“Ədəbiyyat qəzeti” – 85 - Qəzənfər PAŞAYEV

Əlli ildən artıq hər sayını intizarla gözlədiyim qəzet - Qəzənfər PAŞAYEV "Ədəbiyyat qəzeti"nin Redaksiya heyətinin üzvü.

 

Məhəbbətlə söz açmaq istədiyim qəzetlə əməkdaşlığım keçən əsrin 60-cı illərindən başlayıb. Təkcə 1967-ci ildə qəzetdə "Bağdad səfəri", "Uzaq və doğma ellər" və orijinaldan tərcümə problemləri ilə bağlı "Biz hazır" məqalələrim çıxmışdı (o vaxt Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi idim). Həmin vaxtdan "Ədəbiyyat qəzeti"nə bağlanmışam. Bu günə kimi qəzetin yaradıcı heyəti ilə əməkdaşlıq edirəm. Qəzetin hansısa sayını oxumaq imkanım olmayanda özümə yer tapmıram, sanki mənə çox əziz olan nəyisə itirmişəm.

Mən bu qəzetə ayaq açanda orada İsrayıl Mustafayev, Ayaz Vəfalı, enerjisi aşıb-daşan gənc şair Sabir Rüstəmxanlı işləyirdi. Milli-mənəvi dəyərlər üstə köklənən bu insanlarla dostluq münasibətim məndə ədəbiyyata, onu yaradıb-yaşadanlara böyük maraq oyatdı.

60-70-ci illərdə xeyirdə-şərdə bədii ədəbiyyatdan, ədəbi prosesdən, "Ədəbiyyat qəzeti"ndə çıxan tənqidi yazılardan söhbət açırdılar. Çox mütaliə edən, çox kitabı olan adamlara ehtiramla yanaşır, hətta həsəd aparırdılar. Çox məlumatlı adamlar "Canlı ensiklopediya" adlandırılırdı. İddiasız və təmənnasız yaşamağa alışmış insanlarda elmə, biliyə hədsiz həvəs vardı. "Ədəbiyyat qəzeti"ndə tənqidi yazı çıxanda hadisəyə çevrilirdi, qəzet əl-əl gəzirdi. İndi internet hər şeyi alt-üst edib, bəlaya çevrilib. İnternetdə, hətta maraqla oxuduğun bir hadisəni beş dəqiqədən sonra unudursan.

"Ədəbiyyat qəzeti" milli-mənəvi dəyərlərimizin ümdə daşıyıcısı və təbliğatçısıdır. Bu qəzet yarandığı gündən Azərbaycan yazarlarının sənət meydanına çevrilmişdir. Qəzet yazıçı və şairlərimizin ən yaxşı əsərlərini çap etməklə oxucuların zövqünün formalaşmasına və ədəbiyyatımızın təbliğinə kömək edir. Təsadüfi deyildir ki, ulu öndərimiz bu qəzetə xüsusi diqqət yetirir və deyirdi: "Mən Moskvada işləyərkən Azərbaycanda çıxan bütün qəzetləri alırdım. Onların hamısını oxumağa, şübhəsiz, vaxtım olmurdu. Ancaq "Ədəbiyyat qəzeti"ni əvvəldən-axıra oxuyurdum. Mənim bu qəzetə çox böyük hörmətim olubdur və çox yaxşı ki, bu qəzet indi də çıxır".

O, yazıçı və şairlərimizi yüksək qiymətləndirirdi. Onları ədəbi dil normalarının, nitq mədəniyyətinin qanunvericiləri, qurucuları adlandırırdı. Onlara mənəvi dəyərlərimiz kimi qiymət verirdi. Qələm sahiblərinə xüsusi qayğı göstərirdi, onları bir para mənəviyyatsızlardan qoruyurdu. Yazıçıların qurultaylarında istiqamətverici çıxışlarla iştirak edirdi. Öndərimiz xüsusi vurğulayırdı ki, milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza ilk növbədə ədəbiyyatdan gəlir. Odur ki, ədəbiyyatımızı, mədəniyyətimizi xalqımızın mədəni sərvəti, intellektual mülkiyyəti hesab edirdi.

Ulu öndərimiz etiraf edirdi ki, bir insan kimi formalaşmasında ədəbiyyatın böyük rolu olmuşdur.

Ədəbiyyata bundan böyük nə qiymət vermək olar?!

90-cı illərin əvvəllərində sovet quruluşu çökəndən sonra, müstəqilliyimizə keçid dövründə "Ədəbiyyat qəzeti" də ağır günlər yaşayırdı. Çap imkanı heçə enmişdi. Təvazökarlıqdan kənar olmasın, onda sevimli qəzetimizin durumu bir çoxları kimi məni də düşündürürdü. Odur ki, bir dəst kompüter alıb redaksiyaya bağışladım.

Nə yaxşı ki, az sonra ulu öndərin fərmanı ilə qəzet dövlət büdcəsinin hesabına çap olunmağa başladı.

"Ədəbiyyat qəzeti" ilə əməkdaşlığım Nəriman Həsənzadənin, Cabir Novruzun, Sabir Əhmədovun və Ayaz Vəfalının baş redaktor olduğu vaxt yüksək səviyyəyə qalxmışdı. Uzun illərdir qəzetin redaksiya heyətinin üzvüyəm. Nəriman müəllim hətta rəy üçün məqalələr göndərirdi. Bir dəfə qəzetin əməkdaşı Nizami Cəfərovun Kərkük bayatılarına həsr olunmuş məqaləsinə mənfi rəy verdiyimdən məqalə çap olunmadı. Nizami müəllim gənclikdən müdrik imiş. Məndən incimədi. Əksinə, mənimlə dost münasibətə rəvac verdi.

Hətta sonralar Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekanı olan vaxt 60 illik yubileyimdə səxavətlə, ürəkgenişliyi ilə haqqımda məruzə etdi (mən o vaxt universitetin professoru idim).

Uzun illərdir "Ədəbiyyat qəzeti"nə abunə yazılıram. Hətta bir neçə il görkəmli alimimiz Yaşar Qarayevin Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi vaxt onun xahişi ilə institutun adına 10-15 nüsxə yazılırdım.

Qəzetin indiki durumu haqda nə demək olar?! Ədəbi ictimaiyyət arasında qəzetin sədası ürəkaçandır. Qəzetin oxucularının sayı artıb. Bu, təsadüfi deyil. Bəzən qəzetin hansısa sayını oxuyub başa çıxanda elə hiss edirəm ki, bitkin bir əsər oxumuşam.

Qəzetdə yeniliklər çoxdur. Dünya ədəbiyyatına, gənc yazarlara və ədəbiyyatşünaslara qəzetin səhifələrində qədərincə yer verilməsini xüsusi vurğulamaq istərdim. Qəzet müqayisəedilməyəcək dərəcədə yaxşılığa doğru dəyişib. Burada qəzetin əməkdaşlarının, xüsusilə şöbə redaktorları, filologiya üzrə elmlər doktoru Elnarə Akimova və şair-publisist Sərvaz Hüseynoğlunun və həmişə axtarışda olan, yenilikçi baş redaktor Azər Turanın xidmətlərini qeyd etmək ədalətdən kənar olmazdı.

Məmnunam ki, yubileyimdə fəal iştirak edən, yaradıcılığıma qəzetdə geniş yer ayıran kollektiv məni öz əməkdaşı kimi qəbul edir.

Baş redaktor müavini Adil Cəmil mənə şeir, məsul katib Atababa İsmayıloğlu "Ramazan qonağı" adlı hekayə həsr edib.

Bir məsələdən də söz açmaq istərdim. Məlumdur ki, yaradıcılıq möhtəşəm aldanışdır. İstedadı olmayan, zəif əsərlər yazan talesiz yazıçı və şairlər də vardır. Əsl sənət və ədəbiyyatdan kənar olan belə ədəbi sahədə talesiz adamlar özlərini "təsdiq" üçün bəsit və dəyərsiz əsərlərini çap etdirməyə çalışırlar.

Nə gizlədim, bəzən mətbuatda sərbəst şeir adı altında poeziyaya dəxli olmayan vəznsiz, qafiyəsiz şeirlərə təsadüf edirik.

Xalq şairi Məmməd Araz hələ 60-cı illərdə bu hala qarşı çıxaraq yazırdı: "Məsələ ondadır ki, son zamanlar bəzi gənclər vəznsiz, qafiyəsiz, ritmsiz şeir yazmağa uyublar. Mən sərbəst şeirin əleyhinə deyiləm. Sərbəst şeir pərdəsi altında fikir yoxsulluğunu söz pillələri kölgəsində gizlətmək əsas bəladır. Sərbəst şeirin görkəmli nümayəndələrinin yaradıcılığı ilə tanış olanda görürsən ki, onlarda bədii fikrin özü, obrazlar silsiləsi özünə münasib bir forma tapanda sərbəst şeir yaranır..." ("Ədəbiyyat və İncəsənət" qəzeti, 2 fevral 1963).

"Ədəbiyyat qəzeti" ədəbiyyatımızı belə təsadüfi adamlardan və zəif əsərlərdən həmişə qoruyub və şübhəm yoxdur ki, bundan sonra da bu ənənə davam edəcək.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!