Uzaqdakı qəm ağacı Vaqif Əlixanlı – 75 - Tofiq Nurəli - Təbrik əvəzi

Onu daha yaxşı tanımaq üçün mütləq Yerfini də görmək lazımdır: bütün həyətlərindən zirvəsi   görünən "qarrı Babaya" - Həzrət Babaya baxmaq, kəndin arxasındakı sal-şıldırım qayanın vahiməsini öz canında duymaq gərək.

Onu daha yaxşı tanımaq üçün mütləq və mütləq "Bulaq" dədəni dinləməlisən;  ana radiomuzun 70-ci illərdəki ən məşhur verilşini deyirəm. Hələ o illərin AzTV-sinin "Palitra"sı... bilənlər bilir ki, o illərin "Qızıl qələm" mükafatı nə deməkdir.

Onu daha yaxşı tanımaq üçün Mədəniyət Nazirliyində çalışdığı dövrlərin teatr repertuarlarına baxmaq gərək. 

Onu daha yaxşı tanımaq üçün "Azərbaycanfilm"in  baş redaktoru olduğu zamanlarda təsdiq edilən ssenarilərin siyahısını bilmək gərək.         

Elə bəri başdan deyim ki,  O çağdaş jurnalistikamızın canlı klassikidir. Milli təfəkkürün oyanışında onun da yeri çox böyükdür:  70-ci illərdə Azərbaycanda milli ruha "Bulaq" qədər təsir edən ikinci hadisə çətin ki, tapmaq mümkün olsun. 90-cı illərdə xalqımızı azadlıq savaşına aparan yolların böyük bir qismi də "Bulaq"dan başlanan cığırlar idi: bu, danılmaz həqiqətdir.

Onun ədəbıyatımızdakı xidmətləri də böyükdür. Fikir verin, bədii tərcümələrində əsərlərin ruhunu da ruhumuzun dilinə çevirə bilib. Razılaşaq ki, bu nadir keyfiyətlərdən sayılır.

Onu daha yaxşı tanımaq üçün pyesləri ilə tanış olmaq, bədii publisistikasını oxumaq gərək. Onun  yaradıcılığının bu sahələri də olduqca bənzərsiz,  milli,  bəşəri  və dəyərlidir.

Bu yazarın yaradıcılığının aparıcı özəlliklərindən biri də dil-üslub bənzərsizliyidir. Və bir də, mövzunun birbaşa nüvəsinə daxil olmaq: bu da çox nadir keyfiyyətdir. O, ustaddır. O, məktəbdir. O, klassikadır.

"Qobustan" jurnalına da  öz üslubunu gətirib. Burada onun orijinal naşirlik qabiliyyəti açılıb.

Vaqif Əlixanlı böyük yaradıcıdır;  bu yaradıcılıq ayrı-ayrı sahələr üzrə ciddi elmi araşdırma obyekti  olmalıdır.  Ondan öyrənməli çox şey var.

Vaqif Əlixanlı getdikcə tükənməkdə və təklənməkdə olan,  lakin hamımızın hər zaman ehtiyac duyduğumuz böyük ziyalılar pleyadasına mənsubdur. Mən onları , elə Vaqif müəllimi də, qızılın narın və bir az da solğun parıltısına bənzədirəm - lap uzaqlardakı qəm ağacı kimi...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!