Nəsimi festivalı Zamandan yüksəkdə... - İlqar FƏHMİ - İlqar FƏHMİ

İlqar FƏHMİ

 

Yaxın bir neçə ili Azərbaycan mədəni mühiti Nəsimi ab-havasında yaşayayır, desək, yanılmarıq. Çünki bu illər Nəsimiylə bağlı iki əlamətdar tarixi özündə birləşdirir. 2017-ci il Nəsiminin vəfatının 600 illiyi ilə bağlı həm ölkədə, həm də beynalxalq miqyasda çoxsaylı tədbirlər həyata keçirildi, 2016-cı il YUNESKO səviyyəində Nəsimi ili elan olundu... İndi də şairin dünyaya gəlməsinin 650 illiyi ilə bağlı tədbirlərə start verilib ki, Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə 27-30 sentyabrda keçirilən beynalxalq "Nəsimi - şeir, sənət və mənəviyyat festivalı" bu böyük tədbirlərin ilk mərhələsi idi...

Əlbəttə, Sovet dövründən qalma bir yubiley ənənəsi var ki, XX əsrin sonlarında, XXI əsrin əvvəllərində keçirilən bir çox böyük yubiley tədbirləri məhz bu model üzərində təşkil olunurdu... Yubilyarın yaradıcılığına həsr olunmuş elmi konfrans, yubiley kitabı,  təntənəli rəsmi tədbir, konsert və sonda banket... Nadir hallarda bu modelə hansısa başqa elementlər əlavə olunurdu. Hamı bu modelə adət etmişdi və düşünürdük ki, yubiley elə belə də olmalıdır, bundan artıq nə ola bilər ki?     

Lakin Nəsimi festivalının hazırlanmasını və keirilməsini müşahidə edəndə gözümüzün qarşısında artıq tamam fərqli mənzərə canlanır. Çünki bu, artıq bizim onilliklər boyu adət etdiyimiz yubileylər modeli deyildi, tam fərqli, kreativ, rəngarəng və çoxplanlı bir tədbir idi... Ümumiyyətlə festivalın konsepsiyası tam fərqli idi. Burda məqsəd sadəcə sıradan bir "növbətçi yubiley" tədbiri keçirmək yox, şairin yaradıcılığının bir çox sənət sahələrində əks olunduğunu göstərmək və Nəsimini məhz bu cür təbliğ etmək idi. Və məhz buna görə də, festivalın demək olar ki, bütün tədbirlərində Heydər Əliyev Fondunun da, Mədəniyyət Nazirliyinin də rəhbərliyi tam heyətlə iştirak edirdi.

"Zərrə mənəm-günəş mənəm" deyən şairin yaradıcılığı bu festivalda bütün incəsənət və mədəniyyət sahələrinə, çoxsaylı yaradıcı insanların ruhuna işıq salan və yeni-yeni maraqlı sənət nümunələrinin yaranmasına təkan verən bir Günəş timsalında təqdim olunurdu. Festival çərçivəsində dörd gün ərzində şairə həsr olunmuş bir neçə musiqili kompazisiya, muğam konsertləri, maraqlı təsviri sənət sərgiləri, elmi mühazilərələr, poeziya gecələri, kitab təqdimatları, sənədli filmlərin və teatral kompazisiyaların nümayişi həyata keçirildi.

Festivala dəvət edilən çoxsaylı xarici qonaqlar Nəsimini həqiqətən də Şərq mədəniyyətinin bir günəşi kimi tanıdılar.  Nəsimi poeziyasının bütün dinlərə, bütün əqidələrə ünvanlanması, hətta belə demək olarsa, bütün dünyavi əqidələrdən, fikir ayrılıqlarından yuxarıda dayanan bir "İnsan və Eşq" idealını təbliğ etməsi də onun müxtəlif xalqların nümayəndələri tərəfindən eyni dərəcədə sevilib qəbul edilməsinin başlıca amillərindəndir. Layihə çərçivəsində Azərbaycana dəvət olunan Qərb şərqşünaslarının mühazirələrində də Nəsimi təfəkkürünün məhz bu aspektinin bu gün dünya üçün çox maraqlı olması faktı önə çəkilirdi... 

Festival çərçivəsində Nəsimiyə həsr olunan "Söz" ədəbi müsabiqəsini də, məncə, xüsusi qeyd etmək lazımdır. Çünki müsabiqənin rəhbəri Nigar Həsənzadənin səyləri nəticəsində müsabiqə çərçivəsində onlarla gənc şair Nəsimi yaradıcılığı yenidən gözdən keçirtdi, şairi yenidən tanımağa cəhd etdi və  İmadəddin Nəsimiyə həsr olunmuş müxtəlif forma və üslublu onlarla yeni şeirlər təqdim etdilər. Müsabiqənin təqdimatı Şamaxıda, mükafatlandırma mərasimi isə festivalın bağlanışında həyata keçirildi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qaliblərə mükafatları təqdim etdi.     

"Nəsimi - şeir, sənət və mənəviyyat festivalı"  layihəsində keçirilən maraqlı tədbirlərindən biri də Günel Rzayevanın təşkilatçılığı ilə Bakı Book Centerdə baş tutdu. Rafael Hüseynov, Səadət Şıxıyeva kimi böyük alimlərimizin mühazirələrindən sonra Poeziya gecəsi keçirildi ki, burada gənc şairlər Nəsimiyə həsr olunmuş şeirlərini təqdim etdilər. Poeziya gecəsinin ən maraqlı məqamı isə bu oldu ki, yeni çıxan şeirlər kitabının təqdimatıyla bağlı Bakı Book Centerə gələn Leyla Əliyeva da böyük həvəslə gənc şairlərin Poeziya gecəsinə qoşuldu və Nəsimiyə həsr etdiyi yeni şeirlərini oxudu...    

Ümumiyyətlə, festivalın bütün maraqlı və fərqli tərəfləri haqqında yazmaq, bütün məziyyətlərini bir yazıya sığışdırmaq çox çətin olar. Lakin bir məqam çox önəmlidir - bu cür tədbirlər müasir dövrümüzdə artıq klassik ədəbiyyatımıza tam yeni və kreativ baxışın formalaşdığını göstərir. Və öz klassik milli mədəniyyətimizi müasir insanlara, ələlxüsus da gənc nəsillərə daha yaxşı tanıtdırmaq, ən əsas da sevdirməyin ən düzgün yolu budur. Zənnimcə, bu festivalın strukturu, modeli gələcəkdə də bu cür tədbirlərin keçirilməsi üçün bir etalon rolunu oynaya bilər. Əlbəttə ki, hər dəfə bu tipli yeni layihədə daha hansısa yeni elementlər əlavə olunacaq, hansısa yeni tapıntılar meydana çıxacaq...

Ən əsası isə budur -  minilliklər tarixi olan klassik milli mədəniyyətimizi müasir dövrdə müasir vastiələr və üsullarla təbliğ etmək, milli mədəniyyəti göz bəbəyi kimi qoruyub saxlamaq şərtiylə dünyaya inteqrasiya eləmək, müasir dünya mədəniyyətinin içinə daxil olmaq, dünya mədəniyyətilə vəhdətə nail olmaq. Amma başqası kimi yox, məhz özümüz kimi, özümüz olmaq şərtiylə... Çünki qloballaşma dövründə xalqların milli varlığını, bütövlüyünü qoruyub saxlamaq üçün əldə ən əsas və ən vacib silah milli mədəniyyətdir.

İlqar Fəhmi

"Nəsimi - şeir, sənət və mənəviyyat festivalı" çərçivəsində keçirilən "Söz" ədəbi layihəsinin diplomantlarının və Bakı Book Centerdə keçirilən Poeziya gecəsində iştirak edən gənc şairlərin Nəsimiyə həsr olunmuş şeirlərindən bəzi nümunələri təqdim edirik...

 

 

Leyla Əliyeva

 

Бог живет во мне

 

Где есть привязанность, там нет любви!

О если б люди понимали что творили...

За человечество меня прости!

За то, что быть христом стремлюсь отныне!

 

Услышу за спиной, "С ума сошла..."

"Да кто ты, нам скажи, вообще такая..."

Запью слова, разумностью вина!

А кто я? Если честно, я не знаю!

 

Я та, кто душу под кинжал отдаст.

За то, чтоб души не губить друг друга!

Я та , кто обижая, не предаст.

Я та, кому уже давно не нужно друга!

 

Я та, кто видит то, что видят все,

Я та, кто боль людскую запивает!

Я та, кто знает: БОГ ЖИВЕТ ВО МНЕ...

А Он уныние унынием награждает.

 

Я та, кто падала так много лет!

Та, кто, как все, когда-то сомневаюсь...

Я та, чьего, творенье выше нет,

Я -Человек, я Человеком быть стараюсь...

***

Забыли о Боге

 

Люди от знаний ослепли в тревоге

Слишком умен человек, чтоб молчать!

И бесконечность вогнали в итоги,

Слишком умен человек, чтоб летать.

 

Как отпечатки пальцев незримы

Так же и душу нельзя повторить,

Только безумцы народом судимы...

Слишком умен человек чтоб любить.

 

Слишком умен, чтоб не рваться на гору,

Мир под ногами, что листьев труха,

Радуясь громко чужому позору!

Только кто здесь , скажи без греха?

 

Люди сидят за столом, рассуждают,

Так ведь и было во все времена...

Магию цифр вновь умом заслоняют!

Коль не виновен, то в ком же вина?

 

Часто твердят что "они" виноваты...

Кте ж этот вечный в пороке "они"?

Взяли солдаты за честь автоматы

И расстреляли любовь до крови.!

 

Кровь полилась по земле, очищая

Земли от вновь назревавших невзгод!

Глуп человек много зная, не зная 

То что закат нам рассвет принесет!

 

Люди от знаний забыли о Боге,

Меряют право догмой своей!

Жизнь лучше школ преподносит уроки,

Люди зеркальное чувство людей.

 

Rüstəm Tofik

 

Nəsiminin dilindən

Ta əzəldən mən əbədi mülkündə cövlan eylərəm

Özümü bir yan edib tüm xəlqi bir yan eylərəm

 

Faş edib aləmlərə kövnü məkanın sirrini

Dinlərə, qanunlara bir qanlı üsyan eylərəm

 

Çəkmərəm əl çəkməyincə darə meydanda məni

Ta ənəlhəq sirrini məşhuri-meydan eylərəm

 

Səhni-camedə ənəlhəq minbərin bərpa qılıb

Köhnə vəhyi tazə söz tək bir də elan eylərəm

 

Əhli-iman arizusun arizu tək saxlaram

Möminə kafir derəm küfrüysə iman eylərəm

 

Cənnət içrə nəhrü əşcar axtaranda əhli-din

Damənim cənnət qılıb Mənsuru Rizvan eylərəm

 

Dəmbədəm asan görünmüş ləfzi müşkül göstərib

Mən minillik müşkülü bir dəmdə asan eylərəm

 

Bilmərəm rəmzü məcaz ol qədr aşkar söylərəm

Ta ki on dörd əsrlik Allahı insan eylərəm

 

Öldürün, dəfn eyləyin üstümdə yeddi daş qoyun

Yoxsa sağ qaldıqca hər gün çox daha qan eylərəm

 

Rüstəmin nitqində aşkar eyləyib əsrarımı

Rüstəmi-dəstan kimi, dillərdə dastan eylərəm. 

 

Mehman Rəsulov

 

Mən dərimdən uçmuşam,

Soxulcan vücudundan,

Uçan kəpənək kimi.

Qəzəl doğub qanayan

Hamilə ürək kimi.

 

Məkan yox sığacağım

Gecə qəhət yatmağa.

Bir Nəsimi gərəkdir

Tənhalıq dağıtmağa.

Bir Nəsimi əsməli

Kəlmələr arasından.

Gecəyə yas tutmalı

Şair göz qarasından.

 

Bir Nəsimi əsməli

Ağrımaz bədənimə.

Mən bəşərə gərəyəm

Bəşərsə dərdlərimə.

 

Soyduğunuz dərimi

Oda atın, alışsın.

Zərrələrim tüstüylə

Küləklərə qarışsın.

 

Nəsimi çağa səsi

Nəsimi son nəfəsdi.

Günahkar ruhumuza

Vücudumuz qəfəsdi...

 

Kamal Hüseynzadə

 

Nəsimiyə nəzirə

Bağrımnı dəlür navəki-hicrani-filani,

Qanımı tökər sehr ilə çeşmani-filani.

 

Nəsimi

Ürkək baxışın odlasa da canı, filanı,

Bənzətmərəm əsla sənə ceyranı, filanı.

 

Səndən söz açan kəs sənə təşbeh tapa bilməz,

Şer aləminin olsa da sultanı, filanı.

 

Mən düz baxıram, sən necə varsan, elə görsən,

Görsəm kor olum səndəki nöqsanı, filanı.

 

Sən qeyri-müsəlman belə olsan mənə xoşdur,

Eşq hərləmir onsuz da müsəlmanı, filanı.

 

Sevdim səni, eşqim mənə Allahı tanıtdı,

Vallah, oxumaqla deyil irfanı, filanı.

 

Sənsən səbəbi göz yaşımın, ey gözü yaşlım,

Mən yoxsa yaxın qoymaram hicranı, filanı.

 

Pis-yaxşı, Kamal, qəlb evim abad olub, amma,

Zövqümcə deyil, təmiri, səhmanı, filanı.

 

© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! 

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!