Modern türk şeirinin ən görkəmli nümayəndələrindən biri - Həsən Hüseyn Qorxmazgil 1927-ci ildə Sivasın Gürün səmtində anadan olmuşdur. Ailəsi hədsiz dərəcədə kasıb olduğuna görə, uzun müddət məktəbə gedə bilməmiş lakin, sonsuz inadı və həvəsi sayəsində bütün çətinliklərə sinə gərərək iyirmi bir yaşında ikən Adana Oğlanlar liseyini bitirməyə müvəffəq olmuşdur. İlk şeirlərini də liseydə oxuduğu illərdə yazmışdır. Sonralar Ankara Qazi Universitetində də təhsil alan Həsən Hüseyn Qorxmazgil on altı şeir ("Qızılirmaq", "Ağlama", "Ay işığı", "İyunda ölmək zor", "Qandan xına yaxılmaz" və s.), üç pyes ("Ohhoooo!", "Made in Türkey", "Bığlar danışır"), bir səyahət ("Bağdat-Bəsrə yollarında") kitablarının müəllifidir. Bir sıra yerli şeir müsabiqələrinin qalibidir. Məşhur türk şairi Fazil Hüsnü Dağlarca onu "Kasıblığın zənginlikdən daha gözəl böyütdüyü altun çocuq" adlandırmışdır.
AKARSUYA BIRAKILAN MEKTUP
Gitme, sonbahar oluyorum, sonrası hiç
Ağaçlar bükmesinler n'olursun boyunlarını
Neden akşam oluyorum tren kalkınca
Kırlangıçlar birdenbire çekip gidince
Mendiller sallanınca neden tıkanıyorum
Öyle çok acımasız ki, öyle birdenbire ki
Az önceki çiçekler nasıl da diken diken
Gitme, sonbahar oluyorum, sonrası hiç.
O sularda çimdik, bitti; köprüleri geçtik, bitti
O elmanın tadı orda, o kuş çoktan öttü, bitti
Artık çocuk değiliz, susarak da bir şeyler diyebiliriz
Günler devlet alacağı, yıllar bir kadehçik buzlu rakı
Oyunlar oyuncaksı, oyuncaklar eski şarkı
Kavaklara oklu yürek çizip duran o çakı
Nerde şimdi, nerde şimdi, nerde o kan sarhoşluğu
Gitme, sonbahar oluyorum, sonrası hiç.
Demədim ki...
Bu şəhəri
meydan-meydan,
küçə-küçə,
ev-ev,
eyvan-eyvan
sevdim,
Mənim olsun demədim ki...
Sevdim dedimsə
qürub çağının
qızılı rəngini,
sevdim dedimsə
könlüm kimi
axıb gedən
bu çayı,
sevdim dedimsə
bu dənizi,
bu dağı,
Mənim olsun demədim ki...
Vuruldumsa
çaxmaq-çaxmaq gözlərinə,
ürək cizdimsə şimşəklərdən
və
buna sevmək deyərlər
dedimsə,
yetdimsə dərdlərin
ən gözəlinə,
yedirtdimsə yuxularımı
o nazlı quşa,
Mənim olsun demədim ki...
Bu axşam
qan kimi qırmızı
şərab istəyir könlüm,
bu axşam
dünyanın bütün türkülərini,
bütün həsrətlərini
istəyir könlüm...
Bu axşam
məni yalnız buraxın,
yalnız onu düşünüm, -
yəni o şəhəri,
yəni o küçəni,
yəni o eyvanı,
yəni
yuxularımı yedirtdiyim
o nazlı quşu,
yəni
çəkdiyim həsrəti...
İyunda da ölmək olarmış
Dastan
Nazim Hikmətə
Orxan Kamala
Əhməd Arifə
Maydan sonra -
iyunda da ölmək olarmış,
mən bacarmadım.
Mətbəədən -
işdən çıxdım,
üstüm-başım,
üzüm-gözüm qəzet...
Küçədəyəm...
Küçədə Tomson zirehlisi,
küçədə
lüləsi dörd bir yana fırlanan tank,
küçədə fit səsi,
küçəyə çıxmaq yasaq...
küçədəyəm,
gecə - bir zeytun tumurcuğu,
çiçək ətri verir,
bir yaralı qartal kimi
çırpınır ürəyim,
oy, anam, oy,
iyunda ölmək
bilsən nə qədər zor!..
Havada
vurulmuş quş nəfəsi,
havada
vurulmuş quş tükü,
amma
gecə yenə də
zeytun tumurcuğu rəngində,
amma
gecə yenə də
Aylı-ulduzlu -
gözəl iyun
nə anlar acılardan?!
Sınmış budaq kimi
yolun ortasında
qalıb bir qol...
İşləmişəm on beş saat,
tükənmişəm on beş saat,
acmışam,
yorulmuşam,
yuxusuzlamışam,
anama söyüb patron
alnımın tərini,
gözümün nurunu
tökdüyüm bir qəzetdə,
sıxmışam dişlərimi
bir-birinə,
fit
çala-çala
soyutmuşam hirsimi,
istidən,
soyuqdan qorumuşam
ümidlərimi...
İsti bir ev,
isti bir yemək,
isti bir yataqda
bütün dərdlərimi unutduracaq
isti bir öpüş keçib könlümdən.
Bir davadan çıxıb,
bir davaya girmişəm,
vurulmuşam küçədə -
oy, anam, oy,
iyunda ölmək
bilsən nə qədər zor!..
Küçədə Tomson zirehlisi,
küçədə
lüləsi dörd bir yana fırlanan tank,
küçədə fit səsi,
sarı-sarı yarpaqlarla
yan-yana sallanan
insan cəsədləri!
Asacaqlar Aydəmiri,
asacaqlar Gürcanı,
bəlkə başqalarını da...
Pis bir ot dəymiş kimi
sızıldayır gənziyim,
sarı-sarı tökülür
gözlərim,
kirpiklərim,
əllərim,
ayaqlarım...
Yarpaqları yolunmuş,
budaqları qırılmış
bir ağac
nə anlada bilər ki,
nazlı-nazlı rüzgarları yoxsa,
pırıl-pırıl quşları yoxsa?..
Sevdim gəlini -
bənövşə vaxtında,
sevdim şeiri -
bənövşə vaxtında,
sevdim tumurcuğu -
bənövşə vaxtında,
öpdüm öpdüyümü -
bənövşə vaxtında,
amma
sevmədim, heç sevmədim
insanoğlunun
sabunlu ipdə sallanan
solğun bənövşə halını...
Nədən belə ağrılı,
nədən belə acılıyam,
nədən küçələr
belə bomboş,
nədən evlər
belə dopdolu,
nədən evlər
solur küçələrdə
çiçək kimi?
Evsiz küçə,
küçəsiz şəhər,
şəhərsiz ölkə -
göz yaşı,
göz yaşı,
göz yaşı...
Asmaq,
öldürmək nəyi dəyişir,
məsələ
yaşatmaqdır, yaşatmaq,
məsələ
sirat körpüsündən keçirməkdi
bir çöl çəyirtkəsini!
Ah, yavrum,
ah, gözəlim,
ah, canım mənim,
sevdiciyim,
bir dənəm,
bu yolçuluğun sonu yox...
Küçədəyəm,
gecə - bir zeytun tumurcuğu,
çiçək ətri verir,
bir yaralı qartal kimi
çırpınır ürəyim,
oy, anam, oy,
iyunda ölmək çox zor!
Hardayam mən,
hardayam mən,
hardayam?
Kimsiniz siz,
kimsiniz siz,
kimsiniz?
Nə deyir bu radiolar,
nə yazır bu qəzetlər?
Kimdir o ölən uzaqlarda,
kimdir
o köçən
dünyamızdan?
İyunda da ölmək olarmış...
Oy, anam, oy,
hardayam mən?
Asmaq,
öldürmək nəyə çarədir?
Bir budaq qırılırsa,
bir irmaq quruyursa,
bir yaz gələ bilmirsə,
bir qış gedə bilmirsə,
sünbüllər
türkülərini söyləyə bilmirsə,
sarı-sarı -
asmaq,
öldürmək nəyi dəyişir?
Kökü burda -
ürəyimdə,
yarpaqları uzaqda bir çinar,
ürəyində nisgil,
gözlərində həsrət
köçdü dünyadan, -
silkələdi
yarpaqlarındakı günəşləri:
"Oğlum,
səni səsləyirəm,
eşidirsənmi
Məməd, Məməd, Məməd..."
Küçədəyəm,
gecə - bir zeytun tumurcuğu,
çiçək ətri verir,
üstüm-başım,
üzüm-gözüm qəzet...
Vurmuşam özümü qaranlığa,
oy, anam, oy,
iyunda ölmək zor...
Bu ağrılar,
bu acılar,
bu sızım-sızım
sızıldayan ürək...
Bu ağac niyə belə yarpaqsızdı,
bu gecə niyə belə ulduzsuzdu,
bu küçələr niyə belə bumbuzdu,
bu insanlar niyə belə ümidsizdi,
"Anadoluda
bir kənd qəbiristanında
basdırın məni,
daş-maş istəməz
və
uyğun olarsa,
başımın üstündə bir çinar..."
On il əvvəl demişdi.
Demək,
on il sonra
olanlar oldu...
Demək
camış gönü dediyi
əsl ürək imiş...
Demək,
"Şilə bezi",
demək,
"yaşıl bibər",
bir də Məmədin üzü,
bir də İstanbul,
bir də "saman sarısı"
bir də həsrət,
sapsarı saralmış,
demək, köçdü ustad,
ürək sızısı qaldı,
özündən sonra gələnlər çəkəcək...
Oy, anam, oy,
iyunda ölmək olarmış...
İllərdi ki,
qan-tər içində
çəkdim bu yükü,
verdim dərdin alqışlarına
3 iyun 1963-ü.
İndi uzaqda -
bir xiyabanda
uyuyur ustad,
əyilir üstünə
qızılgül budaqları,
əyilir üstünə cənnət...
Mətbəədən indicə çıxmışam,
üstüm-başım qəzet,
üzüm-gözüm qəzet...
Gecə - bir zeytun tumurcuğu,
çiçək ətri verir,
tankların,
Tomson zirehlilərinin
yanından keçsəm də,
beynimin, bax, burasında
bir çalıquşu oxuyur...
Oy, anam, oy,
iyunda ölmək zor -
gərək Nazim Hikmət olasan,
gərək Orxan Kamal olasan,
gərək Əhməd Arif olasan...
Hər acını bal elədik
"Pir Sultan Abdal ölür-dirilir..."
Bu bəbələrin gözəlliyinə bax:
qaşları - dastan,
gözləri - dastan
əlləri - qan içində...
Kor olasan demirəm ki:
kor olma,
məni gör.
Dəyədə birlikdə yatdıq,
Öküzü birlikdə tutduq,
Qoyun-quzunu yox,
bu dağlarda
özümüzü,
özümüzü güddük...
Xor baxdıqmı qarışqaya,
qırdıqmı qanadını sərçənin?
Vurduqmu cüyürün balasını?
Ya, biz insana necə qıyarıq?
Sən olmasan, öldürmək nə?
Çürümək nə zindanlarda?
Həsrət nə, ayrılıq nə,
yoxluq nə, yoxsulluq nə,
ilənmək nə, dilənmək nə,
işsiz-gücsüz dolanmaq nə,
gün gün ilə ötüşməli,
yar yar ilə öpüşməli,
iyləşməli, söyləşməli,
qorxa-qorxa yaşamaq nə?
Qəhr olasan demirəm ki:
qəhr olma,
məni gör.
Əkildik, torpaq olduq,
çəkildik, bayraq olduq,
töküldük, yarpaq olduq,
gəldik çıxdıq bu günə.
Çörəyi bol elədik,
Acını bal elədik,
Siratı yol elədik,
gəldik çıxdıq bu günə.
Əkilir əkin, gəlirik,
üyünür un, gəlirik,
bir gedirik, min gəlirik,
məni vurmaq
sənin nəyinə gərək?
Kor olasan demirəm ki:
Kor olma,
məni gör...
Ürəyim sızladığı zaman
Ürəyim sızladığı zaman,
gecə yarısından sonra,
ya da,
gün doğmamışdan əvvəl
sanki uzaqdan,
sanki qapqaranlıq bir yerdən,
sanki
heç vaxt olmadığım
bir vağzaldan,
sanki
heç vaxt dinləmədiyim
musiqi sədaları
gəlir qulağıma:
vahiməli,
gəmiləri batmış
qanıqara dənizə bənzər -
çağırır,
çağırır məni durmadan,
nə bilim,
bəlkə elə o zaman
başlayır sızlamağa
ürəyim…
Ürəyim sızladığı zaman
divarları
bank afişaları
ilə süslənmiş
qədim bir şəhərin
Cümhuriyyət caddəsində
axar su kimi
batıb çıxır,
batıb çıxır
üç adam:
ikisinin əli tüfəngli,
birinin qolu qandallı…
Yüyürür,
yüyürür bir qadın
qolu qandallı adamın
arxasınca.
Nə bilim,
bəlkə elə o zaman
başlayır sızlamağa
ürəyim…
Ürəyim sızladığı zaman
kor bir çeşmə başında
kor bir qadın gəlir
gözlərimin önünə,
neçə yumaq ipi
neçə ləyən iynəyə keçirir -
nə ip qurtarır,
nə iynə…
Həbs olunmuş oğlunamı,
qaçırılmış qızınamı,
ötən günlərinəmi
ağlayır qadın?
Unutmuş…
Amma
ağlayır,
ağlayır,
ağlayır…
Nə bilim,
bəlkə elə o zaman
başlayır sızlamağa
ürəyim…
Ürəyim sızladığı zaman
bir tank çıxır
bir ağıdan,
bir filmdən,
bir müharibə romanından,
və
keçir üstündən
bütün sevgilərin,
bütün ümidlərin,
bütün oyuncaqların…
Su kimi
irəliləyir yanğın,
çırpınır yerdə
bir damla qan -
kim bilir,
bəlkə elə o zaman
başlayır sızlamağa
ürəyim…
Ürəyim sızladığı zaman
ciyərlərimə dolarkən pis nə varsa,
əllərimə bulaşarkən pis nə varsa,
ayaqlarıma dolaşarkən pis nə varsa,
bu daşı
burdan götürüb,
bura qoymağın azarı
keçirir dırnaqlarını qırtlağıma -
yox olur günaydınlar,
yox olur alınmamış nə varsa,
yox olur verilməmiş nə varsa,
yox olur
deyilməmiş söz,
partlamamış hirs,
bir şey
sürüşüb çıxır
barmaqlarımın arasından -
kim bilir,
bəlkə elə o zaman
başlayır sızlamağa
ürəyim…
Yəni mən dörd mövsümə -
günlərə,
saatlara bölərək,
küçəni,
şəhəri
vətənim bilərək
bu ürək sızımı -
bir yarpaq kimi ərməğan edirəm
dirilik ağacına.
Tərcümə etdi: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!