Vole ŞOYİNKA - Nigeriya. Dramaturq, şair, yazıçı. Şeirlərini yorub, nəsr və dram əsərlərini ingilis dilində qələmə alır. 1934-cü ildə Nigeriyanın qərbində - Abeokut əyalətində, çoxuşaqlı ailədə dünyaya göz açıb. Atası ibtidai məktəb müəllimi və mağaza sahibi olub. 1950-ci ildə İbadanda dövlət kollecini bitirib, daha sonra Lahosa gedərək ofisdə kuryer işləyib, Nigeriya radiosu ilə yayımlanan radiopyeslər, hekayələr yazıb. 1952-ci ildə İbadandakı universitet kollecinə qəbul olunub. Orada ingilis ədəbiyyatı, tarix və qədim yunan dilini öyrənib. Tələbəlik illərində Nigeriyanın azadlığı uğrunda mübarizədə fəal iştirak edib. 1954-cü ildə Böyük Britaniyaya gəlib, Lids Universitetində ingilis ədəbiyyatı və teatr sənəti üzrə təhsil alıb. 1957-ci ildə ali bakalavr dərəcəsinə yiyələnən Şoyinka Lidsdə qalıb dissertasiya üzərində işləyib. Bu dövrdə müasir Afrikanın keçmişi ilə indisinin mübarizəsinə həsr etdiyi ilk 2 pyesini - "Bataqlıq sakinləri" və "Aslan və mirvari" - qələmə alıb. 1958-ci ildə Londona gedib, "Royal-Kort" teatrında pyesoxuyan işləyib, "Bataqlıq sakinləri"nin tələbə quruluşuna və rasizm əleyhinə qələmə aldığı yeni pyesi olan "Düşüncələr"in tamaşaya qoyulmağına nail olub. 1960-cı ildə Nigeriyaya qayıdaraq "Maskalar-1960" adlı həvəskar teatr yaradıb. 1962-ci ildən İf Universitetində müəllimliyə başlayıb. 1963-cü ildə universitet rəhbərliyinin dövləti dəstəkləməyinə etiraz əlaməti olaraq istefa verib. 1965-ci ildə Şoyinka Laqos Universitetinin baş müəllimi olub. Elə həmin ildə ona şöhrət gətirən ilk romanını - "Təfsirçilər"i qələmə alıb. 1967-ci ildə siyasi fəaliyyətinə görə tutularaq 27 ay həbsxanada qalıb. 1969-cu ildə amnistiyaya düşərək həbsdən azad edilib. 1970-ci ildə Avropaya gedən Şoyinka Kembric Universitetində müharizələr oxuyub və 3 möhtəşəm pyesini - "İyeronimanın metamarfozu", "Şərab pəriləri" və "Kralın ölümü və nadanlığı" - qələmə alıb. Həbsxana xatirələrindən bəhs edən "İnsan öldü" ("The Man Died") kitabı 1972-ci ildə işıq üzü görüb. 1975-ci ildə Şoyinka "Keçid dövrü" jurnalının baş redaktoru təyin olunaraq Qananın paytaxtı Akkraya köçüb. Nigeriya Ali məhkəməsi 1975-ci ildə onun "İnsan öldü" pyesinin tamaşaya qoyulmağını qadağan edib. Rəngarəng yaradıcılığına, lirik şeirlərinə və Afrika teatrının inkişafında mühüm rol oynayan pyeslərinə görə Vole Şoyinka 1986-cı ildə Afrika qitəsindən ilk yazıçı olaraq ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Şoyinka öz Nobel nitqini Afrika azadlıq hərəkatının lideri Nelson Mandelaya həsr edib. Ailəlidir, bir oğlu, üç qızı var. "Ədəbiyyat qəzeti"nin oxucularına nobelli yazarın "Rekviyem" şeirini təqdim edirik.
1
Ruhun sakit gölün üstü ilə süzür,
ürkək izlərini qoruyur sular.
Orada qaranlıq dizlərini büküb oturub,
qanadların ağarır zülmət gecədə.
Sənin məhəbbətin - hörümçək toru...
2
Eşidirsən, hüznlə ağlayır külək?
Sınaq zamanı yetişdi, xəbərin varmı?
Öyrət mənə
sevib də ağrısız yaşamağın təhərini.
Kədər - qaranlığı öpən torpaq kimidir.
3
Yastığını sıxmaq istəmirəm sinəmə -
ilğımın - buludlar qədər uzaq.
Amma möcüzə olacaq!
Sən azca boy verən kimi
sıxacam səni
tikanların cırmaqladığı köksümə.
4
Qanın son damlasınadək axır,
kədər gün işığı kimi göz qamaşdırır yenə,
gecənin şehi ovuc-ovuc axır üstünə,
arzular saçların kimi dolaşır ruhuma.
Eh, atəş saçan kədər!
Yandırmaq eşqi ilə kül olan həsrət!
Göz yaşların pərqu kimi çırpılır üzümə,
Külək də atəş saçır daha,
mənsə yağış kimi içirəm səni
tənhalığa baxa-baxa...
5
Gəl əl-ələ verək,
onsuz da torpaq bizi yeyəcək,
çünki nakam sevgiləri tez tapır əcəl.
Bir boğuq pıçıltı alıb apardı səni
bir vaxtlar birgə oturduğumuz o doğma yerə.
Gəl əl-ələ verək,
həsrətinlə baş-başa qalıb
tənha darıxmaqdan yoruldum daha,
gülə-gülə gedirəm torpaq olmağa.
6
Məzarına xəlvətcə baxıram,
ovcuma sığışır o müqəddəs təpəcik.
Bir gün o torpaqdan
boy verəcək təhnalıq.
Göz yaşlarım sulayır
sinənə sığınan quru otları.
Sənin məzarına sığınıb
ümidlərimi basdırmaq istəyirəm
göy üzünə;
Məzar daşını sinəmə sıxıb
lənət yağdırmaq keçir içimdən
bütün ayrılıqlara!
Ümidlərim
cəhənnəm atəşində kül olmaq üzrə...
Qəbrinə daraşan cücülər
bəlkə ətrini doldurar ruhuma.
Görürəm qarışqalar necə sevinclə
itir məzarında.
Bir qarışqa qədər deyilmiş taleyim.
Tələsin, ölüm xəbərçiləri, yüyürün,
gedin, mənə ondan xəbər gətirin.
O təpəcik üstə
sizdən başqa doğma heç kimim yoxdur.
Məni daha tənhalıq deyil,
yaşamaq qorxudur.
7
Özünlə apardığın sevgini geri qaytar,
qoy kədər bitirsin
kəsilən budaqlar.
Məzarına tökdüyüm torpaq
qəlbini oxşasın bir az.
Barmaqlarım kotan kimi
daraqlasın torpağı.
Külək saçların kimi
dolaşsın ruhuma.
Alovun yandırıb-yaxsın gözlərimi.
Atəş quşu deyiləm ki,
yanıb külümdən doğulam yenə.
Onsuz da
qətrə-qətrə yandırır məni ayrılığın.
Bir anlıq, bircə anlıq sənə qovuşmaq
və sənin ruhuna qarışıb itmək
necə gözəlmiş.
Bir anlıq sənə toxunmaq
sən demə, bütün həsrətlərə
qalib gəlməkmiş.
Amma ayrılığın əbədiyyət qədər uzun,
zindan kimi ağırdır.
Nə olar, bir qətrə ölüm şərbətini
çox görmə mənə.
Sənsiz yaşamaq
cəhənnəm atəşində yanmaqmış sən demə,
Məni qovuşdur
öz cənnətinə.
Şeirin ingilis dilindən sətri tərcüməsi Qiyas Əyyuboğlunundur
Tərcümə etdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!