmək olar,

görünür həyat

taleyimizi dəyişdi...

Vaxtımız çatır.

Öləcəyik meydanda.

Adamlar da əyləşib.

Onlar tamaşaya baxmağa öyrəşib.

***

Hər zaman savaş.

Sakitliyi ancaq yuxularda görürük.

Qoy yuxularımıza

haram qatmasın başqa heç nə.

Bəyaz gecə,

və bir də mürgü döyən quşlar,

yellənir gecənin maviliyində.

 

Və hər zaman savaş.

Dan yeri söküləndə hücum.

Və nəğmə söyləməyə

alışmış güllələr

hələ ölməzlik də var, - deyib,

çığırırdı qulağımıza.

...Bizsə sadəcə sağ qalmaq istəyirdik.

 

Bağışlayın bizi.

Əlimizdən gələni elədik,

və bu dünyanı

özümüzə sipər bildik.

 

Ürəklər parçalanırdı,

titrədirdi dağı-daşı,

qovrulur, fınxırırdı

kəhər atlar kimi,

yağanda artilleriya yağışı.

 

...Deyin ki... oralarda daha...

haram qatmasınlar yuxularımıza.

Qoy heç nə narahat

eləməsin bizi.

 

...Nə olsun, qalib gələ bilmədik,

qarşılamadıq bir açılan səhəri?

Nə olsun

qayıtmadıq geri?

 

Nəğmə

"Bircə damla göz yaşını

gətirəcəm gələcəkdən,

üzüyünə qoyacağam

almaz əvəzi qaş yerinə.

Bircə özün baxacaqsan,

bu qəfil tənhalığına

tax onu adsız barmağına."

 

"Başqa kişilər qadına

qızıl üzüklər bağışlar,

ala-bəzək sırğalar.

Mənim hədiyyəm - göz yaşı,

yanaqlarım

maye firuzə kimi

göz yaşlarında boğular."

 

"Nə qədər ki, bərq vurur

o üzüyü çıxartma

barmağından;

sonra başqasını taparsan.

Elə ki bezdin

gizlətmək üçün çıxarıb

quyunun dibinə atarsan."

Tərcümə etdi: Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!