Oktyabrın 10-u Aida İmanquliyevanın doğum günü idi
Görkəmli Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın yeni ərəb ədəbiyyatının nümayəndələri Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymə haqqında dəyərli tədqiqatları ərəb-Qərb ədəbi əlaqələrinin öyrənilməsində Azərbaycan və dünya ərəbşünaslığının böyük uğuru kimi qiymətləndirilir. Bilindiyi kimi, Şərq-Qərb əlaqələri kontekstində ərəb-Avropa ədəbi təsir və əlaqələrinin bir sıra məsələləri məşhur şərqşünasların - Culian Ribera, Asin Palasios, Emilio Qarsia Qomes, Konrad, Kraçkovski kimi alimlərin əsərlərində ümumi şəkildə qoyulmuş və tədqiqatçıların diqqəti bu məsələyə yönəldilmişdir.
XX əsrin ikinci yarısından başlayaraq ərəb alimləri M.Q.Hilal, D.Səllum, A.Saleh, C.Kamaləddin, S.əl-Həmlavi, M.Məkki və başqaları ərəb-Qərb ədəbi əlaqələrinə dair maraqlı araşdırmalar aparmışlar. Onların tədqiqatlarında ədəbi əlaqələr haqqında faktik materialların üzə çıxarılmasına, mövzuca bir-birinə yaxın olan əsərlərin məzmununun şərhinə geniş yer verilir. Yeni dövr ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələri Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymə irsinin araşdırılması ilə məşğul olmuş E.Abbas, M.Y.Nəcm, X.Havi, Nədim Nüaymənin əsərlərində müəlliflərin metodoloji mövqeyindən irəli gələn icmal xarakterli təsviri-informativ və birtərəfli təsiri göstərən məqamlar daha çox qabardılır.
Ərəb ədəbiyyatı tarixi ilə bağlı yazılmış kitablarda ədəbi əlaqələrin fəal yaradıcıları olan məhcər şairlərinin irsi genişliyi ilə təqdim edilmir. Məsələn, Hanna al-Faxuri "Ərəb ədəbiyyatı tarixi: Müasir dövr" adlı əsərində M.Nüaymə, Ə. ər-Reyhani və Cubran haqqında çox qısa məlumat verməklə yalnız onların Qərb və dünya mədəniyyətilə qarşılaşdıqlarını qeyd edir.
Misir ədəbiyyatşünası Şövqi Deyfə görə, "Amerikadakı mühacir şairlər ərəb şeirinin mübarək yüksəlişində iştirak etməmişlər və onlar ərəb şeirinə hücum etmişlər". Onları bu hücuma vadar edən səbəb Qərb ədəbiyyatı ilə tanışlıq olmuşdur. Buna baxmayaraq, onlar ərəb şeirinin sehri altında olmuşlar. Ş.Deyf məhcər şairlərinin əsərlərində ərəb şeirinin ənənələrindən gəlmə xüsusiyyətləri və motivləri göstərməyə çalışır: vətən həsrəti, təbiətə çağırış, kədər, sufilik əlaməti.
Ədəbiyyatşünaslar Ehsan Abbas və Məhəmməd Yusif Nəcm isə məhcər şairi Cübranın təbiətə müraciətini Avropa və Amerika romantiklərinin - Vordsvortun, Kolricin, Bleykin, Russo və Toronun ilahiləşdirdiyi təbiət ilə əlaqələndirirlər . Nədim Nüayməyə görə, Mixail Nüaymənin əsərlərində daosizmi, buddizmi, platonizmi, xristianlığı, Tolstoyun etik nəsihətlərini özündə birləşdirən fərqli fəlsəfi konsepsiya formalaşmışdır.
Beləliklə, ərəb ədəbiyyatşünaslığında məhcər şairlərinin ədəbi irsinin qiymətləndirilməsində, Şərq-Qərb ədəbi əlaqələrinin təhlili və dəyərləndirilməsində bir-birini təsdiq edən fikirlər olduğu kimi, bir-birinə qarşı çıxan mülahizələr də mövcuddur.
Ərəb ədəbiyyatşünaslığında ərəb-Avropa ədəbi əlaqələrinin tipoloji növünün öyrənilməsi aspektində tədqiqatlara da rast gəlinir. Cəlil Kamaləddin "Ədəbiyyat araşdırmaları" əsərində İraq şairi Bədr Şakir əs-Səyyabla Dostoyevski arasında tipoloji ədəbi əlaqələrin mahiyyətini açmağa çalışmışdır.
Yeni dövr ərəb məhcər ədəbiyyatı və onun Qərb əlaqələrilə bağlı özəlliklərinin ədəbi-nəzəri mühakimələr və bədii mətnlər əsasında öyrənilməsi professor A.İmanquliyevaya məxsusdur. Azərbaycan aliminin ərəb məhcər ədəbiyyatı haqqında tədqiqatları ərəb-Avropa və Amerika ədəbi əlaqələrinin obyektiv elmi əsaslarla və geniş şəkildə öyrənilməsi sahəsində yeni bir mərhələdir. O, özündən əvvəl aparılmış tədqiqatları nəzərdən keçirərək onların müsbət cəhətlərindən istifadə etmişdir. Avropa, rus, sovet və ərəb alimlərinin məhcər ədəbiyyatı ilə bağlı araşdırmalarındakı dəyərli fikirlər A.İmanquliyeva tərəfindən xüsusi qayğı ilə öyrənilir. Onun tədqiqatlarında Cübran və ər-Reyhaniyə Qərb romantik məktəbinin təsirini şişirtməyən İ.Y.Kraçkovskinin müəyyənləşdirdiyi metodoloji müddəalar əsas götürülür. "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabında A.İmanquliyeva "Suriya-Amerika məktəbi"nin nümayəndələri Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin yaradıcılığının təkamülünü Qərb romantizmi və rus tənqidi realizminin təsiri altında tədqiq edir. Bu, eyni zamanda, yeni ərəb ədəbiyyatı ilə dünya ədəbiyyatının müxtəlif cərəyanlarının və bədii metodlarının qarşılıqlı əlaqəsi tarixinin tədqiqidir.
A.İmamquliyeva ərəb-Avropa ədəbi əlaqələrinin tarixinə nəzər yetirir, maarifçilik dönəmində onun vəziyyətini təhlil edir və romantizm ədəbi cərəyanının təsirini müəyyənləşdirir. O, ədəbi əlaqələri milli özünəməxsusluq və qarşılıqlı ədəbi təsirlər problemi müstəvisində öyrənir.
Cübran irsinin tədqiqində alim onun yaradıcılığının ilk dövründə müşahidə edilən sentimentalizmi "Banlı Marta", "Hanili Varda" və "Qırılmış qanadlar" povesti əsasında açıb göstərir. Yazıçı tərəfindən ingilis və Amerika romantizm metodunun mənimsənilməsi "Göz yaşı və təbəssüm", "Tufanlar" və "Peyğəmbər" əsərinin təhlili işığında verilir.
A.İmanquliyevanın tədqiqatında Əmin ər-Reyhani yeni ərəb ədəbiyyatında romantizmin təşəkkülündə fəal rolu olan bir ədib kimi təqdim edilir. Ər-Reyhani ərəb romantik ədəbiyyatının janr tərkibinə, mövzu seçiminə və poetikasına gətirdiyi rəngarəngliyi ilə seçilir. Onun yaradıcılığında romantizm milli xarakter kəsb edir. Ər-Reyhani romantizminin özünəməxsusluğu onun yüksək sənətkarlıqla yazdığı əsərlərində, o cümlədən "Hərəmxana divanlarından kənarda" povestində əks olunmuşdur.
Görkəmli tədqiqatçı ərəb məhcər ədəbiyyatının bariz nümayəndəsi Mixail Nüaymənin əsərlərindəki Qərb ədəbi təsirlərini daha geniş şəkildə öyrənmiş və onların rus ədəbiyyatı çərçivəsində olduğunu müəyyənləşdirmişdir. O, Nüaymənin ədəbi zövqünün formalaşmasında V.Q.Belinskinin bədii-estetik konsepsiyasının, L.N.Tolstoyun fəlsəfi-dini və humanist ideallarının, İ.S.Turgenev və A.P.Çexov realizminin rolunu açır. İrəli sürülən fikirlərin şərhi konkret bədii əsərlərin müqayisəli təhlili əsasında aparılır.
Müqayisəli ədəbiyyatşünaslığın obyektiv tələblərindən çıxış edən Aida İmanquliyeva məhcər şairlərinin ədəbi-bədii zövqünün formalaşmasında yeni ideya və yeni poetik formalara malik olan Qərb ədəbi-mədəni irsinin rolunu göstərir. Onun qənaətinə görə, "Suriya-Amerika məktəbi"nin təmsilçiləri yeni ədəbi üslubun yaradıcıları kimi ərəb klassiklərinə qayğı ilə yanaşmış, arxaik sözlərdən, ağır sintaktik birləşmələrdən, yorucu ritorik ifadələrdən azad olmağa çalışmışlar. Cübran, ər-Reyhani və Nüaymə ingilis və Amerika romantizmi, rus tənqidi realizmi üçün səciyyəvi olan ideya və üslublardan bəhrələnmiş, fərdi yaradıcı formaya mənsub bədii metodlardan istifadə etməklə yeni poetik janrların (əş-şi'rul-mənsur, esse, etüd) inkişafını təmin etmişlər. Onların yaradıcılığında Qərb romantizmi yaradıcı bir metod kimi özünü göstərir. Cübran və ər-Reyhani bu metodu ərəb şeiri ənənələri əsasında zənginləşdirmişlər. A.İmanquliyevanın qənaətlərinə görə, ərəb ədəbiyyatının ənənələri və Qərb romantizminin mürəkkəb sintezi nəticəsində məhcər şairlərinin əsərlərində bu ədəbi əlaqəyə Şərq-Qərb mədəniyyətlərinin qarşılıqlı təsiri və dünya ədəbi prosesində ümumbəşəri problemin qoyuluşu səviyyəsinə yüksəlməyə imkan verilmişdir.
A.İmanquliyeva məhcər ədəbiyyatının təşəkkül tapdığı Qərb ədəbi mühitinin modernist cərəyanlarının bütün yönlərini və bu mühitdə yaşayan ərəb şair və yazıçıların yaradıcılıq özəlliklərini öyrənməyə nail olmuşdur. Transendentalizmdə ərəb poetik ənənlərinə məxsus əlamətlər, ərəb romantizminin fəlsəfi və didaktik mahiyyətinin qabarıq şəkildə özünü göstərməsi, habelə başqa cizgilər onun tədqiqatlarında izahını tapmışdır.
Azərbaycan aliminin araşdırmaları şərqşünaslıq elmində və ölkəmizdə ərəbşünas alimlər arasında maraq doğurmuşdur. Professor A.İmanquliyevanın yeni ərəb ədəbiyyatında açdığı istiqamət sonrakı nəsillər tərəfindən davam etdirilmişdir. Məhcər ədəbiyyatının öyrənilməsində onun qənaət və nəticələrinə əsaslanan Azərbaycan alimləri filologiya üzrə fəlsəfə doktorları Bəsirə Əzizəliyeva, Mahir Həmidov, Fatma Kərimova, Xuraman Əliyeva tədqiqatlarında yeni materiallardan istifadə etməklə araşdırmalarını dərinləşdirməyə çalışmışlar. Azərbaycan və dünya ərəbşünaslığında A.İmanquliyevanın xidmətləri böyük olduğu kimi yeni keyfiyyətləri ilə fərqlənir. Alim yeni ərəb ədəbiyyatının korifeylərinin yaradıcılığı əsasında bəşər mədəniyyətinin birliyinin müstəsna əhəmiyyətə malik olduğunu göstərmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!