Min möhtəşəm günəşin işıqları...Asiya xalqları ədəbiyyatı - Bədirxan Əhmədli

Xalid Hüseyninin "Min möhtəşəm günəş" əsərinin adı Azərbaycan şairi Saib Təbrizinin poeziyasından götürülüb. Yazıçı bunu əsərə yazdığı "Minnətdarlıq" hissəsində qeyd edir. Romanda şairin "Evlərin damlarında neçə-neçə Ay parlar, Evlərin içindəsə şəfəq saçır min günəş" beytinə istinad edir.  Şairin Kabil haqqında yazdığı beytdə "min günəş" ifadəsi işlədilir və əsərin adı və ideyası da elə buradan doğur. Hərçənd yazıçı S.Təbrizini fars şairi olaraq təqdim edir. Bu təqdimat həqiqəti əks etdirmir. Ən azından ona görə ki, yazıçı özü romanlarını ingilis dilində yazmasına rəğmən, ingilis yazıçısı olmadığı kimi, fars dilində yazan Saib Təbrizi də fars yox, Azərbaycan şairi hesab olunur.

"Min möhtəşəm günəş" əsəri də digər romanları kimi çağdaş Əfqanıstan gerçəkliklərinə işıq tutur; ötən yüzilliyin 60-70-ci illərindən başlayan hadisələr son günlərə qədər (hər üç romanında eyni zaman və məkan konteksti!) davam edir. Ancaq burada hadisələrin təfərrüatından daha çox talelər, müharibənin törətdiyi fəsadlar göstərilir. Qırx ildir dünya Əfqanıstanda gedən müharibəyə, dağıntılara, əfqan xalqının əzilməsinə biganə qalır. Romanda yazıçının əsas məqsədi bunları çatdırmaqdır. Bunun üçün müəllif ölkəni darmadağın qoyan müharibənin üç qadın qurbanının həyatından danışır, onların taleyini təsvir edir. Bunlardan biri Heratın varlılarından olan Cəlil xanın qeyri-qanuni arvadı Nanadır. Nananın taleyi faciəli olmuşdu; daşyonan atası onun Cəlil xanla rüsvayçılığından sonra ondan üz döndərərək İrana getmiş, bir daha geri qayıtmamışdı. Cəlil də Nanaya sahib çıxa bilməmişdi; arvadlarına təqsirin Nanada olduğunu bildirmiş, şeylərini yığışdırıb evdən getməsini təklif etmişdi. Nana ailə üçün "alaqotu" kimi bir şey idi.  Yazıçı Nananın taleyindən daha çox onun nikahdankənar qızı Məryəm və Kabildə bir ailənin rəngli arzularla yaşayan qızı Leylanın taleləri üzərində dayanır. Onlar həm də eyni şərtlər altında yaşayır və mübarizə aparırlar. Məryəm uşaqlığını anası Nana ilə Heratın iki kilometrliyindəki Gül Daman kəndində keçirirdi. Heratda qeyri-qanuni doğulsa da, atası Cəlilin iki arvadı və səkkiz uşağının gözlərindən kənarda tutulur. Məryəm Herat haqqında ancaq atası Cəlildən eşitmişdi. Məryəmin yaddaşında həyat çox təzadlı qalmışdı. Anası Nana həmişə atasını pisləyirdi. Atası Cəlil isə tez-tez Məryəmə Herat haqqında danışsa da yanına aparmırdı. Atasının danışıqları Məryəm üçün rəngli və cəlbedici gəlirdi. O da istəyirdi atasının evində yaşasın, onun bahalı maşınında gəzsin, ögey bacıları Səidə və Nahid kimi məktəbə, kinoteatra getsin. Hətta bir dəfə atası özünə məxsus olan kinoteatrda gedən yeni filmdən danışarkən Məryəm birdən-birə o konoteatra getmək istədiyini bildirdikdə, Cəlil çətinliklə Məryəmi fikrindən daşındıra bilmişdi. Cəlil yaxşı bilirdi ki, Məryəmin Herata getməsi ailədə söz-söhbətə səbəb ola bilər...

Məryəmin Gül Daman kəndində iki xatirəsi həmişəlik yaddaşında qalmışdı; birincisi, anası Nananın ona bağlı olması, ikincisi, qonşuları Molla Feyzullanın dedikləri. Nana qızı Məryəmlə nəfəs alırdı, on dörd yaşlı qızına açıq şəkildə bildirirdi ki, onu tərk etsə öləcək, onsuz yaşaya bilməyəcək. Qızının onu tərk edib atasının yanına getmək düşüncəsini duyanda deyir: "-Allah niyə sənin kimi nankor qızı verdi mənə? Sənə görə nələr çəkdim? Necə cürət edirsən? Sən, nankor harami, məni qoyub getmək istəyirsən?!" Belə də olur; Məryəm həmişəlik atasının yanına-Herata getmək üçün evdən gizlincə qaçır. Lakin Heratda onu heç həyət qapısından içəri buraxmırlar; atası evdə ola-ola qulluqçu (əlbəttə, atasının tapşırığıyla!) onun evdə olmadığını bildirir. Məryəm hətta onun pəncərədən baxdığını görmüşdü. Həmin gün atasının malikanəsinin eşiyində gecələdikdən sonra qulluqçu onu yenidən Gül Daman kəndinə evlərinə-anasının yanına qaytarır. Evə çatarkən anasını asılmış vəziyyətdə görür. Anasının ölümü həmişə onu izləyir, özünü ömrünün sonuna qədər günahkar hesab edir. Hətta Kabilə köçdükdən sonra belə ona elə gəlirdi ki, hamı onun "harami" olduğu bir yana, anasından üz döndərdiyini də bilir, ona tənə edirlər. 

Gül Daman kəndindəki qonşuları Molla Feyzulla balaca Məryəmin yaddaşında xeyirxah bir insan kimi qalmışdı. O, istəyirdi ki, Məryəm oxusun, xoşbəxt olsun. Onun Qurandan gətirdiyi bir ayə ömrü boyu onu tərk etmir: "Hər şeyin ixtiyarı əlində olan Allah ucadır, uludur. O, hər şeyə qadirdir. Bizi sınaqlara çəkmək üçün həyatı və ölümü yaradan odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır". Məryəmin təzadlı, əzablı və ziddiyyətli həyatının ən kəskin vaxtında xatırladığı bu sözlər əvvəllər onu ovundura bilmirdisə, sonralar daim bu fikrə tapınmağı üstün tutur, onunla təsəlli tapır, həyatda durmağı bacarır, hətta özünə günü gətirilən Leylaya bu ayəni xatırladır.

Anasının intiharı ilə Məryəmin yeni həyatı başlayır; atası Cəlil xan onu Herata gətirir və heç bir həftə keçməmiş arvadlarının məsləhətilə zorla uzaq Kabilə, tanımadığı Rəşid adlı birisinə ərə verir və bir dəfə də onun taleyi ilə maraqlanmır. Yalnız illər keçəndən, müharibənin gəlməsilə hər şeyini itirən Cəlil xan Kabilə qızı Məryəmdən üzr istəmək üçün gəlir. Bu zaman Məryəm illər əvvəl atası onu pəncərədən necə seyr etmişdisə, eləcə edir. Atası uzun müddət onların qapısı ağzında gözləsə də, Məryəm onun üzünə baxmır. Cəlil xan qızına yazdığı məktubu qapı ağzında qoyub gedir, lakin Məryəm o məktubu açmadan cırıb tullayır və orada nə yazıldığından xəbəri belə olmur.

Məryəmin Kabildə həyatı yaxşı keçmir, baxmayaraq ki, Rəşidin evi, eşiyi vardı, dolanışığı da pis deyildi. Ancaq Məryəm burada heç kimi tanımırdı, Rəşidin də heç kimlə əlaqəsi yox idi. Məryəm Rəşidin ikinci arvadı idi. Rəşidə görə arvadlar üzüaçıq gəzə bilməz, üzünü başqa kişilər görməməlidir. Onun üzüaçıq gəzən, dodaqlarını boyayan, gözlərinə sürmə çəkən qadınlardan xoşu gəlmirdi. Ancaq bir gün Məryəm təsadüfən ərinin otağındakı siyirməni açarkən çılpaq qadın şəkillərini və tapançanı görəndə onun danışıqları ilə əməllərinin üst-üstə düşmədiyini dərk edir. Rəşid Məryəmə həyatında ilk dəfə burka geydirir. Qonşu müəllimin arvadından gen durmağı tapşırır. Bununla da Məryəm həyata niqab arxasından baxmalı olur. Evə Rəşidin dostları gələndə Məryəm öz otağına çəkilir, görünməz olurdu. Yazıçı Kabili iki hissəyə bölür, bir tərəf zənginlərdən ibarət açıq geyinənlər, digər tərəf isə burka, niqab taxıb həyata bu prizmadan baxanlar idi. Rəşid hər gün səhərdən-axşama işdə olduğu müddətdə Məryəm də evdə olur, heç kimlə ünsiyyət saxlamırdı. Həyat beləcə darıxdırıcı və yeknəsəq keçirdi. Buna baxmayaraq onların həyatı dəyişə bilərdi; tezliklə ana olacaqdı. Rəşid dərhal oğlan üçün beşik düzəltməyə başlayır. Məryəmin "Bəlkə qız olacaq?" sualına məhəl qoymur. Lakin hər şey məhv olur; Məryəm ana ola bilmir və ola bilməyəcəyi məlum olur. Ona elə gəlir ki, bütün bunlar onun başına anası Nanaya qarşı etdiyi günaha görə gəlir. Onu Allahdan gələn bəla hesab edir.

Məryəmin 19 yaşı olanda, 1978-ci ildə Kabildə nümayişlər başlayır. Bundan sonra hadisələr iki müstəvidə; siyasi-hərbi və məişət zəminində davam edir. Siyasi-hərbi müstəvi sovetlərin Kabilə gəlməsi, Əfqanıstanı işğal etməsi, daha sonra oradan çıxması, Talibançıların gəlməsi və s. Məişət zəminində hadisələr Rəşidin evində cərəyan edir. Yazıçı Əfqanıstanda baş verən ən dəhşətli ölümlər kontekstində Rəşidin evində cərəyan edən psixoloji hadisələri paralel təsvir edir. Müharibə ölkəyə fəlakət gətirir, evləri viran qoyur, hər şey dağılır, evlər ailələr viran olur. Tərakinin, Davud xanın öldürülməsi, kommunistlərin özbaşınalığı və Rəşidin evində baş verən hadisələr bir-birinə uyğun gəlir. Rəşid evdə özünü çox pis aparır, istədiyini edir, yemək xoşu gəlməyəndə onu dağıdır, həyətdən xırda daşlar gətirib  Məryəmin ağzına doldurur və zorla ona yedirir. Nəticədə Məryəmin iki dişi qırılıb tökülür: "İndi bildin ki, bişirdiyin düyü necə dadlı, yeməlidi? İndi bilirsən ki, sənə evlənməklə mən nə qazanmışam? Sən çox pis yeməksən. Heç yemək deyilsən, vəssalam".

Leylanın da taleyi heç yaxşı gətirmir; 1978-ci ilin aprel çevrilişi gecəsi anadan olduğu üçün ona "İnqilabi qız" deyirdilər. Leylanın atası ali təhsilli idi, o qızının təhlükəsizliyi və ona təhsil vermək haqqında düşünürdü. Leyla  məktəbdə oxuyarkən böyük xəyallarla yaşayır. Dostları adaxlı haqda fikirləşəndə o təhsil almaq haqqında düşünürdü.  Bir ayağı protezdən olan qonşu Tariqi ən güclü hesab edirdi. Leyladan üç yaş böyük Tariq üç yaşında olanda minaya düşüb ayağının birini itirmişdi. Leylanın iki qardaşı kommunistlərə qarşı döyüşdə həlak olur. Onların ölüm xəbərini gətirən adamın dediyinə görə, Əhməd şah Məsud dəfndə şəxsən iştirak edib. Qurulan yas yerinə Rəşidlə Məryəm də gəlmişdi. İlk dəfə olaraq Məryəmlə Leyla gələcək talelərindən xəbərsiz orada üz-üzə gəlmişdilər. Lakin o zaman heç biri bilmirdi ki, yaxın vaxtlarda onların həyatı bir nöqtədə kəsişəcək və sonacan Rəşidə qarşı mübarizə aparacaqlar. Leylanın anası Fəribə xanımın yeganə istəyi oğlanlarının arzusunun çin olması, Əfqanıstanın sovet işğalından azad olması idi. O, Əfqanıstanın necə azad olmasını, sovetlərin necə rüsvayçılıqla ölkədən çıxmasını, mücahidlərin gəlməsini gözləriylə görmək istəyirdi. Fəribə bu günü görür; Sovetlər dağılır, respublikalar bir-bir müstəqilliyini elan edir. Artıq Fəribənin oğullarının dostları hakimiyyətə gəlmişdi. Lakin Əfqanıstanda sakitlik baş vermir, yenə də müxtəlif qüvvələr üz-üzə gəlir. Rəbbaninin prezident olması ilə Məsud, Hikmətyar, daha sonra Talibançılar hərəkətə gətirilir, Kalaşnikov avtomatları yenidən dillənməyə başlayır. Şəhərdə hər gün dağıntılar olur, insanlar ölür. Tariqgilin ailəsi Kabildən Pakistana köçməyə hazırlaşır, oradan isə Hindistana, bəlkə də İrana getməyi düşünürdülər. Tariq Leylaya da onunla getməyi məsləhət görür. Onlar özləri də bilmədən bir-birindən ayrı yaşaya bilməzdi, ikisi də bir-birinə söz vermişdi. Atasından Leylanı istəmək fikrini açıqlayanda Leyla buna razı olmamışdı. Tariq köçərkən ona geri gələcəyinə söz vermişdi. Leylagilin evinə düşən bir mərmi nəticəsində ata-anasını itirir, özü isə kontuziya alır. Onu dağıntılar arasından qonşusu Rəşid çıxarır. Leyla 14 yaşında demək olar ki, kimsəsiz qalır. Bu vəziyyətdən Rəşid istifadə edir, kimsəsiz qızı evə gətirir. Lakin o bilirdi ki, Leyla Tariqi qoyub heç zaman ona arvad ola bilməyəcək. Ona görə də Əbdül Şərif adlı bir kişini Leylanın yanına göndərir. Əbdül Şərif özünü bisnesmen kimi təqdim edir, Peşavatda dükanı və anbarı olduğundan tez-tez oraya getdiyini bildirir. Orada xəstəxanada Tariqlə bir palatada yatdığını, onun sağ qalan ayağının kəsildiyini, bir neçə dəfə cərrahi əməliyyatdan sonra vəfat etdiyini təsirli şəklidə danışır (Leyla sonralar, Tariqlə görüşdükdə bunun Rəşid tərəfindən təşkil olunduğunu anlayır). Rəşid görəndə ki, Leyla Tariqin ölümüylə artıq barışmışdır, o zaman öz niyyətini açır, onu özünə arvad edir, arvadı Məryəmi isə şahid tutur. Məryəm gözləyirdi ki, Leyla buna etiraz edəcək, lakin gözlənilmədən Leyla razılığını bildirir, o, yorulmuşdu, kimsəsiz idi. Həm də Tariqdən hamilə olduğunu bilirdi, nə yolla olur-olsun onun yadigarını dünyaya gətirmək haqqında düşünürdü. Bundan sonra Məryəmlə Leylanın taleləri birləşir, eyni çatı altında yaşamağa məhkum olurlar. Əvvəlcə bir-birinə rəqib kimi davranırlar, Məryəm Leylanı günahkar hesab edir, qorxurdu ki, Leylaya xidmətçiyə çevrilə bilər. Məryəm düşünürdü ki, Leyla Rəşidə arvad olmamalıydı. Leyla isə reallıqlar məngənəsində çırpınırdı. Sonrakı hadisələr onları birləşdirir. Sanki müharibə iki cəbhədə gedir: Əfqanıstanda və Rəşidin evində. Yazıçı daha çox Rəşidin evində gedən hadisələri qələmə alır. Rəşid evində saxladığı bu iki arvadına qarşı əsl terror əsdirir; həm mənəvi, həm də fiziki cəhətdən onlara işgəncə verir. Leylanın qızını Kabil çayına atmağı düşünür. Leyladan oğlu oldqdan sonra belə ona qarşı işgəncələri davam edir. Leyla bu cür davam edə bilməyəcəyini görərək evdən qaçmaq üçün plan hazırlayır. Leyla artıq Məryəmlə dostlaşmışdı, onları dərd birləşdirmişdi. Bir gün Leyla Məryəmə də öz məqsədini açıqlayır, onunla bu evdən getməsini istəyir. Bu illər Məryəmə üz göstərmədiyindən o da bu işgəncədən azad olmaq istəyirdi. Qaçış üçün hazırlıq görürlər. Onlar Pakistana-Peşavara getməyi düşünür, dünəndə qalan azadlıqlarına qovuşmağa can atırdılar. Lakin onların bu qaçışı baş tutmur. Artıq şəhərdə Taliblər hökmranlıq edirdi. Nəcibullanı və qardaşını meydanda asmışdılar. Talibanlar ölkəyə yeni qanunlar gətirmişdilər; bu qanunlara görə bütün kişilər saqqal saxlamalı, vətəndaşlar gündə beş dəfə namaz qılmalı, islam geyimində olmalı, mahnı oxumamalı, rəqs etməməli idi. Qadınlara azadlıq verilmirdi, onlar işləməməli, evdə oturmalı, üzünü örtməli, zinət gəzdirməməli, dəbdəbəli geyməməli, yalnız nə isə soruşanda cavab verməli, kosmetikadan istifadə etməməli idilər. Buna əməl etməyənlərin meydanda neçələrini daşqalaq etmişdilər. Ona görə də Pakistana getmək üçün mütləq yanlarında gərək bir kişi ola, o özününkü kimi təqdim edəydi. Avtovağzalda onları keçirmək istəyən kişi isə pullarını alıb onları polisə satır.  Polis onları yenidən Rəşidin "həbsxana"sına gətirir. Bundan sonra hadisələr daha da dramatikləşir. Rəşid ilə Leyla, Məryəm arasında "müharibə" davam edir. Bu müharibə Leylanın Rəşiddən bir övladı olduqdan sonra belə səngimir. Onun adını Zalmai qoyurlar. Oğlu olduqdan sonra Rəşid iqtisadi çətinliyi bəhanə edib qızı Əzizəni uşaq evinə verməyə cəhd edir. Leyla bir neçə dəfə bunun qarşısını alsa da, sonda mane ola bilmir. Əzizəni uşaq evinə verirlər.  Yazıçı burada Rəşidlə Talibləri sanki bərabərləşdirir. Rəşid elə əvvəldən də taliblərin gəlməsini arzu edirdi. Taliblərin gəlişilə onların Əfqanıstanda uyğuladığı qanun-qaydaları Rəşid evində çoxdan həyata keçirmişdi. Onu Əfqanıstan, onun gələcəyi deyil, özünün şəxsi mənafeyi, keçmiş ənənələrin qorunması və s. narahat edirdi.

Bu zaman Tariq yenidən Kabilə qayıdır, axtarıb Leylanı tapır. Leyla onun ölmədiyini, bütün bunların Rəşid tərəfindən quraşdırıldığını başa düşür. Bundan xəbər tutan Rəşidin Leylaya qarşı işgəncələri daha da artır. Bir dəfə isə Leylanı öldürmək qərarına gəlir. Məryəm nə qədər edirsə, Leylanı onun əlindən qurtara bilmir. Rəşid Leylanı boğurdu. Leyla artıq müqavimət göstərə bilmirdi. Məryəm anbardan beli götürüb Rəşidin başına endirərək onu öldürür.

Yazıçı Rəşidin ölümü ilə Məryəmin ilk dəfə özünün qərar verdiyini demək istəmişdir. Məryəm özü də bilmədən Leylanın günahsız yerə öldürülməsinin qarşısını alır. Bilə-bilə ki, talibançılar önu ölümə məhkum edəcəklər, yenə də bu qərarından dönmür. Məryəm bilirdi ki, nəyin uğrunda buna gedir, o, Leylanın azad olmasını, özünün görə bilmədiyi ağ gün görməsini, xoşbəxtliyini  istəyirdi. Leyla özünə gəldikdən sonra Məryəmlə çıxış yolu axtarmağa başlayır. Leyla onunla buradan baş götürüb getməyi təklif edir. Məryəm buna razı olmur. Taliblərin mütləq onları axtarlb tapacağını və hamısını müqəssir hesab edəcəyini bildirir. Leylanın xoşbəxt olması üçün hər şeyi boynuna götürməyi düşünür. Məryəm düşünür ki, Leylanın oğlunun atasının qatili olmuşdur, onlarla getmiş olsa, həmişə oğlunun kədəri müqəssir olduğunu xatırladacaq. Məryəm onlarla vidalaşır, Zalmaidən bağışlanmasını istəyir.

Taliblər Məryəmə ölüm hökmü kəsir, hökm meydanda icra edilir. Tariqlə Leyla isə uşaqları Əzizə və Zalmaini götürüb Pakistana gedirlər. Orada evlənir, bir müddət yaşayırlar. Lakin burada yaşamaq Leylanı rahat buraxmırdı. Onun həyatını xilas edib özü ölümə gedən Məryəmi xatırlayır. O, özünü Məryəmə borclu hesab edirdi. Koalisiya qüvvələri talibləri Kabildən uzaqlaşdırdıqdan, burada həyat bir qədər axarına düşdükdən sonra ailə Kabilə qayıdır. Leyla Məryəmin doğulduğu Gül Daman kəndinə gedir, Məryəmin uşaqlığının keçdiyi evi ziyarət edir. Molla Feyzullanın oğlu ona bir qutu verir. Bu qutunu vaxtilə Molla Füyzulla Məryəm üçün saxlamış, ölümünə az qalmış oğlu Həmzəyə vəsiyyət etmişdi ki, Məryəmə çatdırsın. Lakin Məryəm bura gələ bilmədiyindən indi o qutunu Leylaya verir. Qutuda bir kaset, məktub və dollarlar var idi. Cəlil xan məktubunda ona atalıq edə bilmədiyi üçün üzrxahlıq edir və yerlə-yeksan olmuş var-dövlətini sataraq bir hissəsini ona saxladığını yazırdı. Kasetdə Uolt Disneyin "Pinoççio" filmi var idi. Leyla bundan heç nə başa düşməsə də, oxucu bunun nə demək olduğunu yaxşı bilir. Vaxtilə bu film Cəlil xanın kinoteatrında gedərkən Məryəm atasından onu da aparmasını xahiş etsə də, Cəlil xan onu aparmamışdı.

Xalid Hüseyni "Min möhtəşəm günəş" romanında qırx ildən çoxdur ki, dünyada ən kəskin problemlərdən ikisini-müharibə və qaçqınlıq problemini qaldırır. Romanda Əfqanıstan realiləri bütün çılpaqlığı ilə təsvir olunur; müharibə, anarxiya, bir-birini devirən hakimiyyətlər, qaçqınlıq, aclıq və s. Roman oxucunun diqqətini bir daha Əfqanıstan hadisələrinə yönəldir, iki milyondan çox əfqan qaçqının ağır şərtlər altında dünyaya səpələnməsini, qadın hüquqsuzluğunu, ölkədə baş verən qeyri-sabit vəziyyətin insanlara, onların yaşamına təsirini göstərir. Yazıçı həm də roman boyu siyasi proseslərə dünyanın münasibətini ortaya qoyur, dünya dövlətlərinin biganəliyini və bu prosesdəki rolunu göstərir. Siyasi qüvvələrin ölkəyə gəlişində mövqelərini dəyişən insanların obrazını yaradır. Əfqan xalqının ağır şəraitini təsvir edərkən, müxtəlif insanların obrazını yaradarkən həm də dünyaya yalançı "sülh" mesajları verən ölkələri, qurumları ittiham edir: "-Məndən soruşsalar, deyərdiim ki, amerikalılar səksəninci illərdə Hikmətyara nahaq silah veriblər. Sovetlərə qarşı vuruşmaq üçün MKİ ona nə qədər silah verib. Sovetlər artıq gedib, amma silahlar hələ də onun əlindədir. İndi də o silahları sənin valideynin kimi günahsız adamlara qarşı çevirir. Adını da cihad qoyur". Yaxud "Amerikanlar bizimlə az maraqlanırlar. Onların nəyinə gərəkdi puştunlar, xəzərlər, taciklər, özbəklər bir-birini qırır? Onlar heç bu millətləri bir-birindən ayırmırlar da. Amerikanlardan bizə kömək yoxdur. İndi ki, Sovetlər dağılıb, amerikanların nəyinə lazımıq biz? Biz öz işimizi gördük. Onlar üçün Əfqanıstan bir qoza dəyməz indi". Yazıçı Kabildə  mücahidlərin qələbə paradını görmək həsrətiylə yaşayan insanların, Sovetlərin getməsilə hər şeyin düzələcəyinə inananların, taliblərin gəlməsini arzulayanların da yanıldığı qənaətinə gəlinir. Böyük etnik qruplar ölkəsi Əfqanıstanda heç də hər şeyin üzdə olmadığı, çox mürəkkəb situasiyalardan keçdiyi aydın olur. Nəticədə ölkədə sabitlik olmadığından təhsil, yaşayış səviyyəsi, əhalinin rifahı da olmur. Xalqın gənc övladlarının arzuları yarıda qırılır, imkanlarını reallaşdıra bilmirlər, elə ailələr olmur ki, bədbəxtlik meyvəsini dadmamış olsun. Yazıçı demək istəyir ki, müharibə insanların gələcəyini məhv edir, onların arzularını əllərindən alır. Belə bir vaxtda şəxsi azadlıqları əllərindən alınan Məryəm və Leyla buna qarşı çıxır. Onlar öz azadlıqlarına nail olurlar. Doğrudur, bu azadlıq Rəşidin öldürülməsilə nəticələnir. Talibançılar dövründə bu onlardan böyük cəsarət, qətiyyət tələb edirdi. Müəllif demək istəyir ki, azadlığı ancaq mübarizə və birlik yolu ilə əldə etmək olar. Rəşidin evində Məryəmlə Leyla birləşərək azadlıqlarını qazanırlar. Məryəm azadlığın simvolu olaraq verilir. Nə zamansa əfqan xalqı da bu həqiqəti başa düşəcək və öz azadlığını əldə etməli olacaq. Romanın sonunda yazıçı buna oxşar bir həyat təsvir edir: Kabilə sakitlik və rahatlıq gəlmişdir. Şəhərin pəncərələrində "raket dibçəkləri" görünür. Mücahidlərin şəhərə atdığı raketlərin korpusundan indi dibçəklər üçün istifadə edirlər. Yazıçı bunu əsərin sonunda belə ifadə edir: "Biz Kabilin yamyaşıl şəhər olmasını istəyirik". Leylanın vaxtilə qızı Əzizəni verdiyi uşaq evində müəllim işləməsi də buna bir işarədir. Onun dünyaya gətirəcəyi üçüncü övladı qız olarsa, adı Məryəm olacaqdı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!