Azərbaycan elminin görkəmli nümayəndələrindən biri də professor M.Təhmasibdir. Bu görkəmli elm xadimi 75 illik mənalı ömrünün böyük bir hissəsini ədəbi-bədii yaradıcılığa, elmi fəaliyyətə həsr etmişdir. M.Təhmasib xalqımızın şifahi ədəbiyyat xəzinəsinin, folklorumuzun məşhur bilicilərindən biri idi. O,bu elm sahəsində xalq ədəbiyyatı nümunələrinin həm toplayıcısı, həm də folklor nəzəriyyəçisi kimi tanınır.
Məlumdur ki, M.Təhmasib Azərbaycan dastan nəzəriyyəçiliyinin əsasını qoyanlardan biridir. Heç də təsadüfi deyildir ki, görkəmli elm xadimi "Azərbaycan xalq dastanları (Orta əsrlər)" mövzusunda doktorluq işi müdafiə etmiş (1964) və həmin tədqiqat işi 1971-ci ildə monoqrafiya şəklində nəşr edilmişdir. Bu əsərdə Azərbaycan dastanları türk dünyası kontekstində tədqiq olunmuş, dastanların qədim mifoloji kökləri araşdırılmışdır. Müəllif dastan terminologiyasını da nəzərdən qaçırmır, ayrı-ayrı söz, termin və ifadələrin işlənmə məqam və mənalarına təmas edir, bu məfhumların etimoloji xüsusiyyətlərini təhlil edir.
Xalqımızın ən qədim şifahi ədəbiyyat abidələrindən, ədəbi-bədii sərvətlərindən biri "Kitabi-Dədə Qorqud"dur. Ötən əsrin 50-ci illərinin əvvəlində Sov.İKP MK-nın rəhbərləri sırasına soxulmuş A.Mikoyan Stalində bu dastanda gürcü xalqının təhqir olunması haqqında rəy yarada bilmiş, buna görə də yuxarıdan gələn göstəriş əsasında respublikamızın o zamankı rəhbəri Mir Cəfər Bağırov dastanın Azərbaycanda tədqiqini qadağan etmişdi. Bu məsələ ancaq 1950-ci illərin sonlarında yavaş-yavaş ortaya çıxarılmağa başlandı. Məhz bununla əlaqədar olaraq bu qiymətli dastan eyni ildə- 1962-ci ildə həm Bakıda, həm Moskvada yenidən nəşr edildi. Bir sıra alimlər, məs. Ə.Sultanlı, Ə.Dəmirçizadə,Ş.Cəmşidov, E.Əlizadə bu sahədə sanballı tədqiqat əsərləri meydana çıxardılar. Şifahi xalq yaradıcılığımızın görkəmli bilicisi M.Təhmasib də bu alimlərdən biri idi.Belə ki, alim 1966-cı ildə "Dədə Qorqud boyları haqqında" adlı monoqrafiya həcmli iki məqalə nəşr etdirdi. Burada ilk dəfə Azərbaycan xalqının bu qəhrəmanlıq dastanının türk qəhrəmanlıq eposu tarixində yeri,əsərin bəzi dərin qatlarının araşdırılması, dastanın şifahi ədəbiyyat abidəsi kimi totemistik və mifoloji səciyyəsi verilmiş, oradakı tarixi çalarlar üzə çıxarılmış, dastanla oğuznamələr müqayisə edilmiş, dastanın dil xüsusiyyətlərinə xüsusi diqqət yetirilmişdir.
Bu oğuz qəhrəmanlıq eposunun səlcuqlar dövrünün məhsulu olduğunu iddia edənlərə M.Təhmasib qəti şəkildə etiraz edərək göstərir ki, bu cahanşümul eposun doğrudan da X-X1 əsrlərdən çox-çox qabaqlarla bağlı olduğunu bir çox dəlillərlə də sübut etmək mümkündür.Məlumdur ki, oğuz eposu, oğuznamələr yalnız "Kitabi-Dədə Qorqud"dan ibarət deyil. Bu boylar, ümumiyyətlə, Azərbaycan eposunun orta mərhələsinin, oğuz eposunun isə son mərhələsinin məhsuludur. Daha qədim mərhələlərin oğuz eposu isə bir tərəfdən, ibtidai əsatir eposu nümunələrindən, digər tərəfdən isə real hadisələrlə səsləşən tarixi əfsanələrdən ibarətdir. Bunlardan ən maraqlısı əsatiri eposdur. Bu əsərə görə oğuz qəbilələrinin eponimi, yəni cəddi-qədimi Oğuz xan, yaxud Oğuz xaqandır.
Dastandakı Oğuzun digər dastan qəhrəmanlarından fərqini isə müəllif belə izah edir.:"Oğuzun özü,anası, arvadları və uşaqları işıqla bağlıdırlar. Buna görə də onlar başqa xalqların əsatiri eposlarının mədəni qəhrəmanları kimi ancaq od gətirmək vəzifəsini yerinə yetirməmişlər. Bizcə, bu ibtidai əsatir oğuz eposunun ən qədim nümunəsidir".
Müəllif dastanda işlənən Oğuz onomastik vahidinin tarixinə, formalaşmasına, inkişaf yoluna da toxunur. Məlumdur ki, oğuz sözünün mənşəyi haqqında bir neçə mülahizə, fikir vardır. Oğuz onomastik vahidini bəziləri öküz totemi ilə bağlayır, bəziləri oğuz sözünün ox/ok leksik vahidindən törədiyini irəli sürür, üçüncü fikrə görə isə oğuz işıq, od, yaxud işığın, odun hamisi deməkdir. Bunları sadaladıqdan sonra müəllif Oğuz sözünün mənşəyi haqqındakı mülahizələrə münasibət bildirərək yazır:"Bizcə, bu izahların üçü də düzdür.Bunlar ona görə bir-birindən fərqlidirlər ki, hərəsi bu surətin inkişafının bir mərhələsini izah edir.Birincisi,yəni ən qədimi bu sözün qəbilələr şəklində də izahıdır ki, bunun doğrudan da belə olduğunu üç oğuz, doqquz oğuz və s. qəbilə birləşməsi adlarının mövcudiyyəti göstərir. Məlumdur ki, üç oğuz üç qəbilədən, 9 oğuz isə 9 qəbilədən ibarət birləşmələr deməkdir. İkinci mərhələdə, yəni əsrlər keçdikdən sonra bu ellərin başbilən dastançıları sözə əsatiri boyalar çəkmiş, onu birləşmənin təşəkkülündə iştirak etmiş olan əsas etnik ünsürlərin, yəni dörd qəbilənin ən əsas totemlərinin əlamətləri ilə bəzəmiş, özlərinə cəddi-qədim, yəni eponim düzəltmişlər. III mərhələdə totemə olan etiqad aradan qalxmış, tək Allaha meyil qüvvətlənmişdir. Bu dövrdə artıq ata bir sıra başqa mənaları ilə birlikdə həm də əngin səma dərin zülmət,qaranlıq gecə demək olan Qara xana çevrilmişdir ki, ondan törəyib onu məhv edən övlad olar,fəcr olar,işıq olar".
M.Təhmasib istər aşıq, istər onun qədim şəkli olan ozan titullarının bizim xalq yaradıcılığımızla sıx bağlı olduğunu göstərir, bunun işlənməsinə aid bayatı nümunələri verir, hətta Gəncədə ozanlar məhəlləsi olduğuna işarə edərək qeyd edir ki, görünür, bir müddət bu ad-titul yeni ortaya çıxan aşıq ad-titulu ilə birgə yaşamış, aşığı yaradan tarixi,ictimai, siyasi amillər qüvvətləndikcə (ozan-Ə.Q.) yavaş-yavaş aradan çıxmışdır. Müəllif burada həmin titulun mənşəyi haqqında da qiymətli mülahizə irəli sürmüşdür: "Bizcə, bu saat ozan şəklində yazılan bu söz əslində "uzan"dır. Bir sıra lüğətlər, eləcə də V.Bartold özü bunu uzan şəklində işlədirlər.Sözün kökü bizcə, uz-dur ki, burdan da uzlaşmaq, uzlaşan, uzlaşdıran kimi ifadələr dilimizdə yaşamaqdadır" (I c. s.189). Müəllif çox doğru olaraq qeyd edir ki, ozan ad-titulu bir neçə əsr aşıq ad-titulu ilə müvazi yaşamış, sonralar aşığı yaradan tarixi-ictimai amillər qüvvətləndikcə yavaş-yavaş sıradan çıxmışdır (II c.s.32).
Onu da qeyd etmək lazımdır ki, aşıq sözü "Kitabi-Dədə Qorqud"da aşıq sənəti mənasında işlənməmiş, bu məna sonrakı dövrün məhsulu kimi gözə çarpır.
Qeyd etmək lazımdır ki, "Kitabi-Dədə Qorqud"un oğuz abidəsi olmasını şərtləndirən amillərdən biri, Dədə titulu ilə işlənməsindən ibarətdir, çünki Orta Asiya türklərində, məsələn, türkmənlərdə dədə titulu əvəzinə ata titulu (Korkut ata) işlənir. M.Təhmasib "Dədə Qorqud"un bizim xalq yaradıcılığımızla üzvi şəkildə bağlı olduğunu söylərkən aşıq ədəbiyyatına da nəzər salır və göstərir ki, bizim bugünkü aşıqlarımız da "Dədə Qorqud" boylarında olduğu kimi, əsasən iki yerə bölünürlər. Bir sadəcə aşıq adı daşıyan peşəkar aşıqlar var ki, belələri yaradıcı olmaqdan daha çox, yayan və yaşadandırlar. Bir də yaradan, düzən, qoşan aşıq var ki, biz bunlara ustad aşıq deyirik. Xalq içərisində ustad aşıqların ən qocamanları öz şairlik, müğənnilik, bəstəkarlıq məharətlərinə görə ən çox hörmət qazanmışları "dədə" adlanmışlar, bu saat da adlanırlar. Dədə Kərəm, Dədə Yediyar, Dədə Qasım və başqaları (I c.s.189).
"Kitabi-Dədə Qorqud"da şülən qədim türk sözü bir neçə məqamda işlənmişdir. "Kitabi-Dədə Qorqud"un izahlı lüğətində bu keksik vahidin iki məna ifadə etdiyi göstərilir:1.Qonaqlıq üçün hazırlanmış bol yemə-içmə, bol ərzaq:Ağayılda ağca qoyunum sənə şülən olsun; 2.Yemə-içmə məclisi. Beyrək şülən yeməyinin üzərinə gəldi (64). M.Təhmasib oğuzların şülən məclisi üzərində daha ətraflı dayanır, onun səciyyəvi xüsusiyyətlərini təhlil edir, oğuzlara məxsus bir mərasim kimi dastanda əksini tapdığını vurğulayır. O yazır: "Əfsanəyə görə oğuzun altı oğlunun hər birinin özünəməxsus totem-onqonu və şülən-şilan məclisində hər birinin özünəməxsus yeri vardı. Şülən -şilanlarda ,yəni ildə bir dəfə keçirilən xüsusi mərasimlərdə totemi kəsib yemək adəti yaşamışdır. Lakin hər oğul bu totem ətinin ancaq müəyyən bir yerindən yeyə bilərdi.Bu hissəni Rəşidəddin sökük, Əbülqazi isə ölüş adlandırır. Demək hər oğulun,sonralar hər nəvənin, daha sonralar isə hər qəbilənin şülən-çilan ətindən müəyyən ölüsü var imiş" (I c.s.202).
M.Təhmasib bu qədim türk mərasim termininin müasir dialekt və şivələrdə şilançı (əlinə gələn pulu sağa-sola səpən adam mənasında) şəklində qaldığını göstərir,eyni zamanda xalq arasında hələ də işlənməsini aşağıdakı atalar sözü ilə nümayiş etdirir:
Şilan bəylərin aşı,
Tutmac onun yoldaşı.
Umac ilə bulamac
Qırnaq, qarabaş aşı.
"Dədə Qorqud"da işlənən şülən termini ilə bağlı sözlərdən biri də ölüşdür.Müəllif dastanlardan yola çıxaraq oğuznamələrdəki məlumatları təhlil edir, belə qənaətə gəlir ki, oğuzlarda hər qəbilənin şülən ətindən bir müəyyən ölüşü (hissəsi,payı) var imiş (I c.s.202). Bu təşkilat sisteminin izləri,bu ölüş bölgüsünün əlamətləri sayaçı sözlərində yaşayaraq zəmanəmizə qədər gəlmişdir.Təsadüfi deyildir ki,ülüş sözü eyni mənada dilimizin müasir dialekt və şivələrində bu gün də təsadüf edilməkdədir.
Beləliklə, bu qısa qeydlərimiz onu göstərir ki, görkəmli folklorşünas, professor M.Təhmasibin dil məsələlərinə aid elmimiz üçün çox qiymətli görüşləri, fikir və mülahizələri vardır. İnanırıq ki, bu görüşlərin gələcəkdə dərindən tədqiqi dilçilik elmimizi daha da zənginləşdirəcəkdir.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!