"Çingiz Aytmatov və müasir dövrün çağırışları" - Azərbaycan nümayəndə heyəti İssık-Kul Forumunda

 

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar ədibin vətəni Qırğızıstanda keçirilmiş tədbirlərdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Bu münasibətdə keçirilmiş III İssık-Kul Forumunda 25 ölkədən gəlmiş 157 nümayəndə iştirak etmişdir. İssık-Kul Forumunda Azərbaycan və Qırğızıstandan başqa Rusiya, Çin Xalq Respublikası, Türkiyə, Hindistan, Monqolustan, Tatarıstan, Qazaxıstan, Almaniya, Belarus, İsrail, Cənubi Koreya, Latviya, Moldova, Tacikistan, Ukrayna, Türkmənistan, Özbəkistan və Pakistandan 157 nəfər tanınmış yazıçı və şair, elm xadimləri və ilk dəfə 32 il bundan əvvəl Çingiz Aytmatovun rəhbərliyilə keçirilmiş birinci forumun iştirakçısı olan ziyalılar iştirak və çıxışlar etmişlər.

Üçüncü İssık-Kul Forumunun təntənəli açılışında Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov geniş nitq söyləmişdir. Baş nazirin müavini Altınay Omurbekovun moderatorluğu ilə keçən təntənəli açılış mərasimində bir sıra beynəlxalq təşkilatların rəhbərləri - MDB ölkələrinin  Dövlətlərarası Humanitar Fondunun müşaviri Aleksandr Qonçarov, YUNESKO-nun nümayəndəsi Krista Pikat, TÜRKSOY Beynəlxalq Təşkilatının Baş Katibi Düsen Kaseinov, Rusiya Federasiyası Dövlət Dumasının deputatı İvan Belekov və Tatarıstan Respublikası  baş nazirinin müavini Leyla Farzeeva təmsil etdikləri qurumlar və ölkələr adından çıxış edərək təbrik sözü söyləmiş, Çingiz Aytmatov sənətinin milli və bəşəri dəyərlərindən, müasirlik imkanlarından bəhs etmişlər.

Azərbaycan nümayəndə heyəti adından çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli yazıçı və böyük mütəffəkir Çingiz Aytmatovu dünya ədəbiyyatında yeni ədəbiyyat standartları yaratmış və qırğız ədəbiyyatının əfsanəsinə çevrilmiş qüdrətli sənətkar adlandırmışdır. Azərbaycanlı natiq xalqımızın ümummilli lideri Heydər Əliyevin Çingiz Aytmatov haqqındakı "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir" - sözlərini III İssık-Kul Forumunun iştirakçılarına çatdırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı Çingiz Aytmatovu "Dostluq" ordeni ilə təltif etməsi xalqımızın və ölkəmizin ona bəslədiyi böyük məhəbbətin və yüksək qiymətin ifadəsi kimi qiymətləndirilmişdir. Akademik İsa Həbibbəylinin nitqində Çingiz Aytmatovun Azərbaycanın görkəmli ədəbiyyat və mədəniyyət xadimlərindən Qara Qarayev, Rəsul Rza, İmran Qasımov, Bəxtiyar Vahabzadə, Anar, Şahmar Əkbərzadə, Hüseynbala Mirələmovla şəxsi və yaradıcılıq əlaqələrindən, dostluq münasibətlərindən geniş söz açmış, bu əlaqələrin müasir əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Eyni zamanda, Çingiz Aytmatovun əsərlərinin tədqiqi, nəşri və tərcüməsi məsələlərindən də geniş bəhs edilmişdir. 

Azərbaycan nümayəndə heyətinin üzvləri - Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Assosiasiyasının rəhbəri Fuad Məmmədov "Çingiz Aytmatov və zamanın çağırışlarına kulturoloji cavab", AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, gənc aytmatovşünas Mehman Həsənli "Çingiz Aytmatovun əsərlərində xaos xəbərdarlığı və sülhə çağırış konsepsiyası" mövzularında elmi məruzələrlə çıxış etmişlər.

Akademik İsa  Həbibəylinin aytmatovşünas alimlərlə - akademik Abdıldacan Əkmətəliyev və müxbir üzv Orxanakun İbrahimovla (Qırğızıstan), Ramazan Qorxmaz və Orxan Söyləməzlə  (Türkiyə), Murat Auezovla (Qazaxıstan), Çen Qonlan (Çin) və başqaları ilə görüşləri zamanı Çingiz Aytmatovun irsinin öyrənilməsi və təbliği məsələləri ilə yanaşı, ədəbiyyatşünaslıq elminin  aktual problemlərindən və qarşılıqlı əlaqələrdən söz açılmışdır. Qırğızıstan Elmlər Akademiyasının müxbir üzvü Osmanakun İbrahimovun Moskvada "Molodaya qvardiya"  nəşriyyatında rus dilində "JZL" seriyasından  nəşr edilmiş  "Çingiz Aytmatov"  kitabının Azərbaycan dilinə tərcüməsi və nəşri barədə razılaşma olmuşdur.

III İssık-Kul Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti adından Çingiz Aytmatovun ev muzeyinə, Qırğızıstan Respublika Kitabxanasına, böyük yazıçının ailə üzvlərinə və tədbir iştirakçıları olan görkəmli yazıçılara və alimlərə Azərbaycanda böyük sənətkar haqqında nəşr edilmiş kitablar, qəzet və jurnallar təqdim olunmuşdur. Akademik İsa Həbibbəyli Azərbaycan, rus və ingilis dilərində  Bakıda nəşr olunmuş "Çingiz Aytmatov haqqında söz" kitabı maraqla qarşılanmışdır.

Azərbaycan nümayəndə heyəti III İssık-Kul Forumunun iştirakçıları ilə birlikdə Çingiz Aytmatovun dəfn olunduğu Ata Beyit tarixi-memorial kompleksə çələnğqoyma mərasimində iştirak etmiş, görkəmli yazıçının ev muzeyini ziyarət etmişlər.

Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin üzvləri Monqolustan Respublikasının eks-prezidenti Nambarın Enxbayarın ölkəsindəki Qırğız gölündən gətirdiyi suyun İssık-Kul gölünə tökülməsi mərasimində də iştirak etmişlər.

Sonda İssık-Kulda forum iştirakçılarına Çingiz Aytmatovun həyatı və əsərləri əsasında hazırlanmış ədəbi-bədii gecə təqdim olunmuşdur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!