Unudulmaz İlyas Əfəndiyev ədəbiyyatımıza (eyni zamanda mədəniyyət tariximizə) mənsub olduğu (və çox qədim) xalqın etnik yaddaşından, kökündən gəldi. Onun yaradıcılığı ilk növbədə, millətin özü olaraq qalmasına, özünə qayıdışına (bu kontekstdə, güclü olmasına) xidmət işidi. Azadlıq mücadiləmizin zəfərində, müstəqillik xoşbəxtliyimizdə İlyas Əfəndiyev düşüncəsinin, vətəndaş-yazıçı çabasının özünəməxsus, əlahiddə yeri, haqqı var.
Görkəmli yazıçının təkcə "Qarı dağı" hekayəsini oxumaq və oxuduqca bu duyğulu hekayənin gizlinlərinə vaqif olmaq bəs edər ki, İlyas Əfəndiyev vətəndaşlığının, onun sənətkar mövqeyinin aydın (və heyranlıq doğuran) üfüqlərini göz önünə gətirəsən. Üslubunun həzin lirizmi, xəfif əsintisi içində titrəyə-titrəyə qalasan... Heç göz önündən, yaddaşdan getmir ki, bu təsvirlər; uzaq məmləkətdən qoşun çəkib gəlmiş şah otuz doqquz gün mühasirədən sonra şəhəri zəbt edir. niyə məhz 39 gün?.. Maraqlıdı. Və bu marağın cavabı milli inancımızdan, hər sirrə vaqif mifologiyamızdan gəlir; hələ qırxıncı gün, demək, qırxıncı qapı durur - son ümid, son təskinlik qapısı kimi... Zəbt olunmuş şəhərin imanlı ağbirçəyi Ballı qarı qəsbkar şahın döyüş ərəfəsində ölümcül xəstələnmiş oğlunu yalnız ana olduğuna, ana qəlbinin diktə etdiyi mərhəmət sayəsində şəfalı otlarla müalicə edib sağaldır - bütün doğmaları tərəfindən qınaq yerinə çevrilsə də belə... Lakin onun böyük ana ürəyi bu qınaqları göz altına alıb, ölüm saatını gözləyən, ölümə məhkum şahzadəni xilas edir.
Eyni zamanda bu mərhəmətli ananı hər an ayaq üstə saxlayan bir vətəndaşlıq qüruru var. Ballı qarı ölümcül xəstə olan bir şahzadəni ən ağır günündə ölümün pəncəsindən alır, lakin bir vətəndaş kimi yurd-yuvasını zəbt etmiş, məmləkətini talamış şahı və onun özü kimi qana susamış, günahsız qırğınlar törətmiş oğlunu zəhərləyir... Bu sadə qarının simasında oxucu gözləri qarşısında iki abidə ucalır; mərhəmətli, yeri gələndə düşmənin özünə belə acıyan, qayğı göstərən ana və doğma vətəninə göz dikən yadelli işğalçılara dov gələn, haqqını tanıdan qisasçı...
Hər iki obraz heyrətamiz və bitkindi.
Bu heyrətamizlik, bitkinlik İlyas Əfəndiyev yaradıcılığının ruhundan, lirik-psixoloji texnologiyasından gəlirdi. Bu heyrətamizlik, bitkinlik onun doğulub boya-başa çatdığı cənnət Qarabağın coğrafi monimentallığından gəlirdi. Və həcmcə elə də böyük olmayan, kiçik (eyni zamanda bənzərsiz) "Qarı dağı" hekayəsində belə İlyas Əfəndiyev o gözəl, bənzərsiz, unikal Qarabağının adını çəkməyin, deməli, onu tarixə, bədii yaddaşa həkk etməyin məqamını, fürsətini əldən vermirdi. Bu, onun Qarabağ təəssübkeşliyindən irəli gəlirdi: "Qızıl işləməli, firuzə rəngli kuzələr yeddiillik Şiraz şərabları ilə dolduruldu... Atlas geyimli Nişapur sazandaları gəldi... Ovçular Qarabağ meşələrindən tükləri alov kimi yanan qırqovullar gətirdilər..."
Hansı səmtdən, hansı yöndən baxırsan, bax, Qarabağ mövzusu, Qarabağ sevdası İlyas Əfəndiyev yaradıcılığının hər zərrəsindən keçir, onu yaşadır. Bu böyük sənətkarın Qarabağ istəyi, Qarabağ savaşı məğlubedilməz, yaşarıdı.
Bu yaşarılıqda, heyranlıqda İlyas Əfəndiyevin özü də ömür sürür, xatırlanır və ən əsası ölümsüz əsərlərinin varlığında yaşayır, sabahların insanı olaraq mifləşir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!