Mirzə Cəlil qədər bu dünyada nigaran yaşayıb, nigaran köçən varmı görən?! Bəlkə də heç yoxdur? Olmayacaq da...
Mirzə Cəlil (Molla Nəsrəddin) heç bir zaman ürəkdən "gülməyib". Nəsrində bol-bol gülüş axtarmaq dərinliklərdə boğulub əl-qol atan adamın zarafat etdiyini sanmaq kimi bir şeydir. Buna bir nəsr oyunu - bədii-estetik rəng, rəqs edən hüzn, ritm kimi kimi baxmamız gərəkdir! Yazıçının dili də bu oyuna tabe edilib. Məlum olduğu kimi, gülüşdə bir tezlik, hərəkətlilik, mütəhərriklik vardır. Mirzə Cəlil nəsri gülüş kimi axıb-gedir və nə zaman bitdiyindən xəbərin olmur. Onun bir çox hekayələrinin "ardını" səhifənin o biri üzündə axtarmalı olmuşam. Düşünmüşəm ki, bitməyib hələ. "Qurbanəli bəy", "Komsulun arvadı", "Ucuzluq", "Proletar şairi", "İki ər", "Nigarançılıq" belə nəsr nümunələrindəndir.
Sonuncudan başlayaq. Tiflisin "İslamiyyə" mehmanxanasının üçüncü nömrəsinə düşən altı müsafirin və onları pusan polis məmurunun nigarançılığından bəhs edir hekayə. Yazıçı onların mənsub olduqları ictimai zümrə haqqında bir-iki kəlmə deməklə kifayətlənir. Məşədi Heydər bəzzazdır. (Parça, arşınmalı satan tacir). İkinci müsafir "ayaq üstə alış-veriş edən" Məşədi Qulamhüseyndir. Ücüncü müsafir özgə nömrələrdə yer olmadığından əvvəlki iki müsafirin razılığı ilə nömrəyə qəbul olunan maarifpərvər Məşədi Məmmədbağır və nəhayət, üçüncünün görüşünə gələn "...xeyli məlumatlı və qeyrətli bir cavan" olan Mirzə Rza, "rus dərsi oxumuş şair və ədib" Həsən bəy Gəncəli və onlardan sonra təşrif buyuran müəllim Mirzə Məmmədqulu. Yəni, bütün zamanlarda rastlaşa biləcəyimiz xarakterik bir olay. Bir-birini dərindən tanımayan altı nəfər bir yerə yığışsa, nədən danışarlar? Heç bir kəlmə kəsməmək ağlabatan deyildir. Birbaşa siyasi söhbətə keçmək absurddur. Yalnız ailə-məişət qayğılarından söhbər salmaqla ünsiyyətə körpü atmaq olar. Belə də olur. Maraqlı orasındadır ki, söhbəti otağa sonuncu daxil olan Mirzə Məmmədqulu başlayır. O, öz həmşəhərlilərinə - Məşədi Heydər və Məşədi Qulamhüseynə üzünü tutub uşağı Sadığın naxoşluğu ilə bağlı nigarançılığını dilə gətirir. Bu barədə xəbərləri olub-olmadıqlarını soruşur. Hər ikisi bu işdən xəbərləri olmadıqlarını bildirir. Söhbət əsnasında otağın qapısı yavaşca aralanır. Paltarını dəyişmiş polis məmuru olduğu heç kəsin ağlına gəlmir və buna əhəmiyyət də vermirlər.
Diqqətli oxucu hadisələrin sonrakı gedişini təxmin edə bilər. Hekayənin "hərəkət" modeli hazırdır. Altı nəfərin altısı da eyni psixoloji "təpki"nin altına düşüb. Yazıçı dahiyanə bir ustalıqla elə bir psixoloji atmosfer yaradır ki, onun təsirindən heç kəs çıxa bilmir. Əvvəla, altı nəfərin altısı da ailələrindən uzaqda - qərib yerdədirlər. Mirzə Məmmədqulunun nigarançılığı onlara da sirayət edir. İstər-istəməz vaxtilə onlarda nigarançılıq doğuran əhvalatlar altşüurlarında "hərəkətə" gəlir, tədricən gücə, qüdrətə dolur və qarşısıalınmaz bir sel kimi axıb "dili" zəbt edir. Zəbt olunan dil isə zəbt olunan mətn deməkdir. Sanki hekayənin ərazisi müəlifin "nəzarəti"ndən çıxır və hekayə özü-özünü yazır, müəllif isə yalnız seyrçi rolundadır. Nə qədər təbii və heyrətamiz bir üsul! Mirzə Cəlilin əksər hekayələri belədir.
Yazıçı Allah deyildir. O, hadisələrin təbii axarına dəyməməlidir. Qoy hər şey olduğu kimi axıb getsin. Sonsuzluğacan. Amma oxucu sonsuzluğacan gözləyə bilməz. Məhz belə situasiyada yazıçı peyda olur. O, hadisələrin əyin-başına əl gəzdirir, ölçür-biçir, yeri gələndə budayır, kəsir və sonda mətn bədirlənir.
""Nigarançılıq" hekayəsində təhkiyə vəziyyətə uyğun dəyişir, bədii mətnin bütün atributları çox sadə (primitiv, yox!) şəkildə üzə çıxır. Dahi rus yazıçısı L.N.Tolstoy 1908-ci ildə özündən xeyli gənc olan L.N.Andreyevə yazırdı: "Məncə, yazıçı ondan gecə-gündüz əl çəkməyən, onu düşünməyə vadar edən fikirləri yazmalıdır. Şöhrətə və pula hərislik isə mətnin səmimi və bədii cəhətdən yüksək olmasına mane olur. Bundan çəkinmək lazımdır. İkincisi isə, guya indiki dövrün yazıçılarının oxucuya orijinal, qeyri-adi fikir çatdırmaq, təəccübləndirmək istəməsidir. Bu, dözülməz haldır və sadəlikdən uzaqdır. Sadəliksə gözəlliyin əsasıdır". Mirzə Cəlil yalnız onu narahat edən məsələləri qələmə alırdı. Özü də sadədən də sadə bir halətdə! Dahilik elə budur.
Zaman ardıcıllığı baxımından hekayəyə ən "gec" daxil olan Mirzə Məmmədquludur. Situasiyanı da, söhbətin sonrakı gedişatını da o, müəyyən edir. Yazıçının aşırı dərəcədə dəqiqliyi burada da öz sözünü deyir. Mirzə Məmmədqulu otağa nigarançılıqla yüklənmiş halda girir. Bir qədər də hövlnak. Ona görə də söhbəti açmağa daha çox onun haqqı vardır. Sonra Şirvanlı Məşədi Məmmədbağır danışır: "Mirzə, mən indi bilirəm ki, sən nə çəkibsən, çünki mənim də başıma gəlib. Doğrudan da bu nigarançılıq yaman şeydir". Və o, yeddi-səkkiz ay bundan əvvəl başına gələn hadisəni danışmağa başlayır. Söhbət bitəndən sonra şair və ədib Həsən bəy Gəncəli üç-dörd il bundan öncə nigarançılığı necə yaşadığını söyləyir. "Bu heyndə nömrənin qapısı genə bir qədər açıldı və genə örtüldü və lakin ordakılar etina eləmədilər". Ardınca Məşədi Heydər başlayır söhbətə. Məlum olur ki, onu nigarançılığı sürəklilik baxımından dostlarınkından bir az da çox çəkib. O da sözünü belə qurtarır: "Bu nigarançılıqdan dünyada çətin şey yoxmuş". Axşamdan dörd saat keçəndən sonra qonaqlardan üçü xudahafisləşib gedir. Gedənlər yolbuyu, qalanlar da otaqda nigarançılğın çox pis şey olması haqda düşünürlər. "Təğyiri-libas" olan polis məmuru da bu "millətpərəst"lərin bir nömrəyə toplaşıb hansı siyasi məsələni müzakirə etdiklərini başa düşmədiyi üçün çox nigaran olur. "Paltarını dəyişib camaat içində dolanan" dövlət məmuru mətndə cəmi iki dəfə görünür. Onun nigarançılığını da başa düşmək olar...
Hekayə gözlənilməz (və həm də gözlənilən) bir sonluqla bitir: "Həqiqətən, dünyada bu nigarançılıqdan da pis şey yoxdur". Oxucu heyrət içərisində donub qalır: Bəs ardı harada qaldı? Və özü özündən sormağa məcbur olur: 1. Hekayənin başlıca qayəsi nədir və güdükçülərin bol olduğu bir məmləkətdə yaşamağın çətinliyi nədədir? 2. Bizim hisslərimizlə (iç-otaq-mikroaləm) tanımadığımız, lakin dışı (makroaləmi) təmsil edənlərin hissləri arasındakı bu mistik bənzəyişin sirri nədədir? 3. Niyə sadə bir əhvalat üzərində qurulan və ya oyunu xatırladan Mirzə Cəlil hekayələri zamanın sınırlarını aşıb bizə və bizdən də ötüb məchul zamanlara keçə bilir?
Birinci sualdan başlayaq. XIX əsrin sonu, XX əsrin əvvəlləri dünyada, xüsusən, Rusiyada gedən proseslər Azərbaycandan da yan keçmədi. Milli məfkurənin getdikcə möhkəmlənib genişlənməsi milli istiqlala doğru aparırdı. Hekayənin yazıldığı 1916-cı il "neft və milyonlar səltənəti" üçün ən ağır sınaq dövrü idi. Çar Rusiyası Bakının əldən çıxmaması üçün arsenalında olan bütün iyrənc üsullara əl atırdı. Milli özünüdərk yolunda çarpışan, istiqlal düşüncəsi bəlli olan ziyalıların qarabaqara izlənilməsi bu üsullar içərisində ön sırada dururdu. Cəlil Məmmədquluzadənin də hər bir addımı izlənilirdi. Çarizm "milli" güdükçülər nəsli də yetişdirmişdi. Onların bəziləri rus ordusu sıralarında, bəziləri də Qori Müəllimlər seminariyasında "hazırlanmışdı". Belə bir ağır tarixi şəraitdə ədəbi-bədii, ictimai-siyasi fəaliyyətlə məşğul olmaq əsl fədakarlıq idi. Mirzə Cəlil, onun məsləkdaşları - mollanəsrəddinçilər və fyuzatçılar Cümhuriyyət şüurunu təbliğ etmək yolunda bütün çətinliklərə sinə gərirdilər. Cümhiriyyətin qurulmasından bir il öncə yazılmış "Cümhuriyyət" (Respublika) məqaləsində ədib yazırdı: "(Borcumuz) Vətəndaşlar! ... Avropa aləmindən və mətbuatından az-çox xəbərdar olanların borcudur ki, qardaşlarını yoxlamaq babətdən hərdənbir onları bir yerə cəm edib, belə-belə məsələlərdən (Cümhuriyyətin nə olduğundan - M.Qaraxanoğlu) söhbət açsın...". (Cəlil Məmmədquluzadə. Əsərləri, dörd cilddə, IV cild, Bakı - 2004, səh: 190-193)
"Nigarançılıq" hekayəsi də bu dövrün ictimai-siyasi mənzərəsini canlandırır. Statistik rəqəmlə ifadə etsək, mətndə cəmi yeddi nəfərin nigarançılığı təsvir edilib. Amma bu yeddini bütünlüklə bütöv epoxaya şamil etmək olar. Toplumun bütün təbəqələri nigarandır. Mirzə Cəlil də o yeddi nəfərin içərisindədir. Əlahəzrət Faktın özü də bunu deyir. Yazıçının 1916-cı ildə Tiflisdən Həmidə xanıma yazdığı məktubunda oxuyuruq: "Mən Eynəlibəygildə qalıram. Jurnalın yenidən nəşri üçün icazə almışam. Jurnal işləri ilə əlaqədar Bakıya gedəcəyəm. Orada "İslamiyyə" mehmanxanasına düşəcəyəm. Oradansa hara gedəcəyimi hələ bilmirəm. Ələkbər və uşaqlar necədir?". (Cəlil Məmmədquluzadə. Əsərləri dörd cilddə, IV cild, Bakı - 2004, səh: 322). Sözün bitdiyi yerdir. Burdan o yana yol yoxdur. Mətn yol vermir...
Keçək ikinci suala. Yaxşı ki, hisslərimizin xəritəsi mövcud deyidir. Əgər belə bir xəritə olsaydı, imkanımız çatıncaya qədər o xəritədən uzağa qaçardıq. Soruda qeyd olunduğu kimi, hekayədə şərti olaraq iki - mikro və makroaləm təsvir edilib. Birincinin (otaqdakıların - mikroaləmin) ikincidən (dövləti təmsil edən güdükçüdən - makroaləmdən) xəbəri yoxdur. Amma gözəgörünməyən bir sirli bağ onları bir-birinə bağlayır. Bu, nigarançılıq hissidir. Əgər bu hissi interpretasiya etsək, fərqli iki qatla raslaşacağıq: Eyni bir arealda, eyni bir zaman içərisində yaşanan nigarançılıq hissi eyni olmaya bilər. Otaqdakılar mikroaləmi təmsil etsələr də, onların yaşadıqları nigarançılıq hissi daha bəşəridir. Amma paltarını dəyişib onları güdən güdükçü makroaləmi təmsil etsə belə kiçikdir, xırdadır, miskin bir zavallıdır. Nigarançılıq hissi güdükçünün qəlbini deşir. Amma otaqdakılar bu bəşəri duyğunu paylaşdıqlarına görə yüngülləşib bir-birindən rahat ayrılırlar. Hekayənin sonundakı "Həqiqətən, dünyada bu nigarançılıqdan da pis şey yoxdur" cümləsi də onlardan daha çox güdükçüyə aiddir.
Mirzə Cəlil dahiyanə bir ədəbi manevrlə obrazların yerini dəyişir. Obrazların yeri dəyişiləndə cümlələr də yerini dəyişir və hər dəfə ayrı bir məna kəsb edirlər. Həmin cümlələri oxucu yerbəyer etməlidir.
Ədibin nəsr dili heyrətamiz dərəcədə eyhamla boyanıb. O, güdükçünün simasında mövcud hakimiyytətə, onun strukturlarına çox ciddi bir-bir ismarış göndərir: Əvvəla, beş-altı nəfərin bir yerə toplaşması o demək deyildir ki, həmin adamlar siyasi fikirlərini bölüşür, dövlət əleyhinə nəsə bir plan cızırlar. İkincisi, insanın keçirdiyi eyni hiss mistikcəsinə bir-birinə bənzəsə də, məkan, tarixi-bəşəri missiya və ictimai təyinatına görə çox fərqli ola bilir.
Üçüncü suala gəlincə deməliyik ki, Mirzə Cəlil adi əhvalatların üzərinə çox sirli bir tül örtür. Ola bilsin ki, (Və belədir!) mətn birqatlıdır. Süjet eyni xətlə inkişaf edir. Mövzular da ədəbiyyatın əbədi mövzuları deyil, həyatımızdan alınan adi hadisələrdir. Bəs necə olur ki, bu hekayələr zaman keçdikcə bizə daha yaxın və doğma olur? Nədir onların sirri?
Mirzə Cəlil realist sənətkardır. Amma bu realizm başqa sənətkarların realizminə bənzəməz. Bu, necə deyərlər, "deformasiyaya" uğramış realizmdir. Xüsusən, obrazlara münasibətdə bu deformasiya elementləri parlaq bir şəkildə özünü göstərir. Götürək, Xudayar bəyi. O, nə fiziksəl, nə də ruhsal baxımdan "özü"dür. Elə Məhəmmədhəsən əmi də o cürdür. Şeyx Nəsrullah, Kefli İsgəndər, Qurbanəli bəy, Novruzəli də "özləri deyillər".
Zahirən "başlı-başına buraxılmış" kiçik mətnlər və cümlələr, simvolikləşdirilmiş çoxqatlı ironik təhkiyə tərzi istər-istəməz eyni hadisəyə müxtəlif yönlərdən yanaşma tələb edir. "Nigarançılıq" hekayəsi də belədir. Bu kiçik hekayənin ərazisinə bir-birindən fərqli dörd əhvalat "yerləşdirilib". Əhvalatların başvermə tarixləri də fərqlidir. Amma ruhən bir-birini tuturlar. Əhvalatları danışan Mirzə Məmmədqulu, Məşədi Məmmədbağır, Həsən bəy Gəncəli və Məşədi Heydər həm də öz xarakterlərini ortaya qoyurlar - onların nə qədər ailəcanlı, alicənab, dost və qohumcanlı olmaları diqqətdən yayınmır. Paradoksallıq ondadır ki, onlardan bir az aralıda - qapının o üzündə tamam fərqli şeytani bir düşüncənin daşıyıcısı dayanıb. O da nigarandır. Amma onun nigarançılığı otaqdakıların nigarançılığına bənzəmir. Bu zavallının nigarançılığı da özü kimi tənhadır. Amma əhatə dairəsi və masştabına görə epoxaldır.
Doğma xalqının psixologiyasına dərindən bələd olan ədib nigarançılığa həm də milli mentalitetdə oturuşan bir hiss - arxetip kimi yanaşır. Rus və avropalı heç bir zaman getdiyi yerdə ailəsi, uşaqları, dost və qohumları, bir sözlə, beş-altı günlüyə ayrıldığı evi, məhəlləsi üçün bu qədər darıxmaz. Bu hiss ədibin əksər qəhrəmanlarında qabarıqdır. Naxoş övrətinə görə nigaran olan Vəli xanı xatırlatmaq yerinə düşər.
Mirzə Cəlilin özü də ömrü boyu nigarançılıq içərisində yaşayıb. O, bolşevik-kommunist rejiminin bizi ideoloji alətə çevirəcəyindən nigaran idi. Mənsub olduğu xalqın öz milli-mənəvi dəyərlərini - dilini, mədəni-əxlaqi tamlığını və ədəbiyyatını (Təkcə Mirzə Fətəliyə görə nigarançılığı yetər!) qoruya bilib bilməyəcəyindən nigaran idi. O, qədim ehtişamı dağılan bütöv Azərbaycana görə nigaran idi:
"- Haradır Azərbaycan? - Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri isə Gilandan tutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir..." ("Azərbaycan" məqaləsi)
"İstiqlal ədəbiyyatının sərkərdəsi" (İsa Həbibbəyli) Zeynəbləri, Məhəmmədhəsən əmiləri, Novruzəliləri, Kefli İsgəndərləri, Fatma xalaları, Gülbaharları... bizə nigarançılıqla əmanət qoyub gedib...
Nigarançılığın necə möhtəşəm bir hiss olduğunu hələ indi-indi anlayıram. Bu gün bizə məhz Mirzə Cəlil nigarançılığı lazımdır. "Doğrudan, bu nigarançılıq yaman şeydir".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!