Etimad Başkeçidin, Aysel Əlizadənin və Səhər Əhmədin nəsri üzərində düşüncələr...
Sosializm realizminin kölgəsi çəkildikdən sonra Azərbaycanda müstəqillik dövrünün yeni ədəbiyyatı yaranmağa başladı. Proletar diktaturasının hökmranlığı nəticəsində təbii inkişafı ləngiyən ədəbiyyatımız, SSRİ dağıldıqdan sonra dünya ədəbi prosesinə qoşulmaqda yubanırdı. Bəzi cüzi uğurları nəzərə almasaq, bu ləngimə indinin özündə də davam edir. Orxan Pamukun türk romanı barədə dediyi aşağıdakı fikir, müasir Azərbaycan ədəbiyyatı üçün də keçərlidir:
"Dinlərin, ideologiyaların, kuralların təsirindən xilas olub, həyatımızın mənasını, öz gündəlik yaşamımızda axtaracağımız zaman problem özü-özünə çözüləcək".
Bu mövzu geniş və çoxşaxəli olduğundan onun bir yazıya sığdırılması imkansız görünür. Ona görə də birbaşa mətləbə keçəlim.
Məqalədə son illərdə nəşr edilmiş bir neçə nəsr əsərini gözdən keçirəcəyik.
Başlayaq Etimad Başkeçidin "Min yol mənə söylər" romanından.
İstedadlı yazıçı Etimad Başkeçidin adıçəkilən əsəri SSRİ-nin çöküşü ərəfəsində Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan gənc azərbaycanlı tələbənin başına gələnlərdən danışır. Romanın qəhrəmanı müəllifin özüdür. Əsər boyu maddi sıxıntılar içində çarpışan, uğursuz sevgi dramı yaşayan, bəzən cəmiyyətdən bezib, təcrid olunan, ekzistensial havalarda başı dumanlanan gəncin həyatını film kimi izləyirik. Romanda hadisələrin bir- biri ilə məntiqi bağlılığı, səbəb-nəticə əlaqələrinin ardıcıllığı, personajların xarakterlərinin əməlləri ilə uyğunluğu əsasən, gənc yazıçılara örnək olacaq əsərdaxili intizam və səliqəliliyi nəzərə çarpdırır.
Əsər real hadisələri əks etdirir və o dövrün qarışıq mənzərəsi, siyasi çalxanışları sadə insanların həyati portretlərində təbii cizgilərlə göstərilir.
Terminlər çoxluğunu və müəllifin təhkiyəsindəki dialekt ifadələri nəzərə almasaq, romanın dili sadə və aydındır.
Əsərdə qəhrəmanın fərdi psixoloji aləmini açan bəzi məqamlar, pessimist əhval-ruhiyyənin gətirdiyi ümumi vecsizlik, (Şərqdə bunu "fanilik duyğusu" adlandırırlar) Knut Hamsunun "Aclıq" romanı ilə bənzərdir. Epizodların birində yataqxanadan qovulan, nəhəng yad şəhərdə pulsuz və kimsəsiz qalan Edik, yorğunluqdan bir skamyanın üstündəcə yuxuya gedir. Bir neçə saatdan sonra yuxudan oyanan gənc tələbə, yatarkən başının altına qoyduğu, ona həmişə ağırlıq eləyən portfelinin oğurlandığını görür. Olayı duyunca, tez ciblərini yoxlayır, sənədlərin cibində olmasına əmin olandan sonra qafqazlıya xas olmayan soyuqqanlılıqla öz-özünə deyir: "Yaxşı ki, bu çantanı oğurladılar. Yoxsa kim bilir, daha nə qədər belimdə gəzəcəkdi".
Əsər barədə qısa məlumatda müəllif, həyatın daosizm motivləri üzərində qurulduğunu, qəhrəmanın dao-yol arxetipinin daşıyıcısı olduğunu qeyd edir. Əsərin qəhrəmanında müşahidə etdiyimiz ruhsallıq daosizmə və hind təlimlərinə yaxın olsa da, nitqi daha çox islami dünyagörüşünü əks etdirir. (Qəhrəmanın təyyarəyə "kəlmeyi-şəhadət"siz minməməsi və s.)
Yaddaqalan epizodlardan biri də Edikin İsanın rəsmi ilə danışmasıdır. Kirayə qaldığı otağın divarından asılımış İsa rəsmindən başqa dərdini deməyə bir kimsə tapmayan gəncin monoloqu, Yenidənqurma dövrünün Rusiyasında vəziyyətin amansızlığını dəqiqliklə ifadə edir. Əli hər yerdən üzülmüş çılğın tələbə üzünü xristian tanrısına tutub söylədiyi çıxışını belə tamamlayır:
"Xəbərin olsun, Sənətkar! Sən də mənim kimi "çernomazı"san və əgər indiki vaxtlarda Moskvada yaşamış olsaydın, özünə iş belə tapa bilməzdin..."
Romanda daha maraqlı bir epizod da var. Daha doğrusu, epizodun özü yox, müəllifin orada işlətdiyi müqayisə ağlasığmaz dərəcədə ironik səslənir. Belə ki, əsər qəhrəmanı birgünlük London səfəri zamanı dostu ilə birlikdə məşhur "Hayd Park"da (Hide Park) gəzişərkən, kürsüdə coşqu ilə nitq söyləyən oratoru görür. Natiq İngiltərəni yadplanetlilərin idarə etməsi barədə danışırmış. Burada yazıçının tərəkəmə saflığından doğan qeyri-adi təşbehi oxuyarkən, gülməkdən özümü saxlaya bilmədim:
"O, bar-bar bağırırdı. Getdikcə mal peyini kimi qızışırdı".
Çox güman, həmin ingilis natiq bu ifadəni oxusaydı, yəqin ki, tutduğu işi ömürlük buraxıb, bir hind məbədində kahin olardı.
Lakin deməliyik ki, əsərin kompozisiyası ustalıqla qurulub, bəzi elementlər və detallar ilk baxışda xaotik təsir bağışlasa da, heç biri müəllif nəzarətindən kənarda deyil. Əsərdə hər bir xırda təsvirin önəmi var, süjet inkişaf etdikcə, həmin elementlərin nə qədər yerində işlədildiyini hiss edirik. Nöqsanlara gəldikdə isə qeyd etməliyik ki, əsərin qəhrəmanı da daxil olmaqla, digər obrazların daxili-mənəvi aləmi, psixoloji portretləri demək olar ki, açılmır. Romanın yarısından sonra süjetə daxil olan yardımçı surət - Yura obrazı isə əsas personajların hamısından daha dolğun təsir bağışlayır.
Ümumiyyətlə, müəllif yazdığı mətndə nə qədər sərbəst olsa, klassik ölçü-biçini nə qədər saymazdan gəlsə də, ədəbiyyatın dəyişməyən qanunları var. Hansı ki onlar pozulduqda ortaya "defekt" məhsulun çıxma təhlükəsi yaranır. Məsələn, "Min yol mənə söylər" romanında baş qəhrəmanın sevgi macərası sönük, sevdiyi qadının bədii portreti isə alayarımçıqdır. Əlbəttə, yazıçı, real həyatı göstərən əsərə şişirdilmiş romantik aura qatmaq məcburiyyətində deyil. Di gəl, romandakı isti sevgi münasibətlərini quru və soyuq cümlələrlə yola vermək də bir sənətkar qələminə yaraşmır. Bəzi yazıçılarımızda belə bir qəribə xüsusiyyət var: şəxsən tanıdıqları gerçək bir insanın bədii portretini cızarkən, onlara elə gəlir ki, bir-iki cümlə ilə oxucular həmin şəxsi xatırlayacaq və təsəvvürlərində canlandıra biləcəklər. Məsələn, Etimad bəyin romanında Dan ulduzu kimi hərdənbir görünən Yanis obrazı buna əyani misaldır.
Etimad Başkeçid istedadlı və məsuliyyətli yazıçıdır, ona görə də düşünürəm ki, istəsə, çağdaş epik ədəbiyyatımızın ən sanballı nümunələrini yarada bilər.
Ümumilikdə, ədəbi parametrlərinə, üslub səlisliyinə, realist səhnələrin dəqiq, təbii təsvirlərinə görə "Min yol mənə söylər"romanı son illərin ən tutarlı nəsr hadisəsi kimi qiymətləndirilməlidir.
Aysel Əlizadənin "Qadın Peyğəmbər" romanı qeyri-adi məzmununa və bir neçə qatlı strukturuna görə diqqəti cəlb edir. Əsər - şəxsi həyatında iztirablar çəkən qadının mənəvi təkamül keçərək, ilahi gerçəkliyə yaxınlaşması və peyğəmbər səviyyəsinə yüksəlməsindən bəhs edir.
Aysel xanımın bu sentimental, qismən də simvolizmə söykənən əsəri Azərbaycanda ilk feminist romanın yaradılmasına cəhd kimi qiymətləndirilə bilər. Cəfər Cabbarlının "Almaz" və "Sevil"i, Mir Cəlalın "Ədalət"i, Süleyman Rəhimovun "Saçlı"sı, Anarın "Təhminə"sindən sonrakı böyük boşluqda Aysel Əlizadə Qar obrazı ilə bu siyahını davam etdirməyə iddialıdır.
"Qadın Peyğəmbər" qismən avtobioqrafik əsərdir və əsərin qəhrəmanı haradasa, müəllifin prototipidir.
Qar şəxsi həyatındakı uğursuzluqlardan əziyyət çəkir, depressiyaya düşür, təklənir, insanın dünyada kimsəsizliyi, "hər kəsin günahı var, amma hamı günahsızdır" kimi düşüncələrə qapılır, getdikcə, üzü Promoteydən bəri bəşəriyyətin xilasına çalışan mifik və real qəhrəmanların acı taleyini yaşamalı olur. Tanrı tərəfindən insanlığı xilas üçün seçilmiş Qara, Tanrının dediklərini kitab vasitəsilə çatdırmaq buyurulur. Beləliklə, Qar 124 001-ci peyğəmbər olur. Romanda Qarın Tanrının məkanına getməsi, onunla söhbəti, Sokrat, Marks, Nitsşe kimi mütəfəkkirlərin "Kosmiya"da məskunlaşan düşüncələri ilə dialoqlar çox maraqlıdır. Əsərin daha bir qeyri-adiliyi roman qəhrəmanlarının adlarında üzə çıxır. Personajlara Qar, Nur, Ər, Nər kimi adların verilməsi, romanın fərqliliyini və orijinallığını təmin edir.
Lakin bütün bu müsbət keyfiyyətlərlə yanaşı, əsərdə bəzi çatışmazlıqlara da rast gəlinir.
Məsələn, bədii mahiyyətin publisistik dil və üslubun aparıcı qatında əzilməsi, əsərə romandan daha çox irihəcmli esse görünüşü verir.
Yazıçı dinlərdəki Tanrı adlanan varlığın insanlar tərəfindən uydurulması qənaətində olsa da, onun qəhrəmanı insanlığı məhz, Tanrının iradəsi ilə xilas etmək istəyir. Əsərin ideyası da budur:
Kişilərdən ibarət peyğəmbər ordusu dünyanı düzəldə bilmədi, ona görə Tanrı bu dəfə qadını seçdi. Bəs bu seçim nə ilə nəticələnir? Qar ona verilən missiyanı daşıya bilirmi? Yox. Deyəsən, heç buna cəhd də eləmir. Tanrı yanına yüksəlməzdən öncə, Qar necə idisə, bu fövqəladə görüşdən sonra da həmin aurada, həmin vəziyyətdədir. Yenə də dünyadan küskün, həyatdan bezgin, kişilərlə mənəvi ortam qura bilməyən bir qadını görürük. Əyyaş ərdən və mənəvi təklikdən əziyyət çəkən adi bir Azərbaycan qadını. Amma nədənsə peyğəmbərliyə yüksəlib, nirvanaya çatıb, ilahi gerçəkliyi dərk etsə belə bu qadın hələ də məişət səliqəsizliyini sevmir və pişiklərdən iyrənir.
Bundan əlavə, Tanrının Qara müraciətində "siz"lə danışması, İsanın "Kosmiya"dakı ruhlara "bəylər" deyə müraciət etməsi, içki düşkünlüyünün dünyadakı bütün qanlı fəlakətlərlə müqayisədə daha betər faciə kimi qələmə verilməsi, peyğəmbər Qarın "kişi olsaydı, dost-tanışını başına yığıb məclis açar, dərdini danışardı", sırf qadın olduğuna görə bunu eləyə bilməməsi kimi təbii görünməyən situasiyalarla üzləşirik.
Qəhrəmanını Tanrı elçisi səviyyəsinə yüksəldən yazıçı, təəssüflər olsun ki, onun bu ucalığa qalxmasına səbəb olan konkret bir əməlini göstərmir. Peyğəmbərimiz Tanrı ilə görüşdükdən sonra, sifariş aldığı kitabı yazır və bitirər-bitirməz, intihar edir. Tanrı insanlara Qarın vasitəsilə nələri çatdırmaq istəyirdi, o kitabda hansı fikirlər, mesajlar yer almışdı, "dünyanı bürüyən bəla" dedikdə, nələr nəzərdə tutulur? Bəşəriyyət sonuncu peyğəmbərin - Qarın demək istədiklərini anladımı? Ümumiyyətlə, Qar nəsə dedimi? Yoxsa Tanrı bu dəfə də səhv etmişdi? Bu dəfədəmi Tanrıda alınmadı? Bilmirik. Bu suallar cavabsız qalır. Roman Qarın intiharı - müəllifin öz düşüncəsini azadlığa buraxmasının təsviri ilə bitir.
Bu kimi qüsurlara baxmayaraq, "Qadın peyğəmbər" romanı ictimai dəyərinə və sosial mesajlarına görə istənilən yaş dövrünün oxucusu üçün aktual və əhəmiyyətli əsərdir.
Səhər Əhmədin publisistik yazıları ilə tanış olduğum zaman onun haqqında "yaxşı qələmi var" - deyə düşünmüşdüm. Səhər xanımın bədii nəsrini oxuduqdan sonra, bu qənaətimdə daha da möhkəmləndim. Söhbət onun povest, hekayə və esselərdən ibarət "Həyatın təkrar nəşri" kitabından gedir. "Etüdlər" adlandırdığı qısahəcmli esselərinin hər biri vacib ictimai yükə və aydın mesaja malikdir. Hekayələrdə isə günümüzün reallıqları insan psixologiyasının əcaib qatlarından keçirilərək oxucuya təqdim olunur. Səhər Əhmədin nəsr dili yüngül və rahatdı, ağır cümlələr, uzun-uzadı fəlsəfi mühakimələrlə oxucunu yormur. Bədii rənglərlə mənzərəni çəkib, geriyə qalanını oxucu duyumuna buraxır:
"Qoca tutqac anlayırdı ki, artıq ömrünün sonudu, bir azdan öləcək. Bir də heç vaxt sevgilisini görməyəcək, heç vaxt ondan gedişinin səbəbini soruşmayacaq. Dostuna onsuz keçirdiyi günlərdən danışa bilməyəcək, sarı tutqaclardan, onların mübarizəsindən bəhs etməyəcək. Bütün bunları düşündükcə qoca tutqacın ürəyi sıxılırdı. Get-gedə ona lazımsız bir əşya kimi torbanın dibinə atılıb qalması pis təsir edirdi. Deməli, o bir də işə çıxa bilməyəcəkdi, iş başında ölmək ona qismət olmayacaqdı. Elə torbanın dibində çürüyüb gedəcək, heç kim onun ölümünə yanmayacaqdı. Bəlkə hələ həsəd aparacaqdılar.
Bu fikirlərlə qış keçdi. Bir gün torbanın lap dibinə bir əl uzandı. Ev sahibəsi qoca tutqacı çıxarıb o yan-bu yanını təmizlədi, sonra da ortancıl qızının təzə, güllü donuna taxdı."
Nümunə verdiyimiz parça "Taxta tutqacın nağılı" alleqorik hekayəsindəndir. İncə estetik zövq və talantla yazılan hekayə, məzmunca, Corc Oruellin "Heyvanıstan"ını xatırlatsa da, ideya və forma baxımından yeniliyi ilə diqqəti cəlb edir.
Səhər Əhmədin bir çox yazarlarımızla müqayisədə bir üstünlüyü də var: Bu, yazıçı üçün son dərəcə vacib olan müşahidəçilik qabiliyyətidir.
"Bir ovuc qızıl", "Yeni il" hekayələrində onun xırda, lakin böyük anlamlı həyati detalları necə dəqiqliklə nəsrə çevirməsinin şahidi oluruq.
Səhər Əhmədin yaradıcılığı mənə yapon poeziyasını xatırladır, bu xanımda nazik, sivri qələmlə, ağ vərəq üzərində zərif poetik naxışlar çəkmə bacarığı var və xoşbəxtlikdən o, realistdir.
***
Bu yazımızda üç tanınmış müəllifin üç maraqlı kitabını təhlil etməyə çalışdıq. Növbəti təhlillərdə görüşənədək!
© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!