Qərb fəlsəfəsi Azərbaycan aliminin fundamental tədqiqatında - Rahid Ulusel

 

Çağdaş humanitar mədəniyyətimizin uğuru sayıla biləcək dəyərli bir iş görülmüşdür: Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Fərman İsmayılovun "Seçilmiş əsərləri"nin beşcildliyi çapdan çıxmışdır. Külliyyatın elmi redaktoru Milli Məclisin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyev ona yazdığı "Ön söz"də doğru olaraq göstərir ki, ölkəmizin humanitar siyasətində elmi arsenalın gücləndirilərək dünya səviyyəsinə çıxarılmasına xüsusi önəm verilməsi və bu istiqamətdə  akademik Ramiz Mehdiyevin proqram xarakterli əsərlərinin elmi ictimaiyyəti hərəkətə gətirməsi öz nəticələrini verməkdədir. Azərbaycan aliminin qırx illik aramsız çalışmalarının bəhrəsi olan külliyyatın işıq üzü görməsi milli humanitar siyasətlə yaradıcı alimlər kontingentinin eyni mövqedə dayanaraq onu inkişaf etdirməsinə yetərli bir sübutdur.

Professor Fərman İsmayılovun beşcildlik "Seçilmiş əsərləri" Azərbaycanda müasir Qərb fəlsəfəsinin öyrənilməsinə həsr olunmuş ilk sistemli tədqiqatlar toplusudur. Ölkəmizdə və xaricdə maraq doğuracağına heç bir şübhəmiz olmayan bu tədqiqatlar fəlsəfə və digər ictimai-siyasi və humanitar elmlər sahəsində öz spesifikası üzrə yeni araşdırmalara yol açacaq əhəmiyyətli bir işdir. Qərb dünyasının özündə ictimai-siyasi və intellektual-mədəni həyata, maddi və mənəvi münasibətlər sferasına dərindən sirayət etmiş, habelə, dünya və eləcə də Azərbaycan mədəniyyətinə güclü təsir göstərmiş yeniçağ Qərb fəlsəfəsinin ölkəmizdə bu cür miqyaslı şəkildə öyrənilməsi sivilizasiyalararası dialoqu da ən dərin qatlarında gücləndirən prosesin tərkib hissəsidir. Əslində, mədəniyyətlər bir-birini məhz belə "içdən" tanımalı, bir-birinin genezisinə, ideya köklərinə bələd olmalıdır. Onda həmin dialoq da daha təbii, məzmunlu, anlaşıqlı, fasiləsiz və zərurətdən yaranan münasibətlərin sistemi olur. Qərbi tanımadan, bu çoxqatlı və mütəhərrik sivilizasiyanın haradan gəlib haraya getdiyini bilmədən, xüsusilə onun XX yüzillikdə köklü ideasional transformasiyalarının mahiyyətini anlamadan ona "inteqrasiya olunmaq" fatalist nəticələrə, müstəqil iradədən çıxış edilməməsinə gətirib çıxarardı. Qərb fəlsəfəsini öyrənmək - həm də Qərb sivilizasiyasının son əsrlərdəki dominantlığının əsas səbəblərini, dünyanı dəyişdirən Qərbin və onun nüvəsində Avropanın özünün necə dəyişməsini, bu dinamik mədəniyyət coğrafiyasından doğan ideyaların getdikcə universallaşması, planetləşməsi prosesini öyrənmək deməkdir. Azərbaycan - Qərb münasibətlərinin "intellektual körpüləri" məhz Avropa mədəniyyəti üzrə mükəmməl bilik dayaqları üzərində qurulmalıdır. Hər hansı bir mədəniyyətin açarı isə - fəlsəfədir. Qərbdə isə fəlsəfə adi həyat praktikasından siyasətə qədər bütün mədəniyyət orqanizmini təşkil edən ən başlıca determinantdır. Qərb rasionalizminin təkamülü və sonradan əsrin böhran ruhuna, tənəzzül çabalamalarına qarşı müqavimət qüdrətinin formalaşması məhz onun fəlsəfəsində yetişmiş, böyümüş və dünyanın də öyrənib mənimsəməli olduğu universal dəyərə çevrilmişdir. Ona görə də belə bir möhtəşəm mədəniyyətin özəyini təşkil edən fəlsəfənin Azərbaycan filosofu tərəfindən bu qədər dərindən və müfəssəl bitkinliklə araşdırılaraq oxuculara təqdim olunması fəlsəfi mədəniyyətimizin gücünü, humanitar sahədə çalışan alimlərimizin sanballı tədqiqatlar aparmağa qadir olduğunu göstərən faktdır.

Fəlsəfə tarixçiliyinin üç istiqamətin sintezində tədqiqat aparmasının sınaqdan çıxmış ənənəsi vardır: Fəlsəfi məktəb, təlim və cərəyanın inkişafını; ideya, konsepsiya və problemin inkişafını; filosofun və onun dünyagörüşünün inkişafını birgəlikdə izləmək. H. Dilsin "Sokrataqədərki filosoflardan fraqmentlər", S.Radhakrişnanın "Hind fəlsəfəsi", B.Rasselin "Qərb fəlsəfəsi tarixi", A.F.Losevin "Antik estetika tarixi" belə bir məqsədlə yazılmış örnəklərdir. Professor Fərman İsmayılovun müasir Qərb fəlsəfəsinin fundamental tədqiqi məramı ilə ərsəyə gələn külliyyatı həmin ənənənin Azərbaycan nümunəsini yaradır. 

Tədqiqatın mövzusu konkret olsa da, onun problematikası kifayət qədər geniş və əhatəlidir: fəlsəfənin elə bir problemi yoxdur ki, XX əsr Qərb fəlsəfi düşüncəsinin fokusuna gətirilməsin. Özü də həmin problemlər hər bir fəlsəfi məktəbin, hər bir filosofun "spektrində" ayrı bir rəng, ayrı bir yozum alır. Burada dünyanın hər üzünə baxılır, insanın görə biləcəyi hər bir situasiyadan, zaman və məkan koordinatlarından, endiyi idrak qatlarından, yüksəldiyi ideya kosmosundan, hətta fərdi psixologiyanın dolandığı sezilməz orbitdən nəzər yetirilir. Həm də nəzərə almaq lazımdır ki, XX əsr Avropa filosoflarının tədqiqata cəlb edilmiş əksər nümayəndələri dünya fəlsəfəsinin klassikləri sayılır və onların hər biri öz sahəsində yeni bir istiqamətin və metodologiyanın əsasını qoymuş mütəfəkkirlərdir. Eyni zamanda, yeniçağ Qərb fəlsəfəsi Avropanın özündə, Qərb dünyasının ayrılmaz parçası olan Şimali Amerikada və qabaqcıl dünya ölkələrində, həmçinin, bizə elmi ənənə baxımdan yaxın olan Rusiyada (keçmiş SSRİ-də) çox geniş miqyasda öyrənilmiş, ona dair dərsliklər və ensiklopediyalar hazırlanmışdır. Bu qədər informasiyanı (həm də ziddiyyətli, ayrı-ayrı fəlsəfi, dini, siyasi, ideoloji qütblərdən gələrək toqquşan informasiyanı!)  məqsədəuyğun istiqamətdə mənimsəyərək, Qərb fəlsəfəsinin mahiyyət və məzmununu, onun inkişafının real mənzərəsini bütün başlıca xüsusiyyətləri ilə araşdırıb üzə çıxarmaq Azərbaycan filosofundan həqiqətən böyük əzmkarlıq tələb etmişdir. O, yeniçağ Qərb fəlsəfəsini həm özünəməxsusluğunda, həm də dünya fəlsəfi fikrinin tarixi inkişafı kontekstində təhlil etmək kimi unikal vəzifəni, fikrimizcə, məsuliyyətlə yerinə yetirə bilmişdir.

Tədqiqatçı-alimin külliyyatının birinci cildində müasir Qərb fəlsəfəsini təkamülə uğradan gərgin intellektual axtarışların ümumi trayektoriyası boyunca hərəkət edilir, fəlsəfi düşüncədəki dəyişmə və dönüş zərurəti əsaslandırılır, meydana gələn yeni fəlsəfi cərəyanların ideya qaynaqlarına və platformalarındakı başlıca paradiqmalara baxılır, idrak nəzəriyyəsi və linqvistik analiz üzrə ümumiləşdirilmiş elmi nəticələr irəli sürülür, "dil və təfəkkürün həqiqət səltənəti" dərin fəlsəfi mühakimələrlə imperativləşdirilir. İki böyük kitabdan ibarət olan ikinci cildə "XX əsr Qərb fəlsəfəsi tarixi" daxil edilmişdir. Bu fundamental tədqiqatda iyirminci yüzil Qərb fəlsəfəsinin bütün başlıca fəlsəfi məktəb, təlim və cərəyanları, onları yaradan filosofların dünyagörüşü sistemi, eyni zamanda, konseptuallaşan fəlsəfi ideyaların inkişaf prosesi  və istiqamətlənmələrindəki uzlaşan və uzlaşmayan cəhətlərin xarakteri, Avropa fəlsəfəsində təşəkkül tapan fəlsəfi sistemlərin təsir və nüfuz dairəsi, ictimai-siyasi və intellektual-mədəni həyatı oyandırma və yönəltmə gücü təhlilə alınır. "Dilin metafizikası" adlandırılan üçüncü cild linqvistik fəlsəfəni, "Klassik psixoanalizin əsasları" (Z.Freydin iki əsərinin tərcüməsi ilə birgə) və "İnsan "Mən"inin fenomenologiyası" daxil edilən  dördüncü cildsə psixoanalitik və fenomenoloji fəlsəfənin aktual məsələlərini öyrənir. Bu cildlərdə müəllif "dil və dünyagörüşü", "fəlsəfə və dünya", "dil və idrak", "instinkt və zəka", "mədəniyyət və xoşbəxtlik", "mən və zaman", "eqoizm və altruizm", "şüur və bişüur" və s. problemlər üzrə Qərb fəlsəfi fikrinin konsepsiyalarını açır. Beşinci cilddə ortaçağ Avropasını yeniçağ Avropasına adladan iki klassik filosofun - müəllifin "dövlətdə ilk alim, elmdə ilk dövlət adamı" kimi səciyyələndirdiyi Frensis Bekonun və "elmdə ən böyük dahi, fəlsəfədə radikal inqilabçı" kimi dəyərləndirdiyi Rene Dekartın fəlsəfi sistemləri araşdırılır. Sonuncu cildə salınan Azərbaycan və rus dillərindəki esse-məqalələrində müəllif həm fəlsəfə klassikasına istinad edərək və həm də öz müstəqil mövqeyini irəli sürərək, oxucusunu ilk baxışda görünməyən, lakin baş vurduqda, içərisində böyük bir dünya açılan mətləblərin üfüqünə çıxarır.

Külliyyatda, demək olar ki, iyirminci əsrin əvvəllərindən yaranmaqda olan bütün Qərb fəlsəfi məktəbləri - analitik fəlsəfə, həyat fəlsəfəsi, neopozitivizm, postpozitivizm, məntiqi atomizm, fizikalizm, epistemoloji anarxizm, fenomenoloqizm, fundamental ontoloqizm, ekzistensializm, psixoanaliz, teyyardizm, neohegelizm, neokantizm, intuitivizm, praqmatizm, personalizm, neorealizm, empiriokritisizm, neoatomizm müfəssəl şərhini tapır. Çoxcildliyin müvafiq bölmələri üzrə qaldırılan problemlər kontekstində müasir Qərb fəlsəfi mədəniyyətinə mənsub, yeni fikir cərəyanı, orijinal konsepsiya və dünyagörüşü sistemi yaratmış bütün patriarx filosofların - F.Nitsşe, C.E.Mur, B.Rassel, L.Vitgenşteyn, Z.Freyd, M.Şlik, A.Ayer, R.Karnap, K.Popper, M.Fuko, C.Aqassi, T.S.Kun, E.Husserl, M.Haydeqqer, K.Yaspers, J.P.Sartr, A.Kamyu, P.T.Şarden, F.H.Bredli, R.C.Kollinqvud, E.Kassirer, Ç.S.Pirs, C.Düi, C.Santayana, O.Kont və s.-in fəlsəfi yaradıcılığı bütün dolğunluğu, həm də "aysberq kompleksi" - görünən və görünməyən tərəfləri ilə analiz edilir. Professor tədqiq etdiyi filosofun aparıcı ideyalarını maqnit kimi çəkib özünün araşdırma sferasına gətirir. Özünü hətta zidd fəlsəfi fikirlərin "savaş meydanına" salır: onların müharibə və ittifaqından, polemika və konsensusundan, bir-birini təsdiq və inkarından "həqiqət qırıntılarını" toplayır. Burada biz Qərb təfəkkür tərzinə dərindən bələd olan və eyni zamanda, Azərbaycan fəlsəfi mədəniyyətinin ənənələri üzərində dayanan bir filosofun mötəbər yanaşmasını, prinsipial mövqeyini, faydalı və mübariz ideyaları qabardıb üzə çıxarmağa xüsusi səyini görürük. Tamamilə təbiidir ki, onun bu yanaşması və mövqeyi, hətta fəlsəfi metodologiyasının xarakteri də araşdırma boyunca təkamülə uğrayır, yeni çalarlar, konfiqurasiyalar əldə edir.

Professor təhlilə cəlb etdiyi  çağdaş Qərb fəlsəfi məktəblərini, sadəcə, formal olaraq, ənənəvi bir bölgü ilə konspektləşdirmir, onların mahiyyətinə, bir-birindən fərqli cəhətlərinə, funksional keyfiyyətlərinə vararaq sistemləşdirir. Böyüyüb yetkinləşən ideyanın hansı təfəkkür laylarından doğulduğunu arayır, onun taleyini, hərəkət trayektoriyasını izləyir, çırpıntılarını dinləyir, yüksəliş və eniş gerçəyini bəlli edir. Ona görə də müəllifin şərhində bu fəlsəfi məktəblər - həyatın qatları kimi görünür. Bu görüm bucağında müəllif təkcə filosofun deyil, ümumiyyətlə insanın fəlsəfədəki intellektual vurnuxmalarını, hətta ifratavarmalarının müəyyən səmtlərini arayır. Görürük ki, bəzən fəlsəfə insanı cəngəllikdən yola çıxarmaq əvəzinə, bilərəkdən və ya bilməyərəkdən daha da çaşdırıb azdırır, daha dolaşıq labirintlərə salır. Lakin müəllifin əsas maraq dairəsində fəlsəfi idrakın sonsuz axtarışları, həyəcanları, fəlsəfi zəkanın qazandığı nailiyyətlər, fəlsəfi müdrikliyin humanizmi, tərəqqi ideallarını təşviq edən fundamental ideya və konsepsiyalar, pozitiv dəyərlər sistemi, nəhayət, insanı özünə kəşf etdirən, özünüdərketmənin rasional proqramını açan sərrast analitikadır. Müəllif özü də bütün humanist məramı ilə çalışır ki, fəlsəfəni həyat qədər maraqlı etsin, xüsusilə, fəlsəfənin "mürəkkəbliyindən", "qəlizliyindən", "mücərrədliyindən" çəkinənləri onun cazibə sahəsinə salsın, füsunkar aləminin sehrinə daldırsın. Bunun üçün də gərək insana həqiqəti söyləyəsən. Həqiqətə alışmış, onun dəyərlərinə köklənmiş insanları artıq yanıltmaq, sapdırmaq da çətin olur. Müasir Qərb fəlsəfəsinin müstəsnalığı da bundadır: bu fəlsəfənin yaradıcıları qorxmadan, şüurları sarmış mühafizəkar qəlibləri sındırmaq, daşlaşmış ehkamları dağıtmaq, "bütləri" devirmək şücaəti göstərmişlər. Əlbəttə, müəllif bu yanaşmasında da doğrudur ki, Qərb fəlsəfəsinin bir çox nümayəndələri yeni konsepsiya irəli sürdüklərini elan etsələr də, əslində, bu konsepsiyaların təməl ideyaları klassik (əsasən, Şərq) fəlsəfi fikir tarixində olmuşdur. Ancaq başlıca mahiyyətində yeniçağ Qərb fəlsəfəsi dünyaya orijinal ideyalar bəxş edən təsiryaradıcı, təkanverici bir fenomendir. Demokratik dünyagörüşünün universallaşmasında, təbəəlik durumundan vətəndaşlıq durumuna doğru insan inkişafında Qərb fəlsəfəsinin oynadığı rol xüsusilə müstəsnadır ki, külliyyatda bu prosesin ideya əsasları, motivasiyası kifayət qədər dərindən açılır.   

Professor Fərman İsmayılovun "Seçilmiş əsərləri"nin beşcildliyi sözün əsl mənasında fəlsəfənin apologiyasıdır. Alim Qərb fəlsəfəsi örnəyində bu həqiqəti təsdiq edir ki, fəlsəfə - başlıca funksiyasında metodologiyadır, intellektual həyatın toxumalarını yaradan idrakdır, hadisəni fenomenə, prosesi qanunauyğunluğa çevirən nəzəriyyə və praktikadır. Fəlsəfənin dili və məntiqi dünyanı anlamaq hüdudlarını aramsız olaraq genişləndirir. Fəlsəfəsiz həyat hətta təhlükəli həddə daralır, çoxqatlılığını və çoxistiqamətliliyini itirir, öz ideyasızlığında öləziyib sönür. Fəlsəfə həyatı optimallaşdırır, ona müdriklik enerjisi, uzaqgörənlik qabiliyyəti verir, onu zəruri ölçüdə rasionallaşdırır, təfəkkür modelləri ilə təmin edir, insanı həqiqətə maksimal dərəcədə yaxınlaşdırmağa, özü ilə tənləşdirməyə çalışır. Professorun bizə təqdim etdiyi Qərb fəlsəfəsi də məhz bu keyfiyyətlərində insanlıq üçün dəyərlidir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!