Sami Yusuf: Nəsimi poeziyası onu dərk edən insanın həyatını dəyişməyə qadirdir - MÜSAHİBƏ

Öz bənzərsiz ifası ilə qəlbləri riqqətə gətirən britaniyalı müğənni Sami Yusuf müsahibəsində Nəsimiyə, muğama və Azərbaycana sevgisindən danışıb.

- Sizin Nəsimi yaradıcılığı haqqında nə kimi məlumatınız var?

- Nəsimi haqqında hələ erkən yaşlarımda valideynlərimdən, eləcə də evimizə gələn musiqiçilər və şairlərdən eşitmişdim. O, mistik dünyagörüşünə malik dahi şairlərdən və mütəfəkkirlərdən biri olub. Azərbaycan dilində ilk divanların müəllifi kimi tanınsa da, Nəsiminin yaradıcılığının təsiri Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Türkdilli şair kimi şöhrət qazanmış Nəsimi, həmçinin fars və ərəb dillərində yazdığı əsərlərlə də tanınırdı. Nəsiminin dahiliyi ondadır ki, əsərlərindəki mesaj, ifadə və bənzərsiz bəlağət onun yaşadığı dövrə və məkana sığmırdı. Nəsimi yaradıcılığının ilham mənbəyində əbədilik dayandığı üçün əsərləri öz dövründə olduğu kimi, bu gün də aydın başa düşülür.

- İştirak etdiyiniz festivalı necə dəyərləndirərdiniz?

- Festival çox gözəl bir şəkildə düşünülmüş və təşkil edilmişdi. Nəsiminin əsərlərində ifadə olunan ideyalar ətrafında keçmişi və müasir dövrü bir araya gətirən, dünyadakı müxtəlifliklərə baxmayaraq bütün həyatın birliyini və İlahi mənbəyə çatmaq üçün əsas insan potensialının əhəmiyyətini önə çəkən festival, həmçinin gələcəyə aparan yola işıq saçırdı. Bu yol isə Nəsimi yaradıcılığında ifadə edilən və Azərbaycanı dünyada tanıdan multikulturalizm və tolerantlıq dəyərlərini özündə birləşdirən bir yoldur. Festival çərçivəsində təşkil edilən tamaşalar, nümayiş etdirilən eksponatlar və keçirilən görüşlər öz müxtəlifliyi ilə seçilsə də, onların hamısı eyni məqsədə xidmət edirdi. Mən festivalın bütün təşkilatçılarına, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və vitse-prezidenti Leyla xanım Əliyevaya, həmçinin Mədəniyyət Nazirliyinin bu işdə əməyi olan hər bir əməkdaşına minnətdarlığımı bildirirəm.

- Eşitdiyimizə görə, yeni qlobal musiqi janrının yaradıcısı sizsiniz. Bu, nə dərəcədə doğrudur?

- Musiqi karyerama başlayanda görürdüm ki, mənim ifa tərzimə uyğun bir janr yoxdur. Ona görə də mən qeyd etdiyiniz bu janrı “Spiritik” adlandırdım. Bu ifa tərzinin əsasında insanlarda mənəviyyat hissi oyatmaq, bəzən müqəddəsliyi əks etdirən sözlər, bəzən isə ictimai birgəyaşayış, tolerantlıq və birlik kimi müsbət dəyərləri təşviq edən mesaj dayanır.

Bu mənada, onu deyə bilərəm ki, musiqi sənətinə verdiyim töhfələrə görə Roehampton Universitetinin fəxri doktorluq dərəcəsi ilə təltif olunmuşam və səhv etmirəmsə, indiyə qədər bu mükafata layiq görülən ən gənc ifaçıyam. Bu, mənim “Spiritik” adlı həmin yeni musiqi janrını yaratmağım və onu ərsəyə gətirməyimlə bağlı zəhmətimə verilən qiymətdir. Musiqi vasitəsilə adət-ənənə və irsin qorunmasını özüm üçün prioritet hesab edirəm. Son bir neçə il ərzində demək olar ki, bütün fəaliyyətimi bu sahəyə həsr etmişəm. Bu, heç də mənim “Spiritik” janrından uzaqlaşmağım demək deyil.

- Muğamı sevirsinizmi?

- Muğam dərin məna kəsb edən, gözəl bir musiqidir. Onun mürəkkəb melodiyaları və ritmləri əsrlər boyu nəsildən-nəslə ötürülüb, eyni zamanda, dinləyicilərin və ifaçıların ruhunu qidalandırıb. Dünyada muğam qədər simvolizm və ya bilavasitə müqəddəsliyə, ilahiliyə bağlı olan hər hansı musiqi və şeir forması mövcud deyil. Əslində, muğam mənə meditasiyaya və düşünməyə kömək edir. Ənənəvi sərvətin laqeydsizlik və diqqətsizlik ucbatından itirildiyi bir dövrdə bu dəyərli musiqi irsinin qorunması və təbliği üçün görülən işlər həqiqətən də həyati əhəmiyyət daşıyır. Mən Heydər Əliyev Fondunun Beynəlxalq Muğam Mərkəzinin yaradılması və Beynəlxalq Muğam Festivalının keçirilməsi kimi möhtəşəm işini bir daha qeyd etmək istəyirəm. Bu, Heydər Əliyev Fondunun bu istiqamətdə reallaşdırdığı misilsiz layihələrin yalnız bir hissəsidir.

- Siz Nəsimi festivalında tanınmış xanəndə Alim Qasımovla bir səhnəni bölüşdünüz. Yeni qlobal musiqi janrını və muğamı nə birləşdirir?

- Alim Qasımov öz daxili “mənəvi yanğı"sını musiqi və muğam vasitəsilə parlaq şəkildə ifadə edən canlı əfsanədir. Mən hələ 2015-ci ildə Bakıda keçirilmiş konsertdə Alim Qasımovla bir səhnəni bölüşmək şərəfinə nail olmuşam. Biz birlikdə yalnız ənənəvi alətlərin müşayiəti ilə "Sarı gəlin" mahnısını ifa etmişik. Muğamın musiqi forması “Spiritik” janrın parametrlərinə mükəmməl şəkildə uyğun gəlir və gələcək albomumda Alim Qasımovla əməkdaşlıq etməyi planlaşdırıram.

- Ailənizdə Sizdən və bəstəkar olan atanızdan başqa professional musiqi ilə daha kim məşğul olub?

- Mənim anam da musiqiçidir. Lap erkən yaşlarımdan məndə musiqiyə həvəsin oyanmasına təkan verən bir ailədə dünyaya göz açmağıma görə özümü çox xoşbəxt hesab edirəm. Mən musiqi ilə uşaqlıqdan məşğul olmağa başlamışam və valideynlərim bu günə qədər mənə dəstək olublar. Mənim atam, anam da musiqiçi ailəsində böyüyüblər. Onlar bir-biri ilə çox bağlı olan klassik və ənənəvi musiqi, eləcə də mistik şeir ənənələrinə çox yüksək dəyər veriblər.

- Yeri gəlmişkən. Azərbaycan dilini nə dərəcədə bilirsiniz? Ailənizdə hansı dildə danışırsınız?

- Mən Böyük Britaniyada böyüdüyüm üçün Azərbaycan dilində sərbəst danışa bilmirəm. Lakin Azərbaycan dili dünyada ilk eşitdiyim dildir. Bu, valideynlərimin, qohumlarımın danışdığı dildir. Deyərdim ki, bu, qanımda olan və mənə çox doğma dildir. Dilin mədəniyyətləri və xalqları formalaşdırdığı kimi, Azərbaycan dili də mənim həyatımın mənasıdır.

- Bilirsinizmi ki, almaniyalı alim Mixail Hessin Nəsimi şeriyyətinə sevgisi onu Azərbaycan dilini öyrənməyə sövq edib?

- Bu barədə məlumatım yoxdur, amma buna heç də təəccüblənmirəm. Nəsimi poeziyasının kəsb etdiyi dərin məna və miqyas məftunedicidir və dərk olunan zaman insanların həyatını dəyişməyə qadirdir.

- Bakıya gələndə hansı hissləri keçirirsiniz?

- Qısaca desəm, Bakıda özümü evdəki kimi hiss edirəm. Şəhərin köhnə və müasir küçələri heyranedicidir. Hər ikisi öz fərqli xüsusiyyətləri ilə gözəldir. Azərbaycana axırıncı səfərim zamanı Şamaxı rayonunda oldum və buranın ənənəvi mühiti mənə dərin təəssüratlar bağışladı. Hər şeydən əvvəl, əlbəttə ki, Azərbaycanın unikal xüsusiyyəti buradakı insanların qonaqpərvərliyi və ürəklərinin həyat eşqi ilə döyünməsidir. Yeri gəlmişkən, mənim Bakıda bir çox dostlarım var. Onlardan biri də bu müsahibənin təşkilinə yardımçı olan BP Azərbaycan şirkətinin baş müşaviri Qivami Rəhimlidir.

- Növbəti albomunuzu nə vaxt buraxmağı planlaşdırırsınız?

- 2018-ci ilin noyabrında Britaniya-Qərb musiqi üslubunu özündə birləşdirən yeni “Sami” adlı albomum işıq üzü görəcək. Bundan sonra mənim Sufi cərəyanından ilhamlanmış mistik şairlərin əsərlərindən ibarət albomum çıxacaq. Düşünürəm ki, bu albomda da Nəsimi poeziyasından istifadə edəcəyəm. Məhz bu albomda Alim Qasımovla əməkdaşlıq etmək niyyətindəyəm.

- Gələcəkdə yeni albomunuzu Bakı ilə əlaqələndirmək istərdinizmi?

- Bu mənim çoxdankı arzumdur. Bakıda heç olmasa, bir klip çəkdirmək istərdim. Azərbaycanda həyata keçirmək istədiyim başqa layihələr də var. Əsas məsələ əlverişli imkan və vaxt tapmaqdır.

- Bakıda solo konsert verməyi planlaşdırırsınızmı?

- Bakıda iki dəfə - 2015-ci və 2017-ci illərdə konsertim olub. Hər iki konsert çox yaxşı qarşılanıb və bundan məmnun qalmışam. Əslində, mən tez-tez konsert vermirəm. Yalnız inandığım və dəstəklədiyim müəyyən məqsəd və ideyalar üçün bunu edirəm. Məftunedici məkan olan Heydər Əliyev Mərkəzində solo konsert verməyi çox istərdim. Muğam musiqisi və mənim janrımın daxil olduğu ənənəvi konsert proqramı tərtib etməyi nəzərdə tuturam.

- Qərb auditoriyasının Sizin İslamla bağlı yaradıcılığınıza münasibəti necədir?

- Çox maraqlı sualdır. Mən buna daha çox Qərb auditoriyası deyil, Qərbdə yaşayan qeyri-müsəlman auditoriyası deyərdim, çünki Qərbdə mənim kimi çoxlu müsəlmanlar yaşayır. Təcrübəmdən deyə bilərəm ki, bu auditoriya ənənəvi musiqiləri və ifaları sevir. İnsanlar əsrlərdən və dərin mədəniyyətlərdən keçib gələn musiqini eşitdikdə çox duyğulanırlar. Sözləri başa düşməsələr də, bu musiqi onlara mənəviyyat dünyasının sədasını çatdırır və onlar sanki bu dünyaya dalmış olurlar. Bu mənəviyyat dünyası hər bir insanın mahiyyətində dayanır, mənim insanlara çatdırmaq istədiyim də məhz həmin mahiyyətdir. Tamaşaçıların aldığı təəssüratlar mənim nə qədər uğurlu olduğumu göstərir.

/Azərtac/

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!