1918-ci ildə Azərbaycanın milli azadlıq əldə edib, müstəqil dövlət qurduğu elan olunanda Mikayılın 10 yaşı var idi. Üçüncü sinifdə oxuyurdu. Körpə yaşlarından ata-anasını itirib, küçələrdə "dağlı çörəyi", papiros satmaqla özünü dolandırmalı olsa da, aşıq-şair nəslindən gələn genetik fəhmlə təhsilə, biliyə can atırdı. Məktəbli dostları ilə Bakıda baş verən hadisələrin təkcə iştirakçısı olmaqla qalmır, həm də evdə, məktəbdə, toplantı olan yerlərdə danışılanlara diqqətlə qulaq asırdı. Şeirə hədsiz sevgisindən günün vətən, millət, bayraq şərqiləri və əsgər marşları dilinin əzbəri olmuşdu. Ölkədə baş verən çox mühüm tarixi ictimai-siyasi hadisələr yaddaşının dərinliklərinə yazılır, ayıq-sayıq marağı, fitri həssaslığı, iti dərrakəsi sayəsində müstəqil dünyagörüşü formalaşırdı.
Pedtexnikumda oxuyanda 1924-cü ildən Sabir adına Kitabxanadakı Azərbaycan ədəbiyyatı cəmiyyətinin "Yaşıl yarpaqlar" dərnəyində iştirak edirdi. Bəzi yığıncaqlarda yaradıcılıqlarını əzbər bildiyi böyük sənətkarlar Hüseyn Cavidin, Əhməd Cavadın yaxınlığında olmaq, səslərini eşitmək onun üçün böyük səadət idi. Cümhuriyyətin məcburi süqutunu heç cür həzm edə bilməyən Əhməd Cavadın:
Eşqimin nə imiş bilməm günahı,
Yıxıldı könlümün istinadgahı, -
kimi lirik fəryadlarının təsirilə:
Mən sərsəri bir rüzgar,
Ellər mənə olmuş yar.
Hala yenə matəm var,
Mən ağladığım yerdə -
deyə yazdığı bədbin şeirlərinin dərnəkdə tənqid edildiyi xatırlanır.
1926-cı ildən ədəbi-ictimai mühitdə öz fəallığı ilə seçilən Süleyman Rüstəmin təkidi ilə "Qızıl gənc qələmlər" cəmiyyətinə getməyə başladı:
Acı qəmlərlə onun qəlbi sınıq, ruhu sınıq,
Ona rəhm eyləyən əllər hanı, olmuşmu qırıq?!.
deyə ələm, qüssə motivli "Kölgəliklərdə" (1929) kimi şeirlərini yeni dövlətin inqilabi doktrinləri ilə silahlanmış heç bir mətbuat orqanı qəbul etmirdi. Ona 28 Aprelə, Oktyabra, 1 Maya, Leninə, komsomola dair şeirlər yazmağı tövsiyə etdilər. Nəhayət, 1926-cı ilin 28 Aprel günündə "Bir gün" şeiri ilə 18 yaşlı Mikayıl İsmayılzadənin imzası ədəbi mühitə cığır aça bildi. Şeirlərinin birində:
Mən ömrümdə kimsədən bir söz qəbul etmədim,
Arzularım görmədi nə zəncir, nə də məhbəs.
Bir qartala çocuqkən uçuşda oldum əvəz. -
desə də çap olunmaq naminə Süleyman Rüstəmin təbirincə "mühitin istədiyi meyvəni" yetirməyə başladı: bir-birinin ardınca inqilab rəhbərinə, bayramlarına, neftə, pambığa, yarışa, avrala, qurultaya şeirlər dərc etdirirdi. Ancaq ürəyinin duyğuları, şüurunun düşüncələri də onu rahat buraxmırdı. Sifarişlə yazdığı məzmunun içində bunların necə misralandığını bir də marksist tənqidçilərin məqalələrindəki kəskin tənbehlərdən xəbər tuturdu. Belə ki, "Lenin" başlıqlı şeirində inqilabdan əvvəl cana doymuş zəhmətkeşlərin öz haqları uğrunda ayağa qalxmalarını təsvir edəndən sonra yazırdı:
O kişi duymadı insaf, mərhəmət,
Haydı dik başları, haydı vur dedi.
Qardaşı qardaşa eylədi düşmən,
İşçini işçiyə eylədi qardaş,
Kilidlənib köhnə ağızlar həmən,
İnsanlıq başına yağdırıldı daş,
Əsrin kürsüsünə çıxanda Lenin.
(Şeirin ilk mətbu variantından istifadə edilmişdir ("Komsomol" jurnalı, 1929 №4)
20 yaşı vardı Müşfiqin. - ölkədə həqiqətən müsbət məzmunlu böyük dəyişikliklər baş verirdi. Yoxsul insanlar hər cür istismardan qurtulub savad almağa, işləməyə, məişətini istəyincə qurmağa macal tapmışdılar. Özünün də cəmiyyətdə mövqeyi, ailədə güzəranı xeyli yaxşılaşmışdı. Gənclərin mədəni, mənəvi, fiziki inkişafına xüsusi qayğı göstərilir, kütləvi maariflənməyə diqqət artırdı. Digər tərəfdən bu yeniləşmə taktikasının əməkçi sinfin mövqeyindən olduğunu iddia edən hökumətin təbliğ-təşviqçiləri insanların şüuruna təsir göstərib, onların düşüncələrini, görüşlərini, əqidələrini məqsədyönlü nizamlamağa, istiqamətləndirməyə xüsusi diqqət yetirirdilər. İyirminci illərin sonu idi. Dövlətin böyük vüsət almış "mədəni inqilab" hərəkatı cəmiyyətin bütün laylarında bir tərpəniş yaratmışdı. Maraqlıdır ki, Müşfiq bu hərəkata həsr etdiyi şeirinin adını "Mədəni hücum" qoyub, ona belə bir təbiət fonu verirdi:
Xəzandır, xəzandır...
Təbiət kişnəyir yüyənsiz at kibi.
Təbiət varlığı əlində oynadır,
Ruzgarlar qudurmuş, səmalar əsəbi.
Qanadı olanlar köksünü gərəcək,
Aləmi titrədən bu fəslin zülmünə.
Odur, bax, zavallı bir yarpaq
Sürünür torpaqda ölərək, kimə nə?!..
Şeiri oxuduqca Müşfiqin "mədəni inqilab" kampaniyasına belə həyəcanlı münasibətinin məğzi açılır. Gənc şair zahirən xalqın mədəni inkişafının təminatçısı görünən bu hərəkatın bəzi hədəf nöqtələri sarıdan narahat idi. "Daloy çadra, daloy papağ"ın ardınca nələr baş verəcəyini fəhmlə duymaqda idi; incə bir kinayə ilə yazırdı: "Geyimlər dəyişdi, sevəlim bu yolu, Hökumət, əmr eylə, ürəklər dəyişsin".
Müşfiq ictimai həyatdakı quruculuq işlərini, yenilikləri hərarətlə tərənnüm edirdi: qızıl əsgərə, xalı toxuyan qızlara, zavoda, traktora, radioya, telefona, pasyolkaya da şeirlər həsr edir, qəzet və jurnallarda tez-tez çap olunur, fəhlələr, neftçilər, kolxozçular qarşısında çıxışlar edirdi. Lakin qəlbinin, şüurunun qəbul edə bilmədiyi ziddiyyətli məqamlara laqeyd qala bilmir, dərhal münasibət bildirirdi. Proletkultçu yazarların "daloy" kampaniyasına dirəklənib şeirimizin əruzuna, hecasına, qəzəlinə, qəsidəsinə qarşı açdığı üsyanlar daha irəli getməkdə idi. Müşfiq 1931-ci ildə "Yeni il"ə həsr etdiyi şeirində "beşilliklərin qələbəsini", "kütlələrin sosializmə doğru yürüşünü" və s. tərənnüm etməklə yanaşı arada belə bir parça da yazıb, çaşmış, yaddaşını itirməkdə olan şüurlara həqiqəti deməyi vacib bilirdi:
Utanmazmı Füzulinin adını çəkən,
özü bir heçkən.
Fikrətin "Tarixi-qədimi"ni
qürurunda bulan,
Böyüklük xəstəliyinə tutulan
"Qızaran üfüqlərin şairi".
Hanı sənin dörd yüz sənə
dönə-dönə
Yaşayacaq dastanın?!
"Marksist" tənqidçilərin mövqe prinsipiallığı mühitində gənc şairin belə cəsarətli çıxışları cavabsız qalmırdı. Əsəd Əyyubi adlı birisi elə həmin ildə "Düşmən ağzına bolşevik yumruğu" sərlövhəli məqalə çap etdirib, Müşfiqin ağzına birdən başlayıb, nə az, nə çox, "... altmış altı yumruq..." vururdu. Onu "müsavatçı", "inqilabın düşməni" kimi ifşaya qalxırdı.
Bir il sonra - 1932-ci ilin mətbuatında oxuyuruq: "Təsərrüfatımızda inqilab törəndiyi bir zamanda heç şübhəsiz ki, dərəbəylik dövrünün mirası olan bir alət yaşaya bilməz. Tar öz-özünə həyat səhnəsindən çıxmalıdır". Həmin dövrdə heç bir mətbuatın çap etməyə cürəti çatmadı Müşfiqin məşhur "Oxu, tar!" şeirini. Gənc şair geri durmadı. Neftçilərin, kolxozçuların, ziyalıların tədbirlərində, "kütləvi yığıncaqlarda bu şeiri elə bir ehtirasla, atəşlə sinədən deyir, "Oxu, tar!" - deyə haray çəkirdi ki, salon alqış səslərindən partlamağa gəlirdi". (S.Rüstəmin, M.İbrahimovun və b. xatirələrindən)
Nə deyim o yekəbaşlara,
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını...
Müşfiq artıq ayıq şüuru, idrakı ilə cəmiyyətdə kənar təsirlərlə yaranan psixoz yanlışlıqların, büdrəmələrin, əyintilərin mahiyyətini dərk etməkdə idi. İctimai reallığın bayramsayağı sərgilənən görüntülərinin cazibəsindən çıxıb, batindəki ağrılı acı həqiqətləri duya-duya mətinləşirdi. Vahid sovet dövləti siyasətinin məğzində xalqı öz kökündən, əslindən, əsrlər boyu özü ilə yaşatdığı müqəddəsliklərindən, şeirindən, musiqisindən, dinindən, hətta dilindən belə imtina etmək təbliğ-təşviq olunurdu.
Müəyyən qrup ictimai törəmələrin yerli-yersiz yaşlı nəsil sənətkarlarına qarşı qərəzli tənqidləri, böhtanları, qaralamaları Müşfiq üçün ən dözülməz bir hal idi. İstər redaksiyalarda, istərsə Yazıçılar İttifaqının yığıncaqlarında Hüseyn Cavidin, Əhməd Cavadın adını hörmətsiz hallandıranlara dərhal sərt cavab verməkdən özünü saxlaya bilmirdi. Tezliklə, onu da qara siyahılara salıb böhtanlar yağdırmağa başladılar. Onun yaradıcılığında hər bəndinin sonunda "Necə əl çəkim" deyə haray çəkilən "Həyat sevgisi" şeiri tək deyil:
Dolaşma baş ucumda bir qara qüvvət kimi,
Aydın yoluma çıxma bir dərin zülmət kimi.
Güclüyəm, dəhşətliyəm mən əbədiyyət kimi,
Yetər, çaxma, ey bulut,
Mənə bir qədər sükut!..
deyilən "Bulud qarşısında" şeirini yazdı. "Əbədiyyət nəğməsi" şeirində zamanının hər uğurunu: zavodunu, fabrikini, pambıq tarlasını, əmək yarışını, Qafqaz xalqlarının dostluğunu, hətta "Qızıl Moskva"nı da tərənnüm etdi. Ancaq arada bir bənd də tarixə mesaj göndərdi:
Ey acıqlı günəş, soyuqqanlı Ay,
Haray bu gərdişin əlindən, haray.
Siz ey ağır başlı buludlar keçin,
Başımın üstündən hey alay-alay...
və şeirini belə bitirdi:
Bu dumanlı dağın başı mən olsam,
Dibinin ağlayan daşı mən olsam,
Ellərin ürəyi kövrəkləşəndə,
Dolu gözlərimin yaşı mən olsam,
Bəzi adamları bilməyim deyə,
Hisslərim korlaşıb, naşı mən olsam,
Bir sərxoş ölümün əlindən düşüb,
Nə zaman qırılan kaşı mən olsam,
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!..
1935-1937-ci illər Müşfiq yaradıcılığının sənətkarlıq və məhsuldarlıq zirvəsi idi. Qələmindən çıxan bütün lirik şeirləri: "Həyat sevgisi", "Şairin ölümü", "Şeirim", "Könlümün dedikləri", "Sənətkar", "Sənin gülüşlərin", "Yağış yağarkən", "Dəvət", "Yenə o bağ olaydı", "Təzə ev"... və lirik-epik poemaları: "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı", "Qaya" və s. kamil sənət örnəkləridir. Bu əsərlərdə bədii sözün qüdrəti ilə şair həm rəssamlıq edib, canlı tablolar yaradır, həm onun səsini, ahəngini çatdırır, iç dünyasından, zamanından acılı-şirinli söhbət açırdı.
1937-ci ildə Müşfiqin ədəbi-ictimai mühitində qara buludlar daha sıxlaşırdı. "Mənim azadlığım qucağa sığmaz" deyən şairin varlığı qədər inandığı, məsləki kimi müqəddəs bildiyi, sevdiyi insanlar: görkəmli ictimai xadimlər, ədəbiyyat və sənət adamları zülmət gecələrin qaranlığında yoxa çıxır, həbs edilir, sürgün olunurdular. Onun bu illərdə yazdığı "Azadlıq dastanı" poemasının lirik qəhrəmanı yaranışından amalı azadlıq olan bəşər övladıdır.
Azadlıq sənətin şeirin ruhudur...,
Azaddır baxınız bütün fələklər.
Buludlar, dalğalar, quşlar, küləklər,
Azaddır əbədi hərəkət azad.
Bu lirik poemada şair dünyanın siyasi ab-havasını ölkə-ölkə tərənnüm axarından keçirir, Afrikanın məhkum zəncisi, Meksikanın məzlum çocuğu, Qanqın hilal qaşlı gözəli, Misirin Leylası, Kabilin igid əfqanı və digərlərindən söhbət açır və sonda şairin öz mühitindəki sapı özümüzdən olan baltalara qarşı sərt ittihamı da ifadəsini tapırdı. Çünki iyirminci illərdən başlayan "Daloy" hücumunun yönümü artıq millətə sarı çevrilmişdi:
Yelkənsiz bir gəmi, ruhsuz bir bədən,
Budur azadlığa yabançı millət.
Azadlıq hər kəsin əzəl naxşıdır,
Məhkum bir millətdən qatır yaxşıdır!..
Yaradıcılığının ilk illərindən şeirlərində forma və məzmun vəhdətinin mükəmməlliyi vurğulanırdı. Həqiqətən lirik məzmunun vahid bir struktur pillələri ilə misra-misra açılışı, dəyişilməsi mümkünsüz, ən sərrast bədii ifadələrlə təcəssüm olunan təsvirin və həyəcanın emosional mənzərəsi, ideal səlis ritmik ahəng, konkret məqamın yaşantılarından ün alan intonasiya vurğuları Müşfiqin təkrarsız şeir üslubunun sənətkarlıq qığılcımlarının yalnız bir qismidir. Şairin cəmi on il çəkən yaradıcılıq ömrü poetikamıza gətirdiyi yeniliklərlə də zəngin və məhsuldar olmuşdur. Parlaq bədii üslubu püxtələşdikcə minillik poeziyamızda öz səsi, avazı ilə öz sözünü deyə bilmiş novator şair kimi, həm də Vətənin milli azadlığı, müstəqilliyi yolunda şəhid olan xalqın igid oğullarından biri kimi ədəbiyyatımızda iz qoymuşdur. Hər sehrinə vaqif olduğu sözün ecazkar qüdrəti ilə zamanının fövqündə dayanan gənc Müşfiq öz sənət dünyası ilə xalqın yaddaşında əbədi yuva qurmuş, ölməz şairimizdir. Özü demişkən:
Hər kəs bilir həyatın sonu ölümdür,
Ah, bu qəmli dəyişmə yaman zülümdür,
Şeirim! Bu gülünc oyun bəllidir yarın
Bizi də bəklər.
Sən də öl mənim kimi, fəqət məzarın
Olsun ürəklər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!